Məhkəmə qərarları › İş №2(103)-669/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-669/2024

13.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-669/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra, cavabdeh) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 23 may 2023-cü il tarixli 536 saylı əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Bir müddətdir ki, cavabdeh təşkilatın Şuşa şəhər filialının əməkdaşı işləmişdir. Onun bağladığı əmək müqaviləsinə əsasən konkret günlər müəyyən edilməklə o, peşə fəaliyyətini (mühafizəçi) yerinə yetirir. Hər zaman xidməti fəaliyyətinə məsuliyyətlə yanaşaraq xidmətini düzgün təşkil etmişdir. Lakin, bir müddət əvvəl Füzuli Polis şöbəsinin əməkdaşları guya onu narkotik maddələrdən istifadə etməkdə şübhəli bilmiş, barəsində İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək məhkəməyə protokol təqdim etmişlər. Füzuli Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə o, 1 ay müddətinə inzibatı qaydada həbs edilmişdir. Həmin qərardan şikayət verməyə şərait yaradılmamış, həbsdən çıxdıqdan sonra isə ona 10 günlük şikayət müddətini ötürdüyünü bildirmişlər. Bundan sonra o, əmək fəaliyyətinə davam etmiş, təxminən 20 gün sonra onun işdən çıxarılacağı şifahi deyilsə də, rəsmi əmrlə tanış olmaq istəyi nəticəsiz qalmışdır. O, hələ də işdən çıxma əmrini ala bilməmişdir. Çətinliklə əmək kitabçasını 04 iyul 2023-cü il tarixdə təşkilatdan götürmüşdür. Çıxarılmış əmr tam qanunsuzdur. O, narkotik vasitə istifadə etdiyi üçün işdən azad olunmuşdur. Halbuki polislər tərəfindən saxlanılan gün onun istirahət günü olmuş, işə getməmişdir. Məhkəmənin qərarı rəhbər tutulmaqla işdən azad edilmişdir. O, Əmək Məcəlləsinin 72 maddəsinin “b” bəndi rəhbər tutulmaqla işdən çıxarılsa da, o, həmin gün nə işdə olmuş, nə də sərxoş halda işdə fəaliyyətini davam etdirməyə cəhd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmış ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış, iddiaçı mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixində işdə olan vaxt anlaqsız olması müşahidə edilmiş və rəhbərlik tərəfindən iddiaçıya tibbi müayinədən keçməsi tələb olunmuşdur. Lakin, iddiaçı yoxlanışdan yayınmış, xx.xx.2023-cü il tarixindən etibarən isə işə gəlməmişdir. Daha sonra məlum olmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixində qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadəsinə görə barəsində Füzuli Rayon Məhkəməsinin qərarı ilə bir ay müddətinə inzibati qaydada həbs edilmişdir. İddiaçı sonradan cavabdehə bildirmişdir ki, onun bu məsələdə heç bir təqsiri yoxdur və həmin qərarı isə ləğv elətdirəcək. Cavabdeh bu zaman iddiaçıdan həmin qərarın ləğvi barədə məhkəmə qərarını təqdim etməyini, eyni zamanda tibbi müayinədən keçərək arayış təqdim etməsini tələb etmişdir. Lakin, iddiaçı tələbə əməl etmədiyi üçün cavabdeh onun əmək müqaviləsinə müvafiq əsasla xitam vermişdir. Belə ki, iddiaçının iş vaxtı anlaqlı olmadığı müşahidə edilmiş və ondan narkotik vasitə qəbul etməməsi barədə tibbi rəy təqdim etməsi tələb edilmişdir. Lakin, işçi müayinədən keçməyərək rəy təqdim etməmişdir. Bir neçə gün sonra isə işə gəlməməyə başlamışdır. Bir ay sonra işə gəldikdə bildirmişdir ki, onu qanunsuz olaraq narkotik çəkməkdə təqsirli bilmişlər və həbs etmişlər. Bundan sonra cavabdeh iddiaçıdan yenə müayinədən keçərək tibbi rəy təqdim etməli olduğunu əks halda işdən azad olunacağını bildirmişdir. Lakin, iddiaçı cavabdehin tələblərinə məhəl qoymamışdır. Birinci instansiya məhkəməsi isə cavabdehin iştirakını təmin etmədiyi üçün cavabdeh özünü məhkəmədə müdafiə edə bilməmişdir. Nəticədə məhkəmə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən iki dəfə iddiaçı barədə akt tərtib edilmişdir. Həmin aktlarda iddiaçının narkotik vasitə istifadə etməsinə dair şübhələrin mövcudluğu əks olunmuş və iddiaçıya tibbi rəy təqdim edilməsinin tələb edilməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin iştirakını təmin etmədiyi üçün cavabdeh həmin aktları məhkəməyə təqdim edə bilməmiş, nəticədə bunun əksinin iddiaçıdan sübütu tələb edilməmişdir və iddiaçının iddiası həqiqi olmayan və əsassız sübutlar əsasında təmin edilmişdir. Əmrin ləğvi üçün əsas olmadığı halda məhkəmə həmin əmri ləğv etmişdir. Belə ki, cavabdeh qanunun tələbinə əməl edərək işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam vermişdir. Eyni zamanda həmin Məcəllənin 71-76 cı maddələrinin tələblərinə əməl edilmişdir. Lakin, məhkəmə heç bir əsas göstərmədən belə nəticəyə gəlmişdir ki, cavabdehin əmri qanunsuzdur. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, iddiaçı məhz Şuşa şəhərində onların lahiyələrin birində mühafizədə işləyirdi. Fəaliyyətləri “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanır. Həmin Qanunun 9.3-cü maddəsində qeyd edilir ki, mühafizəçi işə qəbul olunarkən və sonra isə ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçirilir. Qanunun 9.4-cü maddəsində qeyd edilmişdir ki, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy təqdim etməyən şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz. İddiaçı xx.xx.2023cü il tarixində sonuncu dəfə işə gələn zaman lahiyənin rəhbəri iddiaçının təsir altında olması, gözlərində qırmızılıq olmasını müşahidə etmişdir. xx.xx.2023-cü il tarixindən sonra işə gəlməmişdir. Rəhbərlik əlaqə saxlamağa çalışan zaman iddiaçının anası bildirmişdir ki, iddiaçı inzibati həbsdədir. Həbsdən çıxdıqdan sonra da iddiaçıya müvafiq tibbi müayinədən keçmək təklif edilmişdir. Lakin, iddiaçı bu dəfə də tibbi müayinədən keçməkdən imtina etmişdir. Ümumiyyətlə, iddiaçının işə davamiyyəti pis olmuş, uzun müddətlərlə işə gəlməmişdir. Hesab edir ki, narkotik vasitələrdən istifadə edən şəxsin mühafiəzəçi kimi işləməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır, eyn zamanda bu hal iddiaçının əmək funksiyalarını yerinə yetirmək iqtidarında olmaması kimi qiymətləndirilməlidir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması, iddianın əsas iş yeri mühafizə departamenti (Şuşa şəhəri) olmaqla, mühafizəçi vəzifəsinə işə qəbul edilməsi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işdə olan iddiaçının nizamnaməsinin surətindən görünür ki, iddiaçı hüquqi şəxs olaraq, əsas məqsədi özəl mühafizə xidmətinin həyata keçirilməsidir. Əsas məqsədinə çatmaq üçün Cəmiyyət - mühafizə olunan obyektlərin qorunması, mühafizə olunan obyektlərdə buraxılış və obeyktdaxili rejimlərin təmin edilməsi, mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası avadanlıqların layihələşdirilməsi, quraşdırılması və istismarı ilə əlaqədar texniki xidmətlərin göstərilməsi, hüquqazidd qəsdlərdən mühafizə məsələləri ilə bağlı fiziki və hüquqi şəxslərə tövsiyyələrin hazırlanması fəaliyyətləri həyata keçirir: İşdə olan Füzuli Rayon Məhkəməsinin 3(064)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan marixuananı istifadə etmişdir. İddiaçı törətdiyi əməli etiraf etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan (xidmət rəisi E.Ə.Səlimov, xidmət rəisi N.N.Nərimanov, növbə rəisi F.A.Məmmədlinin imzaları ilə təsdiq edilmişdir) görünür ki, “CCN Altyapı Yatırımları” layihəsinin mühafizəçisi İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində iş yerində olmamışdır. Aparılmış araşdırma nəticəsində İddiaçı işə gəlməmə səbəbi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı əsasında İXM-nın 206-cı maddəsinə uyğun olaraq, 30 gün müddətində inzibati qaydada həbs edilməsi olmuşdur. Həbs edilmənin səbəbi xx.xx.2023-cü il tarixində əldə etdiyi narkotik vasitə olan marixuananın istifadə edilməsi və xx.xx.2023-cü il tarixli 203 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktındakı narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətidir. Həbsdən sonrakı müddətdə İddiaçı işə qayıtdıqdan sonra narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə tibbi müayinədən keçməsi istənildikdə, o, yenidən tibbi müayinədən keçməkdən imtina etmişdir. İşdə olan, cavabdehin 536/K saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, mühafizə departamentinin mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinin tələbləri də nəzərə alınmaqla) xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İddiaçı hazırda onun işdən azad edilməsini qanunsuzluğunu mübahisələndirir və barəsində olan əmrin ləğvini, əvvəlki işinə barpa edilməsini və s. tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamasına, iddiaçı tərəfindən narkotik vasitənin bilavasitə iş yerində qəbul edilməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 72-ci maddəsinin «b» bəndinə əsasən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardandır. İşin hallarından və təqdim olunmuş sənədlərdən açıq-aydın müəyyən edilir ki, iddiaçı cavabdehlə əmək münasibətlərində olduğu dövrdə, yəni xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan marixuananı istifadə etmiş, bu səbəbdən də Füzuli Rayon Məhkəməsinin 3(064)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 ay müddətinə inzibati həbs edilmişdir. Bununla yanaşı, işdə olan digər sübutlardan (aktlar) görünür ki, iddiaçıdan tələb olunmasına baxmayaraq, o narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə tibbi müayinədən keçməkdən də imtina etmişdir. Qeyd edilməlidir ki, iddiaçı Cəmiyyətin “X4”nın 14-cü bəndi “Təsiredici maddələrə dair siyasət” adlanır və həmin bənddə təsiredici maddələr dedikdə - alkoqollu içkilər, narkotik, toksik və sərbəst istifadəsi və dövriyyəsi mövcud qanunvericiliklə qadağan edilmiş digər maddələr başa düşülür. Qaydaların 18.2-ci bəndində isə həmin təsiredici maddələrin qəbulu əmək müqaviləsinə xitam verilməsinə əsas kimi nəzərdə tutulmuşdur. Xüsusilə qeyd edilməlidir ki, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti - qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqa zidd qəsdlərdən qorunması məqsədilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsidir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, mühafizəçi - xüsusi hazırlıq keçmiş, bu Qanunla müəyyən edilmiş qaydada özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 9.3-cü maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizəçinin özəl mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün, o, işə qəbul edilən zaman ilkin, sonra isə ildə bir dəfədən az olmayaraq tibbi müayinələrdən keçirilir. Həmin Qanunun 9.4, 9.4.1 və 9.4.4-cü maddələrinə əsasən, ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy təqdim etməyən, habelə sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz. Göründüyü kimi, iddiaçının yerinə yetirdiyi işin (əmək funksiyasının) xüsusiyyətləri ilə onun narkotiv vasitə qəbulu etməsi halı bir araya sığmamaqla, istər iddiaçı Cəmiyyətin X4na, istərsə də qanunvericiliyin tələbləri ilə uzlaşmır. Bu hal eyni zamanda özəl mühafizə fəaliyyətinin prinsiplərə (özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir), habelə mühafizə xidmətlərinin göstərildiyi fiziki və hüquqi şəxslərin qanunla qorunan maraqlarına da uyğun deyildir. Xüsusilə qeyd edilməlidir ki, hazırki işin halları baxımından iddiaçının narkotik vasitəni bilavasitə iş yerində qəbul etməməsi halı də vəziyyəti dəyişdirmir. İddiaçının işdən yayınaraq kənar yerdə narkotiv vasitə qəbulu etməsinə haqq qazandırmaq mümkün deyildir (işdə olan sübutlardan da göründüyü kimi, iddiaçı uzun müddətlərlə işdə olmamışdır). Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanunun tələbləri baxımından da mühafizəçi müvafiq tələblərə cavab verməli, xüsusi hazırlıq və şəxsi keyfiyyətlərə malik olmaqla, alkoqolizm və narkomanlığa düçar olmamalıdır. Təsadüfi deyildir ki, mühafizəsinin hüquq və vəzifələri də məhz birbaşa qanunla müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının onun yerinə yetirdiyi əmək funksiyalarının xüsusiyyətləri ilə bir araya sığmayan qanunsuz həkərəti (narkotik vasitə qəbul etməsi) əmək müqaviləsinə işəgötürən tərəfindən məhz ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə kifayət qədər qanuni əsas yaratmışdır. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. İddiaçı narkotik vasitə qəbul etməməsi, məhkəmə qərarının əsassız olması və s. bu kimi dəlillər irəli sürsə də, onları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, məsələyə formal baxımdan münasibət bildirmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar