Məhkəmə qərarları › İş №2(103)-6692/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6692/2023

21.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6692/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Gülmalıyev Abbas Yusif oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2023-cü il tarixli qətnamədən iddiaçı Gülmalıyev Abbas Yusif oğlunun verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, vəkili (nümayəndəsi) Nümayəndə1 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, 2 il ərzində müalicəyə çəkilmiş xərcin əvəzi olaraq 3.000 manat, cərrahi əməliyyatın xərcinin əvəzi olaraq 5.467 manat, əməliyyatdan sonrakı müalicə xərcinin əvəzi olaraq 3.000 manat, təkrar həkim müayinəsi üçün çəkilmiş xərcin əvəzi olaraq 500 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000 manat, vəkil xidmətinə çəkilmiş xərcin əvəzi olaraq 500 manat və mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh MMC-də takelajçı vəzifəsində işləmiş, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixdə MMC-yə məxsus olan "xxxx" Platformasında iş vaxtı iddiaçının iş yoldaşı Vüsal Heydərov iddiaçını itələmiş, bunun nəticəsində o yıxılmış və ayağı iki yerdən sınmışdır. Cavabdeh MMC-nin məsul şəxsləri iddiaçını belə vəziyyətdə səhərə kimi orada saxlamışlar. Növbəti gün səhər saatlarında iddiaçını xəstəxanaya aparmışlar və ona “ayağının qamış sümüyünün diz oynağına birləşdiyi yerdə qəlpəli sınığın olması” diaqnozu qoyulmuşdur. Bu səbəbdən həmin vaxt iddiaçının ayağına bir neçə yerdən müvəqqəti vintlər taxılaraq, müəyyən müddət sonra əməliyyat olunmalı olunduğu bildirilmişdir. Həmin vaxt MMC-nin rəhbərliyi iddiaçıya hadisə barədə heç yerə şikayət etməməsini, bunun müqabilində ayağını tamamilə müalicə və əməliyyat etdirəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. İddiaçı əsassız olaraq xx.xx.2020-ci il tarixində işdən azad olunmuşdur. Amma yenə də ayağına görə müalicələr davam etmişdir. Lakin iddiaçı bu müalicələri işləmədiyi halda davam etdirməyə məcbur idi. Buna görə də ağır maddi duruma düşmüşdür. Ona görə də iddiaçı cavabdeh MMC-yə müraciət edərək, işdə olduğu zaman xəsarət alması barədə arayış verilməsini xahiş etmişdir. Lakin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iş vaxtı belə hadisənin olmaması əsası ilə arayışın verilməsindən imtina olunmuşdur. Cavabdeh MMC-nin imtina cavabı onu göstərir ki, MMC-nin rəhbərliyi iddiaçının iş vaxtı yıxılaraq xəsarət alması faktını gizlətmiş və bu barədə heç bir qeydiyyat aparılmamışdır. Lakin “Baku City Hospitalın” xx.xx.2013-cü il tarixli arayışından da görünür ki, yıxılma sonrası sol qamış sümüyündə oynaq daxili qırıq əmələ gələn və xx.xx.2013 tarixində cərrahi əməliyyat keçirən iddiaçının 2 ay 15 gün fiziki işdən azad edilməsi uyğun görülmüşdür. MMC-nin imtina məktubunu aldıqdan sonra iddiaçı faktla bağlı Pirallahı Rayon Prokurorluğuna şikayət etmişdir. Prokurorluğun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin qərarla müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə MMC-yə məxsus olan "xxxx" üzən qurğusunda olarkən həmin MMC-nin əməkdaşı Heydərov Vüsal Razmik oğlu ilə iddiaçı arasında mübahisə baş vermiş, mübahisə zamanı iddiaçı iş yoldaşı Vüsal Heydərovun üzərinə deşici alət olan mismarla hücum etmiş, sonuncu isə özünü qorumaq məqsədi ilə kənara çəkilmiş, iddiaçı da Vüsal Heydərovun hücum istiqamətindən kənara çəkilməsi nəticəsində yaranmış boşluqda müvazinətini itirərək hadisə yerində olan boruya ilişib yıxılmaqla sol qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır. Həmin araşdırma zamanı verilmiş məhkəmə-tibb ekspertizasının 81 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iddiaçının bədəni üzərində sol qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşya (alət) təsirindən iddiaçıda “Bakı Sity Hospitalına” müraciət etdiyi xx.xx.2013-cü il tarixindən bir qədər əvvəl törənmişdir, qərarda göstərilən şəraitdə, yəni xx.xx.2013-cü il tarixində işlədiyi "xxxx" qurğusunda kənar qüvvə təsirindən öz boyu hündürlüyündən yıxılaraq xəsarət alması istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” cavabdeh işəgötürən tərəfindən pozulmuşdur. Bununla da xəsarət almış iddiaçı uzun müddətdir ki, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Son 2 ildə iddiaçı müalicəsi üçün xeyli miqdarda pul xərcləmişdir. İşdən azad olunduğu üçün son dövrlərdə aldığı müalicələrin pul qarşılığını ödəməkdə şətinlik çəkmişdir. Amma məcburən müalicəsini davam etdirmişdir. 2 il müddətində iddiaçı aldığı xəsarətə görə hər il 1.500 manat olmaqla, cəmi 3.000 manat pul vəsaiti xərcləmişdir. “Baku City Hospitalın” xx.xx.2022-ci il tarixli (təsdiq xx.xx.2022) “Rentgen nəticə və şərhi” və həkim Əliş Təhməzli tərəfindən təsdiq edilmiş “Bildirişlə” iddiaçının barəsində qeyd edilən müalicələr və əməliyyatın həyata keçirildiyi, xidmətin ümumi dəyərinin 5.467 manat təşkil etdiyi təsdiq edilir. İddiaçıya deyilən şifahi məlumata görə, əməliyyat sonrası 9 ay ərzində 3 seans fizioterapiya və masaj tövsiyə olunur. Hər seans 20 gün olmaqla 60 gün həyata keçirilməlidir. Fizieoterapiyanın 1 günü (bir dəfəsi) 35 manat, masajın 1 günü (bir dəfəsi) 15 manata həyata keçirilir. Bu da (60x50=) 3.000 manat təşkil edir. Eyni zamanda bütün 9 aydan sonra təkrar həkim müayinəsi üçün 500 manat pul vəsaiti tələb olunur. Qeyd edilən əməliyyatın həyata keçirilməsinə və əməliyyatla bağlı olan digər müalicə tədbirlərinin həyata keçirilməsinə tələb olunan pul vəsaitini ödəməyə iddiaçının maddi imkanı yoxdur. Eyni zamanda, həkimin xəbərdarlığına görə əməliyyatdan sonra sağlamlığının tamamilə bərpa olunması sual altındadır. Yəni əməliyyatdan sonra əlillik, hərəkət məhdudiyyəti yarana bilər. Odur ki, iddiaçının səhhətində yarana biləcək hər hansı problemə görə məsuliyyəti işəgötürən daşımalıdır. Həmçinin istehsalatda baş vermiş səhhətinin uzun müddətə pozulmasına səbəb olan bədbəxt hadisə nəticəsində iddiaçı, uzun müddətdir ki, mənəvi iztiraba düçar olmuşdur. Ayağındakı xəsarət nəticəsində o, normal yaşaya və fəaliyyət göstərə bilmir. Bu da onun şüurunda kəskin iz buraxaraq ona əzab verir. Ona görə də iddiaçıya mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaiti ödənilməlidir. Bundan başqa iddiaçı hazırki iddia tələbi ilə bağlı 500 manat vəkil xidmət haqqı və 50 manat mediasiya xərci çəkməli olmuşdur ki, həmin vəsait də cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdeh MMC iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının istehsalat qəzası kimi qələmə verdiyi xx.xx.2013-cü ildə baş vermiş hadisə istehsalat xarakterli deyil və həmin hadisədə Əmək Məcəlləsinin 191-ci maddəsində göstərilən əsaslar mövcud deyil. İddiaçı xəsarəti iş yoldaşı Vüsal Heydərovla mübahisə zamanı aldığını qeyd etmişdir. İddiaçının müraciəti əsasında xəsarətin baş verdiyi hadisə Pirallahı Rayon Prokurorluğu tərəfindən ətraflı araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10.10.202-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, iddiaçı xəsarəti bilavasitə məhz özünün hüquqazidd hərəkətlərinin nəticəsində almış və bu, əməyin mühafizə qaydalarının pozulması, eləcə də onun əmək funksiyalarının icrası ilə heç bir formada əlaqəli olmamışdır. MMC-nin iddiaçının səhhətinə dəymiş zərərdə heç bir təqsiri olmadığı üçün onun qarşısında da hər hansı maddi məsuliyyət daşımır. Digər tərəfdən aparılmış təhqiqat nəticəsində xx.xx.2013-cü il tarixdə cavabdehə məxsus "xxxx" qurğusunda Abbas Gülmalıyev və Vüsal Heydərovun iştirakçısı olduğu hadisə, Abbas Gülmalıyevin öz təşəbbüsü ilə başladığından və onun iş yoldaşı ilə şəxsi münasibətləri zəminində baş verdiyindən istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməmiş və “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü bəndi əsas götürülməklə uçota alınmamışdır. İddiaçının guya hadisə barədə heç bir yerə şikayət edilməməsi üçün MMC-nin rəhbərliyinin ona təzyiqlər etməsi barədə qeyd edilənlər həqiqətə uyğun deyil və iddiaçının hadisənin baş verməsindən 10 il sonra belə iddia qaldırması üçün uydurduğu bəhanədir. Əksinə, iddiaçı öz təqsirini anladığı üçün hadisədən sonra bunu ört-basdır etməyə çalışmış, verdiyi həm şifahi, həm də yazılı izahatlarda xəsarətini gəzdiyi zaman ayağının burxulması ilə izah etmişdir. Bundan sonra iddiaçı 7 il ərzində MMC-də əmək fəaliyyətini davam etdirmiş və həmin müddətdə rəhbərlik qarşısında bu hadisə və sağlamlığı ilə bağlı heç bir şikayəti olmamışdır. Hər il keçirilən tibbi müayinələrdə isə iddiaçının sağlam və işə yararlı olması müəyyən edilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının səhhətinə dəyən zərər işəgötürənin əməyin mühafizəsi qaydalarına riayət etməməsi səbəbindən baş verməmiş, həmçinin əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olmamaqla birlikdə, şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Göründüyü kimi İddiaçının fiziki xəsarət alması əməyin mühafizə qaydalarının pozulması, eləcə də onun əmək funksiyalarının icrası ilə heç bir formada əlaqəli olmamışdır. Həmçinin o, öz izahatında ayağının burulmasını bildirmişdir. Bundan əlavə iddiaçı hadisə baş verdikdən sonra səhhətindən hər hansı şikayət etməyərək uzun müddət (7 ilə yaxın) həmin şirkətdə çalışmış, yalnız əmək müqaviləsi bitdikdən, hadisə baş verdikdən 9 il sonra məsələni mübahisələndirmişdir. Həmçinin, qeyd edilməlidir ki, o, hadisənin iş yerinin rəhbərliyi tərəfindən gizlədilməsi ilə bağlı mötəbər sübutları ibtidai istintaq orqanlarına və məhkəməyə təqdim edə bilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmamış və bununla da həmin hallara düzgün qiymət verməmiş və qanunvericiliyin normalarını düzgün tətbiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahat məhkəmə iclas protokolunda və qətnamədə olduğu kimi əks olunmamışdır. İşdə olan sübutlara baxmayaraq məhkəmə baş vermiş hadisəni şəxsi münasibətlər zəminində baş verməsi kimi qiymətləndirmişdir. İddiaçı Vüsal yeni işçi olan Vüsal Heydərova işi təhlükəsiz görməsi üçün məsləhət vermiş, lakin sonuncu buna məhəl qoymamış, sonra iddiaçı onun işi görməsinə yardım etmişdir. İddiaçının diz oynağında baş vermiş sınıq işin məhz təhlükəsiz görülməsi, bunu işçidən tələb edən zaman baş vermişdir. Bu da o deməkdir ki, cavabdeh öz əmək funksiyalarını düzgün qurmamış və əməyin təhlükəsizliyini təmin etməmişdir. İşini düzgün görə bilməyən və buna görə də buna nəzarət edən digər işçinin diz oynağının sındırılmasına səbəb olan şəxs elə həmin vaxt da işdən azad olunmuşdur. Vüsal Heydərovun işdən azad edilməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da görünür. Cavabdeh MMC əvvəl iş vaxtı belə hadisənin olmasını inkar etsə də, sonradan bunu təsdiq etmək məcburiyyətində qalmışdır. Lakin Rayon Məhkəməsi tərəflərin izahatlarını təhrif etmiş, sübutlara düzgün qiymət verməmiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Halbuki iddiaçının səhhətinə vurulmuş ziyana görə cavabdehin maddi məsuliyyət daşıması işdə olan sübutlarla təsdiq olunur. İddiaçının ərizəsində və izahatında göstərməsinə baxmayaraq, Dövlət Əmək Müfəttişliyi Xidməti üçüncü şəxs kimi işə cəlb edilməmişdir. İşdən görünür ki, cavabdeh MMC iddiaçının aldığı xəsarətə görə müalicəsini həyata keçirmiş, sağlamlığının pozulmasına görə işəgötürən hər il sığorta ödənişi həyata keçirmişdir. Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olan normaları tətbiq etməmiş, mənəvi zərərlə bağlı tələbə münasibət bildirməmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçının vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, əvvəl icbari sığorta müqaviləsi əsasında işəgötürən tərəfindən hər il iddiaçının müalicəsi üçün sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının əməliyyat xərci də sığortaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Sığorta Şirkəti özü də hadisənin iş şəraitində olduğunu təsdiq etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Pirallahı Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməmişdir.

9. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaya etirazın məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh MMC-də bütün işçilər icbari sığorta olunmuşdur və səhhəti ilə bağlı yaranmış istənilən problemlə bağlı sığorta xidmətindən faydalana bilirlər. Vüsal Heydərovun işdən azad edilməsinin səbəbi sınaq müddətində özünü doğrultmaması olmuşdur. Onun işdən azad edilməsinin iddiaçı ilə əlaqəsi yoxdur. Digər bütün işçilər kimi iddiaçı da hər il tibbi müayinələrdən keçirilmiş və səhhətində əmək funksiyasını icra etməyə imkan verməyən hər hansı hal aşkar edilmədiyi üçün onunla əmək fəaliyyəti uzun müddət davam etdirilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Pirallahı Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh MMC-də takelajçı vəzifəsində işləmiş, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixdə cavabdeh MMC-yə məxsus olan "xxxx" üzən qurğusunda olarkən iddiaçı ilə MMCnin digər işçisi Heydərov Vüsal Razmik oğlu arasında baş vermiş mübahisə nəticəsində iddiaçı sol qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığı xəsarəti almışdır.

12. İddiaçı hesab edir ki, həmin hadisə istehsalatda baş vermiş bədbəxt hadisədir və buna görə məsuliyyət daşımalı olan MMC hadisə nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzini ödəməlidir.

13. Cavabdeh MMC isə həmin hadisənin istehsalat xarakterli olmadığını və buna görə MMC-nin məsuliyyət daşımadığını bildirir.

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: (“a”) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; (“b”) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; “(c”) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (maddə 191; hissə 2.). İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır (maddə 195; bənd “c”.). İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (maddə 239; hissə 1.).

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir.

16. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının t\ləblərinə görə, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: -əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən (bənd 1.2.). İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr (bənd 1.4.).

18. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Pirallahı rayon Prokurorunun köməkçisi, 2-ci dərəcəli hüquqşünas Nəzərov Kənan İsabala oğlu tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının iş yoldaşı tərəfindən itələnərək ona xəsarət yetirilməsi və iş yerinin rəhbərliyi tərəfindən hadisənin gizlədilməsi barədə müraciətində göstərilən faktlarda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nın 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-yə məxsus olan "xxxx" üzən qurğusunda olarkən həmin MMC-nin əməkdaşları Heydərov Vüsal Razmik oğlu ilə iddiaçı arasında mübahisə baş vermiş, mübahisə zamanı iddiaçı iş yoldaşı Vüsal Heydərovun üzərinə deşici alət olan mismarla hücum etmiş, sonuncu isə özünü qorumaq məqsədi ilə kənara çəkilmiş, iddiaçı da Vüsal Heydərovun hücum istiqamətindən kənara çəkilməsi nəticəsində yaranmış boşluqda müvazinətini itirərək hadisə yerində olan boruya ilişib yıxılmaqla sol qamış sümüyünün oynaqdaxili yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almışdır.

20. Göründüyü kimi artıq cinayət təqibi orqanı tərəfindən qəbul edilmiş qərarla hadisənin hansı şəraitdə baş verdiyi müəyyən edilmiş, baş vermiş hadisəyə hüquqi qiymət verilmişdir. Həmin qərar qüvvədədir, ləğv edilməsi və ya dəyişdirilməsi müəyyən edilməmişdir. İş üzrə tərəflər öz izahatlarında həmin qərardan şikayət verilmədiyini bildirmişlər.

21. Belə olan halda Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının səhhətinə dəyən zərərin işəgötürənin əməyin mühafizəsi qaydalarına riayət etməməsi səbəbindən baş verməsi, həmçinin əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olduğu iş materialları ilə öz təsdiqini tapmamışdır. İddianı əsassız hesab etmiş Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. İddiaçının bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilir.

22. Bu səbəbdən Rayon Məhkəməsi haqlı olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətini üçüncü şəxs kimi işə cəlb etməyə zərurət görməmişdir.

23. Rayon Məhkəməsi tərəfindən iddia tələbinə bütövlükdə qiymət verilmiş və iddia tələbinin bütövlükdə əsassız olması barədə qənaətə gəlmişdir. Apellyasiya şikayətinin mənəvi zərərlə bağlı tələbə münasibət bildirilməməsi barədə dəlili əsassızdır.

24. İşin araşdırılması zamanı Rayon Məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozulması halı müəyyən edilməmişdir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

25. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı Gülmalıyev Abbas Yusif oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar