Məhkəmə qərarları › İş №2(103)-6690/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6690/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6690/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1604/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi və “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 1.204,87 (min iki yüz dörd manat səksən yeddi qəpik) manat icra ödənişi, 860,62 (səkkiz yüz altmış manat altmış iki qəpik) manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 2.065,49 (iki min altmış beş manat qırx doqquz qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)- 190/2017 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 118426-1-9422 nömrəli “Avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi; Cavabdeh xx xxxxxx 2016-cı il tarixə banka borclu olduğu 21.954,63 (iyirmi bir min doqquz yüz əlli dörd dollar altmış üç sent) ABŞ dolları əsas borc, 2.823,06 (iki min səkkiz yüz iyirmi üç dollar altı sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə olmaqla, cəmi 24.787,69 (iyirmi dörd min yeddi yüz səksən yeddi ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğində (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), habelə 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; avtomobilin hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaitinin borcun ödənilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh qaytarılması; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(103)- 204/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)-190/2017 nömrəli qətnaməsinin ipoteka predmeti olan “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilməsi və avtomobilin ilkin satış qiymətinin 27.000 (iyirmi yeddi min) manat məbləğində müəyyən olunması; qətnamənin cavabdehin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-7853/2018 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(103)-204/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarları qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli 8313-15 2B nömrəli sifariş məktubuna əsasən Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı “Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 45/02 nömrəli “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli 215 nömrəli hesab-fakturasında Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 729,34 (yeddi yüz iyirmi doqquz manat otuz dörd qəpik) manat xidmət haqqı və 131,28 (bir yüz otuz bir manat iyirmi səkkiz qəpik) manat vergi ödənişinin (18% ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyətində olan hesabına xx xxxxxxxx 2019-cu il tarixli 215 nömrəli hesab-fakturaya əsasən Cavabdeh məxsus “Kia Sportage minik” markalı, **- SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 729,34 (yeddi yüz iyirmi doqquz manat otuz dörd qəpik) manat ödənilmişdir. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına xx xxxxxxxx 2019-cu il tarixli EQ seriya EBAA 375717 nömrəsinə əsasən 131,28 (bir yüz otuz bir manat iyirmi səkkiz qəpik) manat ƏDV ödənilmişdir. xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Xəzinədarlıq Agentliyinin hesabına Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən 1.204,87 (bir min iki yüz dörd manat səksən yeddi qəpik) manat məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 860,62 (səkkiz yüz altmış manat altmış iki qəpik) manat məbləğində hərracın keçirilməsi xərci və 1.204,87 (bir min iki yüz dörd manat səksən yeddi qəpik) manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu AbbasovaGülər İmran qızı məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu AbbasovaGülər İmran qızı tərəfindən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinə maddi zərər yetirilmişdir. Hesab edilir ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1604/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 1.204,87 (bir min iki yüz dörd manat səksən yeddi qəpik) manat icra ödənişi, 860,62 (səkkiz yüz altmış manat altmış iki qəpik) manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 2.065,49 (iki min altmış beş manat qırx doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh “Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsalandırmışdır ki, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ipoteka ilə yüklü edilmiş "Kia Sportage" minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin qiymətə 27.000 manata alsaydı, onun ipoteka saxlayana heç bir borcu olmazdı, əksinə ipoteka predmetinin satışından qalan pullar ona verilməliydi. İddiaçı daha artıq pul qazanmaq məqsədi ilə ipoteka predmetini ucuz qiymətinə almış, həmçinin əlavə olaraq ona qarşı pul tələbi ilə bağlı iddia irəli sürmüşdür. Onun hüquqi savadı olmaması, tək qadın olmağı, himayəmdə azyaşlı övladı olması səbəbindən həm iddiaçı, həm də hərrac təşkilatı ilə əlaqə saxlaya bilməmiş, hərracın fəaliyyətinə və hərrac predmetinin satışına nəzarət edə bilməmişdir. İddiaçı təşkilat və hərrac təşkilatı isə onun bu vəziyyətindən istifadə etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, o, icra məmuru tərəfindən çağrıldıqdan dərhal sonra onun yanına getmiş və ipoteka predmeti olan avtomobili təqdim etmişdir. Yəni avtomobili könüllü olaraq təqdim etmiş, icra məmurunun göstərişlərinə tabe olmuşdur. Başqa sözlə o, icra sənədini könüllü olaraq icra üçün müəyyən olunmuş müddətdə icra etmişdir. Ona görə də nə icra xərci, nədəki hərrac xərci ondan tutula bilməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş ödəniş tapşırıqlarından göründüyü kimi, 860,62 (səkkiz yüz altmış manat altmış iki qəpik) manat məbləğində hərracın keçirilməsi xərci və 1.204,87 (bir min iki yüz dörd manat səksən yeddi qəpik) manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Halbuki, hazırda qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu AbbasovaGülər İmran qızı məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu AbbasovaGülər İmran qızı tərəfindən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinə maddi zərər yetirilmişdir. Hesab edilir ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdehtutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin şikayəti üzrə yoxlanılmalı, digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçı cavabdehdən maddi zərər adı ilə 1.204,87 (min iki yüz dörd manat səksən yeddi qəpik) manat icra ödənişi, 860,62 (səkkiz yüz altmış manat altmış iki qəpik) manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 2.065,49 (iki min altmış beş manat qırx doqquz qəpik) manat tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin məhz bu tələb üzrə iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı bu tələb üzrə cavabdehin ona maddi zərər ödəməli olduğunu iddia etsə də, iddiaçının bu tələblər üzrə həm subyektiv hüququ olmalıdır, həm də cavabdehin bu tələblər üzrə ödəniş etməli olması üçün qanuni əsas olmalı və bu hallar sübuta yetirilməlidir. Əksinə, apellyasiya şikayətinin də dəlilləri iddianın əsaslı olduğunu təkzib etmişdir. İkincisi, iddiaçının tələbi iki hissədən ibarətdir. Birinci hissə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə icra məmurunun borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması ilə bağlıdır. Bununla bağlı aşağıdakılar qeyd edilməsi zəruridir. Belə ki, borclunun icra sənədində göstərilən tələblərin borclu tərəfindən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla(bu müddət notariusun icra qeydi əsasında ipoteka predmetinin açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün müəyyən edilmiş 2 ay müddətidir), icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir(“İcra haqqında” qanun. m.8.2). İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir(“İcra haqqında” qanun m.78.1). Göründüyü kimi, bu tələb üzrə borcluya qarşı iddia irəli sürmək icra qurumuna aiddir. Yəni, borclu könüllü icra üçün müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra sənədini icra etmirsə icra məmuru bu barədə qərar qəbul edir. Hazırki işdə icra məmuru tərəfindən belə bir qərarın qəbul edilməsi görünmür. Bundan əlavə, icra məmurunun borcludan tutulmalı pul məbləğindən 7 faiz həcmində icra ödənişi alması üçün borculunun həmin icra sənədini üzrsüz səbəbdən icra etməməsi tələb olunur. Lakin borclunun, hazırki iş üzrə cavabdehin icra sənədini üzrsüz səbəbdən icra etməməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu cür vəziyyətdə cavabdeh tələb edilən məbləği nəinki banka, eləcə də icra məmuruna nə üçün ödəməlidir? Əlbətdə ki, iddiaçı bank həmin ödənişi icra məmurunun depozit hesabına ödəməmişdən qabaq bu məsələləri özü üçün aydınlaşdırmalı idi. Əks yanaşmanın, yəni əsası olmayan bir ödənişi ödəyib, sonradan özünə maddi zərər vurulduğu əsası ilə həmin məbləği borcludan tələb etməyin mütləq ki, qanuni əsası da olmalıdır. Üçüncüsü, tələbin ikinci hissəsi isə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan xərclərin ödənilməsi ilə bağlıdır və həmin hissə üzrə də aşağıdakılar qeyd olunmalıdır. Belə ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılması xərcləri daxildir(“İcra haqqında” qanun m.79.1; 79.2;79.2.1).İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür(“İcra haqqında” qanun m.81.1). Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2020-ci il tarixli qərarında ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla mümkün qədər qısa müddət ərzində tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir. Buna baxmayaraq, Mülki Məcəllənin 319.3-cü maddəsinə görə, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Həmin Məcəllənin 319.5ci maddəsinə əsasən isə hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Göründüyü kimi, iddiaçı bank təkrar hərrac baş tutmadığından ipoteka predmeti olan avtomobil ona təklif olunduğundan onu əldə etmişdir. Əlbətdə ki, ipoteka predmeti olan avtomobil hərracda satılsaydı onun satışından əldə edilən gəlir “İpoteka haqqında” qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bölüşdürüləcəkdi. Lakin hərracın baş tutumaması həm də bankın mənafeyinə uyğun olmuşdur. Çünki, ilkin satış qiyməti 27000(iyirmi yeddi min) olan avtomobil hərracda satılmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə uyğun təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 17.212,50 (on yeddi min iki yüz on iki manat əlli qəpik) manat olmaqla ona təklif olunmuş və sonuncu da bundan yararlanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarının məzmununda da ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergini ödəməli şəxslər sırasında borculunun adı qeyd olunmur. Belə ki, hərrac baş tutsaydı ipoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri, o cümlədən vergi ödənişi satınalma qiymətindən, başqa sözlə hərracın qalibi olan alıcıdan, hərrac baş tutmadıqda isə bu xərclər ipoteka qoyandan deyil, ipotekanı əldə edən mülkiyyətçinin üzərinə düşdüyündən sonuncudan tutulmalıdır. Əslində həm qanunvericiliyin məqsədindən, həm də Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarda formalaşdırdığı möqedən aydın olur ki, məqsəd onsuzda ödəmə qabiliyyəti olmayan borculunun əlavə maliyyə məsuliyyətinə cəlb edilməsindən qorumaq olmuşdur. Bununla yanaşı, iddiaçı hərrac xidmətinin dəyəri olaraq 729,34 (yeddi yüz iyirmi doqquz manat otuz dörd qəpik) manat və 131,28 (bir yüz otuz bir manat iyirmi səkkiz qəpik) manat ƏDV ödədiyini göstərsə də, hərrac mərkəzinin 729,34 (yeddi yüz iyirmi doqquz manat otuz dörd qəpik) manat dəyərində xərc çəkməsi də ümumiyyətlə inandırıcı və ağlabatan deyidir. Çünki, ağlabatan mühakimə də dəyərindən də aşağı əldə edilmiş bir avtomobilə görə bu qədər hərrac xərcinin ola biləcəyini istisna edir. Əgər həqiqətən də hərrac mərkəzi bu qədər xərc çəkmişdirsə bu xərclərin nədən ibarət olduğu barədə də konkret və dəqiq hesabat dərc etməli idi. Əks halda ağlagələn istənilən məbləği bəyan edib hərrac xərcidir deyə hansısa şəxsdən tələb edilməsi də son nəticədə özbaşnalığa və əsassız varlanmaya gətirib çıxara bilər. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4978/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 1604/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı “icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul vəsaitinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar