Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6694/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə) Cavabdeh4 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Cavabdeh3nə və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 10.12.2021-ci il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Səbail Rayon icra və probasiya şöbəsinin 08.02.2021-ci il tarixli sifariş məktubu əsasında “xxxx” ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə 03.03.2021-ci il tarixli alqı- satqı müqaviləsinin, hərracın nəticələri haqqında YP №85 saylı protokolun və qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin 29.04.2021-ci il tarixli qərardadı ilə icraata götürülmüş, 17.05.2021-ci il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 1 ünvanında 1-ci və 2-ci mərtəbədə yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınaraq, Cavabdeh4 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 17.05.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. Məhkəmənin 17.05.2021-ci il tarixli qərardadı ilə, səlahiyyətsiz şəxs tərəfindən imzalandığı əsas göstərilməklə ilkin iddia ərizəsinin əlavə edilmiş sənədlərlə birlikdə ilkin iddiaçıya qaytarılması qərara alınmış, eyni tarixli qərardadla qarşılıqlı iddia ərizəsi də geri qaytarılmışdır. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, ilkin iddia geri qaytarıldığından, qarşılıqlı iddiaya da baxıla bilməz; çünkü qarşılıqlı iddianın verilməsinin əsas şərti onun ilk iddia ilə birlikdə baxılmasıdır. Həmin qərardaddan Cavabdeh4 nümayəndəsi tərəfindən verilmiş şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Mülki-Prosessual Məcəlləyə əsasən, icraata qəbul edildikdən sonra qarşılıqlı iddiaya iddia icraatının qaydaları ilə baxılır və Məcəllənin “qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir” məzmunlu 155.3-cü maddəsi də bunu qismən təsdiq edir. Digər tərəfdən, ilkin iddialardan fərqli olaraq, qarşılıqlı iddiaya baxılmasına dair Mülki-Prosessual Məcəllədə ayrıca müddəalar nəzərdə tutulmamışdır və qarşılıqlı iddia icraata qəbul edildikdən sonra Mülki- Prosessual Məcəlləsinin 152.1-ci maddəsində onun geri qaytarılması əsasları sırasında “ilk iddianın qaytarılması” əsası yoxdur. Digər tərəfdən, "cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır" müddəası bir-biri ilə əlaqəli olan iddialara birlikdə baxılması ilə ədalətli, obyektiv qərarların qəbul edilməsinə və işlərə daha düzgün baxılmasına nail olmağı nəzərdə tutmuşdur. İlkin iddianın geri götürülməsi ilə bu məqsədə heç bir xələl gəlmir. İlkin iddiaçı sonradan Mülki-Prosessual Məcəllənin müddəalarına əməl etməklə, ilkin iddiaçıya çevrilmiş qarşılıqlı iddiaçıya qarşı qarşılıqlı iddia qaldıra bilər. Bundan başqa, ümumiyyətlə Mülki-Prosessual Məcəllə hər hansı prosessual məqsədin gözlənilməsini təmin etmək üçün prosedurları özü müəyyən edir. Hazırki məsələdə Mülki- Prosessual Məcəllə "ilk iddia ilə birlikdə baxılması" məqsədinə xələl gəlməməsi üçün geri qaytarma əsasları sırasına ilkin iddianın geri qaytarılması halının əlavə edilməsinin qayğısına qalmamışdır. Məhkəmə həm də hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonunun ərazisində olduğundan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qarşılıqlı iddiaya ayrıca formada baxması, aidiyyət qaydalarının tələblərinin pozulması ilə də nəticələnər. Halbuki, qarşılıqlı iddia aidiyyət qaydalarına riayət etməklə verildiyindən, iş sonradan Bakı şəhəri Səbail Rayon Məhkəməsinə aid olsa da, iddiaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh4 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, digər tərəflər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və iş, Cavabdeh4 iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156-cı maddəsində isə, qarşılıqlı iddianın qəbul edilməsinin şərtləri sadalanmış və bunlar, qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsi, qarşılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırması, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılmasının mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsi olaraq göstərilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, mülki-prosessual qanunvericilikdə, iddianın (yaxud qarşılıqlı iddianın) icraata götürülməsindən sonra onun geri qaytarılması imkanı nəzərdə tutulmamışdır və əgər müvafiq əsaslar mövcuddursa, icraata götürülmüş iddia ərizəsi baxılmamış saxlanıla, yaxud onun icraatına xitam verilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, qanunvericilik yalnız qarşılıqlı iddianın icraata götürülməsini ilkin iddianın mövcudluğu ilə şərtləndirir və artıq icraata götürülmüş qarşılıqlı iddiaya baxılması ilkin iddiaçının iradəsindən asılı deyildir. Yəni ilkin iddiaçının iddia ərizəsini geri götürməsi, yaxud iddiasından imtina etməsi, eləcə ilkin iddia ərizəsi üzrə icraat xitam verilməsi icraata götürüldüyü andan müstəqil status qazanan qarşılıqlı iddiaçının iddia tələbinə baxılmasına maneə törədə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı geri qaytarmaqla Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur və gəldiyi qənaət qanunvericiliyin mənasına uyğun deyildir. Məhkəmənin, qarşılıqlı iddianın aidiyyatının digər məhkəməyə aid olması qənaəti ilə bağlı isə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə, aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3810/2021 saylı iş üzrə 17 may 2021-ci il tarixli qərardadı (qarşılıqlı iddianın geri qaytarılması barədə) ləğv olunsun və Cavabdeh4 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil alınması” tələbinə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6694/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6694/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver