Məhkəmə qərarları › İş №2(103)-668/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-668/2024

16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-668/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil2, Maraqlı şəxs nümayəndəsi-vəkili Məmmədov Azər Oruc oğlunun iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-702/2015 saylı, 07 yanvar 2015-ci il tarixli qətnaməsindən Maraqlı şəxs Fərhad qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanının anasına aid hissəsinə yeganə vərəsəlik hüququnun tanınması və həmin mirasa mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli ev Bakı şəhəri Mirzə Fətəli küçəsi dalan 12 ev ünvanında yerləşir. Ev 1970-ci il FM seriyalı 010267 sayla "Qeydiyyat vəsiqəsinə" əsasən, iki mülkiyyətçiyə məxsus olmuşdur. Mülkiyyətin 28,2 kv.m təşkil edən (üç) otağı mərhum X1na, 17,0 kv.m təşkil edən 2(iki) otağı isə bacısı Maraqlı şəxs mülkiyyətindədir. O, 1964-cü ildə mübahisəli evdə anadan olmuşdur. Bu evdə böyümüş və bu evdə də ailə qurmuşdur. Hazırki vaxta qədər də ailəsi ilə bərabər mübahisəli evdə yaşayır. X1 28 dekabr 2009-cu ildə vəfat etmişdir. Anası rəhmətə gedəndən sonra o, indiyə kimi mübahisəli evdə faktiki olaraq yaşamağa davam etmiş və anasının miras evini faktiki olaraq idarə edir və bu evdən istifadə edir. Onun və ailə üzvlərinin hər birinin bu evdə pasport qeydiyyatı var. Mübahisəli evin digər mülkiyyətçisi olan bacısı Maraqlı şəxs artıq 10 ildən çoxdur ki, Bakıda yox, xaricdə yaşayır. Anası rəhmətə gedəndən sonra o Bakıya gəlmiş və anasının dəfnində iştirak etmiş və dərhal da daimi yaşadığı ölkəyə çıxıb getmişdir. O mülkün anasına olan hissəsinə dair notariusda heç bir ərizə qoymamış, nə də mirası faktiki olaraq qəbul etməmişdir. Lakin Bakı şəhər 12 saylı Dövlət Notariat kontoru ona anasının mirasına dair vərəsəlik şəhadətnaməsi verməyərək bacısını da bu mirasda payçı kimi məcburən işə cəlb etmək istəyir. Hələ üstəlik notariat kontoru mirası zorla bacısına vermək məqsədi ilə payın 1/3 hissəsini «açıq saxlamışdır». Mülki Məcəllədə isə payın açıq saxlanmasına dair heç bir norma yoxdur və ola da bilməz. Çünki vərəsə mirasın açıldığı andan 6 ay ərzində mirası qəbul etmirsə o daha mirasda payçı ola bilməz və həmin miras başqa vərəsə və yaxud vərəsələrə keçməlidir. Bunu 12 saylı notarius da yaxşı bilir. Buna görə də heç ona imtina məktubu yazanda heç bir normaya istisna etməmişdir. Ərizəçi daha sonra tələblərini dəqiqləşdirərək, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, dalan 12 ünvanında yerləşən fərdi yaşayış evində mərhum anasına məxsus miras əmlakda açıq saxlanılmış 1/3 payın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-702/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Ərizəçi Maraqlı şəxs Fərhad qızı cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən yaşayış evinin açıq qalan 1/3 hissəsinin dair Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş üzrə Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi məhkəmədə yalan izahat vermiş, ona miras payın ayrılmasına dair saxtalaşdırılmış xx.xx.2014-cü il tarixli 2V-01-177 reyestr nömrəsi altında qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim edərək aldatmış və sonuncunun payını ələ keçirmişdir. Yalan izahat əsasında qəbul edilmiş qətnamə qanuni və əsaslı ola bilməz. Ərizəçi və Ruhəngiz İsgəndərova onu aldadaraq onun əmlakını ələ keçirmək məqsədilə xx.xx.2014-cü il tarixli 2V-01-177 nömrə altında reyestr kitabında qeydə alınmış saxta Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə hazırlamışlar: guya ki, ünvan 3 ünvan üzrə yaşayış sahəsi 28,2 kv.m olan 3 otaq- miras əmlak- 3 bərabər paylara bölünmüş və həmin paylar sahəsi 28,2 kv.m olan 3 otaq- miras əmlak- 3 bərabər paylara bölünmüş və həmin paylar vərəsələr- Ərizəçi, Ruhəngiz İsgəndərovaya və ona verilmişdir. Həmin şəhadətnamə ona verilmiş, o isə inanmışdır ki, anasından qalan miras əmlakın 1/3 ona verilmişdir. Ərizəçi məhkəməyə müraciət edərək onun miras payının öz adına keçirməsindən məlumatı olmamış, bundan yalnız 11 aprel 2023-cü il tarixdə 3-saylı Asan Kommunalda qeyd olunan hallarda xəbər tutmuşdur və bu səbəbdən saxta şəhadətnaməni vaxtında təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil1 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Maraqlı şəxs heç bir zaman öz payından imtina etməmişdir, o sadəcə öz payının rəsmilşdirilməsini qardaşı Ərizəçi və Ruhəngiz İsgəndərovaya tapşırmış və Türkiyəyə getmişdir. Birinci dəfə onlar Maraqlı şəxs olmadan notariusa müraciət ediblər, bu səbəbdən də notarius onun payını açıq saxlamışdır. Lakin Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni hansısa yolla saxtalaşdırmışdır və hazırda iki şəhadətnamə vardır. Maraqlı şəxs həmişə öz payını istəmişdir, lakin onun iradəsi qardaşı və bacısı tərəfindən saxtalaşdırılmışdır. Təqdim etdiyi iki şəhadətnamənin birində yazılmışdır ki, pay açıq saxlanılmışdır, digərində isə qeyd edilmişdir ki, 1/3 də bir hissədə pay Maraqlı şəxs verilmişdir. 1/3 hissədə payın verilməsini nəzərdə tutan şəhadətnamə saxta şəhadətnamədir. Bu şəhadətnaməni qardaşı Yeganəyə təqdim edir və Maraqlı şəxs elə bilir ki, onun payı vardır və 2023-cü ildə apellyasiya şikayətində qeyd olunduğu kimi Asan Xidmətə gələndə qardaşı danışan zaman eşitmişdir ki, o deyəsən heç həmin əmlaka vərəsə deyildir. Şəhadətnamə verildikdən sonra çıxarışın alınması ilə bağlı müraciət edilməmişdir. Apellyasiya baxışı zamanı Ərizəçi şikayətə etiraz edərək təmin olunmamasını və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, bu miras ana babasından anasına miras qalmışdır, daha sonra anasından isə üç övlad olaraq onlara qalmışdır. Bacısı 2021-ci ildə öz payını sənədləşdirmişdir. Böyük bacısı isə öz payını onunla bölüşdürmüşdür. Bacısının adına keçirdiyi evi o tikmiş, oraya gəlin gətirmişdir, həmin ev hazırda onun istifadəsindədir. Fərqli şəhadətnamələrin olmasından məlumatı yoxdur. Həmin evdən Yeganə xanıma heç bir pay düşmür. Yeganə xanıma aid 1/3 hissədə pay hazırda ondadır. Yeganə xanımın payını məhkəmə yolu ilə alıb. Həmin pay adına keçirilən zaman Yeganə xanımla telefon vasitəsilə danışmışdır. Apellyasiya baxışı zamanı Ərizəçi nümayəndəsi-vəkili Vəkil2 şikayətə etiraz edərək təmin olunmamasını və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ümumi ev 5 otaqlıdır. Ana sağlığında həmin evin iki otağını Türkiyədə yaşayan övladına bağışlayır, yerdə qalan üç otaq ana rəhmətə getdikdən sonra vərəsəliklə 1/3 İlqara, digər 1/3 hissə digər bacıya, yerdə qalan 1/3 hissə isə Türkiyədə yaşayan bacıya, Yeganə xanıma münasibətdə açıq saxlanılır. Yeganə xanım Türkiyədə yaşadığına görə gələ bilmir, Yeganə xanım orada çoxdan yaşayır. Həmin vaxtdan bugünə Yeganə xanıma bağışlanan evin icarə haqqını, kommunal haqqını İlqar ödəyir. Əvvəllər mübahisə yox idi, mübahisə indi yaranır. Mübahisənin yaranma səbəbi həmin ev hazırda söküntüyə getdiyinə görə gəlir əldə etmək istəyir. Yeganə xanım tərəfindən 1/3 hissədə paydan imtinaya dair ərizə yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilik mülki işlər üzrə icraatın iddia icraatı və xüsusi icraat növlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 306.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat qaydasında baxılan işlərin dairəsi isə MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (305.1.1). Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır (MPM-nin 259.0.10). Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir (306.4). Həmçinin, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310). Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-nin 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Hazırkı işin hallarından müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 64,4 kv.metr olan evin 28,2 kv.metr təşkil edən (üç) otağı mərhum X1na məxsus olmuşdur. Miras qoyanın üç vərəsəsinin olması müəyyən edildiyindən notariat ofisi tərəfindən ərizəçiyə açıq qalan payın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə hesab etmişdir ki, ünvan 5 ünvanında yerləşən evin açıq qalan 1/3 hissəsi Ərizəçi tərəfindən faktiki qəbul edilib istifadə edildiyindən, həmin açıq qalan 1/3 hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Maraqlı şəxs isə ərizəçinin miras payın ayrılmasına dair xx.xx.2014-cü il tarixli 2V- 01-177 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ona təqdim edərək aldatdığını, saxta Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə ünvan 3 ünvanı üzrə yaşayış sahəsinin 3 bərabər paylara bölündüyü və həmin payların vərəsələr- Ərizəçi, Ruhəngiz İsgəndərovaya və ona verilməsi göstərildiyini, həmin şəhadətnaməyə inanaraq anasından qalan miras əmlakın 1/3 ona verildiyinə inandığını, Ərizəçi məhkəməyə müraciət edərək onun miras payının öz adına keçirməsindən məlumatı olmadığını bildirmiş və qətnamənin ləğv edilərək, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Göründüyü kimi ərizəçi tərəfindən iddia edilən hüquqi əhəmiyyətli faktın müəyyən olunması halı ilə bağlı mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarında da məhkəmələrə tövsiyə olunmuşdur ki, “ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir... Azərbaycan Respublikası MPM-nin 306.4cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir”. Məhkəmə kollegiyası yuxarıda şərh olunan halların məcmusunu nəzərə alaraq hesab edir ki, iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmalı, tərəflərə onların ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Bundan başqa kollegiya maraqlı şəxsin müxtəlif məzmunlu xx.xx.2014-cü il tarixli 2V-01-177 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin mövcud olması halı üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Kollegiya ərizənin mahiyyəti üzrə məhkəmə araşdırmanı aparmadığı üçün belə qənaətə gəlir ki, hazırda mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas yoxdur. Bu məsələyə hüquq haqqında mübahisəni iddia icraatı qaydasında həll edən məhkəmə tərəfindən tərəflərin vəsatətindən asılı olmayaraq işə mahiyyəti üzrə baxılarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarıldığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxarıla bilər. Göstərilənlərə əsasən və MPM-in 259.0.10, 306.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-702/2015 saylı, 07 yanvar 2015ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə izah edilsin ki, ümumi qaydada məhkəməyə iddia vermək hüququna malikdir. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar