Məhkəmə qərarları › İş №2(103)-6680/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6680/2021

29.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6680/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı və onun vəkili X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “payların naturada bölgüsünün onun xeyrinə artırılması” barədə qarşılıqlı, həmçinin müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1 və X3 İddiaçı qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbləri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” barədə ilkin iddia tələbi təmin olunmuş, Cavabdeh İddiaçı qarşı “payların naturada bölgüsünün onun xeyrinə artırılması” barədə qarşılıqlı, həmçinin müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1 və X3 İddiaçı qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbləri isə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh və X1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab olunmuş, bundan sonra birinci instansiya məhkəməsinin 09.09.2020ci il tarixli qərardadları ilə sözügedən şikayətlərin geri qaytarılması qərara alınmışdır. 09 sentyabr 2020-ci il tarixli qərardadlardan Cavabdeh və Mərziyyə Məmmədovanın ayrı-ayrılıqda verdikləri şikayətlər əsasında işə baxan birinci instansiya məhkəməsi özünün 05 oktyabr 2020-ci il tarixli qərardadları ilə onların qətnamədən verdikləri şikayətlər üzrə prosessual müddətin bərpa edilməli olduğu qənaətinə gəlmiş və mülki işi apellyasiya instansiyasına göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri üzrə apellyasiya növbəti dəfə qeyri-mümkün hesab olunmuş, apellyasiya instansiyası bu zaman ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi 09.09.2020-ci il tarixli qərardadlardan verilən şikayətlərə ümumiyyətlə baxmamış, eyni zamanda əvvəlki qeyri-mümkünlük qərardadında göstərilən çatışmazlıqların aradan qaldırılmadığını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmış, həmin qərardaddan Cavabdeh verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətini müdafiə edən Cavabdeh və şikayətin dəlilləri ilə razılaşdığını bildirən Mərziyyə Məmmədovanı, habelə şikayətin əsassız olduğunu bildirən İddiaçı və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş Bakı Apellyasiya Məhkəməsinin 17.11.2020-ci il tarixli qərardadında şərh olunan göstərişlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsi 17 noyabr 2020-ci il tarixli qərardadında birinci instansiya məhkəməsinin 09.09.2020-ci il tarixli qərardadlardan verilən şikayətlərə ümumiyyətlə baxmadığını, eləcə də əvvəlki (08 iyun 2020-ci il tarixli) qeyri-mümkünlük qərardadında göstərilən nöqsanların aradan qaldırılmadığını nəzərə almadığını vurğulamış, lakin məhkəmə yenə də 09.09.2020-ci il tarixli qərardadlardan verilən şikayətlərə münasibət bildirməyərək, eyni zamanda 05 oktyabr 2020-ci il tarixli qərardadları ilə Cavabdeh və Mərziyyə Məmmədovanın qətnamədən verdikləri şikayətlər üzrə prosessual müddəti bərpa etmiş olduğuna əhəmiyyət verməyərək, şikayətlərin geri qaytarılmalı olduğu qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-19/2020 saylı iş üzrə 19 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin 17.11.2020-ci il tarixli qərardadında şərh olunan göstərişlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar