Məhkəmə qərarları › İş №2(103)-6686/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6686/2025

02.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6686/2025 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «istifadə hüququnun itirilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin xx.xx.1988-ci il tarixli, 82 nömrəli orderinə əsasən Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana 4, 702 nömrəli otaq 3 nəfər ailə üzvləri ilə birlikdə İddiaçı istifadəsinə verilib.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 40845/2025 nömrəli məktubunda göstərilib ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otağa dair məlumat aşkar edilməmişdir. İddiaçı və X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 151 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli, 11 nömrəli məktubunda göstərilib ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində İddiaçı və Cavabdeh1 və X6 qeydiyyatdadır. Həmin ünvanda Cavabdeh1 və X6 yaşayır. Sözügedən yataqxana əvvəllər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında olub və 2015-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətinin balansına keçib.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2003-cü il tarixli, 2-92/2003 nömrəli qətnaməsi ilə Cavabdeh2 İddiaçı İsaməddi oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsinə dair iddiası təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsindəki(keçmiş 1723-cü keçid) 4 saylı evdə yerləşən yataqxananın 702-ci otağından istifadə hüququ tanınıb və azyaşlı oğlu Cəlillə birlikdə həmin otağa köçürülməsi qət olunub.

5. Notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilib ki, həmin akt vasitəsilə Xaçmaz rayonu, Xanoba kəndi sakinləri olan X1, X3 və X4 təsdiq edir ki, hal-hazırda İddiaçı ikinci ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xanoba kəndində yerləşən fərdi yaşayış evində yaşayır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakda payların müəyyən olunması, pay bölgüsünün aparılması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana 4, 702 nömrəli otaqda payların müəyyən olunması, pay bölgüsünün aparılması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

7. İddiada göstərilib ki, cavabdehlər Cavabdeh1 iddiaçının doğma oğludur, Cavabdeh2 iddiaçının keçmiş həyat yoldaşıdır. 1998-ci ildə Cavabdeh1 Qusar rayonunda anadan olub və iddiaçının ata yurdunda təxminən 7-8 yaşlarına kimi yaşamışdır. Cavabdeh2 iddiaçı ilə Xaçmaz rayonu, Xanoba kəndində yaşamadığını deyərək iddiaçının evindən Cavabdeh1 da götürərək getmişdir. Bir müddət sonra Cəlilin anası Cavabdeh2 iddiaçını məhkəməyə verərək Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana 4, otaq 702-yə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. Məhkəmə onlara həmin 18 m2 otaqda yaşamaq hüququ vermişdir, halbuki, sözügedən yataqxananı dövlət iddiaçıya verəndə ora birinci həyat yoldaşı və uşaqları qeydiyyata düşmüşdür. 2008-ci ildən, yəni qətnamə qəbul olunandan sonra iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otaqda yaşamışlar. Əvvəllər iddiaçı ara-sıra gedib Cavabdeh1 dəyirmş və arada gecə də orada qalırdı. Hazırda iddiaçı Xaçmaz rayonu, Xanoba kəndində yaşayır, kənd dəniz kənarında yerləşdiyi üçün çox rütubətlidir, iddiaçı uzun illərdir ki ll qrup əlildir, bronxial asma və ürək çatışmamazlığından əziyyət çəkir. İddiaçı cavabdehlərə dəfələrlə şifahi olaraq bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otaq dövlət tərəfindən ona verilib, veriləndə də cavabdehlər ailə üzvü olmamışdır. Ən azından ara-sıra öz evinə getmək, istədiyi kimi o otaqdan istifadə etmək istəyir. İddiaçıda olan sənəd köhnə order olduğundan iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən çıxarış almaq və kiçik oğlu Cəmil Şahbazovu da Bakı şəhərinə qeydiyyata salmaq istəyir. Lakin cavabdehlər etiraz edərək onu evə buraxmayacaqlarını bildirirlər. Bu barədə Xətai rayon Polis Şöbəsinə də müraciət etmiş və ona mülki məsələ olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2025 saylı, 03 oktyabr 2025ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Nağıyev) iddia tələbinin qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana 4, 702 nömrəli otaqda yaşamasına maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ilə Cavabdeh2 faktiki nikah münasibətlərində olmuşlar, onların rəsmi nikahı olmamışdır. Onların faktiki nikahından digər cavabdeh olan Cavabdeh1 anadan olmuşdur. Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otaq xx.xx.1988-ci il tarixli 82 nömrəli order əsasında iddiaçının və onun ailə üzvləri olan arvadı Tükəzban Cəlalova və övladları Tofiq Şahbazov, qızı Arzu Şahbazovanın istifadəsinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otaq xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin mənzil hazırda Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Hal-hazırda mübahisəli yaşayış sahəsində cavabdehlər X6 və Cavabdeh1 yaşayırlar. Cavabdehlər iddiaçını həmin mənzilə buraxmır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: birincisi, mübahisə predmeti yaşayış sahəsi üzərində payların müəyyən olunması, pay ölgüsünün aparılması, ikincisi, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi. Məhkəmə ilk olaraq Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otağa (mənzilə) payların müəyyən olunması və pay bölgüsünün aparılması məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşınmaz əmlakda pay bölgüsünün aparıla bilməsi üçün ilk növbədə tələb edən tərəf xüsusi mülkiyyətçi olmalı, həmin əmlaka mülkiyyət hüququ tərəflərin ümumi mənada birgə fəaliyyəti nəticəsində yaranmalı və əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Daşınmaz əmlak barəsində mülkiyyət hüququ dövlət reyestrində qeydə alındıqdan sonra mülkiyyətçi həmin əmlak barəsində sərəncam vermək hüququna malik olur. Hazırkı iddia tələbi ilə mübahisələndirilən mənzil həm iddiaçının xüsusi mülkiyyətində deyil, həm dövlət reyestrində qeydə alınmamış, həm də tərəflər mənzilə dair birgə mülkiyyətin əmələ gəlməsi üçün ümumiliyin iştirakçıları olmamışlar. İddiaçının Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otağa (mənzilə) dair sərəncam hüquqları dövlət reyestrində qeydiyyata alınmadığından, başqa sözlə mənzil özəlləşdirilmədiyindən, iddiaçının həmin mənzilə dair payların müəyyən olunması və pay bölgüsünün aparılması tələbini irəli sürmək üçün subyektiv hüququ əmələ gəlməmişdir. Eyni zamanda İddiaçı ilə Cavabdeh2 rəsmi nikahda olmadıqlarından onların mənzilə dair birgə mülkiyyət hüquqlarının əsasları yaranmış sayıla bilməz. Qeyd olunanlara əsasən Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, 702 nömrəli otağa (mənzilə) dair payların müəyyən olunması və pay bölgüsünün aparılması tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin ikinci hissəsi olan mənzilə köçürülmə tələbi ilə bağlı məhkəmə qeyd edib ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı mənzil order əsasında iddiaçının sahbliyinə və istifadəsinə verildiyindən onun mənzildə yaşamaqla bağlı mülkiyyət hüquqları qanun əsasında yaranır və qanunla qorunur. Belə ki, iddiaçının mübahisəli mənzilə dair sahiblik və istifadə hüququ artıq xx.xx.1988-ci il tarixli, 82 nömrəli order əsasında yaranmışdır. İddiaçının mənzilə dair sərəncam hüququnda qanun əsasında məhdudiyyətlər olsa da, o, mənzildən sərbəst surətdə istifadə və ona sahiblik edə bilər. İddiaçının sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılmasına isə yol verilmir. Bununla bağlı, iddiaçının artıq mövcud olan sahiblik və istifadə hüququnu nəzərə alaraq, yenidən onun mənzilə dair sahiblik və istifadə hüquqlarının təsbit olunması üçün ayrıca məhkəmə aktına ehtiyac yoxdur. Çünki iddiaçının qeyd olunan hüquqları mülkiyyət hüququnun elementləri kimi order əsasında yaranmışdır. Mövcud olan hüququn yenidən məhkəmə aktı ilə təsbit olunmasına prosessual olaraq zərurət qalmır. Mənzilə köçürülmə tələblərinə baxılarkən məhkəmələr tərəfindən həll olunmalı məsələlərdən biri mübahisə edən şəxsin həmin yaşayış sahəsindən istifadə etmək hüququnun olub-olmamasını müəyyən edərək, şəxsin bu hüququnun məhkəmə aktı ilə təsbit edilməsidir. Daha sonra məhkəmə şəxsin mənzilə köçürülməsini qət edərək təsbit edilmiş mənzildən istifadə etmək hüququnu məhkəmə aktı ilə realizə edir. Hazırkı mülki işdə isə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana 4, 702 nömrəli otağın qanuni sahibi və istifadəçisidir. İddiaçının mülkiyyətçi kimi qanunla tanınmış istifadə hüququ mövcuddur. Ona görə iddiaçıya yenidən məhkəmə aktı ilə mənzilə köçürülmək hüququnun verilməsinə ehtiyac yoxdur. Çünki iddiaçı qanuna uyğun sərbəst şəkildə özünə yaşayış yeri seçə və öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilər. Digər şəxslərin hərəkətləri nəticəsində iddiaçın həmin mənzildən məhrum edilməsi, yəni orada yaşamasına mane olunması isə ümumiyyətlə yol verilməzdir. Qeyd olunanlara əsasən, məhkəmə mənzilə köçürülmə tələbinə formal deyil, iddiaçının hüquqi arzusuna uyğun qiymət verməlidir. İddiaçının hüquqi arzusu isə mübahisəli mənzildə yaşamasına imkan yaradılması ilə bağlıdır. İddiaçının mənzildə yaşaması ilə bağlı qanunla tanınan və qorunun hüququ mövcuddur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının mənzildə yaşamasına göstərilən maneələr isə qanunsuz və əsassızdır. Ona görə iddiaçının qanuni sahib kimi mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə mane olan hallar aradan qaldırılmalıdır. Həmin məsələ də hazırkı mübahisə çərçivəsində həll olunmalıdır. Beləliklə, iddiaçının mülkiyyətçi kimi hüquqlarının bərpa olunması və onun iddia ilə bağlı hüquqi arzusuna çatması üçün iddiaçının mənzildə yaşamasına göstərilən manelər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbi qismən təmin olunmalı və mənzilə köçürülmə tələbi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana 4, 702 nömrəli otaqda yaşamasına yaradılan maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi formasında olmaqla qismən təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərir ki, qəbul edilmiş qərar cavabdehlərin konstitusiya ilə qorunan hüququnu pozur. Belə ki, cavabdehlər iddiaçının keçmiş ailə üzvləri olmaqla artıq 25 ilə yaxındır həmin mənzildə yaşayır. İddiaçıya keçmiş ailə üzvü kimi həmin mənzildə yaşamağa icazə verilməsi cavabdehlərin birbaşa şəxsi və ailə həyatının sirrinin pozulması deməkdir. Konstitusyanın 33-cü maddəsindən də görünür ki, Azərbaycan Respublikası Konstitusyası mənzildə yaşayanların hüquqlarını xüsusi ilə müdafiə edir. Hazırki iş üzrə də məhkəmənin qanunsuz qərarı cavabdehlərin yuxarıda qeyd olunan hüquqlarını birbaşa pozur. Belə ki, cavabdehlərlə iddiaçı arasında artıq uzun zamandır mübahisə mövcuddur. İddiaçı müxtəlif yollarla cavabdehlərin 25 ildir qoruyub saxladıqları, müxtəlif vaxtlarda öz hesablarına təmir etdirdiyi evlərində rahat yaşamasına maneələr törətməyə çalışır. Bundan başqa, tərəflər arasında olan mübahisə onların bir otaqlı evdə birgə yaşamasını mümkünsüz edir. Lakin məhkəmə bütün bu faktlara nəzər yetirmədən, iddia tələbindən kənar qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə iclasında İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. xx.xx.1982-ci il 8 iyul tarixli (yəni xx.xx.2009-ci il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsi:

Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

14. Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:

14.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 14.2. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 14.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. 14.4. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qərarda həmçinin göstərilib ki, Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. 14.5. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edilsə də şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin qənaəti və gəldiyi nəticə düzgün olmamışdır.

22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

23. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan normanı tətbiq etməmiş, tətbiq etdiyi normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

26. Əvvəla, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2003-cü il tarixli, 2- 92/2003 nömrəli qətnaməsi ilə Cavabdeh2 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsinə dair iddiası təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsindəki(keçmiş 1723-cü keçid) 4 saylı evdə yerləşən yataqxananın 702-ci otağından istifadə hüququ tanınıb və azyaşlı oğlu Cəlillə birlikdə həmin otağa köçürüldüyündən və hal-hazıradək orada yaşadığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmayıb. Belə ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2-ci cümləsi cavabdehdələrə iddiaya etiraz etmək üçün hüquqi imkan versə də bunun mübahisəli olması, yəni iddiaçının 20 ildən artıq bir müddətdə həmin ünvandan daimi olaraq başqa ünvana köçüb yaşamasını özü də inkar etmir.

27. Başqa sözlə, iddiaçının mübahisəli yataqxana otağında 2003-cü ilədək həqiqətən yaşaması belə xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından ona hansısa toxunulmaz bir hüquq vermir. Yəni, iddiaçının cavabdehin atası olması və 2003-cü ilədək birgə yaşaması da iddianı əsaslı etmir. Çünki yaşayış sahəsindən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik deyil. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələrinin tələblərini nəzərə almalı və onlara riayət edilməli idi. Üstəlik cavabdehin hazırki iddiaya etiraz etmək üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmalı olması da mütləq şərt deyildir. Yetər ki, həmin mənzildə yaşasın və istifadə hüququ yaranmış olsun. Ən azından cavabdehlərin mübahisəli 1 otaqda yaşadığını və istifadə hüququnun olduğunu iddiaçı da inkar etmir.

28. İddiaçının mübahisəli yataqxana otağında yaşamaq üçün ehtiyacının olduğunu göstərsə də bu dəlillər həm həqiqi, inandırıcı və ağlabatan, həm də həyatı olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onun həqiqiliyini təsdiq etmir. Belə ki, o, 20 ildən artıq bir müddətdə həmin otağı tərk etmədiyinə və orada yaşamağa ehtiyacının olmasına dair məhkəməyə heç bir sübut təqdim etmir. Ən azından ötən həmin müddətdə cavabdehlərin ona qarşı bu yataqxana otağı ilə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməmiş yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etməmişdir.

29. Başadüşülən ola bilər ki, iddiaçı növbəti dəfə rəsmi nikaha girdikdən yaxud qeyrirəsmi nikah münasibətlərinə daxil olduqdan sonra mübahisəli otaqda cavabdeh olan oğlu Cavabdeh1 və faktiki nikah münasibətlərində olduğu Cavabdeh2 ilə birlikdə yaşamaq istəməyib və yaşamaq üçün yeni arvadı yaxud faktiki nikahda olduğu qadınla birgə yaşadığı başqa evə köçə bilər. Amma bu hallar hazırkı iddianın əsaslılığına qətiyyən əsas vermir. Bir daha qeyd olunur ki, əgər həqiqətən də mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçməmişdirsə, müvəqqəti, özü də məcburiyyət qarşısında getmişdirsə, buna dair istənilən bir sübutu təqdim etmək imkanı olardı. Belə bir sübutların olmaması da onun gətirdiyi dəlillərin əsassızlığını təsdiq edir.

30. Doğrudur Konstitusiya Məhkəməsi 12 mart 1999-cu il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Ancaq hazırki iş üzrə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar, yəni iddiaçının daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi təsdiq olunur və onun mübahisəli yataqxana otağında uzun müddətdə, yəni 20 ildən artıq bir müddət ərzində yaşamamasının səbəbi də məhz yeni ailə qurması və yeni arvadı yaxud faktiki ərarvad münasibətlərində olan şəxslə birgə yaşamaq və təsərrüfat aparmaq zərurəti olmuşdur. Başqa cür ola bilməsi də mümkünsüzdür. Çünki Cavabdeh2 ilə münasibətləri pozulur, yenidən nikah münasibətlərinə daxil olur və yeni arvadı yaxud faktiki ər-arvad münasibətlərində olan qadın və övladı ola-ola cavabdehlə bir otaqlı mənzildə yaşayıb, birgə təsərrüfat aparması yaxud aparmaq istəməsi də ağlabatan deyildir. Ən azından ona görə ki, buna dair də, olsa idi, məhkəməyə sübut təqdim etmək imkanı olardı.

31. Apellyasiya baxışı zamanı da iddiaçının mövqeyindən bəlli oldu ki, əslində onun həqiqi niyyəti heç də 20 il əvvəl tərk etdiyi yataqxana otağında yaşamaq ehtiyacı deyil, özəlləşdirilməsinə nail olmaq və bundan sonra digər nikah münasibətlərindən olan oğluna da hüquq tanıtmaq istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiası arasında ziddiyyət yaranır. Çünki bu işləri görmək istədiyini bəyan etmək, məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Bunu qarşı tərəf olan cavabdehlərlə ya məhkəmədən kənar həll edə bilərdi yaxud da indiyədək həqiqi istəyinə uyğun iddia ilə məhkəməyə müraciət etməli idi.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda istifadə hüququnun yaanması, davam etməsi, xitam olunması hüquqdan başqalarına zərər vurmaq məqsədi ilə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

33. Beləliklə məhkəmə tərkibi hesab edir ki: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli; Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakda payların müəyyən olunması, pay bölgüsünün aparılması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməli;

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakda payların müəyyən olunması, pay bölgüsünün aparılması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar