Məhkəmə qərarları › İş №2(103)-6681/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6681/2020

09.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6681/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1166/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli 540 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş №2(009)-1166/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixdə o, Cavabdeh MMC-nin 6 X3 37 saylı Poşt Şöbəsində rəis vəzifəsinə qəbul edilmiş və xx xxxx 2020-ci il tarixdə işdən qanunsuz olaraq çıxarılanadək həmin şöbənin rəisi vəzifəsində işləmişdir. İşə qəbul edilən və işləməyə başlayan zaman heç bir təhvil - təslim aparılmamışdır. 2019cu ilin iyul ayında 6 X3 rəisi Samir Həsənov Şöbəyə gələrək struktur dəyişikliyi ilə bağlı Filialda təmir tikinti işləri aparılacağını, bunun üçün pul lazım olduğunu, bundan Cavabdeh MMC-nin rəisinin də məlumatlı olduğunu ona bildirmiş və 37 saylı Poçt Şöbəsinin xəzinəsindən 3.300 manat məbləğində pul götürmüşdür. Həmin məbləğin 230 manat hissəsi onun əmək haqqı olmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, 6 X3 rəisi o, işə gəlməzdən əvvəl də xəzinədən 1.500 manat pul götürmüş, bunu işçilər də təsdiq etmişlər. Bununla və digər Poçt Şöbələrinin xəzinəsindən pul götürülməsiylə əlaqədar 6 X3 rəisi işdən çıxarılmış, lakin bu pul vəsaitləri həmin şəxsdən deyil, ondan tələb edilmiş, o isə həmin pul vəsaitini ödəyə bilmədiyinə görə onu işdən azad etmişlər. Belə ki, Cavabdeh MMC-nin baş direktoru Emin Əfəndiyevin xx xxxx 2020-ci il tarixli əmri ilə o, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsası ilə xx xxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və həmin əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh nümayəndəsi R.Qənbərov birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı özü də etiraf edir ki onun kassada əskiyi olmuşdur. İddiaçının işi hal-hazırda korrupsiyada araşdırılır. İddiaçı filial rəisinin əmrlərinə etiraz etməli, etiraz edə bilmədikdə isə müdiriyyətə xəbər verməli idi. Hal-hazırda iddiaçı öz əmək funksiyalarını kobud şəkildə pozub və haqlı olaraq işdən azad edilib. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə oxşar məzmunda olan apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı 6 X3 rəisinin poçt şöbəsindən həmin pul vəsaitini qanunsuz götürməsini anlamamışdır. 37 saylı Poçt Şöbəsində çatışmayan pul vəsaitinin 6 X3 rəisi tərəfindən götürülməsi və həmin pul vəsaitinin onun tərəfindən mənimsənilməməsi sübuta yetirilsə də, məhkəmə onu yalnız bu barədə Cavabdeh MMCyə məlumat verməməkdə təqsirli bilmiş, onun Cavabdeh MMC-yə məlumat verməməsini əmək funksiyasının kobud pozuntusu kimi qiymətləndirmişdir. O, 6 X3 rəisinin həmin pul vəsaitini öz məqsədləri üçün götürməsini bilsəydi və bu barədə heç kimə məlumat verməsəydi, bu zaman onun bu hərəkəti kobud pozuntu hesab edilə bilərdi. Cavabdehin nümayəndəsi A.Vəlizadə məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2019-cu il tarixli, 560 nömrəli əmrə əsasən İddiaçı xx xxxxx 2019-cu il tarixindən 3 ay müddətinə 6 X3 37 saylı poçt şöbəsinə rəis vəzifəsinə təyin edilmişdir. Əmrin 1.1-ci bəndinə əsasən 37 saylı poçt şöbəsində təhvil-təslim aparılması 6 X3 rəisi Samir Həsənova tapşırılmışdır. xx xxxx 2020-ci il tarixli, 540 nömrəli əmrə əsasən İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx xxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi Cavabdeh MMC-nin Daxili audit şöbəsinin rəisinin xx.xx.2020-ci il tarixli 83 nömrəli təqdimatı, Həmkarlar İttifaqı Komitəsinin protokolu (razılığı) və İddiaçı izahatı göstərilmişdir. Cavabdeh MMC-nin 6 X3 Həmkarlar İttifaqı komitəsinin Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Cavabdeh MMC-nin Daxili Audit şöbəsinin aparıcı auditorları E.Sadıqov və S.Murtuzayev tərəfindən xx.xx.2020-ci il tarixli qəfləti xəzinə yoxlaması zamanı 4770 manat nəğd pul çatışmazlığı aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68,71, 72-ci maddələrini rəhbər tutaraq və işin müəyyən edilmiş hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, işçi İddiaçı Cavabdeh MMC-nin 6 X3 37 saylı poçt şöbəsində rəis vəzifəsində çalışdığı müddət ərzində nöqsanlara yol vermiş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. İddiaçı təhvil-təslim aktı tərtib olunmadığını, aşkar olunan pul çatışmazlığının 6 X3 rəisinin günahı üzündən yarandığını qeyd etsə də, birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı vəzifə borcunu yerinə yetirməmiş və qeyd edilənlərlə bağlı vaxtında Cavabdeh MMC-yə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Apelyasiya şikayətinin (ona əlavənin) əsas dəlilləri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin düzgün tətbiq oilunmadığı, işdən qanunsuz çıxarıldığı, 6 X3 rəisinin pul vəsaitini öz məqsədləri üçün götürməsini bilmədiyi və s. barədədir. Bu dəlillər iddia tələbinin əsası kimi istinad olunan hallarla demək olar ki eynidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı isə istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya qaydasında işə baxılarkən öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi dəlilləri əsaslı və ağlabatan hesab etmir. Belə ki, işin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi, çatışmayan pul vəsaiti heç bir sənədləşmə aparılmadan götürülmüş və iddiaçı pulun faktiki olaraq götürülməsini bilmişdir. Həmçinin iddiaçı şikayətdə göstərmişdir ki, 37 saylı Poçt şöbəsinin müdiri kimi birbaşa 6 X3 rəisi Samir Həsənovun tabeçiliyində olmuş, yəni, o, əmək funksiyası kimi yalnız onun əmr və tapşırıqlarını yerinə yetirmişdir. Cavabdeh tərəfin mövqeyinə görə iddiaçı Filial rəisinin əmrlərinə etiraz etməli, etiraz edə bilmədikdə isə müdiriyyətə xəbər verməli idi. Hal-hazırda iddiaçı öz əmək funksiyalarını kobud şəkildə pozub və haqlı olaraq işdən azad edilib. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsaslı sayaraq qeyd edir ki, iddiaçı öz rəhbərinin yalnız qanuni əmr və tapşırıqlarını yerinə yetirməyə borcludur. Qanuni əsas olmadan və heç bir maliyyə sənədləşdirilməsi aparılmadan xəzinədən pul vəsaitinin götürülməsi və bu barədə müdiriyyətə (işəgötürənə) məlumat verilməməsi əmək funksiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar