Məhkəmə qərarları › İş №2(103)-6699/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6699/2022

18.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6699/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə məcburi köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və iddiaçının mənzildən istifadəsinə maneələrin cavabdehə qadağan olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə məcburi köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və iddiaçının mənzildən istifadəsinə maneələrin cavabdehə qadağan olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(010)-1922/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən mərhumə X3 xx.xx.2009-cu ildə 2V-56 saylı reyestrlə Bakı şəhəri 35 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş vəsiyyətnamə ilə özünə məxsus olan ünvan 2 ünvanda yerləşən iki otaqlı 24 saylı xüsusi mənzilini Cavabdeh vəsiyyət etmişdir. X2 ölümündən sonra vəsiyyət edilən Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri 10 saylı notariat ofisinə müraciət etmiş və onun ərizəsi əsasında həmin gün V/105/21 saylı vərəsəlik işı açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan aslı olmayaraq mirasda məcburi payı vardır.

2. xx.xx.2022-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Hövsan qəsəbəsi E.Məmmədov küçəsi ev 4A, 24 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir.

3. 104 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən Hövsan qəsəbəsi Elçin Məmmədov ev 4a mənzil 24 ünvanda İddiaçı qeydiyyatda olduğu gündən bu günə kimi bu ünvanda yaşamayıb və hal-hazırda da yaşamır.

4. xx.xx.2022-ci il tarixli qonşuların iştirakı ilə yazılmış və 104 saylı MKİS tərəfindən təsdiq edilmiş akta əsasən ünvan 3 ünvanda İddiaçı qeydiyyatda olduğu gündən bu günə qədər bu ünvanda yaşamayıb və hal-hazırda da yaşamır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olduğu Bakı şəhəri Hövsan qəsəbəsi E.Məmmədov küçəsi ev 4A, 24 saylı mənzilə köçürülməsi, mənzildən istifadə qaydasının müəyyən edilməsi və onun mənzildən istifadəsinə maneələrin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı X1 ilə 2008-ci il tarixə qədər ünvan 4 ünvanda yaşamışdır. 2008-ci il tarixdə həmin mənzili sataraq, ünvan 2, 24 saylı mənzili almış və iddiaçı da qeyd edilən mənzildə qeydiyyata düşərək X1 ilə birlikdə yaşamışdır. X1 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Bundan sonra iddiaçı tərəfindən vərəsəlik işinin açılması üçün aidiyyəti notariat orqanına müraciət edilmiş, məlum olmuşdur ki, vəsiyyətnaməyə əsasən miras əmlak Cavabdeh vəsiyyət edilmişdir. İddiaçının bacısı rəhmətə gedəndən sonra Cavabdeh iddiaçını evə heç bir əsası olmadan buraxmaqdan imtina edir. Halbuki o, qeyd edilən mənzilə istifadə hüququ olmaqla mənzildə pasport qeydiyyatındadır. Cavabdeh iddiaçının həmin ünvanda yaşamasına imkan vermir, halhazırda yaşamağa başqa yeri yoxdur və ailəsi ilə birlikdə kirayədə yaşayır. Buna görə də iddiaçının 13 ildən artıq qeydiyyatda olduğu mübahisəli mənzilə məhkəmə qaydasında məcburi köçürülməsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətindədir.

7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, e-2(010)-1922/2022 saylı qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı istifadəsində olan mənzildən sərbəst surətdə istifadə edə bilmir. Valideynlərə məxsus mənzilin satılması, ondan sonra hazırkı mənzilin alnması və həmin mənzildə istifadə hüququnun yaranması hüquqları qanunla qorunduğu halda, cavabdehin buna mane olması iddiaçının qanunla qorunan maraqlarına toxunur. Nə qədər ki, iddiaçının istifadə hüququ tanınır və qorunur, nə qədər ki iddiaçı bu hüquqdan məhrum edilməyib iddiaçı qanunla qorunan və tanınan hüquqlarından istifadə edərək haırkı iddia tələbini verməkdə hüququ vardır. Məhkəmənin iddiaçını bu hüquqdan məhrum etməsinin, notarial qaydada ərizə tələb etməsinin hüquqi əsasları mövcud deyildir. Məhkəmə tərəfindən iddiaçının mübahisəli mənzildə yaşayıbyaşamamsı araşdırılmamış, əvvəlki istifadədə olan əmlakın satışından ədlə edilən gəlir hesabına hazırkı mənzilin alınmasına hüquqi qiymət verilməmişdir. İddia tələbinin dəlillərindən biri də məhz 2008-ci il tarixə qədər ünvan 5 ünvanda yaşamaları, 2008-ci il tarixdə həmin mənzili sataraq, ünvan 2, 24 saylı mənzili almalarıdır. Məhkəmə tərəfindən təqdim edilmiş aktın və MİS tərəfindən təqdim edilmiş arayışın mötəbərliyi sübut edilmədiyi halda, hətta cavabdeh də aktı imza edənlərin məhkəməyə dəvət edilməli olduğunu bildirsə də, məhkəmə bunu etməmişdir. Məhkəmə tərəfindən iddiaçının mübahisəli mənzildə yaşamadığı qeyd edilsə də, işin hallarından da göründüyü kimi iddiaçı mütəmadi olaraq həmin mənzildə yaşamış və istifadə etmişdir. Mənzidə yaşamaması mənzildən istifadə hüququna xitam verilməsi deyildir. İddiaçının mənzildə yaşayan bacısı ilə mübahisəsi olmuş olsa idi, mülkiyyətşi olan bacısı 20 il müddət ərzində özü iddiaçını istifadə hüququndan məhrum edərdi. İddiaçının hazırkı mənzildən əvvəl valideynlərinə məxsus mənzildə yaşamalarına dair sorgu verilsə də, sorguya cavab verilməmişdir. Məhkəmədə buna dair şifahi vəsatət verilsə də, məhkəmə işin bu halını araşdırmadan işə yekun vurmuş, qeyd edlən sorğunu məhkəməyə təqdim etməyə şərait yaratmamışdır. Belə ki, işin ilkin mərhələsində bu fakt mübahisəli olmadığından əvvəlki məhkəmə iclaslarında sorgunun özü məhkəməyə təqdim edilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

15. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

17. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri 2008-ci ildə yarandığına görə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, onun mübahisəli mənzilə istifadə hüququ vardır. Həmin mənzil valideynlərindən qalmış mənzilin satılması nəticəsində əldə olunan pul vəsaiti hesabına alınmışdır və onun yeni mənzilə istifadə hüququ yaranmışdır.

29. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisə ilə bağlı hüquq münasibətlərinin 2008-ci ildə yarandığına görə mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət vermişdir. Həmin maddənin tələblərinə əsasən, mülkiyyətçinin ailə üzvlərinin yəni ərinin, arvadının, valideynlərinin, uşaqlarının mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək üçün onun razılığının alınması tələb olunmadığı halda, digər ailə üzvlərinin (mülkiyyətçinin ailə üzvünün əri və ya arvadı) yaşayış sahəsinə istifadə hüququ yalnız mülkiyyətçi ilə hüquq verilən şəxs arasında notarial razılığın olması yolu ilə yaranır. Hazırkı işin halları ondan ibarətdir ki, İddiaçı iddia edir ki, o, bacısı mərhum X3 ilə birlikdə 2008-ci il tarixdə atalarına məxsus mənzili sataraq hazırda köçürülməsini tələb etdiyi mənzili almış və cavabdehin adına rəsmiləşdirmişlər. Mərhum 2009-cu il tarixdə mübahisəli mənzili cavabdehə vəsiyyət etmiş və onun vəfat etməsindən sonra vəsiyyətnamə əsasında mübahisələndirilən mənzil cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçının mərhum bacısının sağlığında mübahisələndirilən mənzilə istifadə hüququnun yaranmasına mərhumun notarial qaydada verilmiş yazılı razılığı yoxdur. Eyni zamanda iddiaçı iddia ərizəsində mübahisəli mənzildə yaşadığını bildirsə də, məhkəmə iclaslarında 20 ildən çoxdur evli olduğunu və ailəsi ilə birlikdə yataqxanada yaşadığını bildirir ki, bu da onun mübahisəli mənzildə yaşamamasını sübut edir.

30. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.

31. Bundan əlavə iddiaçı mübahisəli mənzilin mərhum bacısı ilə birlikdə atalarına məxsus mənzilin satılması nəticəsində alınmasını iddia etsə də, məhkəmədə bu halı sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1922/2022 saylı iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar