Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6679/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və müəyyən edilmiş yerdən çəkilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iş materiallarının aidiyyat üzrə göndərilməsi ilə bağlı vəsatət rədd edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və müəyyən edilmiş yerdən çəkilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və müəyyən edilmiş yerdən çəkilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və müəyyən edilmiş yerdən çəkilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə iddia ərizəsini icraata götürərkən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə müəyyən etmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı “hasarın sökülməsi və müəyyən edilmiş yerdən çəkilməsi” tələbinə dair iddia ərizəsi ilə müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerə görə məhkəməyə müraciət etmişdir. Mülki iş aidiyyət qaydalarına riayət edilərək icraata götürülmüşdür. Cavabdehin mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti əsassız olduğundan təmin edilməməli, mülki iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən, mahiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində həll edilməlidir.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə elektron qaydada xx.xx.2024-cü il tarixdə şikayət ünvanlayaraq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5440/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 nömrəli, xx.xx.2024- cu il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. Cavabdeh nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə elektron qaydada xx.xx.2024-cü il tarixdə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 5440/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5440/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətin təmin edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, işdən də görünür ki, daşınmaz əmlakdan guya qanunsuz sahibliklə, mülkiyyətdən məhrum edilmə bağlı, bunu təsdiq edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməyib. Bu sübutlar olmadığı təqdirdə məhkəmə yalnış olaraq iddianın ərazi aidiyyəti qaydalarına düzgün riayət edilməklə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə verilməli olması qənaətinə gəlmişdir. Hətta əgər iddia mülkiyyətdən məhrumetmə ilə bağlı olmuşdursa belə bu halda da işə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxıla bilməzdi. Belə ki, məhkəmənin özünün də istinad etdiyi Mülki Prosessual Məcələnin 39.1-ci maddəsinin normasından da göründüyü kimi, qanunverici mülkiyyətçinin məhz mülkiyyətdən məhrum etmə ilə əlaqədar olmayan iddialarının daşınmaz əşyanın olduğu yerə görə verilməsini nəzərdə tutmuşdur. Əgər həqiqətən də cavabdeh mülkiyyətindən məhrum edilmişdirsə bu halda da işə məhz Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalı idi. İddiaçı tərəfindən işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən və həmin müqavilə əsasında iddiaçıya verilmiş çıxarışın tərtib edilmə tarixindən də görünür ki, iddiaçı yeni mülkiyyətçidir. Daha əvvəlki illərdə köhnə mülkiyyətçi (alqı-satqı müqaviləsi üzrə satıcı) tərəfindən eyni və ya oxşar tələblə nə ona qarşı, nə də ki, əvvəlki mülkiyyətçi mərhum atasına qarşı iddia ərizəsi ilə məhkəməyə heç bir iddia tələbi ilə müraciət edilməmişdir. Hər iki bağ arasında çəkilmiş hasar isə uzun illərdir ki oradadır, dəyişməzdir. Əgər belə bir hal olmuş olardısa daha əvvəlki mülkiyyətçi tərəfindən ona və ya əvvəlki mülkiyyətçi mərhum atasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş olardı. Eləcə də iddiaçı öz ərizəsində göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi mümkün olmamışdır. Yəni, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi kimi mülkiyyətində olan torpaq sahəsinə plan-ölçünün ala bilməməsinin mümkünsüzlüyü ilə əlaqələndirmişdir. İş materiallarından o da görünür ki, iddiaçı daha əvvəl də eyni tələblə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5258/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, həmin qərardadla iddiaçıya həmin iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ bildirilmişdir. İş materiallarından görünür ki, həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilməmiş, iddiaçı yenidən eyni iddia tələbi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2 (008)-5440/2024 xx.xx.2024cü il tarixli qərardadı ilə hazırki iş üzrə verilmiş iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin 2(008)-5440/2024 nömrəli işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** nömrəli, 27 yanvar 2024-cü il tarixli çıxarışla qeydiyyata alınaraq xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləyiş bağ massivində ümumi sahəsi 0.12 ha olan 1566 A saylı (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şamil Kamilov küçəsi 32) bağ sahəsinin ölçü və koordinantlarına müvafiq olaraq ona məxsus hissədən çəkilmiş hasarın cavabdehin hesabına sökülərək müəyyən olunmuş yerdən çəkilməsinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkili Vəkil Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmasına istinad edərək aidiyyat üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, “...Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).
17. Hazırkı işin hallarından görünür ki, hazırkı iddia tələbi mülkiyyətin müdafiəsi ilə bağlıdır və müstəsna aidiyyat qaydalarına raiyət edilməklə düzgün olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə Bakı şəhəri Sabunçu rayonu məhkəməsinə müraciət edilmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil iş materiallarının Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov