Məhkəmə qərarları › İş №2(103)-67/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-67/2023

25.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-67/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 və qeyrilərinə qarşı “payın naturada bölünməsi” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “payın naturada bölünməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehlər X9, Cavabdeh1, Cavabdeh2 Əkbər qızı, Cavabdeh4 və onun vəkili Vəkil iştirakı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh X6 və qeyrilərinə qarşı «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində istifadədə olan 12 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin pay bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi (hakim Məmmədov Ayaz) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmasını bildirmiş, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir. Birinci apellyasiya icraatı:

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-132/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya icraatı:

5. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, evin naturada bölgüsü ilə bağlı işə apellyasiya icraatında baxılarkən yeni texniki pasporta əsasən ekspertiza keçirildiyini, lakin yekunda qərar qəbul edilərkən köhnə və qeyri-dəqiq olan texniki pasporta istinad etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3815/2021 nömrəli, xx.xx.2021-cü il qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-132/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında cavabdehlər ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 vəkili Vəkil hazırkı iş üzrə cavabdehlərin bəzilərinin yaşayış yerində qeydiyyatda olduqlarını və mülkiyyət hüquqlarının olmadığını bildirdi və işin baxılmamış saxlanılmasını xahiş etdi.

11. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

12. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2 Əkbər qızına, X10 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə köçürülmə və cavabdehlərin oradan çıxarılması” tələbinə dair iddiası təmin olunmamışdır.

13. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların (Seriya RX № 0333738, Seriya RX № 0939034) və 24 aprel 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətinə əsasən - Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən ümumi sahəsi 239,6 m2 olan 12 saylı evin 1/5 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 16 mart 2018-ci il tarixli, 3540 saylı məktubundan görünür ki, tədqiq olan evin texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmədiyi müəyyən edildiyindən tədqiqatın aparılması mümkün olmamışdır.

15. Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli,1725 nömrəli ekspertiza rəyinə əsasən - Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində 12 saylı fərdi yaşayış evindən 1/5 paya yaxın hissəsinin mövcud metodikaya uyğun şəkildə real olaraq ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.

16. “B” literli tikilinin sərbəst giriş-çıxışının olduğunu, yaşayış və yardımçı sahələri olduğunu və sahəsini 1/5 paya yaxın olduğunu nəzərə aldıqda, “B” literli yaşayış evi iddiaçıya ayrıla bilər.

17. Məhkəmə Ekspertiza Mərkəzinin 10/7766 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq (texniki pasportda olmayan, sonradan aparılan tikililər nəzərə alınmaqla) B literli yaşayış evini bütünlüklə iddiaçıya verilməklə İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq iddiaçının payı naturada ayrıla bilər.

18. Bölgü zamanı variantı rəyə əlavə olunmuş plan-sxemdə göstərilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 saylı fərdi yaşayış evinin 2/5 hissədən 1 otağı X3, X5, 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi X2, 2/5 hissədən 1 otağı Cavabdeh8, 1/5 hissəsi X12, 2/5 hissəsindən qalan hissədən 1/3 hissəsi Cavabdeh10, 2/5 hissəsindən qalan hissədən 1/3 Cavabdeh11, 2/5 hissəsindən qalan hissədən 1/3 hissəsi, Cavabdeh9 mülkiyyətindədir. Tətbiq edilən maddi hüquq Mülki Məcəllə.

20. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

21. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

22. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

35. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

36. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

37. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

38. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

40. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı iş üzrə Ali məhkəmənin qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

42. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında təkrar baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

43. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, tədqiq olan evin texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmədiyi müəyyən edildiyindən tədqiqatın aparılması mümkün olmamış və məhkəmənin müvafiq qərardadı icrasız saxlanılmışdır. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

44. Birinci apellyasiya icraatı zamanı məhkəmə mübahisəyə aydınlıq gətirilməsi üçün xüsusi bilik tələb olunduğunu hesab edərək, iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmişdir.

45. Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli,1725 nömrəli ekspertiza rəyinə əsasən - Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində 12 saylı fərdi yaşayış evindən 1/5 paya yaxın hissəsinin mövcud metodikaya uyğun şəkildə real olaraq ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.

46. “B” literli tikilinin sərbəst giriş-çıxışının olduğunu, yaşayış və yardımçı sahələri olduğunu və sahəsini 1/5 paya yaxın olduğunu nəzərə aldıqda, “B” literli yaşayış evi iddiaçıya ayrıla bilər.

47. Birinci apellyasiya icraatı zamanı apellyasiya instansiya məhkəməsi Ekspertiza Mərkəzinin 16 mart 2018-ci il tarixli məktubuna istinad edərək verilmiş ekspertiza rəyi ilə razılaşmamaqla, iddiaçının payının naturada bölünməsinin texniki tərəfdən mümkün olmaması nəticəsinə gəlmişdir.

48. Eyni zamanda, məhkəmə göstərmişdir ki, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, “B” literli tikilidə digər şəxslər yaşayır.

49. Həmin qərarın ləğv edilməsi barədə Ali Məhkəmə Mülki kollegiyasının 2(102)- 3815/2021 nömrəli, xx.xx.2021-cü il qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

50. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Məcəllənin 220.2-220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

51. Hazırkı işə yenidən apellyasiya qaydasında baxılarkən, Məhkəmənin xx.xx.2021ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tikinti ekpertizası təyin edilmişdir.

52. Məhkəmə Ekspertiza Mərkəzinin 10/7766 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq (texniki pasportda olmayan, sonradan aparılan tikililər nəzərə alınmaqla) B literli yaşayış evini bütünlüklə iddiaçıya verilməklə İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq iddiaçının payı naturada ayrıla bilər. Bölgü zamanı variantı rəyə əlavə olunmuş plan-sxemdə göstərilmişdir.

53. Beləliklə, ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq (texniki pasportda olmayan, sonradan aparılan tikililər nəzərə alınmaqla) B literli yaşayış evi bütünlüklə iddiaçıya verilməklə İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq iddiaçının payının naturada ayrıla bilməsi təsdiq edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.

54. Məhkəmə kollegiyası Cavabdeh4 vəkili Vəkil məhkəmə iclasında qeyd etdiyi cavabdehlərin bəzilərinin yaşayış yerində qeydiyyatda olduqları və mülkiyyət hüquqlarının olmaması barədə dəlili üzrə bildirir ki, həmin hal hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.

55. Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-3815/2021 nömrəli, xx.xx.2021-cü il qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi ekspert rəyinə əsasən iddiaçının payına uyğun olaraq ona ayrılması mümkün hesab edilən tikilidə iş üzrə üçüncü şəxslər Cavabdeh4 və X7 qeyriyyatda olmaqla yaşamalarına istinad etmişdir.

56. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

57. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

58. Göründüyü kimi, kasassiya şikayətinə əsasən işə baxmış Ali Məhkəmə apellyasiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmamışdır.

59. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, paylı mülkiyyətdə olan əmlakdakı payın ayrılmasının mülkiyyətçilərin arasında razılaşmaya əsasən mümkünlüyü MM-in 220.1-ci maddəsində təsbit olunmuşdur. Məhz belə razılaşmanın olmaması (hazırkı işdə olduğu kimi) paylı mükiyyətçiyə MM-in 220.2-ci maddəsinə əsasən öz payının ayrılmasını tələb etmək hüququ verir. Demək ki, digər mülkiyyətçilərin razılığının olmaması MM-in 220.2-ci maddəsinin tələbinə görə əhəmiyyətsizdir. Çünki həmin norma məhz paylı mülkiyyətçilərin arasında payın ayrılmasına dair razılaşmanın olmadığı halda yaranan münasibətləri tənzimləyir.

60. Digər məsələ, yəni həmin (ayrılan) sahədə-payda başqa mülkiyyətçinin və (və ya) başqa istifadə və ya sair hüququ olan, habelə hər hansı hüququ olmayan şəxslərin yaşaması, hətta uzun müddət yaşaması da paylı mülkiyyətin mülkiyyətçisinin MM-in 220.2-ci maddəsində təsbit olunmuş hüququnun təmin olunmasına, başqa sözlə desək, həmin normada onlar üçün müəyyən olunmuş hüquqlarının həyata keçirilməsinə maneə sayıla bilməz. Bu hal, olsa-olsa payın ayrılmasından sonra payı ayrılmış mülkiyyətçi ilə ayrılan sahədə yaşayan həmin şəxslər arasında yaranan yeni münasibətlərin və (və ya) mübahisələrin (mənzil kirayəsi, istifadə hüququna xitam verilməsi, həmin hüququn itirilmiş hesab olunması, mənzildən çıxarma və s.) predmeti ola bilər.

61. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerində müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən iddianın rədd olunması barədə səhv qənaətə gəlmiş, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır.

62. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

64. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evi naturada ayrılmalıdır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

66. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (10+5=15) iddiaçının xeyrinə və ekpertiza tədqiqatlarının dəyəri (100+100=200) manat cavabdehlər X11, X8, X9 və X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evi naturada ayrılsın. Cavabdehlər X11, X8, X9 və X1 müştərək qaydada iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (10+5=15) 15 (on beş) manat dövlət rüsumu tutularaq iddiaçıya, ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar