Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6684/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)-2701/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi (tanınması)” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış övladı- X1 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi (tanınması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 2701/2022 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsi olmaqla “doğumun qeyd edilmə faktının müəyyən edilməsi (tanınması)” barədə ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və “doğumun qeyd edilmə faktının müəyyən edilməsi (tanınması)” barədə ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, övladı - xx.xx.2017-ci il təvəllüdlü X1 şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün həmin vəsiqənin dəyişdirilməsi ilə bağlı 6 saylı ASAN xidmət mərkəzinə müraciət etmiş, həmin qurum onu Ədliyyə Nazirliyi nəzdində Qeydiyyat Şöbəsinə uşağın doğum faktının qeydə alınması üçün yönləndirmişdir. Lakin, sözügedən qurum övladının doğum faktının qeydə alınmasından imtina etmişdir. Onun yetkinlik yaşına çatmamış övladı, X7 Respublikasında doğulmuşdur. Həmin dövlət isə ölkə tərəfindən de-jure (hüquqi olaraq) tanınmır. Belə olan halda da Qeydiyyat və Notariat baş idarəsi tərəfindən verilən məlumata əsasən, sistemdə uşağın doğum faktı ilə bağlı qeydlərin aparılması mümkünsüzdür. Müvafiq qeydiyyatın aparılması üçün sənədlərin hər hansı başqa qaydada alınması mümkün deyil. Sözügedən qurum tərəfindən şifahi verilən məlumata əsasən, xüsusi icraat qaydasında məhkəmə tərəfindən doğum faktı müəyyən edilsə, həmin faktı sistemə qeyd edə bilər. Həmçinin, məhkəməyə təqdim edilən sübutlar məhkəmə tərəfindən hərtərəfli araşdırılmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(007)- 2701/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)-2701/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid ərizə ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırki məsələyə mülki icraat qaydasında baxılmalı deyil. Belə ki, Ərizəçi məhkəmə aidiyyətini düzgün seçməmişdir. Hansı ki, qanunun mənasına görə qeyd olunan xarakterli müraciətin təmin olunmasından inzibati orqan tərəfindən imtina edilərsə, o cümlədən inzibati orqanın üzərinə öhdəlik qoyulması barədə iddia qaldırılarsa, belə iddialara ümumi məhkəmədə baxıla bilməz, iddiaçı qanunvericiliyin müvafiq tələblərinə əməl etdikdən sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Digər tərəfdən ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsi tərəfindən uşağın doğum yerinin göstərilməməsi əsas gətirilərək müraciəti təmin edilməmişdir. Həmin nöqsan aradan qaldırıldıqdan sonra, yəni şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər təqdim edildikdən sonra da müvafiq qurum tərəfindən müraciəti ilə bağlı yenidən imtina olunduğu təqdirdə də ərizəçi inzibati məhkəməyə müraciət edə bilər. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)-2701/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)-2701/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-6684/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6684/2022
27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver