Məhkəmə qərarları › İş №2(103)-6686/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6686/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6686/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və borc məbləğinin birgə nikah dövründə əldə olunmuş əmlak hesabına ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(011)-135/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və borc məbləğinin birgə nikah dövründə əldə olunmuş əmlak hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı təmin tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 mülkiyyətində olan ümumi likvid dəyəri 62500 manat təşkil edən daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(011)-135/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(011)-135/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına heç bir üzrlü səbəb olmadan gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(011)- 135/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. İddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 məxsus olan ümumi likvid dəyəri 62500 manat təşkil edən daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmasını xahiş etsə də, həmin əmlakların konkret olaraq nədən ibarət olmasını açıqlamamışdır. Halbuki, mülki işə baxılan kifayət qədər müddət ərzində o, vəkil sorğuları vasitəsilə Cavabdeh2 əmlakı barədə məlumat əldə edə bilərdi. İş materiallarında olan məhkəmə sorğularına olan cavab məktublarından isə görünür ki, Cavabdeh2 adına mülkiyyət hüququ ilə hər hansı daşınmaz əmlak qeydə alınmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassız olduğundan, birinci instansiya məhkəməsi iddianı təmin etmə barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(011)-135/2021 saylı qərardadından İddiaçı şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar