Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6690/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X3 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh1 İddiaçı etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə dələduzluq cinayəti törədərək, İddiaçı pul vəsaitini ələ keçirərək ona ziyan vurmuşdur və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökmü ilə həmin cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Cinayət işinin icraatı zamanı zərərçəkmiş şəxs İddiaçı mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə icraatı dövründə Cavabdeh1 ilə İddiaçı arasında dəymiş ziyanın ödənilməsi üçün barışığ sazişi bağlanılmış və həmin barışığ sazişi ilə Cavabdeh1 İddiaçı vurmuş olduğu maddi ziyanının ödənilmə qaydaları müəyyən edilmişdir. Belə ki, həmin barışıq sazişinin birinci şərtinə əsasən Cavabdeh1 bir sıra əmlaklarını, o cümlədən dəyəri tərəflərin razılığı ilə 650.000 (altı yüz əlli min ) manat qiymətləndirilmiş Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksini (mebel sexi) zərərçəkmiş şəxs İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş və barışıq sazişinin bu hissəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökümünün mülki iddiaya aid hissəsində öz əksini tapmışdır. Lakin daha sonra Accessbank QSC Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksinin (mebel sexi) Accessbank QSC qarşısında yüklü edildiyindən ipoteka predmetini saxlayanın razılığı olmadan zərəçəkmiş şəxs İddiaçı mülkiyyətinə verildiyi üçün hökmün mülki iddiaya aid olan həmin hissəsindən Bakı Apellyasiyya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Bakı Apellyasıya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(103)-619/2021 saylı qərarı ilə Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksinin (mebel sexi) zərərçəkmiş şəxs İddiaçı mülkiyyətinə verilməsi hissəsi hökmdən xaric edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, X3 qarşı (üçüncü şəxslər: 51 saylı Notariat Ofisi, Maraqlı şəxs2 QSC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksinin (mebel sexi) barışıq sazişində razılaşdırılan dəyəri 650000 (altı yüz əlli min) manat olan pul vəsaitinin cavabdehlər Cavabdeh1 alınaraq iddiaçı Alman vətəndaşı X6 Thomasa ödənilməsi, Cavabdeh1 və X1 ******* (bir milyon altı yüz min) manat pul vəsaitinin müştərək qaydada cavabdehlərdən alınaraq alman vətəndaşı olan X6 Thomasa ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 600/2018 saylı 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti cəza verilmişdir. Həmin hökmlə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksinin (mebel sexi RX seriyalı 0244336) zərərçəkmiş alman vətəndaşı X6 Thomasın mülkiyyətinə verilməsi qət olunmuşdur. Bundan əlavə olaraq, Cavabdeh1 1 600 000 (bir milyon altı yüz min) manat pul vəsaitini 1 il 6 ay ərzində zərərçəkmiş şəxs alman vətəndaşı X6 Thomas aylıq 100 000 (bir yüz min) manatdan az olmamaq şərti ilə qaytarmağı öz öhdəsinə götürmüş və aralarında barışıq sazişi imzalamışdırlar. Bundan başqa cavabdehlər X4 notarial qaydada xx.xx.2018-ci il tarixndə 51 saylı Notariusda ərizə yazaraq bildirmişdir ki, Cavabdeh1 Sazişdə göstərilən məbləği göstərilən müddətdə ödəmədiyi halda Fəxrəddin Ağca oğlu tərəfindən ödəniləcəkdir. Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksini (mebel sexi RX seriyalı 0244336) iddiaçıya təqdim edərkən artıq həmin əmlak "xxxx"da ipoteka ilə yüklü edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-4289/2016 saylı qərardadı ilə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksi (mebel sexi, RX seriyalı 0244336) ilə bağlı icra vərəqəsi Binəqədi İcra şöbəsinə göndərilmişdir. Buradan açıq-aydın görünür ki Cavabdeh1 həm iddiaçını və həm də Bakı Ağır Cinayətlər Məhkəməsini aldatmış və girovda ipoteka yüklü edilmiş əmlakı pulun əvəzi olaraq iddiaçıya təqdim etmişdir. Qeyd edilən əmlakı iddiaçı öz adına keçirə bilmir, çünki əmlak Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən əvvəl "xxxx" QSC tərəfindən ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, Cavabdeh1 1 600 000 (bir milyon altı yüz min) manat pul vəsaitini 1 il 6 ay ərzində zərərçəkmiş şəxs alman vətəndaşı X6 Thomasa aylıq 100 000 (bir yüz min ) manatdan az olmamaq şərti ilə qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər Sazişdə nəzərdə tutulmuş vəsaitdən 1 manat belə olsun ödəməmişdirlər. Cavabdeh1 Saziş və götürdüyü öhdəliklər nəzərə alınaraq 2 il sınaq müddəti ilə azadlığa buraxılmışdır. Hazırda iddiaçı heç bir formada ******* (bir milyon altı yüz min) manat pulu və Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksini, yaxud onun dəyərini təşkil edən 650 000 manat olan pulu heç bir formada ala bilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Sazişdə göstərilənləri qismən icra etmişdir. Lakin ******* manat əsas məbləğ və əmlak kompleksinin dəyəri kimi sazişdə göstərilən 650000 manat isə hələ də icra edilməmişdir.
4. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia qismən təmin olunmuş, Cavabdeh1 2.250.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386, 470.1, 471, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində tələbinin bir qismi konkret olaraq 1 600 000 manat olsa da, digər hissəsi dəyəri heç bir ixtisaslaşmış qurum tərəfindən müəyyən edilmədən birbaşa 650.000 manat göstərilən əmlakdır. Həmin əmlakın dəyəri iddiaçının qeyd etdiyindən daha yüksək olduğundan iddia həmin hissədə araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. İddiaçının tələb etdiyi əmlakın dəyəri 650.000 manat deyildir. İş üzrə müvafiq qiymətləndirmə keçirilsəydi aşkar şəkildə bunu görmək olardı. Hal-hazırda əmlak bazarında qiymətlər daimi olaraq dəyişdiyindən və həmin sazişin imzalanmasından xeyli müddət keçdiyi üçün qətnamədə göstərilən məbləğin həmin əmlakın dəyəri kimi hesablanmasını əsassız hesab edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzrsüz saydı və MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
12. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı həmin cavabdehin apellyasiya şikayətinə münasibətdə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksinin (mebel sexi) barışıq sazişində razılaşdırılan dəyəri 650000 (altı yüz əlli min) manat təşkil edir. Apellyator bu qiymətlə razı olmadığını bildirsə də, əmlakın dəyərinin həmin məbləğdən daha yüksək olduğuna dair heç bir sübut təqdim etməmişdir.
18. Digər tərəfdən, Kollegiya nəzərə alır ki, 650 000 manat cavabdeh tərəfindən iddiaçıya vurulan zərərin yalnız bir hissəsidir və bu hal cinayət işinə baxan məhkəmə tərəfindən tam müəyyən edilmişdir. Cavabdeh barışıq sazişi bağlamaqla 650 000 manat ziyanın əvəzinə əmlak kompleksini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, cinayət işinə baxan məhkəmə bunu hökmlə rəsmiləşdirmiş, lakin əmlak kompleksinin yüklü olması səbəbindən mülki iddiaya aid həmin hissə yuxarı instansiya məhkəməsi tərəfindən hökmdən xaric edilmişdir.
19. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırda əmlak kompleksinin dəyərinin dəyişib-dəyişməməsi hazırkı iş üzrə iddia tələbinin əsaslılığına heç bir halda təsir göstərə bilməz və həmin əmlak kompleksinin dəyərinin yenidən müəyyən olunması hazırkı iş üzrə məhkəmə baxışının predmeti deyil.
20. Məhkəmə kollegiyasının gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir. Bu baxımdan apellyasiya şikayətinin bütün dəlilləri, o cümlədən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlilləri əsassızdır.
21. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
23. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını və eləcə də apellyasiya şikayətini əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir.
24. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
26. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
27. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.