Məhkəmə qərarları › İş №2(103)-6685/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6685/2021

29.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6685/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, tələbkar İddiaçı nümayəndəsi (atası) X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli 2(011)-5748/2018 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizəsi üzrə qəbul edilmiş Xətai Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadından tələbkar İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru V.Mahmudov Xətai Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müracitə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli qətnaməsi əsasən ilk iddia ərizəsi qismən təmin edilərək Cavabdeh Bakı şəhəri Xətai rayonu ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m2 olan 3 otaqlı 9 saylı mənzilindən çıxarılması, Cavabdeh və X2 İddiaçı və X6 MTK-ya qarşı Bakı şəhəri Xətai rayonu ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m2 olan 3 otaqlı mənzilə dair bağlanmış 16.02.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İcra sənədinin icrası məqsədilə Bakı şəhəri ətai rayonu ünvan ünvanda yerləşən 9 saylı mənzildə olarkən icra sənədində borclu kimi göstərilən Cavabdeh mübahisəli mənzildə yaşamadığı və hazırda borclunun oğlu X2 ailəsi ilə birlikdə həmin mənzildə yaşadığı məlum olmuşdur. Qeyd olunan icra sənədində borclu Cavabdeh mübahisəli mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq kimə təhvil verilməsi nəzərdə tutulmadığından hazırki icra sənədininicrası mümkün olmamışdır. Ona görə də Cavabdeh mübahisəli mənzildən çıxarılacağı təqdirdə həmin mənzildə faktiki yaşayan Xusan Eyyubovun və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmayacağı, mənzil boşaldılacağı təqdirdə həmin mənzilin kimə təhvil veriləcəyinə dair hissədə Xətai Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli 2(011)-5748/2018 nömrəli qətnaməsinə izah verilməsi xahiş olunur. Xətai Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, qətnaməyə, “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli 2(011)-5748/2018 nömrəli icra sənədi əsasında Bakı şəhəri Xətai rayonu ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m2 olan 3 otaqlı 9 saylı mənzil boşaldıldıqdan sonra tələbkar İddiaçı təhvil verilsin” kimi izah verilmişdir. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkilinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli qətnaməsi əsasən ilk iddia ərizəsi qismən təmin edilərək Cavabdeh Bakı şəhəri Xətai rayonu ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m2 olan 3 otaqlı 9 saylı mənzilindən çıxarılması, Cavabdeh və X2 İddiaçı və X6 MTK-ya qarşı Bakı şəhəri Xətai rayonu ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m2 olan 3 otaqlı mənzilə dair bağlanmış 16.02.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16.10.2019-cu il tarixli qətnaməsinə əsasən Xətai Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.02.2020-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 16.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Xətai Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai rayonu ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m2 olan 3 otaqlı 9 saylı mənzilinin özgəninkiləşdirilməsinin və mənzildə təmir işlərinin aparılmasının Cavabdeh və 3-cü şəs Hom-Paş Prestij MTK-ya qadağan edilmişdir. Təmir işlərinin qadağan olunmasına baxmayaraq X3 tərəfindən həmin mənzildə təmir tikinti işləri aparılmış və icra şöbəsi tərəfindən isə ona qarşı hər hansı tədbirlər görülməmişdir. Ona görə də Xətai Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli qətnaməsinə X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu ünvan evin A1 blokunun 6-cı mərtəbəsində yerləşən sahəsi 124,7 m2 olan 3 otaqlı 9 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi kimi izah verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış icra sənədi üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi isə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarına izah verilməsi institutunu nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə aktının izah olunması barədə məsələ həmin aktın məzmununun toxunulmazlığı ilə şərtləndirilmişdir. Prosessual qanunvericiliyin mənasına görə, qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Məhkəmə qətnaməsinin qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir (MPM-nin 220.1-ci maddəsi). Məhkəmə qətnaməsinin məzmununa dair belə bir tələbin müəyyən olunması onunla əlaqədardır ki, məhkəmə qətnaməsi aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və qeyri-mümkün olur. Belə hallarda, adətən məhkəmə qətnaməsinə izah verilməsi zərurəti yaranır ki, bu da məhkəmə qətnaməsinin icrasında yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir. Məhkəmə qətnaməsinə izah verilməsinin prosessual qaydası MPM-nin 230-cu maddəsində nəzərdə tutulsa da, həmin maddədə ona izah verilməsinin prosessual əsasları müəyyən edilib göstərilməmişdir, lakin məhkəmə təcrübəsində bu, əksər hallarda məhkəmə qətnaməsindəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, məhkəmə qətnaməsinin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsinə və məhkəmə qətnaməsinin icrasında çətinliklər yaranmasına səbəb olur. Məhkəmə qətnaməsindəki sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti olduqda da məhkəmə qətnaməsinə izah verilə bilər. Əksər hallarda məhkəmə qətnaməsinə izah verilməsi onun nəticə hissəsindəki anlaşılmazlıqlarla əlaqədar olur. Lakin məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq məhkəmə qətnaməsinin bu hissəsinin (məhkəmə aktının motivlərinin) də izah edilməsi zərurəti yarana bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndində göstərilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işə baxmış hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göründüyü kimi məhkəmə qətnaməsinə izah verilməsi elə bir prosessual fəaliyyəti nəzərdə tutur ki, bu zaman məhkəmə qətnaməsi, onun məzmunu, yalnız qətnamədə olan sözlərin və ifadələrin şərh edilməsi yolu ilə izah olunur və qanunvericilik işə baxmış hakimin (məhkəmə tərkibinin) məhkəmə qətnaməsinin məzmununu dəyişdirmədən onu izah etməsini istisna etmir. Bu baxımdan kollegiya hesab edir ki, tələbkarın şikayətində qeyd etdiyi şəxslərin mənzildən çıxarılması müstəqil tələb olmaqla tələbkar tərəfindən ayrıca iddia icraatı formasına mübahisələndirilməlidir. Əks halda belə bir izahın verilməsi qətnamənin məzmununun dəyişdirilməsi hesab oluna bilər. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq qətnaməyə izah verilməsi barədə ərizəni qismən yəmin etmiş, bununla da qüvvədə olan məhkəmə aktının icraediləbilənliyini təmin etmişdir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5748/2018 saylı, 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar