Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6697/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1000/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2095,20 manat zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2125,20 manatın cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1000/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 28.02.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1922 (min doqquz yüz iyirmi iki manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edib iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi ilə razılaşmır. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 28.02.2020-ci il tarixli ******* saylı akta (guya İddiaçı İB tərəfindən ona məxsus evə baxış keçirilən zaman ona məxsus sayğacın tərəfindən çıxarılaraq başqa sayğac ilə əvəz olunması və həmin sayğacın ekran hissəsinin sönmüş olması aşkar edilmiş, guya təbii qazdan qeyri-qanuni olaraq istifadə olunmuş, guya buna görə də iddiaçıya 1922 manat məbləğində ziyanın vurulması müəyyən olunmuşdur) əsaslanmışdır. Lakin məhkəmə aktda göstərilən halların həqiqətə uyğun olub- olmaması barədə araşdırma aparmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan aktlarda göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, o, sayğaca hər hansı bir formada müdaxilə etməmişdir. Ona məxsus fərdi yaşayış evinə görə nəzərdə tutulmuş sayğac ona məxsus həmin evdən, hətta həyətyanı sahədən kənar yerdə, yol qırağında qoyulmuşdur. Həmin sayğacın kim tərəfindən müdaxiləyə məruz qalması, sayğacın çıxarılaraq aparılması, əvəzinə yeni sayğacın quraşdırılması ona məlum deyildir. Sayğacı fiziki, meteoroloji və s. təsirlərdən qorumaq, sayğacı kimlərdənsə müdafiə etmək, sayğacın mühafizəsində durmaq praktik olaraq mümkün deyildir. Ona görə də qanunverici bu vəzifəni istehlakçının deyil, qazpaylayıcının üzərinə qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndində qeyd olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Digər tərəfdən aktda göstərilən halların həqiqətən ona məxsus evdə aşkarlanmasını sübut edən heç bir mötəbər dəlil də qətnamədə göstərilməmişdir. “İddiaçı" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, akt onun iştirakı olmadan tərtib edilmişdir və aktı yalnız İddiaçı İB-nin əməkdaşları imzalamışdırlar. Bu, bir daha aktın həqiqiliyini şübhə altına alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad etsə, iddiaçı tərəfindən tərtib olunmuş aktlarda qeyd olunmuş halları sübutetmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf birinci instansiya məhkəməsində bu halları sübuta yetirən hər hansı bir dəlil məhkəməyə təqdim edə bilmirsə, demək həmin aktlarla baş verən hallara görə məsuliyyəti iddiaçı daşıyır. Belə olan halda, istənilən məbləğin onun tərəfindən ödənilməsi qanunsuz və ədalətsiz olacaq. “İddiaçı" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktda göstərilən məbləğin heç bir hüquqi əsası olmadığı üçün həmin məbləğlə də razı deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində QSQ tipli qaz cihazının maksimal saatlıq qaz sərfi 3,2 kub metr/saat, QSSQ tipli qaz cihazının maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, PQ4 tipli qaz cihazının maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, Qeyri-standart istilik sisteminin maksimal saatlıq qaz sərfi 3 kub metr/saat, bütün qaz cihazlarının orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün kimi qeyd edilmişdir. Əvvəla, komissiyanın rəyində göstərilən qaz cihazlarından Qeyri- standart qaz cihazı ona məxsus evdə mövcud olmamışdır. Rəydə göstərilən qaz cihazlarının 1 saatlıq təbii qaz sərfinin 3,2 kub metr/saat, 1,5 kub metr/saat, 1,2 kub metr/saat, 3 kub metr/saat olması qeyd edilsə də, bunu təsdiq edəcək sübut göstərilməmişdir. Digər tərəfdən, rəydə bütün qaz cihazlarının orta günlük iş rejimi 24 saat qeyd edilmişdir ki, bu da heç bir halda doğru ola bilməz. Belə ki, qaz cihazlarının 24 saat fasiləsiz işləməsi onların texniki göstəricilərinə uyğun olmadığı üçün mümkün deyildir. Eyni zamanda İddiaçı İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın tərkibinin sırf “İddiaçı" İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh özü “SOCAR”ın əməkdaşı olmuşdur. Evindəki sayğacı sökərək Sumqayıt şəhərinə aid sayğacı onun əvəzinə quraşdırmışdır. Evinə aid sayğac isə evində sökülmüş vəziyyətdə tapılmışdır. Cavabdehin həyətində istixanası olduğu üçün gecə-gündüz də qazdan istifadə olunub. Bu cür vəziyyətdə hər kəs qazı talaya bilər. Bu isə yolverilməzdir. Əslində istixanada istifadə olunan qaz qurğuları sənaye qaz qurğularıdır. Ona görə də şikayət əsassız olduğundan rədd edilməlidir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh səbəbini göstərmədən məhkəməyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. Cavabdehin aktlar üzrə yaranan borcunun bir qismi onun sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi ilə bağlı, digər qismi isə sayğaca müdaxilə etməsi ilə bağlı təbii yaranmışdır.İddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə tərtib olunmuş aktları nəzərdən keçirib belə qənaətə gəlir ki, 28.02.2020-ci il tarixli, ******* saylı akt üzrə cavabdehin qazdan qeyri-qanuni istifadə nəticəsində yaranan borcunun məbləği 1922,40 manat təşkil edir və bu borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərtib olunmuş aktlardan digəri, 30.08.2019-cu il tarixli ******* saylı aktla isə cavabdehin sayğaca müdaxilə olunmasına görə tərtib olunmuş və akta əsasən 172,80 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətlərinin dəlilləri həcmində yoxlayır. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin bu hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehin şikayətində göstərdikləri dəlillər öz təsdiqini tapmır. Belə ki, cavabdeh mübahisələndirdiyi hissədə qətnaməni qanunsuz və əsassız hesab etsə də, qanunsuzluğun nədən ibarət olduğunu və əsassızlığın nədə ifadə olunduğunu konkret olaraq göstərmir. Ümumi dəlillərdən istifadə edilməsi isə iddianın təmin olunan hissədə əsaslılığını təkzib edə bilməz. Başqa sözlə cavabdehin 1922,40 manat həcmində iddiaçıya zərər vurmadığı dəlili də əsassızdır. Çünki, işdən görünür ki, cavabdehin fərdi yaşayış evinə aid sayğac sökülərək onun evində saxlanılmış, əvəzində isə Sumqayıt şəhərinə aid sayğac quraşdırılmışdır. Cavabdeh apellyasiya şikayəti versə də məhkəmə iclasına gələrək bu məsələyə ümumiyyətlə aydınlıq gətirmək istəməmişdir. İkincisi, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan aktda göstərilən hallar həqiqəti əks etdirmirsə, sayğac dəyişdirilməmişdirsə, başqa sayğacın quraşdırılmasından məlumatı yoxdursa, dəyişdirilmiş sayğac onun evində aşkar edilməmişdirsə cavabdeh bunu sübut etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür, lakin o, bu halları sübut edə bilmir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1000/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6697/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6697/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver