Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6696/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(008)-2749/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-da yerləşən 22 saylı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh ilə rəsmi nikahda olmuş iddiaçının övladı X1 25 dekabr 2015-ci ildə baş beyinin əzilməsi nəticəsində vəfat etmişdir. Mərhum oğlunun iki uşağı qalmışdır. Oğlu vəfat etdikdən sonra cavabdeh uşaqları onun yanında qoyaraq yaşadığı evi tərk edib getmişdir. Cavabdeh artıq 4 ildir ki, ona məxsus olan mənzildə yaşamır. Bu fakt "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 09.02.2021ci il tarixli 0/10 saylı arayışla da təsdiq olunur. Hal-hazırda cavabdehlə heç bir əlaqəsi yoxdur. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(008)- 2749/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququ olmadığına görə mövcud olmayan hüququn itirilməsi barədə tələb təmin oluna bilməz. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(008)-2749/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi ev 1 ünvanında yerləşən 22 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı həmin mənzili 5 yanvar 2006-cı il tarixli müqavilə əsasında "xxxx" MTK-dan almış, mənzilin tam dəyərini ödəmiş və 6 avqust 2019-cu il tarixdə İddiaçı mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh 2007-ci ildə iddiaçının oğlu Elvin Quliyevlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, iddiaçıya məxsus ünvan 2 ünvanına köçmüş və həmin mənzilə qeydiyyata düşmüşdür. "xxxx" MTK-nın verdiyi 9 fevral 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh 4 il 2 aydır ki, ünvan 2 ünvanında yaşamır, həmin ünvanda iddiaçı iki azyaşlı nəvəsi ilə birlikdə yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, nə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından, nə də 01 sentyabr 2000-ci il tarixdən sonrakı dövrdə mənzildən istifadə ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ yaranmamışdır. Belə k, Cavabdeh İddiaçı ailə üzvü olmamış, mənzildən istifadə ilə bağlı tərəflər arasında notarial qaydada təsdiq olunmuş hər hansı razılaşma olmamışdır. Bundan əlavə, Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs kateqoriyasına aid deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 dekabr 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi Nailə Rəhimovanın mübahisəli mənzilə qaynanası (mülkiyyətçi) Ülkər Rəhimovanın şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq həmin mənzildən istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanunsuz hesab etmişdir. Beləliklə, Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüququ olmadığına görə birinci instansiya məhkəməsi hazırkı iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddianı qaldırmaqda məqsədi onun mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatında olan Cavabdeh qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(008)- 2749/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bu qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6696/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6696/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver