Məhkəmə qərarları › İş №2(103)-6694/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6694/2024

16.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6694/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş (Açar sözlər: «töhmət verilməsi barədə əmrin ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6811/2024 saylı, 17 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh ASC arasında əmək münasibətləri mövcuddur. İddiaçı Cavabdeh ASC-də “yığıcı operator” vəzifəsində işləyir.

2. Cavabdeh ASC-nin Elm və mədəniyyət şöbəsinin baş redaktoru X1 Qasımova barəsində Nəşriyyat departamentinin direktoruna 03 aprel, 02 may, 07 may və 31 may 2024-cü il tarixlərdə təqdimat vermiş, həmin təqdimatlarda həmin şöbədə bir yığıcı ştatının mövcud olduğunu, həmin vəzifədə İddiaçı işlədiyini, onun işi çatdırmaqda çətinlik çəkdiyini, işə gecikdiyini, bununla bağlı ona şifahi xəbərdarlıq edildiyini, onun şöbədaxili münasibətlərdə gərginlik yaratdığını, səs-küy salmaqla iş prosesini pozduğunu, departamentin direktorunu təhdid etdiyini və bununla bağlı kamera görüntülərinin olduğu qeyd edilmişdir.

3. 10 iyun 2024-cü il tarixdə Cavabdeh ASC-nin departament direktoru, direktor müavini və şöbə müdiri tərəfindən tərtib edilmiş aktda qeyd edilib ki, İddiaçı izahatının yazılması təklif edilmiş, lakin izahat yazmaqdan imtina etmiş və imtina ilə bağlı hər hansı səbəb göstərməmişdir.

4. Cavabdeh ASC 10 iyun 2024-cü il tarixli 31-Ü saylı əmri ilə İddiaçı intizam tənbehi növündə töhmət verilmişdir. Əmrdə qeyd edilir ki, nəşriyyat departamenti Elm və mədəniyyət şöbəsinin Mətn yığımı üzrə operator vəzifəsində çalışan İddiaçı işinin öhdəsindən gəlməyərək mətn yığımı prosesində ləngimələrə yol verməsi, dəfələrlə şöbədaxili münasibətlərdə gərginlik yaradaraq və səs-küy salaraq iş prosesinin normal ahəngini pozması və bununla bağlı rəhbərliyin iradlarını və şifahi xəbərdarlıqlarını nəzərə almaması, habelə yaranmış xoşagəlməz vəziyyəti şəxsi münasibətlər müstəvisinə yönəltməsi kimi hallar müəyyən edilmişdir. Barəsində yazılmış təqdimatlarla tanış edilən işçi İddiaçı məsələnin mahiyyəti üzrə yazılı izahat vermək təklif edilsə də, o, imtina etmişdir. Göstərilənlərə əsasən işçi İddiaçı əmək funksiyalarını tələb olunan vaxtda yerinə yetirməməsi, müəssisədaxili intizam qaydalarını pozması və iş yoldaşlarının əmək hüquqlarını pozması səbəbindən işçiyə intizam tənbehi növündə töhmət verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 10 iyun 2024-cü il tarixində 31-Ü saylı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiada göstərilib ki, Cavabdeh ASC 10 iyun 2024-cü il tarixində 31-Ü saylı Əmri ilə İddiaçı intizam məsuliyyətinə cəlb etmiş və əsas kimi də əmək funksiyalarının tələb olunan vaxtda yerinə yetirilməməsi, müəssisədaxili intizam qaydalarını pozma və iş yoldaşlarının əmək hüquqlarını pozma səbəbi qeyd edilmişdir. Qəbul edilən əmrin əsasını Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a”, ”b”, və “c” bəndləri götürülmüşdür. Qəbul edilən əmr tamamilə əsasız və qanunsuzdur. Belə ki, ilkin olaraq Cavabdeh ASC rəhbərliyi 2024-cü ilin mart ayının sonunda İddiaçı çağıraraq pensiyaya getməsini tələb etmiş və bu səbəbdən ərizə ilə özünün müraciət edilməsi tələb edilmişdir. Lakin İddiaçı bundan imtina etdiyi halda bilərəkdən ona qarşı rəhbərliyin və rəhbərliyə daha yaxın olan əməkdaşların fikri tamamilə dəyişərək açıq-aşkar nə yolla olursa olsun il sonuna kimi bu işdən uzaqlaşdıracaqlarını bildirmişlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a”,”b”, və “c” bəndlərinin birlikdə tətbiq edilməsi bir başa qanun pozuntusudur. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: Əmək qanunvericiliyi açıq aydın şəkildə göstərsədə cavabdeh ASC tərəfindən üç bənd birləşdirərək əsassız əmr qəbul edilmişdir. Cavabdeh iddiaçı barəsində intizam tənbehi verməmişdən qabaq intizam tənbehinin verilməsi qaydalarına əməl edərək işəgötürən işçidən izahatın veriməsini tələb etməlidir. Lakin cavabdeh orqan Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələblərini kobud surətdə pozaraq işçidən izahatın veriməsini tələb etməmişdir. Bundan başqa, Elm və Mədəniyyət şöbəsinin direktoru Nərgiz Cabbarlı xx.xx.2024-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2024-cü il tarixində, xx.xx.2024-cü il tarixində CavabdehASC-nin Nəşriyyat departamentinin direktoruna təqdimat göndərərək guya iddiaçının işində nöqsanlar olduğunu bildirmişdir. Qeyd edilən nöqsanların hamısı şərböhtan xarakterlidir. Əgər qeyd edilən nöqsanlar iddiaçıya aid olsa idi Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci maddəsinin tələbinə uyğun olaraq 1 ay keçənədək verilməli idi.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6811/2024 saylı, 17 oktyabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin təmin edilərək İddiaçı intizam tənbehinin verilməsi haqqında Cavabdeh ASC-nin 10 iyun 2024-cü il tarixinli 31-Ü saylı əmrin ləğv edilməsi; Cavabdeh ASC-dən 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan və dinlənilmiş izahatlardan görünür ki, cavabdeh olan Cavabdeh ASC iddiaçının işinin öhdəsindən gəlməyərək mətn yığımı prosesində ləngimələrə yol verməsinə istinad edərək ona töhmət versə də, iddiaçının həmin müəssisədə işçi olaraq görməli olduğu işlərin nədən ibarət olması, görülməli olan işlərin həcmi və buna dair normativlərin olub-olmaması barədə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Cavabdeh sadəcə iddiaçının çalışdığı departamentin gündəlik hesabatına dair sənədləri təqdim etmişdir. Həmin sənədlərdən də görünür ki, iddiaçının görməli olduğu işin gündəlik həcmi həmin şöbədə mətnin yığılması işi ilə məşğul olan digər işçilərin işinin gündəlik həcmi ilə təqribi eynilik təşkil edir. Cavabdehin nümayəndəsi iddiaçının dəfələrlə şöbədaxili münasibətlərdə gərginlik yaradaraq və səs-küy salaraq iş prosesinin normal ahəngini pozmasını və bununla bağlı rəhbərliyin iradlarını və şifahi xəbərdarlıqlarını nəzərə almamasını, habelə yaranmış xoşagəlməz vəziyyəti şəxsi münasibətlər müstəvisinə yönəltməsini bildirsə də, iddiaçının müəssisədə hansı hərəkətlərə yol verməsi, bununla da iş ahəngini pozması, işin gedişinə mane olması, onun şöbələr arasında münasibətlərin gərginləşməsinə səbəb olan hansı hərəkətlərə yol verməsi barədə iş materiallarında mötəbər sübut mövcud deyildir. İş materiallarına əlavə edilmiş təqdimatlara və təqdimatlar əsasında əmrdə qeyd olunanlara münasibətdə məhkəmə qeyd edib ki, Əmək Məcəlləsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı işdən görünür ki, iddiaçının fəaliyyətində nöqsanların aşkar edildiyi 03 aprel, 02 may, 07 may və 31 may 2024-cü il tarixli təqdimatlarda əksini tapmışdır. Lakin töhmət 10 iyun 2024-cü il tarixdə verilmişdir. Bu hal məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, işəgötürən yalnızca töhmətlə bağlı əmrini gücləndirmək üçün və daha əsaslı olması səbəbindən təqdimatlarda qeyd olunan hallara istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh ASC (nümayəndəsi Nümayəndə) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, əvvəla, töhmət yalnız iddiaçının işinin öhdəsindən gəlməyərək mətn yığımı prosesində ləngimələrə yol verməsinə görə deyil, həmçinin onun dəfələrlə şöbədaxili münasibətlərdə gərginlik yaradaraq və səs-küy salaraq iş prosesinin normal ahəngini pozması və bununla bağlı rəhbərliyin iradlarını və şifahi xəbərdarlıqlarını nəzərə almaması, habelə yaranmış xoşagəlməz vəziyyəti şəxsi münasibətlər müstəvisinə yönəltməsi kimi hallara görə verilmişdir. Digər tərəfdən, iddiaçının həmin müəssisədə işçi olaraq görməli olduğu işin nədən ibarət olması iddiaçı və cavabdehə tam şəkildə məlum və aydındır, bu hissədə iddiaçı ümumiyyətlə hər hansı mübahisə irəli sürməmişdir. Belə ki, iddiaçı həmin müəssisədə Nəşriyyat departamentində Elm və mədəniyyət şöbəsinin Mətn yığımı üzrə operator vəzifəsində çalışır və adından da göründüyü kimi, iddiaçı təyin edilmiş vəzifəsinə uyğun olaraq, xarici dillərdə mətnlər, xüsusi terminli mətnlər, sadə düsturlar, cədvəllər, qarışıq yazılmış mətnlər də daxil olmaqla, mətnlərin kompüterdə Vord proqramında sürətli yığılması, yığım texnikası ilə bağlı bütün əməliyyatların sərbəst yerinə yetirilməsi, mətndə kursiv, qara, başlıq, snoska-çıxarış, ədəbiyyat siyahısının əlifba sırası ilə düzülməsi, mətnin ekrana çağırılması, ekranın təmizlənməsi, faylların adlarının dəyişdirilməsi və birləşdirilməsi, mətndə kursorla işlənilməsi, mətnin ayrı-ayrı hissələrinin ayrılması, ləğvi, başqa fayla keçirilməklə surətinin çıxarılması, kontekstdə axtarış və əvəz edilmə prosesləri, faylların birləşdirilməsi, kəsilməsi və bu kimi əməliyyatların sərbəst yerinə yetirilməsi, redaktor və korrektor tərəfindən kağız üzərində qeyd edilmiş düzəlişlərin (Vord və İndizayn proqramlarında) elektron fayla daxil edilməsi, üzərində düzəlişlər aparılmış mətnlə dəyişikliklərin daxil edildiyi mətn arasında tutuşdurulmanın reallaşdırılması və s. işləri icra etməlidir. Məsələ, qeyd olunduğu kimi, iddiaçı tərəfindən mətn yığımı prosesində ləngimələrə yol verilməsi, yəni mətn yığımı üzrə operator vəzifəsində çalışan işçinin gündəlik və buna müvafiq olaraq aylıq təhvil verməli olduğu minimum nəticədən (səhifə sayı) belə aşağı nəticə göstərməsi, bununla da departamentdə işin ümümi tempini ləngitməsi, özündən sonrakı görülməli işlərin (korrektə, redaktə, daha sonra nəşr işinin tamamlanaraq çapa verilməsi) gec başlaması və sifarişlərin vaxtında icra edilməməsi ilə əlaqədardır. Məhkəmə tərəfindən normativlərlə bağlı əsaslandırma - normativlərin olmaması və olmadığı halda işçinin iş prosesində ləngimələrə yol verməməsi qənaətinə gəlinməsi tamamilə absurd və qəbuledilməz olmaqla yanaşı, habelə müvafiq sahə üzrə təşəkkül tapmış işgüzar adətlərə, standartlara ziddir. Belə ki, bu cür yanaşma və qəti mövqe işçinin hədsiz özbaşnalığına, öz hüquqlarından sui-istifadəyə, gündəlik və buna müvafiq olaraq aylıq icra etməli olduğu işin müddətini və miqdarını öz istəyinə uyğun təyin etməsinə, qanunla müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirilməli olması vəzifəsinin pozulmasına, digər tərəfdən işəgötürənin qanunla müəyyən edilmiş əsas hüquqlarının (işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək) kobud şəkildə pozulmasına gətirib çıxara bilər. İddiaçının çalışdığı departamentin gündəlik hesabatına dair təqdim edilmiş sənədlər məhkəmə tərəfindən düzgün hüquqi qiymətləndirilməmişdir. Belə ki, həmin sənədlərin məhkəməyə təqdim edilməsində məqsəd iddiaçının 1 iş günü ərzində neçə səhifə mətn yığımını icra etməsini göstərmək olmuşdur. Məhkəmə isə iddiaçını yanlış olaraq digər işçilərlə müqayisə etmiş, hətta digərlərini də həmin şöbədə mətnin yığılması işi ilə məşğul olan işçilər kimi göstərmişdir. Halbuki, departamentdə mətn yığımı ilə iddiaçıdan başqa heç kim məşğul olmur (iş materiallarında olan xx.xx.2024-cü il tarixli təqdimat xarakterli hesabat sənədinin sonuncu abzasında da qeyd olunub), digərləri öz vəzifələrinə uyğun olaraq korrektə, redaktə və digər işləri icra edirlər. Qeyd olunan sənədlərdən də görünür ki, iddiaçı 1 iş günü ərzində ən çoxu 10 səhifə mətn yığır. Bu isə nəşriyyat işi sahəsində istər ölkədaxili, istərsə də beynəlxalq çevrədə təşəkkül tapmış standartlara qətiyyən uyğun olmamaqla çox aşağı göstəricidir. İddiaçı 10 ildən artıq təcrübəsi olan yığıcı olmaqla yüksək sürətli yığıcı kateqoriyasına aiddir. Bu kateqoriyaya aid yığıcı isə 1 iş günü ərzində 1 A4 formatında 1800 işarə (300söz) hesab edilməklə ən azı 32-35 səhifə mətn yığmalıdır. Digər tərəfdən isə, sənədlərdə görünən və işə baxan məhkəmənin yanlış olaraq eyni tutub müqayisə etdiyi korrektə və redaktə işi mətn yığımı ilə müqayisədə daha ağır və zehni iş olmaqla daha çox vaxt aparır. Lakin buna baxmayaraq, həmin işləri icra edən işçilərin göstəriciləri yenə də iddiaçının göstəricilərindən çoxdur. Cavabdehin nümayəndəsi iddiaçının dəfələrlə şöbədaxili münasibətlərdə gərginlik yaradaraq və səs-küy salaraq iş prosesinin normal ahəngini pozmasını və bununla bağlı rəhbərliyin iradlarını və şifahi xəbərdarlıqlarını nəzərə almamasını, habelə yaranmış xoşagəlməz vəziyyəti şəxsi münasibətlər müstəvisinə yönəltməsini bildirsə də, iddiaçının müəssisədə hansı hərəkətlərə yol verməsi, bununla da iş ahəngini pozması, işin gedişinə mane olması, onun şöbələr arasında münasibətlərin gərginləşməsinə səbəb olan hansı hərəkətlərə yol verməsi barədə iş materiallarında mötəbər sübut mövcud deyildir. Qeyd olunan xüsusatlar, iş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təqdimatlarda, xx.xx.2024-cü il tarixli aktda tam təfərrüatı ilə öz əksini tapmışdır. Lakin məhkəmə sözügedən sənədləri mötəbər sənəd kimi qəbul etməmişdir. Halbuki, həmin sənədlər qanunvericiliyin hər hansı normasından irəli gələn tələbi pozmamaqla, əmək münasibətləri zamanı formalaşmış təcrübəyə tam şəkildə uyğun olmaqla tərtib edilmiş və təsdiq edilmişdir. Daha sonra iş materiallarına əlavə edilmiş təqdimatlara və təqdimatlar əsasında əmrdə qeyd olunanlara münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı işdən görünür ki, iddiaçının fəaliyyətində nöqsanların aşkar edildiyi 03 aprel, 02 may, 07 may və 31 may 2024-cü il tarixli təqdimatlarda əksini tapmışdır. Lakin töhmət 10 iyun 2024-cü il tarixdə verilmişdir. Bu hal məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, işəgötürən yalnızca töhmətlə bağlı əmrini gücləndirmək üçün və daha əsaslı olması səbəbindən təqdimatlarda qeyd olunan hallara istinad etmişdir. Məhkəmənin qeyd olunan əsaslandırması ümumiyyətlə cavabdeh üçün anlaşılan deyildir. Bəli, Əmək Məcəlləsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İddiaçının əmək və icra intizamının pozuntusuna dəlalət edən nöqsanları 02 may, 07 may və 31 may 2024-cü il tarixli təqdimatlarda öz əksini tapmış və biray keçənədək, işəgötürən cavabdeh də həmin təqdimatlarda qeyd olunan nöqsanları əsas götürərək müvafiq araşdırma aparmış, iddiaçıya bununla bağlı izahat verməsi təklif olunmuş (iddiaçı tərəfindən bir neçə dəfə imtina olunmuş, sonuncu aktlaşdırılmışdır) və nəticə etibarı ilə iddiaçıya töhmət verilmişdir. Cavabdeh təqdimatlarda qeyd olunan hallara istinad etməyib, hansı hallara istinad etməliydi? Zatən töhmətin verilməsinə əsas olmuş nöqsanlar istinad olunan müvafiq təqdimatlarda və aktlarda özəksini tapır. Eyni zamanda, Cavabdeh ASC iddiaçıdan yazılı izahat təqdim etməsi və iddiaçının da izahat verməkdən imtina etməsi barədə yazılı akt tərtib etsə də, aktda qeyd olunanlar dolayı sübutlarla təsdiq edilmir. İddiaçının izahat verməkdən imtina etməsi, əvvəla bir dəfə deyil, bir neçə dəfə təkrarlanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli təqdimatın özündə, iş prosesini pozan İddiaçı şifahi xəbərdarlıqlara əhəmiyyət vermədiyindən onun haqqında ölçü götürülməsi üçün rəsmi olaraq təqdimatın (daha əvvəlki tarixə aid olanlar nəzərdə tutulur) yazıldığı, təqdimatla bağlı izahat verməli olduğu bildiriləndə rəhbərliklə mübahisə etdiyi və s. qeyd olunur. İddiaçı xx.xx.2024-cü il tarixli təqdimatla bağlı da izahat verməkdən imtina etmiş və bununla bağlı xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən fakt töhmət əmrində də qeyd olunmuşdur. “Dolayı sübutlar” dedikdə məhkəmənin konkret olaraq hansı sübutları nəzərdə tutması anlaşılan deyil. Formalaşmış əmək praktikasından da bəllidir ki, istər dövlət, istərsə də qeyri-dövlət sektoru müəssisələrində əmək fəaliyyəti zamanı işçiyə yol verdiyi iddia olunan nöqsanlarla bağlı ilk növbədə izahat verməsi təklif olunur, imtina halında isə bu imtina faktı müvafiq qaydada aktla rəsmiləşdirilir. Digər tərəfdən isə, cavabdeh tərəfindən təqdim olunan və iş materiallarına əlavə olunan hər hansı sənədin, xüsusilə də aktların mötəbərliyi digər tərəf üçün mübahisəlidirsə, həmin sənədin qeyri-mötəbərliyini mübahisələndirən tərəf sübuta yetirməli, bununla bağlı prosessual addımlar (əksini sübuta yetirən sənədlər təqdim etməli, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi və s. barədə vəsatətlər verməli) atmalıdır. Lakin görünən budur ki, məhkəmə hər hansı əlavə araşdırmadan, cavabdehin təqdim etdiyi bütün sənədləri isə birmənalı qeyri-mötəbər hesab edərək, iddianı təmin etmişdir. İddiaçının iddia tələbinin faktiki əsaslarının xülasəsi: 1) 2024-cü ilin mart ayının sonundan etibarən pensiyaya getməsi tələb edilmiş, iddiaçı imtina etdiyi üçün ona qarşı fikir dəyişmişdir. Qeyd olunanlar özünü müdafiə üçün iddiaçı tərəfindən irəli sürülmüş, hər hansı təsdiqedici sübuta söykənməyən boş, cəfəng fikirlərdir. Əksinə, qeyd olunanları təkzib edən, iddiaçının əmək fəaliyyəti zamanı yol vermiş olduğu nöqsanlarla bağlı iş materiallarında xx.xx.2023-cü il tarixli yazılı təqdimat və Nəşriyyat departamentindən Kadrlarla iş və kargüzarlıq şöbəsinə e-mail üzərindən göndərilmiş, iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməmə və qabaqcadan məlumat verməmə məzmunlu 2023- cü ilin oktyabr və dekabr aylarına aid məktublar vardır. xx.xx.2023-cü il tarixli, eləcə də sonrakı tarixlərə aid təqdimatlarda da onun 2020-ci ilin məlum pandemiya mərhələsindən sonra işinin öhdəsindən gələ bilməməsi, mətn yığımı zamanı işi 1 barmaqdan istifadə etməklə icra etməsi, bunun isə mətn yığımının 10 barmaqlı üsulla işlənilməli olması qaydasına zidd olması, dəfələrlə ona güzəşt edilməsi və s. barədə qeydlər vardır. 2) İddiaçıya Əmək Məcəlləsinin tələbləri pozularaq üç intizam tənbehi birlikdə verilmişdir. Halbuki, əmrin məzmunundan və “əmr edirəm” hissəsindən də görünür ki, iddiaçıya yalnız bir intizam tənbehi-töhmət verilmişdir. Məhkəmənin ilkin hazırlıq iclasında bu məsələyə aydınlıq gətirilmişdir. 3) İşçidən (iddiaçıdan) izahat alınmamışdır. İzahatın alınmaması ilə bağlı mövqeyə hazırki şikayətin dəlillərində ətraflı açıqlama verilmişdir. Əlavə olaraq bildirir ki, ƏM-ə əsasən, işçinin izahat verməkdən imtina etməsi onun barəsində intizam tənbehinin verilməsinə mane olmur. 4) Təqdimatlarda qeyd olunan nöqsanlar iddiaçıya aid olsaydı, 1 ay keçənədək verilməli idi. Göründüyü kimi, iddiaçı təqdimatlarda qeyd olunan nöqsanlarla bağlı ona 1 ay müddətində intizam tənbehi verildiyi halda, töhməti əsaslı və qanuni hesab edir. Məhkəmə prosesində təqdim edilmiş xəstəlik vərəqəsi (bülletendə olma) nəzərə alınmaqla, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli təqdimatlarda qeyd olunan davamlı əmək və icra intizamının pozuntusu hallarına görə iddiaçıya 1 ay müddət ötməmiş intizam tənbehi verilmişdir. Belə ki, 2024-cü ilin 02 iyun tarixi bazar, yəni qeyri-iş gününə təsadüf etdiyindən, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə işçi bülletendə olduğundan, 2024-cü ilin 09 iyun tarixi yenə də qeyri-iş gününə təsadüf etdiyindən intizam tənbehi 2024-cü ilin 10 iyun tarixində verilmişdir.

b) Apellyasiy a şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Maddə 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Maddə 187.4-cü hissə. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Maddə 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından, iddia haqlı sayılır.

22. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi vurğulayır ki, birinci instansiya məhkəməsi iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılması zəruri hesab edilir.

25. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirməsi açıq-aşkar təsdiq olunmur.

26. Belə ki, iddiaçıya bu əsasa görə töhmət verilməsi üçün ilk növbədə o, əmək funksiyasını tam və ya qismən yerinə yetirməməli, yaxud keyfiyyətsiz yerinə yetirməli, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

27. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Düzdü, iddiaçıya intizam tənbehi verilməsinə səbəb cavabdeh qurumun Elm və mədəniyyət şöbəsinin baş redaktorunun xx.xx.2024, xx.xx.2024, eləcə Nəşriyyat departamentinin xx.xx.2024-cü il tarixli təqdimatları və əsas kimi həmin sənədlərdə göstərilən dəlillər olduğu qeyd olunur. Ancaq bu təqdimatlar və onlarda göstərilənlər cavabdeh qurumun vəzifəli şəxsləri tərəfindən hazırlanmışdır. Bu şəxslər isə istər-istəməz iddiaçıya intizam tənbehinin verilməsində bu və ya digər səbəbdən bilavasitə marağı olan şəxslər sayılır. Çünki intizam tənbehi verilməsindən ötrü bu təqdimatlardan başqa cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də istər iddiaçının işinin öhdəsindən gəlməyərək mətn yığımı prosesində ləngimələrə yol verməsinə, istərsə də şöbədaxili münasibətlərdə gərginlik yaradaraq və səs-küy salaraq iş prosesinin normal ahəngini pozmasına dair cavabdeh işəgötürən tərəfindən mötəbər sübut təqdim edlməli idi.

28. İddiaçının müəssisədə işçi olaraq görməli olduğu işin nədən ibarət olması ona və cavabdehə tam şəkildə məlum və aydın ola bilər, bu hissədə ümumiyyətlə hər hansı mübahisə irəli sürməyə bilər. Lakin Əmək Məcəlləsinin 186.1-ci maddəsində konkret göstərilir ki, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Demək ki, işçinin intizam məsuliyyətinə cəlb edilməsindən ötrü mütləq ki, Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş vəzifələrini yerinə yetirməməli və ya hüquqlarından suiistifadə etməli, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməlidir. Ona görə də birinci instansiya məhkəməsinin normativlərin olmadığı barədə qənaəti absurd və qəbuledilməz ola bilməz. Əksinə cavabdehin qeyd etdiyi, yəni işçinin əmək vəzifələrinin yaxud əmək müqaviləsi üzrə müəyyən edilməli olan öhdəliklərinin müvafiq sahə üzrə təşəkkül tapmış işgüzar adətlərlə, standartlarla tənzimlənməsi qeyd olunan normanın imperativ tələbinə zidd ola bilər. Deməli cavabdeh işəgötürənin hansısa bəlli olmayan işgüzar adətlərə və standartlara istinad edərək işçini qeyri-məhdud əmək vəzifələri ilə yaxud öhdəliklərlə yükləməsi özbaşnalığa və hüquqdan sui-istifadə etməsinə yol açır. Buna görə də cavabdeh işəgötürən həqiqətən əmək münasibətləri prosesində iddiaçının gündəlik və buna müvafiq aylıq icra etməli olduğu işin müddətini və miqdarını “öz istəyinə uyğun təyin etməsini” istəmirsə özü bu normativləri müəyyən edə və bunu əmək müqaviləsində yaxud hansısa rəsmi sənəddə təsbit edə bilərdi. Məhz bundan sonra Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən kimi ona töhmət vermək hüququndan istifadə etməsi əsaslı olardı.

29. Bundan əlavə, cavabdeh özü şikayətində göstərir ki, departamentdə mətn yığımı ilə iddiaçıdan başqa heç kim məşğul olmur (iş materiallarında olan xx.xx.2024-cü il tarixli təqdimat xarakterli hesabat sənədinin sonuncu abzasında da qeyd olunub), digərləri öz vəzifələrinə uyğun olaraq korrektə, redaktə və digər işləri icra edirlər... İddiaçı 10 ildən artıq təcrübəsi olan yığıcı olmaqla yüksək sürətli yığıcı kateqoriyasına aiddir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlillərinin bir-biri ilə ziddiyyət təşkil etməsi də onun əsaslı olmadığına dəlalət edir. Belə ki, iddiaçı bir tərəfdən departamentdə mətn yığımı ilə məşğul olan yeganə işçi və 10 ildən artıq təcrübəsi olan yığıcı olmaqla yüksək sürətli yığıcı kateqoriyasına aid olduğu qeyd edilir, digər tərəfdən isə işinin öhdəsindən gələ bilməməkdə və ləng yerinə yetirməkdə qınanılır. Əlbətdə ki, 1958-ci il təvəllüdlü, yaşa görə əmək pensiyası almaq hüququ qazanmış iddiaçının işini “ləng yerinə yetirməsi”, “işinin öhdəsindən gələ bilməməsi”, açıq-aşkar əsassız görünməyə bilər. Ancaq bu halın həqiqiliyi belə iddiaçının intizam xətasına yol verdiyi anlamına gəlmir. Çünki iddiaçının cavabdeh işəgötürən tərəfindən bu günədək əmək münasibətləri üzrə öhdəliklərinin həcmi dəqiq müəyyən edilməyib. Başqa sözlə, iddiaçının 1 iş günü ərzində 1 A4 formatında 1800 işarə (300söz) hesab edilməklə ən azı 32-35 səhifə yaxud daha az mətn yığmalı olduğu qarşılıqlı razılaşma əsasında onun öhdəlikləri kimi müəyyən edilməsi təsdiq edilməyib.

30. Bundan başqa, iddiaçının mətn yığımı zamanı işi 1 barmaqdan istifadə etməklə icra etməsi, bunun isə mətn yığımının 10 barmaqlı üsulla işlənilməli olması qaydasına zidd olması dəlili də anlaşılan olmamışdır. Əvvəla, cavabdehin ən azından son 10 ildə mətn yığımı zamanı həqiqətən işi bir barmaqdan istifadə etməklə icra etməsini görməməsi, yalnız yaşa görə əmək pensiyası almaq hüququ qazandığı vaxtdan sonra görməsi inandırıcı və ağlabatan görünmür. Bunun, yəni işin bir barmaqdan istifadə etməklə icra edilməsinin mətn yığımının 10 barmaqlı üsulla işlənilməli olması qaydasına zidd olması da başadüşülən deyildir. Çünki mətn yığımının 10 barmaqlı üsulla işlənilməli olması kimi bir məcburi qaydanın olmasına dair də cavabdeh tərəfindən nə hansısa normativ akta istinad olunub, nə də buna dair məhkəməyə sübut təqdim edilib. Demək ki, bu dəlillər həqiqi olsa belə iddiaçı tərəfindən intizam xətasına yol verməsi kimi qiymətləndirilə bilməz.

31. Bir daha qeyd olunur ki, iddiaçının dəfələrlə şöbədaxili münasibətlərdə gərginlik yaradaraq və səs-küy salaraq iş prosesinin normal ahəngini pozmasına və bununla bağlı rəhbərliyin iradlarını və şifahi xəbərdarlıqlarını nəzərə almamasına, habelə yaranmış xoşagəlməz vəziyyəti şəxsi münasibətlər müstəvisinə yönəltməsinə dair cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İşdə yalnız cavabdehin vəzifəli, səlahiyyətli şəxslərinin yuxarıda qeyd olunan təqdimatları mövcuddur. Bu şəxslərin isə işəgötürənin hüquqa və qanuna uyğun olmayan maraqlarını və mənafeyini qorumağa çalışması anlaşılan olsa da mötəbər sayıla və iddianın rədd olunması üçün əsas ola bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, iddiaçıya cavabdeh tərəfindən töhmət verilməsi barədə əmrdə göstərilmiş əmək funksiyasını pozması halları öz təsdiqini tapmadığından, konkret olaraq hansı səbəbdən intizam tənbehi verilməsi məlum deyildir. Belə ki, işdə olan təqdimatların mötəbərliliyinə birinci instansiya məhkəməsi hərtərəfli və tam hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki həmin təqdimatda göstərilənlər iddiaçıya qeyd olunan əsaslarla intizam tənbehi verilməsi üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Ən azından həm də ona görə ki, işdə mötəbər heç bir sübut olmamışdır. Bu faktlar özü də iddiaçının cavabdeh qurumun ona qarşı qərəzli olduğunu bildirməsi arqumentini əsaslı edir.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6811/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6811/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar