Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6677/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mənzil Tikinti Kooperativinə q̇arşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 28.12.2015-ci il tarixli 43/15 saylı kredit müqaviləsinə əsasən 78 654,90 manat əsas, 8529,31 manat faiz olmaqla cəmi 87 184,21 manat kredit borcunun, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manatın Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin ilkin satış qiymətinin 102 000 manat müəyyən edilməsi, tutmanın həmin mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılaraq, ondan əldə olunan pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda Cavabdeh3 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları və mənzilin ən geci bir ay ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayətini əmlakının real qiymətindən ucuz qiymətləndirildiyi, əmlakının qiymətinin ən azı 150 000 manat olması arqumenti ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh1, o cümlədən digər cavabdehlər məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin ilkin satış qiymətinin 102 000 manat müəyyən edilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank ümumiyyətlə şikayət verməmiş, cavabdeh isə qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətinin dəlili yalnız qeyd olunan hissənin düzgün olmamasına yönəlmişdir. lərini mübahisələndirmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, eləcə də “28.12.2015-ci il tarixli 43/15 saylı kredit müqaviləsinə əsasən 78 654,90 manat əsas, 8529,31 manat faiz olmaqla cəmi 87 184,21 manat kredit borcunun, iddia ərizəsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manatın Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılaraq, ondan əldə olunan pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda Cavabdeh3 və Cavabdeh1 həmin mənzildən çıxarılmaları və mənzilin ən geci bir ay ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1, Cavabdeh4 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2 müştərək qaydada tutularaq müvafiq hesaba köçürülməsi” hissələrində hazırkı apellyasiya baxışının predmeti deyildir. Qeyd olunmalıdır ki, Cavabdeh1 apellyasiya şikayətinin məzmunu sözügedən hissələrdə qətnamənin yoxlanılmasını qeyri-mümkün edir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı ASC (bank) ilə Cavabdeh1 İdayəddın oğlu arasında 28 dekabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank Cavabdeh1 120 ay müddətinə, illik 10 % olmaqla 89 572 manat kredit verməyi, Cavabdeh1 isə krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdələrinə götürmüş, kreditin və hesablanmış faizlərin qaytarılması müddətləri və qaydası razılaşdırılmış, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzili 19.02.2018-ci il tarixli müqavilə əsasında bank qarşısında ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin bazar dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 102 000 manat, likvid dəyəri 93 000 manat müəyyənləşdirilmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin bazar qiyməti 90 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamış, bununla belə birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini ipotekaqoyanın mənafeyinə daha uyğun olan və onun özünün təxminən 2 il əvvəl (işə baxıldığı dövrdə) razılaşdığı bazar dəyərini əsas götürməklə müəyyənləşdirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirici əmlakı daha aşağı qiymətlə qiymətləndirsə də, iddiaçı bank əmlak üçün müəyyənləşdirilən qiyməti mübahisələndirmədiyi halda, əmlak mülkiyyətçisinin əmlakın qiymətinin yüksək olduğu barədə verdiyi şikayət əsasında onun üçün daha əlverişsiz qərar qəbul edilməsi prosessual qanunvericiliyin mənasına uyğun deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-138/2020 saylı iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 190, M5 ünvanında yerləşən 3 saylı mənzilin ilkin satış qiymətinin 102 000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6677/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6677/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver