Məhkəmə qərarları › İş №2(103)-6684/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6684/2020

25.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6684/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinə və 12 nömrəli Bakı Peşə Liseyinə qarşı “əmrlərin etibarsız hesab olunması və işə bərpa edilmə” tələbinə dair mülki iş üzrəBakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinə və 12 nömrəli Bakı Peşə Liseyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin xx.xx.2019-cu il tarixli K/4-95 saylı və xx.xx.2019-cu il tarixli 199 saylı əmrlərinin etibarsız hesab olunması və əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, xx xxxxxx 2020ci il tarixdə keçirilən iclasda 12 saylı Bakı Peşə Liseyinin nümayəndəsinin vəsatəti təmin olunaraq işin aidiyyati üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə qərar verilmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, iddiaçının tələbi Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin (Agentlik) xx.xx.2019-cu il tarixli əmrinin və həmin əmrin icrası məqsədilə verilmiş xx.xx.2019-cu il tarixli əmrin etibarsızlığı ilə bağlıdır və Agentlik Nərimanov rayonu ərazsində yerləşdiyindən aidiyyat qaydalarına uyğun olaraq işə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 36.7-ci maddəsinə əsasən, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər və o da məhz bu normanın verdiyi imkandan faydalanaraq öz yaşayış yeri üzrə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə görə isə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materiallarından görünür ki, cavabdehlərin heç biri Sabunçu rayonu ərazisində yerləşmir (rəsmi qeydiyyatda deyil), Mülki Prosessual Məcəllənin iddiaçının istinad etdiyi 36.7-ci maddəsi isə qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar iddiaların aidiyyatını tənzimləyir. Bu o deməkdir ki, iddia ərizəsi əsassız olaraq (aidiyyat qaydalarına riayət edilmədən) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Bu səbəblə kollegiyanın qənaətinə görə, sonradan həmin məhkəmə MPM-in 44.2.2ci maddəsinə istinadla işi baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərməkdə haqlı olmuşdır. Çünki istinad olunan maddəyə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verməlidir. Ona görə də, işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1666/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar