Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6692/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 60 saylı mənzildən ibarət miras əmlakla bağlı Cavabdeh xeyrinə miras payından imtina etməsi barədə ərizəsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsə kimi tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası X8 xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz rayonunda onun yanında vəfat etmişdir. Mərhum atası Xaçmaz rayonunda dəfn edilmişdir və yas mərasimi onun tərəfindən təşkil olunmuşdur. Mərhum atasına məxsus ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi olmuşdur. Bacısı Cavabdeh xx xxxxxx 2019-cu ildə Xaçmaz rayonun gəlib ona bildirmişdir ki, onun adına etibarnamə versin, hansısa sənədlərə imza edib. Sonra evi satıb onun payını da verəcəyini bildirmişdir. O, bacısına inanmışdır. Onların aralarında dil problemi də var. O, rus dilini yaxşı bilir, Azərbaycan dilini yaxşı başa düşmür. Bacısı isə əksinə rus dilini zəif bilir. Cavabdeh onu evindən götürərək Xaçmaz rayonunda yerləşən 1 saylı notariat ofisinə aparmışdır. Sadəcə ona bildirilmişdir ki, bir sənədə imza atmalıdır. Sənədin məzmununu oxumağa ona imkan verməmişdir. Daha sonra ona zəng edərək evi satmaqdan imtina etdiyini, onun da heç bir payının olmadığını bildirmişdir. Bundan sonra cavabdehin onu aldatdığını başa düşmüşdür. Sonra Bakıya gəlmiş, bir hüquqşünasdan məsləhət almışdır. Daha sonra 3 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notariusa müraciət etmişdir. Ərizə verərək vərəsəlik işinin dayandırılmasını xahiş etmişdir. Hal-hazırda hesab edir ki, o, qanun üzrə atasının vərəsəsi kimi tanınmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1104/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən real faktları araşdırmamış və əsassız sübutlara üstünlük vermiş, ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili X6 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı əlavə olaraq göstərmişdir ki, onun bacısı mənzili vərəsəlik qaydasında öz adına keçirdikdən sonra satacağını və əldə etdiyi vəsaitdən ona 10000 manat pul verəcəyini vəd etmiş, bu səbəbdən də o, miras paydan imtina ərizəsini imzalamışdır. Lakin sonradan bacısını ona bildirmişdir ki, hələ mənzili satmaq barədə fikirləşmir, nə vaxt satılsa, pulu onda verəcəkdir. Bundan sonra başa düşmüşdür ki, bacısı onu aldatmışdır. Məhkəmə iclasında cavadeh Cavabdeh, onun nümayəndəsi və vəkili X7 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh əlavə olaraq göstərmişdir ki, onlar ögey bacıdırlar. Belə ki, Fauna atasının birinci nikahından, o isə ikinci nikahından doğulmuşdur. Faina ailə qruduqdan sonra Xaçmaz rayonunda yaşamış, mübahisəli evdə isə o, atası və anası ilə birlikdə yaşamışdır. Bu mübahisə başlayana qədər onun bacısı ilə münasibətləri normal olmuş, bir-birinin evinə gedib-gəlmişlər. Ona görə də, atası öldükdən sonra ondan miras qalmış mənzili vərəsəlik qaydasında sənədləşdirmək lazım olduqda, yenə də bacısına müraciət etmişdir. Faina isə mənzilin onun adına sənədləşməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən də, onlar Xaçmaz rayonunda yerləşən notariat ofisinə getmişlər və orada Faina öz arzusu ilə atasından qalmış vərəsəlik payından imtina etməsinə dair ərizə vermişdir. Onlar belə razılaşmışlar ki, əgər evi satası olsa, Fainaya da halallıq verəcəkdir. Lakin sonradan Faina ona zəng edərək mənzili satmasını və ona 35000 manat pul verməsini tələb etməyə başlamışdır. O isə bunu edə bilməyəcəyini, ev satılası olsa belə, ona 10000 manat pul verəcəyini demişdir. Lakin Faina bununla razılaşmamış və onu məhkəməyə vermişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman da o, bacısı ilə barışmağa cəhd etmiş, bu məqsədlə ona 10000 manat pul təklif etmişdir. Lakin Faina yenə də, pulu götürməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, Faina özü öz arzusu ilə notariksa gedərək imtina məktubunu vermiş, həmin vaxt onların arasında ünsiyyətlə bağlı heç bir dil problemi olmamışdır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi ev 5, 60 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. X8 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun qızı olan hazırki İddiaçı, xx xxxxxx 2019-cu il tarixdə notarial qaydada ərizə yazaraq, atasının vəfatından sonra miras qalmış bütün əmlaklarından Cavabdeh xeyrinə imtina etmişdir. Hazırda iddiaçı həmin ərizənin etibarsız sayılması, qanun üzrə vərəsə kimi tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məcəllənin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Mülki qanunvericiliyin qeyd edilən normalarına əsasən müəyyən edilir ki, İddiaçı atasına məxsus olmuş miras paydan bacısının xeyrinə imtina etməsi barədə ərizə verərkən, qanunvericiliyin tələblərinə riayət edilmişdir. İddiaçı vermiş olduğu ərizənin etibarsızlığını mübahisələndirərkən bacısının onu aldatdığına, bacısı ilə onun arasında dil problemi olmasına, yəni özünün Azərbaycan dilini yaxşı bilməməsinə və rusdilli olmasına, bacısının isə rus dilini zəif bilməsinə istinad etmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası bildirir ki, hazırkı məhkəmə prosesinin gedişində İddiaçı Azərbaycan dilində sərbəst danışa bilməsi, həmçinin kiril əlifbası ilə Azərbaycan dilində yazıb oxuya bilməsi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı təqdim etdiyi orta məktəbdə oxumasına dair Attestatdan görünür ki, onun Azərbaycan dili fənnindən qiymətləri «əla» olmuşdur. Həmçinin, İddiaçı bir tərəfdən onun bacısı ilə aralarında dil problemi olduğunu, buna görə də bir-birlərini başa düşmədiklərini, digər tərəfdən isə bacısı ilə aralarında razılaşdıqlarını, bu razılığa əsasən bacısının mənzili öz adına sənədləşdirib satdıqdan sonra ona pul verəcəyini bildirmişdir. Mülki Məcəllənin «Əqdlərin etibarsızlığı» adlanan 14-cü fəslində əqdlərin etibarsızlığının anlayışı verilmiş və əqdin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hazırkı işin araşdırılması zamanı İddiaçı mirasdan imtinaya dair vermiş olduğu ərizənin etibarsız hesab edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri sübut edən halları məhkəmə iclasında təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X9 Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1104/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6692/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6692/2020
10.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver