Məhkəmə qərarları › İş №2(103)-6693/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6693/2025

25.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6693/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X15 (sədrlik edən və məruzəçi), X8 və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işdən azad olunduğu tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(004)-5241/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin X7 İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanına əsasən Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmişdir.

3. İddiaçı xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

4. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əsasən iddiaçı Zülfüqarov X6 İdman Kompleksinin İdman şöbəsinin şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi birinci ay sınaq müddəti hesab edilməklə 3 (üç) ay müddətinə bağlanmışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyətində olması səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) xx.xx.2025-ci il tarixindən xitam verilmişdir.

6. İddiaçı tərəfindən mediasiya təşkilatına ərizə ilə xx.xx.2025-ci il tarixində müraciət edilmiş, xx.xx.2025-ci il tarixdə cavabdehə mediasiya təklifi göndərilmiş və Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00701 nömrəli arayışına əsasən ilkin mediasiya sessiyası davam etdirilə bilməmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışına əsasən İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyi olan (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan) şəxs - X5 qulluğa görə 100 manat məbləğində Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi: müddətsiz.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.1968-ci il təvəllüdlü X2 hər iki süd vəzisində piy involyusiyası fonunda minimal fibroqlandulyar toxuma qeyd olunur. Əsas diaqnoz: C15.5-qida borusunun aşağı üçdə birini bədxassəli yenitörəməsi.

9. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X20 2383 saylı, xx.xx.2025-ci il tarixli ambulator kitabçadan çıxarışa əsasən xx.xx.1964-cü il təvəllüdlü X5 H26.2 OU - fəsadlı katarakta diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə OS-kataraktanın fakoemulsifikasiyasi və aspirasiyası + büllur protezinin taxılması cərrahi əməliyyatı icra olunmuşdur.

10. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X20 2383 saylı, xx.xx.2025-ci il tarixli ambulator kitabçadan çıxarışa əsasən xx.xx.1964-cü il təvəllüdlü X5 fəsadlı katarakta diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə ODkataraktanın fakoemulsifikasiyasi və aspirasiyası + büllur protezinin taxılması cərrahi əməliyyatı icra olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işdən azad olunduğu tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin olunması, işə bərpa olunmağı, qanunsuz və xəbəri olmadan xitam verilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsini, əmək müqaviləsinin müddətsiz hesab edilməsini və əmək müqaviləsinin ləğvi tarixindən xəbəri olmadığı üçün işdən qanunsuz azad olunduğu tarixdən işə bərpa olunana qədər dövr üçün məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin X12 ilə xx.xx.2020ci il tarixdə Şöbə müdiri vəzifəsinə işə götürülməklə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi guya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, qarşılıqlı razılıq əsasında xx.xx.2024-cü il tarixinədək 4 il 3 ay 1 gün müddətinə bağlanılmışdır. 2020-ci ildən öncə də Azərbaycan Respublikasının ƏƏSMN ilə 2015-ci ildən 2020-ci ilədək əmək müqaviləsi bağlanmış, sonradan X12 Sosial Xidmətlər Agentliyinə tabe olduğundan müqavilə yenilənərək, eyni vəzifədə müqaviləsi davam etdirilmişdir. Belə ki, eyni vəzifədə 10 il müddətində çalışmışdır. Xüsusilə qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə məzuniyyətdən sonra işə geri qayıtdıqdan sonra rəhbərlik tərəfindən onunla olan əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Hansı ki, onun əmək müqaviləsinin hansı tarixdə xitam veriləcəyindən belə xəbəri yox idi. O, bundan sonra pərişan vəziyyətdə qalmış, hansı ki, ona bununla bağlı rəhbərlik tərəfindən heç bir xəbərdarlıq edilməmişdir. İndiyədək ona işdən çıxma barədə əmri və əmək kitabçası da təqdim edilməmişdir. Ondan X12 1.202 manat verməyəcəyi təqdirdə, əmək kitabçasını da verməyəcəklərini bildirirlər. Guya ona məzuniyyətin işlənməmiş günlərinə görə artıq məzuniyyət pulu hesablanmışdır. Sual yaranır əgər onunla olan əmək müqaviləsinə xitam verilirdisə, niyə ona tam məzuniyyət pulu hesablanılırdı? Əmək haqqının artması səbəbi ilə rəhbərlik özünün şəxsi maraqlarına və mənafeyinə uyğun olaraq, onu qəsdən və qanunsuz olaraq işdən çıxarmışdır. Hətta atası X10 işdən çıxarılmağı səbəbi ilə idarəyə getmiş, 1 qolu olmayan şəxsi 2 saatdan sonra qəbul etmiş, dövlət tərəfindən atası kimi şəxslərə xüsusi diqqət və qayğı göstərdiyi halda, 1 qolu olmayan şəxsi təhqir edərək, alçaldaraq İdarədən qovmuşlar. Bildirmişdir ki, atası X10 1-ci Qarabağ müharibəsi veteranıdır, 1992-cı ildə Qarabağ müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 1 qolunu itirmişdir. O, 1-ci dərəcə əlilliyi olan, 1-ci Qarabağ müharibəsi veteranı, vətənini, dövlətini sevən və uğrunda canından keçən şəxs şəxs atasına baxır və 100 manat Prezident təqaüdü alır. X1 ağır xəstədir, onkoloji xəstəlikdən əziyyət çəkir, 2-ci qrup əlildir. Ailənin tək dolandıran şəxs odur. O da haqsız olaraq, işdən çıxarılmışdır. Hal-hazırda maddi vəziyyətləri çox ağırdır. Qanunsuz olaraq işdən azad olunduğundan çox gərgin psixoloji stress keçirmişdir. Qeyd etmişdir ki, çalışqan, məsuliyyətli işçi olaraq, işlədiyi dövrdə bütün işlərin öhdəsindən uğurla gəlmiş, hər hansı bir intizam tənbehinə cəlb olunmamışdır. Qeyd etmişdir ki, işəgötürən onu heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam verib. Hətta o, öhdəliyində 1-ci Qarabağ müharibəsi veteranı olan atasına baxdığını söylədikdə də, hansı ki, 79-cu maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilər siyahısında olduğunu nəzərinə çatdırsa da, onun sözlərinə məhəl qoymayaraq, “sadəcə mən belə istəyirəm, bizdə elə bir şey yoxdur” deyərək kifayətlənmiş, sözlərinə vecsiz yanaşmışdır. O, işəgötürən tərəfindən təzyiqlərə məruz qalmağı və əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək müfəttişliyinə ərizə ilə müraciət etmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00701 saylı arayış alınmışdır.

13. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

14. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixdə Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin X7 idman şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanına əsasən Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə isə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bildirmişdir ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən Dövlət Məşğulluq və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri ilə yanaşı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs və Nazirliyin tabeliyində yeni bir publik hüquqi şəxs olan Sosial Xidmətlər Agentliyi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın 5.1-ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə keçmişdir. Həmin Fərmanın 5.2ci bəndində qeyd edilən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəliklərinin, habelə tabeliyindəki sosial xidmət müəssisələrinin bütün əmlakı ilə birlikdə həmin Fərmanın 4-cü bəndində nəzərdə tutulan Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə keçməsi ifadəsində Sosial Xidmətlər Agentliyinin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olması qeyd edilməmişdir. Həmin bənddə yalnız Sosial Xidmətlər Agentliyinin sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görməsi nəzərdə tutulur. Göründüyü kimi sözügedən Fərmanın 5.1-ci bəndində digər qurumlara münasibətdə hüquqi varislik ilə əlaqədar məsələlərə toxunulduğu halda, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə münasibətdə qeyd edilən hal vurğulanmamışdır. Beləliklə, yekun olaraq bildirmişdir ki, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bildirmişdir ki, iddiaçının müraciəti əsasında iddiaçı ilə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47- ci maddəsinin “f” bəndinə əsasən qarşılıqlı razılıq əsasında əmək müqaviləsi 3 ay müddətinə bağlanılaraq İddiaçı Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan X7 İdman şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin ümumi müddəti 4 il 6 ay olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddəyə əsasən iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 73.1-ci maddəsində göstərilən qaydada yazılı xəbərdarlıq edildikdən sonra xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin şərtlən, müddətli xarakter daşıması iddiaçıya işlədiyi dövr ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. İşçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Göründüyü kimi, tərəflər (iddiaçı ilə cavabdeh) arasında daha əvvəl müddətsiz əmək münasibətləri mövcud olmadığından iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilməmiş, bu səbəbdən də əmək müqaviləsinə Əmək Məcəlləsinin 73cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi qanuni hesab edilməlidir. Bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddəalar həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Eyni zamanda onu da qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd edilən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 1 təqvim ayı müddətində məhkəməyə müraciət etmədiyinə görə iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdeh Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “xitam verilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və işdən azad olunduğu tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində əmək kitabçasını və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətini götürməkdən imtina etmişdir, (bu hal müvafiq aktda öz təsdini tapmışdır). Bundan sonra İddiaçı əmək kitabçasını götürməsi ilə bağlı xx.xx.2025-ci il tarixli məktub ünvanlanmışdır. Daha sonra İddiaçı Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əmək kitabçasını götürməsi şifahi olaraq bildirilsədə onu da götürməkdən imtina etmişdir. İddiaçı xx.xx.2025-ci iş ilinə görə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 34 təqvim günü müddətinə əmək məzuniyyətində olduğundan və ona müvafiq dövr üçün məzuniyyət pulu ödənildiyindən, onun məzuniyyət üzrə iş ilinə görə borcu yaranmış və xx.xx.2025-ci il tarixində işdən çıxdığı gün ona son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi mümkün olmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı müddətin axımı əmək müqaviləsinə xitam verildiyini bildiyi dövrdən, yəni xx.xx.2025-ci il tarixindən başlamasına baxmayaraq İddiaçı həmin tarixdən 97 gün sonra yəni, xx.xx.2025-ci il tarixində mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2025-ci il tarixində isə Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra İddiaçı 8 gün sonra, yəni xx.xx.2025-ci il tarixində (ümumilikdə 105 gün sonra) Abşeron Rayon Məhkəməsinə müraciət edərək əsassız tələb irəli sürərək yuxarıda qeyd edilən qanunvericiliklərdə nəzərdə tutulan iddia müddəti ilə (1 təqvim ayı) bağlı tələbləri pozaraq məhkəməyə müraciət etmişdir.

16. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçını cavabdeh orqan zor-təzyiq, hədə-qorxu ilə işdən azad etmişdir. Əslində əmək müqaviləsinin müddəti bitməyib, cavabdeh orqan qanunsuz olaraq işçilər arasında qiymətləndirmə apararaq, hüquqlarını müdafiə etdiyim şəxsi sahəsinə aid olmayan suallar əsasında imtahan keçirərək əsassız olaraq işdən azad ediblər. Hansı ki, qiymətləndirmə həm də müavin və təsərrüfat müdiri ilə də keçirilmişdir. Onlar da keçirilən imtahandan keçməmələrinə baxmayaraq nədənsə işdə saxlanılmışlar. Keçən məhkəmə iclasında da cavabdehin nümayəndəsi də işçilər arasında qiymətləndirmə keçirilməsi olduğu barədə də öz etirafını etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxsə cavabdeh orqan zorla imza etdirmək istəyərək, guya əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı işinə xitam verildiyini bildirirək, imza etməyə məcbur etmiş, lakin hüquqlarını müdafiə etdiyi şəxs bu haqsızlıqla və təzyiqlə razılaşmamış və imza etməmişdir. Bundan sonra cavabdeh orqan guya iddiaçını yenidən işə götürəcəklərini bildirirək, ona bir az gözləməyi xahiş etmişlər. Bununla da cavabdeh orqan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69cu maddəsinin 7-ci bəndini pozaraq, yəni işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmişdir. Həmçinin, qəsdən işçi ilə guya əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam vermişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşməsin. Çünki işçilərin qiymətləndirilməsi ƏM-nin 79-cu maddəsinin təsir dairəsinə düşmür və bununla işçini işdən azad etmək qadağandır. İşçinin qiymətləndirilməyə görə işdən çıxarılmasına görə iddiaçının atası Zülfüqarov Arif cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan isə qiymətləndirməyə heç bir fikir bildirməyərək, üstün vurmayaraq, guya müddətin bitməsi ilə əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs ona cavabdeh orqan işə yenidən götürəcəyinə söz verdiyi üçün müəyyən müddət gözləmiş, sonradan onu aldatdıqlarını başa düşdüyü üçün cavabdeh orqanı məhkəməyə vermək məcburiyyətində qalmışdır. Cavabdeh orqan isə humanistlik göstərmək, düzgün danışmaq əvəzinə, nəticədə yenə də yalan danışaraq, guya işçi ilə əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verildiyini bildirir. Bundan başqa hüquqlarını müdafiə etdiyi şəxsin həm atasının (ürək çatışmazlığı), həm anasının ağır xəstəliyi (onkoloji xəstə), həm də atasının göz əməliyyatı ilə bağlı onlara qayğı göstərdiyindən, tibb müəssələrinə apardığından, müalicəsi ilə məşğul olduğundan həmçinin ondan başqa onlara baxacaq şəxs olmadığından iddia verməyə vaxtı olmamışdır. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Qeyd etmişdir ki, ilk dəfə olaraq işə bərpa barədə 3 ay sonra mediasiya təşkilatına iddiaçı tərəfindən müraciət olunmuşdur. İddia müddətinin bərpası məsələsini mülki mübahisələrdə Mülki Məcəllənin 382-ci maddəsi, əmək mübahisələrində isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsi tənzimləyir. Bu maddələrdə iddia müddətinin yalnız ərizə əsasında bərpa oluna biləcəyi qeyd olunmayıb. Yuxarıda qeyd etdiklərinə əsaslanaraq, işə bərpa ilə bağlı iddia ərizəsi iddia müddətinin ötürülməsini üzürlü sayaraq, bərpa edilməsi; işə bərpa üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verilməsini xahiş etmişdir.

17. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, iddia tələbində əmrin ləğv edilməsini yazmadığı üçün tələbinə əmrin ləğv edilməsi bəndini əlavə etməyi məhkəmədən xahiş etmişdir.

18. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 5241/2025 nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-17-3/3-4-333/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin (xx.xx.2020-ci il tarixli dəyişikliklə) müddətsiz hesab olunması, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X7 İdman şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (tərkib hissəsinə daxil olan ödənişlərlə birlikdə) hesablanaraq ödənilməsi qət edilmişdir.

19. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2025-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının əmək münasibətləri eyni iş yerində və eyni vəzifədə 10 ildən artıqdır ki, faktiki olaraq fasiləsiz surətdə davam etmişdir. Bu isə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsinə səbəb olan hüquqi haldır.

20. Hazırki halda məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən ilə müqavilənin müddətli bağlanmasına dair işçinin razılığının olması halı müəyyən edilmir. Belə olan halda, müddətli əmək müqaviləsinin bağlanması halının olmaması təsdiqini tapır. Bu halda isə müvcud olmayan müqavilə üzrə hər hansı müddətdən söhbət gedə biməz.

21. Məhkəmə qeyd etmişdir ki, işəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin iradə və motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, o, 10 ildən çoxdur ki həmin vəzifədə çalışır. Onun əmək müqaviləsinin müddətinin 4 il 3 ay 1 gün olması ilə bağlı razılığı olmamışdır, demək ki onun müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur.

22. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilmiş arayış və tibbi sənədlərdən aydın olur ki, X4 görə müddətsiz 100 manat məbləğində Prezident təqaüdü alır. O, ailənin yeganə dolandırıcısı olmaqla yanaşı, səhhətində ağır problemlər olan valideynlərinə — 2-ci dərəcəli əlil olan anasına və xroniki xəstəlikdən əziyyət çəkən, vətənin müdafiəsi uğrunda yaralanaraq 1-ci dərəcə əlilliyi müəyən olunan atasına qulluq edən şəxsdir. Bu hallar iddiaçıya münasibətdə sosial həssaslıq meyarlarının mövcudluğunu təsdiq edir və onun işdən azad edilməsinin həm ailənin sosial müdafiə vəziyyətinə, həm də Konstitusiyanın 38-ci maddəsi ilə təsbit olunmuş sosial təminat hüququna bilavasitə təsir etdiyini göstərir.

23. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işdəç çıxarıldığını bilsə də, məhkəmə xx.xx.2025-ci il tarixdə mediasiya təklifi göndərmiş və xx.xx.2025-ci il tarixdə mediasiya arayaşı tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia müddətini ötürməsinin üzrlü halı mövcuddur. İlk növbədə məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçı xroniki xəstəlikdən əziyyət çəkən, vətənin müdafiəsi uğrunda yaralanaraq 1-ci dərəcə əlilliyi müəyən olunan atasına qulluq edən atası Arif Zülfüqarova yeganə qulluq edən şəxsdir və bu əsasla müavinət də alır. Təqdim edilmiş tibbi sənədlərdən də görünür ki, iddiaçının atası əlillikdən əlavə xroniki göz xəstəsidir və xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə cərrahi əməliyyat olunmuşdur. Bundan əlavə, iddiaçının anası onkoloji xəstəlikdən əziyyət çəkir. Davamlı olaraq həkim müayinə və müalicəsində olduğu tibbi sənədlərlə müəyyən edilir. Bundan əlavə iddiaçı izahatında işdən azad olunan vaxt ona yenidən işəgötürənə müraciət etməsi, mümkün olacağı halda işlə təmin olunacağı bildirildiyini qeyd edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin buraxılmış iddia müddətinin üzrlü hesab edilməsi barədə ərizəsinə qiymət verərək hesab edir ki, yuxarıda göstərilən hallar nəzərə alınmaqla iddia müddətinin buraxılması üzrlü hesab edilməlidir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinə, 45-ci maddəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 2-ci hissənin “b” bəndinə, 47-ci maddəsinin f bəndinə, 70-ci maddəsnə, 73-cü maddəsinin 1-ci hissəsinə, 77-ci maddəsinə, 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci bəndinə, 296-cı maddəsinin 2-ci, 3-cü, 6-cı hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarına, Mülki Məcəllənin 379.1, 379.1.6-cı maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1, 35.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.2, 128.3, 129.3, 129.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun olmaqla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddia müddətinin ötürülməsi səbəbilə iddia ərizəsi təmin olunmamalı idi. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı müddətin axımı əmək müqaviləsinə xitam verildiyini bildiyi dövrdən, yəni xx.xx.2025ci il tarixindən başlamasına baxmayaraq iddiaçı həmin tarixdən 97 gün sonra, yəni xx.xx.2025-ci il tarixində mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2025-ci il tarixində isə tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixində (ümumilikdə 106 gün sonra) Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əsassız tələb irəli sürməklə qanunvericilikdə nəzərdə tutulan 1 təqvim aylıq iddia müddəti ilə bağlı tələbləri pozmuşdur. Bundan sonra mülki iş Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı tələbləri nəzərə almamış, hüquqazidd qətnamə qəbul etmişdir. Cavabdeh Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı birinci instansiya məhkəməsi iddiaçının 1 təqvim aylıq iddia müddətini hansı səbəbdən buraxması ilə bağlı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər münasibət bildirilməmiş və iddiaçı tərəfindən iddia müddətinin bərpası ilə bağlı məhkəməyə ərizə daxil olmamışdır. Birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixində keçirilmiş baxış iclası zamanı qanunvericilikdə nəzərdə tutulan heç bir əsas olmadan iddiaçıdan iddia müddətinin hansı səbəbdən buraxılması ilə bağlı sübutlar istəmiş və müddətin bərpası ilə bağlı ərizə verilməli olduğunu bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində elektron məhkəmə informasiya sistemi vasitəsilə iddia müddətinin bərpası ilə bağlı ərizə və bəzi sənədlər əlavə edilmişdir (iddiaçının atasının xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində cərrahi əməliyyat olunması ilə bağlı AzərbaycanRespublikası “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” X20 Abmulator kitabçadan 1418 saylı və 2383 saylı çıxarışlar elektron məhkəmə informasiya sisteminə əlavə edilməmişdir). Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, hazırki iş üzrə iddiaçının iddia müddətini ötürməsinin üzrlü halı mövcuddur. İlk növbədə məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçı xroniki xəstəlikdən əziyyət çəkən, vətənin müdafiəsi uğrunda yaralanaraq 1-ci dərəcə əlilliyi müəyən olunan atasına qulluq edən yeganə şəxsdir və bu əsasla müavinət də alır. Təqdim edilmiş tibbi sənədlərdəndə görünür ki, iddiaçının atası əlillikdən əlavə xroniki göz xəstəsidir və xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə cərrahi əməliyyat olunmuşdur. Bundan əlavə, iddiaçının anası onkoloji xəstəlikdən əziyyət çəkir. Davamlı olaraq həkim müayinə və müalicəsində olduğu tibbi sənədlərlə müəyyən edilir. Bundan əlavə iddiaçı izahatında işdən azad olunan vaxt ona yenidən işəgötürənə müraciət etməsi, mümkün olacağı halda işlə təmin olunacağı bildirildiyini qeyd edir. Birinci instansiya məhkəməsi qətnaməsində iddia müddətinin buraxılmasını yuxarıda göstərilən hallar nəzərə alınmaqla üzrlü hesab etmişdir. Bildirir ki, yuxarıda qeyd edilən sübutlar əsassız olmaqla yanaşı qanunvericiliklə nəzərdə tutulan formada və müddətdə məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı mediasiyaya və məhkəməyə müraciət etdiyi tarixlərdə atasına qulluq edən şəxs kimi müavinət aldığına görə məhkəmənin bu sübuta əsaslanaraq iddia müddətini üzrlü hesab etməsi qanunvericiliyə ziddiyyət təşkil edir. Hal-hazırda da iddiaçı həmin müavinəti alır. İddiaçının atasının əlillikdən əlavə xroniki göz xəstəsi kimi cərrahi əməliyyat olunması ilə bağlı nəzərinizə çatdırırıq ki, həmin əməliyyatlar cəmi 2 ayrı gündə baş vermiş və həmin günlərdən biri, yəni xx.xx.2025-ci il tarixi iddiaçının əmək fəaliyyəti dövründə baş vermişdir. İddiaçının atasının gözündən cərrahi əməliyyat olunduqdan sonra xx.xx.2025-ci il tarixində oğlunun işinə bərpa edilməsi ilə bağlı məktub ünvanlamış və xx.xx.2025-ci il tarixində Sosial Xidmətlər Agentliyində İddiaçı ilə birlikdə qəbulda olmuşdur. İddiaçının X1 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində cəmi 2 gün Milli Onkologiya Mərkəzində müayinə olunmuşdur. Bu hal da iddia müddətinin uzun müddət ötürülməsi ilə bağlı üzrlü hesab edilə bilməz. Çünki həmin vaxt iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərdi. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu iltarixli 912 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən Dövlət Məşğulluq və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri ilə yanaşı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs və Nazirliyin tabeliyində yeni bir publik hüquqi şəxs olan Sosial Xidmətlər Agentliyi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın 5.1-ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə keçmişdir. Həmin Fərmanın 5.2-ci bəndində qeyd edilən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəliklərinin, habelə tabeliyindəki sosial xidmət müəssisələrinin bütün əmlakı ilə birlikdə həmin Fərmanın 4-cü bəndində nəzərdə tutulan Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə keçməsi ifadəsində Sosial Xidmətlər Agentliyinin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olması qeyd edilməmişdir. Həmin bənddə yalnız Sosial Xidmətlər Agentliyinin sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görməsi nəzərdə tutulur. Yekun olaraq bildirir ki, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. İddiaçının müraciəti əsasında iddiaçı ilə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən qarşılıqlı razılıq əsasında əmək müqaviləsi 3 ay müddətinə bağlanılaraq İddiaçı Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan X7 İdman şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin ümumi müddəti 4 il 6 ay olmuşdur. Məhkəmə qətnaməsində iddiaçıya əvvəlcədən yazılı bildirişi göndərilmədiyini, Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinin müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunduğunu qeyd etmişdir. Bu isə bir daha göstərir ki birinci instansiya məhkəməsi mülki işi düzgün araşdırmamışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsi 2024-cü ilin avqust ayından aşağıdakı redaksiyada olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək Məcəlləsinin qətnamədə qeyd edilən bəzi maddələri ilə də əvvəlki redaksiyanın mətni göstərilmişdir. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə iddiaçı və cavabdehin qarşılıqlı razılığı ilə əmək müqaviləsi 3 ay müddətinə bağlanılmışdır. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinə və iddiaçının iradə ifadəsinə düzgün qiymət verməmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi müddət ərzində aydın olmuş v ə müqavilə onun tərəfindən imzalanmışdır. Müqavilə müddətinin hansı dövr üçün bağlanması Əmək Məcəlləsində göstərilməmişdir. Müqavilə müddəti tərəflərin razılaşdırıldığı müddətə bağlanılır. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı tələbləri nəzərə almamış, hüquqazidd qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 1 təqvim aylıq iddia müddətini hansı səbəbdən buraxması ilə bağlı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər münasibət bildirilməmiş və iddiaçı tərəfindən iddia müddətinin bərpası ilə bağlı məhkəməyə ərizə daxil olmamışdır. Birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixində keçirilmiş baxış iclası zamanı qanunvericilikdə nəzərdə tutulan heç bir əsas olmadan iddiaçıdan iddia müddətinin hansı səbəbdən buraxılması ilə bağlı sübutlar istəmiş və müddətin bərpası ilə bağlı ərizə verilməli olduğunu bildirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz vermiş, əlavə olaraq bildirmişdir ki, işəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olubolmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin iradə və motivi müəyyən olunmur. İşəgötürən iddiaçını heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam verib. Hətta onun öhdəliyində 1-ci Qarabağ müharibəsi veteranı olan atası olmasına baxmayaraq, ƏM-nin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilər siyahısında olduğunu nəzərə almayaraq, İddiaçı 1 qolu olmayan atasına baxması haqda sözlərinə rəhbərlik tərəfindən məhəl qoyulmayaraq, sadəcə mən belə istəyirəm, bizdə elə bir şey yoxdur deyərək kifayətlənmiş, onun sözlərinə vecsiz yanaşmışlar. Cavabdeh orqan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndini pozaraq, yəni işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmişdir. Həmçinin qəsdən işçi ilə guya əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam vermişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşməsin. Çünki işçilərin qiymətləndirilməsi ƏM-nin 79-cu maddəsinin təsir dairəsinə düşmür və bununla işçini işdən azad etmək qadağandır. İşçinin qiymətləndirilməyə görə işdən çıxarılmasına görə iddiaçının atası Zülfüqarov Arif cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan isə qiymətləndirməyə heç bir fikir bildirməyərək, üstün vurmayaraq, üstündən sükutla keçərək, guya müddətin bitməsi ilə əmək müqaviləsinə xitam verildiyini bildirərərək, özlərinə sərf edən şəkildə ona cavab vermişlər. Həmin müraciət də məhkəməyə təqdim edilmişdir. Onu da qeyd edir ki, hüquqlarını müdafiə etdiyi şəxs ona cavabdeh orqan işə yenidən götürəcəyinə söz verdiyi üçün müəyyən müddət gözləmiş, sonradan onu aldatdıqlarını başa düşdüyü üçün cavabdeh orqanı məhkəməyə vermək məcburiyyətində qalmışdır. Cavabdeh orqan isə humanistlik göstərmək, düzgün danışmaq əvəzinə, nəticədə yenə də yalan danışaraq, guya işçi ilə əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verildiyini bildirir. İddiaçı ilə heç bir qarşılıqlı razılıq əsasında müqavilə bağlanmamış, müqavilənin hansı formada və nə vaxt sistemə yüklənməsindən, yəni müqavilənin ləğvindən İddiaçı xəbəri belə olmayıb, ona nə əmək kitabçası təqdim olunmayıb, nə onunla son haq-hesab aparılmayıb, əmək kitabçasının evə göndərilməsini tələb etdikdə ondan məzuniyyətin işlənməmiş günlərinə görə 1202 manat artıq məzuniyyət pulun hesablandığını bildirərək, həmin pulu qaytaracağı təqdirdə əmək kitabçasını verəcəklərini bildirmişlər. Bundan başqa İddiaçıı qiymətləndirmə nəticələrinə görə işdən azad etmələrini, cavabdehin nümayəndəsi də məhkəmə iclasında etiraf etmişdir. Onu da qeyd edir ki, qiymətləndirmə həm də müavin və təsərrüfat müdiri ilə də keçirilmişdir. Onlar da keçirilən imtahandan keçməmələrinə baxmayaraq nədənsə işdə saxlanılmışlar. İşəgötürən qəsdən işçi ilə guya əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam vermişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşməsin. Çünki işçilərin qiymətləndirilməsi ƏM-nin 79-cu maddəsinin təsir dairəsinə düşmür və bununla işçini işdən azad etmək qadağandır. Həmçinin İddiaçı 1-ci dərəcə əlilliyi olan, 1-ci Qarabağ müharibəsi veteranı, vətənini, dövlətini sevən və uğrunda canından keçən şəxs atasına baxdığını, yəni qulluq etdiyinə görə 100 manat Prezident təqaüdü alır.

28. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə vəsatət ünvanlayaraq həmçinin bildirmişdir ki, İddiaçı “hələlik sosial müavinət al, səni işə yenidən bərpa edəcəyik” deyilmiş, nəticədə bir ay müavinət almış, lakin sonradan aldadıldığını və işə bərpa edilmədiyini görüncə cavabdeh orqanı məhkəməyə vermək məcburiyyətində qalmışdır. Bu fakt cavabdehin mövqeyində ziddiyyət olduğunu göstərir. Həmçinin qanuni şəkildə ödənilmiş məzuniyyət haqqının sonradan artıq ödəniş kimi geri tələb edilməsi də işdən azad etmə prosesinin düzgün aparılmadığını göstərir. Bütün bu hallar sübut edir ki, işdən azad etmə formal əsasla rəsmiləşdirilmiş, lakin real səbəb gizlədilmiş və prosedur qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Bununla da cavabdeh orqan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndini pozaraq, yəni işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, X12 iddiaçı ilə müqavilə bağlayanda həmin vaxt nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi yaranmamışdı. İddiaçı bildirir ki, onlara ərizə yazdırıblar, başqa müəssisəyə keçirdiblər, bununla bağlı heç bir sübut da yoxdur. xx.xx.2020-ci il tarixində nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin nizamnaməsi təsdiq edilib, bundan əvvəl xx.xx.2019-cu il Prezidentin 912 nömrəli fərmanı ilə nazirliyin tabeliyində DSMF, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Məşğulluq Agentliyinin əsasında müvafiq qurumlar yaranıb. Sosial Xidmətlər Agentliyi isə ümumiyyətlə müstəqil yaranmış bir qurumdur. 1077 nömrəli fərmanda isə həmin 4 qurumun nizamnaməsi təsdiqlənib və həmin fərmanda qeyd olunub ki, müvafiq qurumların hüquqi varisləridir. Burada xx.xx.2025-ci il tarixdə müqavilənin müddətinin bitməsi əsasına görə onunla bağlanmış müqaviləyə 10 martda xitam verilməsi ilə bağlı Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, şəxsin elektron kabinetinə bildiriş göndərilib. 4 martda ona görə xitam verilmir ki, həmin tarixdə iddiaçı məzuniyyətdə olub, məzuniyyət bitdikdən sonra işə çıxdığı gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İddiaçı iddia müddətini ötürübdür. Bununla bağlı sübutlar, hətta iddia müddətini üzrlü hesab edən məhz bu hallar məhkəmənin hazırlıq iclası yekunlaşana qədər təqdim edilməlidir. İddiaçı ilə ikinci dəfə müqaviləni müddətli bağlamaqda məqsəd o idi ki, Sosial Xidmətlər Agentliyi 2020-ci ilin 30 iyunundan sonra fəaliyyətə başlayıb və orada daha əvvəl heç bir şəxslə müqavilə bağlanmayıb.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

31. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz etdi, əlavə olaraq bildirdi ki, birinci əmək müqaviləsinə xitam veriləndə dedilər ki, qurum dəyişdi, yeni quruma ərizə ilə işə götürüldülər. Müdir daxil bütün işçilər ərizə yazdılar və Sosial Xidmətlər Agentliyinə keçdilər.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.2. “b” bəndi. Əmək müqaviləsinin müddəti qurtardıqda işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübah isələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 976 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirilsin.

35. Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: 1.1. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında X14; 1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu; 1.3. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi; 1.4. Sosial Xidmətlər Agentliyi.

6. Sosial Xidmətlər Agentliyi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində bu Fərmanın 1.2-ci bəndinə əsasən yenidən təşkil edilmiş Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə verilsin.

36. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli , 1077 nömrəli Fərmanı: Bənd 4. “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur). Bənd 5. Müəyyən edilsin ki: 5.1. bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X14, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. 5.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarı: İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırki işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İşdən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Dövlət Sosial Təminat Xidmətinin X7 İdman şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilmiş, xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci il tarixdən 3 ay müddətinə bağlanmış əmək müqaviləsi əsasında cavabdeh Sosial Xidmətlər Agentliyi X20 X7 İdman şöbəsinə şöbə müdiri (aparıcı şöbə) vəzifəsinə təyin edilmişdir.

43. Beləliklə, 2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında işləyən iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanmış, bu müddət cavabdeh tərəfindən hər dəfə 3 ay müddətinə uzadılmış və sonda əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir.

44. İddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 5 ildən artıq müddətdə eyni iş yerində və eyni vəzifədə işlədiyi işin mübahisəsiz halıdır.

45. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 976 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmiş, xx.xx.2019-cu il tarixli Fərman əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində bir neçə publik hüquqi şəxs, o cümlədən Sosial Xidmətlər Agentliyi yaradılmış, Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə verilmiş, Prezidentin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş və müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçir.

46. Göründüyü kimi, iddiaçının işəgötürəninin hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssiələri bütün əmlakı ilə birlikdə hazırki cavabdehə keçmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixindən sonra cavabdeh tərəfindən təşkilati və hüquqi məsələlərin həll edilməsi məqsədilə iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində iddiaçının öz ərizəsi əsasında rəsmiləşdirmə aparılmaqla xitam verilmiş, bundan bir neçə gün sonra isə - xx.xx.2020-ci il tarixində onunla yenidən əmək müqaviləsi bağlanmışdır.

48. İş materiallarından göründüyü kimi, iddiaçı eyni iş yerində və eyni vəzifədə 10 ildən artıq faktiki olaraq fasiləsiz surətdə əmək fəaliyyəti işə məşğul olmuşdur.

49. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

50. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün “hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur.

51. Məlum olduğu kimi, işçinin müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağalabatan səbəb olmadan çıxmaqla qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə, həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin belə (bir qayda olaraq öz xeyrinə olmayan) addım atması ağlabatan bir səbəblə izah olunmadıqda, həmin razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanmasının daha inandırıcı görünür.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının atası İ qrup, anası isə İİ qrup əlildir, iddiaçı həmçinin atasına qulluğa görə Prezident təqaüdü alır. İddiaçının atası həmçinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində cərrahi əməliyyat olunmuş, iddiaçının anası isə onkoloji xəstəlikdən əziyyət çəkir.

53. Cavabdeh tərəf əməliyyatın birinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən öncə həyata keçirildiyinə istinad etsə də, nəzərə alınmalıdır ki, əməliyyatdan sonra yaşlı və əlilliyi olan şəxlərin reabilitasiya olunması müəyyən müddət tələb edə bilər və iddiaçının da üzərində bir övlad kimi valideynlərinə qulluq etmək öhdəliyi vardır.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması üzrlü səbəblərdən baş verdiyinə görə bərpa edilməlidir.

55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 5241/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar