Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6696/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi cəlb edilməklə) “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3577/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Daşağıl meşəbəyliyinin yerləşdiyi Oğuz rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləmişdir.
2. Daşağıl meşəbəyliyinin 8 saylı dolayında 2020-ci il tarixindən 2023-cü ilin mart ayınadək olan dövr ərzində aparılmış yoxlamalar zamanı ümumilikdə 9596.73 manat zərər məbləğində, 193.50 m3 həcmində, 680 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi aşkar edilmiş və bu barədə Qəbələ X11 mərkəzində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Akt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin, X7 Xidmətinin, Meşələrin İnkişafı Xidmətinin, Qəbələ X11 Mərkəzinin əməkdaşları tərəfindən imzalanmışdır.
3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2023cü il tarixli 337/Ü nömrəli əmrinə əsasən bir neçə əməkdaşın, o cümlədən Xaçmaz meşəbəyliyinin meşəbəyisi İddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edilməsi tapşırığı verilmişdir.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli, 147/Ü nömrəli əmrinə əsasən vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzin Xaçmaz meşəbəyliyinin meşəbəyisi (həmin dövrdə Oğuz rayonu üzrə mühafizə mühəndisi) İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ RMTM-in Daşağıl meşəbəyiliyinin 8 saylı dolayında baş vermiş qanunsuz qırıntılara görə meşə gözətçisi X1 X11 Mərkəzinin xx.xx.2023-cü il tarixli 038/K saylı əmrinə əsasən işdən azad olunmuşdur. Həmin əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi barədə iş hal-hazırda Qəbələ Rayon Məhkəməsinin icraatındadır. Əmrin təsviri hissəsində Bənövşə Həkimovanın gözətçisi olduğu 8 saylı dolayda meşə fonduna 2020-ci il ərzində dörd akta əsasən 1.982,74 manat, 2021-ci il ərzində bir akta əsasən 537,29 manat və 2022-ci il ərzində iki akta əsasən 5.276,99 manat ziyan dəydiyi qeyd edilir. Əmrin məzmununda göstərilir: “Vəzifə səlahiyyətləri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə Mərkəzin Xaçmaz meşəbəyiliyinin meşəbəyisi (həmin dövrdə Oğuz rayonu üzrə meşə mühafizə mühəndisi) İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin.” X13 xx.xx.2020-ci il tarixli 59334 nömrəli, xx.xx.2020-ci il tarixli 57149 nömrəli, xx.xx.2020-ci il tarixli 63604 nömrəli, xx.xx.2020-ci il tarixli 63640 nömrəli, xx.xx.2021-ci il tarixli 33650 nömrəli, xx.xx.2022-ci il tarixli 001059 nömrəli və xx.xx.2022-ci il tarixli 66680 nömrəli aktlara əsasən işdən azad edilmişdir. Göründüyü kimi, həmin 6 aktdan yalnız biri (xx.xx.2022-ci il tarixli 66680 nömrəli akt) onun işlədiyi dövrə təsadüf edir. xx.xx.2022-ci il tarixli 001059 nömrəli akt isə onun həmin vəzifəyə təyin olunduğu gündən 4 gün sonra tərtib olunmuşdur. Həmin aktlar barədə qanuna müvafiq tədbirlər görülmüşdür. Hesab edir ki, cavabdehin onu işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Cavabdeh onu heç bir əsas olmadan, qanunsuz meşə qıran şəxslərin sifarişi ilə, öz qanunsuz əməllərinə daha rahat nail olmaq üçün işdən azad edib. Ona gərə də işə bərpa olunmağı barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir.
7. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 3577/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 147/ü nömrəli əmrinin İddiaçı aid olan hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X17 X4 Meşəbəliyinin meşəbəyisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş materiallarda da əmrin qanuniliyinin, əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının işdən çıxarılmasının faktiki əsasını X2 qanunsuz əməllərinə subordinasiya baxşından iddiaçı tərəfindən nəzarət edilməməsi təşkil etsə də, müvafiq materialların əsasını iddiaçı ilə bağlı deyil, B.İ.Həkimovanın intizam məsuliyyəti ilə əlaqədar toplanmış sənədlər təşkil edir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, intizam tədbirinin deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin zəruriliyi İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən müəyyən edilmir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 147/ü nömrəli əmri əsaslandırılmamış və məhkəmə araşdırması dövründə isə əmrin əsaslılığını təsdiq edən sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 71.2, 71.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ X11 Mərkəzinin (indiki 15 saylı X11 Mərkəzinin) Oğuz rayonunda yerləşən Daşağıl meşəbəyliyinin 8 saylı dolayında meşələrin qorunub mühafizə olunması işinin qeyri-qənaətbəxş təşkil edilməsi və bu kimi halların qarşısının alınması məqsədilə lazımi effektiv tədbirlərin görülməməsi nəticəsində sözügedən dolayda müxtəlif vaxtlarda ağacların qanunsuz olaraq kəsildiyi məlum olmuşdur. İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Daşağıl meşəbəyliyinin yerləşdiyi Oğuz rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində çalışmışdır. Bir ilə yaxın zaman müddətində iddiaçının məsul olduğu rayon üzrə sözügedən meşəbəyliyin eyni dolayında müxtəlif vaxtlarda qırıntı faktları müəyyən edilmişdir. Sözügedən dolayda xx.xx.2022-ci il tarixdə (iddiaçının həmin vəzifəyə təyin olunduğu vaxtdan 4 gün sonra) 001059 nömrəli aktla rəsmiləşdirilmiş 2.366,31 manat məbləğində 56,98 m həcmində 125 ədəd ağac qanunsuz kəsilmişdir. İddiaçı iddia ərizəsində özü də qeyd edir ki, həmin akt o, işə götürüldüyü vaxtdan 4 gün sonra tərtib edilmişdir. Amma iddiaçı işə götürüldükdən dərhal sonra bu miqyasda qırıntının aşkarlanması onu həmin dolaya daha çox diqqət yetirməsi üçün bir siqnal idi. Lakin göründüyü kimi, əmək funksiyalarına səhkənkar yanaşması eyni dolayda xx.xx.2022-ci ildə də eyni hadisələrin baş verməsinə şərait yaratdı. İddiaçı bundan da nəticə çıxarmayaq mühafizə tədbirlərini gücləndirməmiş, rayon üzrə nəzarət mexanizmini düzgün təşkil etməmiş, bəlkə də qəsdən eyni ərazidə qanun pozuntularının baş verməsinə rəvac vermişdir. Çünki eyni ərazidə mütəmadi olaraq qırıntıların baş verməsi oraya məsul əməkdaşların vəzifə öhdəliklərini yerinə yetirməməsi deməkdir. Qırıntılar bununla da məhdudlaşmamış, 2023-cü ilin fevral ayında da yoxlama zamanı qanunsuz ağac kəsmə faktları müəyyənləşdirilmişdir. Odur ki, işəgötürənin mövqeyi qərəzli deyil, yalnız baş vermiş faktlara əsaslanır. 2023-cü ilin yanvar ayında direktor dəyişikliyi ilə əlaqədar təhvilqəbul yoxlamalarının aparıldığı dövrdə, yoxlama bitməmiş iddiaçının öz ərizəsi ilə Xaçmaz meşəbəyliyinin meşəbəyisi vəzifəsinə keçməsi də bir daha bunu sübut edir. Məhkəmə öz qətnaməsində qanun pozuntusunu, qanun pozuntusunun miqyasını, dövlətə vurulan zərəri, dövlətin maraqlarının pozulmasını nəzərə almamış, sanki işçi heç bir əsas olmadan, heç bir fakt olmadan işdən azad edilibmiş kimi əsaslandırma aparmış, əmrdə göstərilən faktları diqqətdən kənarda qoymuşdur. Bundan əlavə, məhkəmə qətnaməsində “işçi İddiaçı barəsində hansı əsasla digər, daha yüngül intizam tədbirinin deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin zəruriliyi işəgötürənin müvafiq əmrinə əsasən müəyyən edilmir. Məhkəmənin bu mövqeyi anlaşılmazdır. Çünki hansı intizam tənbeh tədbirinin tətbiq edilməsi işəgötürənin mülahizəsindən asılıdır. İşəgötürən olaraq, mühafizə tədbirlərinin lazımi şəkildə təşkil edilməməsi ucbatından baş vermiş pozuntu faktının miqyasını və sistematikliyini, ən əsası vurulan zərəri nəzərə alaraq işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndini əsasən gətirərək xitam vermişdir. Bu da tam əsaslı və başadüşüləndir. Digər tərəfdən, meşə fondunda olan qanunsuz qırıntılarla bağlı əmək vəzifələrini lazımi yerinə yetirmədiyinə görə Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli 021/Ü nömrəli əmri ilə iddiaçya (Xaçmaz meşəbəyliyinin meşəbəyi köməkçisi işlədiyi dövrdə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət, (Oğuz rayonu meşə mühafizə mühəndisi işlədiyi dövrdə) Xidmətin xx.xx.2022-ci il tarixli 261/Ü nömrəli əmri ilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət intizam tənbeh tədbiri verilmişdir. Göründüyü kimi, işəgötürən mövcud nəticəyə bir gündə gəlməmişdir. Daşağıl meşəbəyliyinin mövcud dolayı dağlıq, keçilməsi çətin relyefli ərazidə yerləşir. Həmin meşə sahəsinə yalnız atla getmək mümkündür. Buna görə də hər hansı bir şəxs asan bir şəkildə həmin yerdən ağac kəsə bilməz. Ağacların kəsilməsi planlı şəkildə olmalıdır. Əgər meşə mühafizəyə məsul əməkdaşlar həmin əraziyə nəzarət edirsə və vəzifələrini lazımi şəkildə yerinə yetirirsə ağac kəsmə hallarına yol verilmir. Həmin ərazidən müxtəlif vaxtlarda geniş miqyasda ağacların kəsilməsi meşə mühafizə işinin düzgün təşkil edilməməsi və ya meşə mühafizə əməkdaşlarının yerində olmamasından, nəzarət tədbirlərini həyata keçirməməsindən irəli gəlir. Məhkəmə hesab edir ki, işəgötürən işçininin işdən çıxarılması əsaslandırmamışdır. Əmrdə sözügedən faktlar açıqlanmış, onları təsdiq edən sənədlər əlavə edilmiş, işçilərin izahatları alınmış, müvafiq olaraq Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilərək onun fikri nəzərə alınmış və yekunda aidiyyəti meşə mühafizəsinə məsul işçilər onlara həvalə edilmiş vəzifələri lazımi şəkildə və məsuliyyətlə icra etmədiklərinə və bununla da bu sahədə olan müvafiq qanunvericliyin tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunmuşdurlar. Pozuntular barədə sübutlar təqdim edilməsəydi, müvafiq prosedurlara riayət edilməsəydi, heç bir fakt baş vermədən işçinin əmək müqaviləsinə xitam verilsəydi, o zaman əsaslandırma aparılmamış sayıla bilərdi. Halbuki, ortada fakt və onu sübut edən sənədlər mövcuddur, bu sahədə dövlətin mənafeyinə,eyni zamanda dövlətin siyasətini həyata keçirən dövlət qurumunaişəgötürənə zərər dəymişdir. Birinci instansiya məhkəməsinə təqdim edilən xx.xx.2023-cü il tarixli aktda yuxarıda göstərilən aktlardakı hadisələr ümumiləşdirilmiş və məlumat verilmişdir. Eyni zamanda, iddiaçı onun fəaliyyəti dövründə yalnız bir aktın tərtib olunduğunu (66680 nömrəli akt) qeyd edir. Məhkəmə xx.xx.2023-cü il tarixli aktdakı xüsusatlara diqqət etmədiyindən İddiaçı fikrinin həqiqəti əks etdirdiyi təəssüratı yaranır. Odur ki, bu məqamlara görə həmin aktların təqdim edilməsi məhkəmə araşdırması baxımından vacibdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Oğuz rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində çalışmış, yoxlamalarının aparıldığı dövrdə, yoxlama bitməmiş öz ərizəsi ilə Xaçmaz meşəbəyliyinin meşəbəyisi vəzifəsinə keçmişdir. xx.xx.2023-cü il tarixində əvvəlki aktlardakı hadisələrə əsasən ümumiləşdirilmiş akt tərtib olunmuşdur. Yoxlama təkcə İddiaçı barəsində deyil, genişmiqyaslı idi. xx.xx.2023-cü il tarixli aktla yanaşı digər aktlar da ümumiləşdirildikdən sonra xidməti məruzə hazırlanmış, sonda hüquq şöbəsinə göndərilmişdir. Həmin dövrdə yoxlama davam edirdi.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və suallara cavab olaraq bildirdi ki, mühafizə mühəndisi nəzarətin təşkilatçısıdır. X2 qanunsuz əməllərinə nəzarət edilməsi onun əmək funksiyasına daxil idi. O, qanunsuz əməlləri aşkar etmiş, bu barədə vaxtlı-vaxtında rəhbərliyə məlumat vermiş, lakin əvvəkli rəhbərlik heç bir tədbir görməmişdir.
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
23. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi aşağıda göstərilən əsasla təmin edilməlidir.
25. İşdən görünür ki, 2020-ci il tarixindən 2023-cü ilin mart ayınadək olan dövr ərzində aparılmış yoxlamalar zamanı Daşağıl meşəbəyliyinin 8 saylı dolayında müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi aşkar edilmiş, yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək Daşağıl meşəbəyliyinin yerləşdiyi Oğuz rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində çalışmışdır.
26. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin zəruriliyi İşəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən müəyyən edilmir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 147/ü nömrəli əmri əsaslandırılmamış və məhkəmə araşdırması dövründə isə əmrin əsaslılığını təsdiq edən sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.
27. Lakin iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi, mühafizə mühəndisi nəzarətin təşkilatçısıdır. X2 qanunsuz əməllərinə nəzarət edilməsi onun əmək funksiyasına daxil idi.
28. İşdən göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən əmək funksiyasının pozulduğu barədə müvafiq aktlar tərtib etmiş, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçının bununla bağlı izahatını almış və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır.
29. Bununla belə, cavabdeh tərəfindən iddiaçının barəsində xx.xx.2023-cü il tarixli, 147/ü nömrəli əmr tərtib edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri nəzərə alınmamışdır.
30. Belə ki, həmin maddəyə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
31. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının fəaliyyəti də daxil olmaqla yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş, həmin akt həm Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həm də cavabdeh Xidmətin əməkdaşları tərəfindən imzalanmışdır. Beləliklə, artıq həmin tarixdə cavabdehə iddiaçı tərəfindən əmək funskiyasının pozulduğu aşkar idi.
32. Buna baxmayaraq, cavabdeh intizam tənbehinin verilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş bir ay müddət keçdikdən sonra - xx.xx.2023-cü tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3577/23 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 147/ü nömrəli əmri İddiaçı aid olan hissədə ləğv edilsin, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X17 X4 Meşəbəliyinə meşəbəyi vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: