Məhkəmə qərarları › İş №2(103)-670/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-670/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-670/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili Vəkil2, Cavabdehlər “Dr.X4 Cafe Restaurant Sanayi Və Ticaret” Limited Şirkətinin və Cavabdeh1 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X14 LTD” şirkətinə qarşı borc müqaviləsinin və barışıq razılaşmasının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(007)- 2657/2019 saylı qətnaməsindən Cavabdeh1 və “Dr.X4 Cafe Restaurant Sanayi Və Ticaret” Limited Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və “Dr.X5 Cafe Restuarant Sanayi və Ticarət Limited” Şirkətinə (bundan sonra Şirkət) qarşı iddia qaldıraraq, onunla Cavabdeh1 arasında notarial qaydada bağlanmış 15 may 2013-cü il tarixli borc müqaviləsinin və 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.M.Əhmədova) iddia təmin edilərək, tərəflər arasında notarial qaydada bağlanmış 15 may 2013-cü il tarixli borc müqaviləsinin və 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasının etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 15 may 2013-cü il tarixli borc müqaviləsinə əsasən, Sevda Əzimova 15 yanvar 2014-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 165.000 ABŞ dolları məbləğində borc pul alıb. 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasına əsasən, Cavabdeh1 15 may 2013-cü il tarixli borc müqaviləsi üzrə Sevda Əzimovaya verdiyi 165.000 ABŞ dolları məbləğində pul vəsaitinin güzəştli şərtlərlə qaytarılmasına dair razılığa gəlib. Tərəflər arasında borc müqaviləsi imzalandıqdan sonra Sevda Əzimovanın maddi vəziyyətində baş vermiş dəyişiklikləri nəzərə alaraq Cavabdeh1 qaytarılacaq borcun məbləğində güzəştə gedib və razılaşmanın bütün şərtləri yerinə yetiriləcəyi halda tərəflər qarşılıqlı razılaşma əsasında qaytarılacaq borcu 125.000 ABŞ dolları məbləğində müəyyən edib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, İddiaçı “X13” əmtəə nişanlı yataq dəstləri mağazasından məhsul alaraq, həmin məhsulları satmaq üçün Azərbaycan Respublikasına gətirib və həmin məhsulları satdıqdan sonra, yenidən həmin mağazadan bir neçə dəfə mal alıb və onların Bakı şəhərində satışını həyata keçirib. Bundan sonra İddiaçı “X13” məhsullarının Azərbaycan Respublikasında təmsilçiliyini həyata keçirmək üçün Zeki Baydemir adlı şəxsin vasitəçiliyi ilə özlərini Şirkətin rəhbərləri kimi təqdim edən Vedat Akbulut və Ömer Turanla görüşüb. Tərəflər arasında əldə olunmuş şifahi razılaşmaya əsasən, İddiaçı Şirkətdən məhsulları nisyə alır və satdıqdan sonra pulunu ödəyəcəyini öhdəsinə götürür. Tərəflərin şifahi olaraq razılaşdıqları nisyə alqı-satqı müqaviləsinin təminatı olaraq İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013-cü il tarixli borc müqaviləsi bağlanır. Həmin razılaşmaya əsasən, İddiaçı Cavabdeh1 165.000 ABŞ dolları məbləğində borc pul alır və aralarında olan şifahi razılaşmaya uyğun olaraq ticarət edirlər. Lakin sonradan onlar arasındakı ticarət münasibətləri pozulur. Cavabdeh1 məhkəmədə İddiaçı qarşı “borc pul tələbinə dair” iddia qaldırır. Bundan sonra tərəflər arasında 06 fevral 2018-ci il tarixli barışıq razılaşması bağlanır və Cavabdeh1 öz iddiasını geri götürür. Həmin barışıq razılaşmasına əsasən, İddiaçı qaytarmalı olduğu borcun məbləği 125.000 ABŞ dolları müəyyən edilir. Daha sonra tərəflər bir müddət ticarət etsə də, Şirkət daha İddiaçı nisyə mal vermir və 2018-ci ilin dekabr ayından İddiaçı Şirkətlə ticarət əlaqələrini dayandırır. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013cü il tarixli borc müqaviləsi bağlansa da, İddiaçı ümumiyyətlə Cavabdeh1 tanımayıb və onlar arasında borc hüquqi münasibətləri olmayıb. Həmin borc müqaviləsi İddiaçı ilə sözügedən Şirkət arasında bağlanmış nisyə alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanıb. Bundan başqa həmin Şirkətin hazırki iddia tələbi ilə heç bir bağlılığı yoxdur.Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1-324.5, 337.1- 337.4, 340.2, 354.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.5, 337.1, 337.3, 340.2, 404.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər qətnamədən birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (Hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) 2(102)-3368/2021 saylı, 14.09.2021ci il tarixli, qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və “Dr.X5 Cafe Restuarant Sanayi və Ticarət Limited” Şirkətinin birgə verdikləri kassasiya şikayəti təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(103)-3495/2020 saylı qətnaməsi ləğv edilməsi, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya baxışı zamanı cavabdehlərin vəkili onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir və izahatında göstərmişdir ki, Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, oğlu Natiq Əhmədov uzun illər Türkiyədə, hal-hazırda isə Rusiyada türk şirkətinin təmsilçiliyini yerinə yetirir. Həmin şirkət təqribən 2013-cü ilin ortalarına qədər Azərbaycanda Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərində fəaliyyət göstərmişdir. 2013-cü ilin aprel-may aylarında oğlu Natiq ona bildirmişdir ki, çalışdığı şirkət Azərbaycanı tərk edir. Şirkətin rəhbərliyi Sevda adlı qadınla qarşılıqlı razılaşmaya gəlmişdir ki, şirkət Türkiyədən satış üçün Azərbaycana gətirdiyi malların qalıb satılmamış hissəsini Sevda adlı xanıma nisyə şəklində aşağı qiymətlərlə təhvil verir ki, həmin xanım malı satdıqca pulunu şirkətə göndərsin. Şirkətlə Sevda adlı qadının arasında belə razılaşma olmuşdur ki, Sevdaya verilən mallar nisyə olduğundan, verilən malın dəyərində onunla şirkətin etibar etdiyi bir şəxs arasında borc müqaviləsi bağlansın. Şirkət rəhbərliyinin və oğlu Natiqin xahişi ilə o, 15 may 2013-cü il tarixdə İddiaçı ona 165000 ABŞ dolları məbləğində borcunun olmasına dair müqavilə imzalamışdır. Bu borc həqiqətdə İddiaçı şirkətdən satış üçün nisyə götürdüyü malın dəyəri olmuşdur. Beləliklə, o, faktiki olaraq İddiaçı türk şirkətindən nisyə götürdüyü malın dəyərinin qaytarılmasında hər iki tərəfin razılığı ilə təminatçı rolunda çıxış etmişdir. 2017-ci ilin ortalarında oğlu Natiq və onun çalışdığı şirkətin nümayəndəsi ona bildirmişlər ki, İddiaçı şirkətə olan borcunu ödəməkdən yayınır. Buna görə də şirkət rəhbərliyi ondan xahiş etmişdir ki, 15 may 2013cü il tarixli müqavilədə göstərilmiş 165000 ABŞ dolları məbləğində pulun tələbi ilə bağlı İddiaçı qarşı məhkəmədə iddia qaldırsın. Buna görə də o, 2017-ci ilin oktyabr ayında Xətai Rayon Məhkəməsində İddiaçı qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmış, məhkəmə baxışının gedişində İddiaçı türk şirkəti ilə razılığa gəlmiş, onun şəhid ailəsinin üzvü olması və maddi vəziyyətinin ağır olması nəzərə alınaraq borc məbləği 120000 ABŞ dollarına endirilmişdir. Buna görə də onların arasında barışıq razılaşması imzalanmış və o, iddia tələbini geri götürmüşdür. Hesab edir ki, onlar arasında bağlanan borc müqaviləsi və barışıq razılaşması qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və tərəflərin iradə ifadəsini əks etdirmişdir. Məhkəmə isə barışıq razılaşmasının mahiyyətinə uyğun qiymət verməyərək iddiaçının həqiqətə uyğun olmayan subyektiv mülahizələrinə əsaslanmışdır. Bundan əlavə 15 may 2013-cü il tarixli müqavilənin icrası ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində aralarında mübahisə yaranan zaman cavabdeh qismində çıxış edən İddiaçı mövcud olan borcu təsdiq etməklə həmin əqdə dair mübahisə etmək hüququnu itirmişdir. Beləliklə, iddiaçı barışıq razılaşmasını imzalayaraq borcu olduğunu etiraf etmiş, digər tərəfdən məhkəməyə yalan ifadələr verərək mövcud olan borcu gələcəkdə göstərilmiş nisyə mal dövriyyəsinin həyata keçirilməsinə dair üzərinə götürdüyü öhdəlik kimi təqdim edərək məhkəməni aldatmış, borc müqaviləsinin və barışıq razılaşmasının həqiqi mahiyyətinə zidd hərəkətlər etməklə başqasının əmlakının ələ keçirilməsinə hüquqi don geyindirməyə cəhd etmişdir. Eyni zamanda məhkəmə qətnamədə borc müqaviləsinin və barışıq razılaşmasının etibarsızlığına dəlalət edəcək hər hansı sübut növünə istinad etməmişdir, çünki istinad edilə biləcək sübut olmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, qətnamə ləğv edilərək iddia tələbi rədd edilməlidir. “Dr.X4 Cafe Restaurant Sanayi Və Ticaret” Limited Şirkətinin apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, şirkət Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərərək orada istehsal olunmuş tekstil əşyalarının ölkə daxilində və xaricində satışını həyata keçirir. 2013-cü ilin aprel ayında şirkətdə müəyyən problemlər yaranmış və şirkət Bakıdakı fəaliyyətini dayandırmalı olmuşdur. O səbəbdən Türkiyədən gətirilmiş malları geri qaytarmamaq üçün aşağı qiymətə verilməsinə dair İddiaçı ilə razılaşmışlar və onlar arasında təhvil-təslim sənədləri imzalanmışdır. Bundan sonra İddiaçı bir sıra ödənişlər etmiş, onun 15 may 2013-cü il tarixə 170100 ABŞ dolları məbləğində borcu qalmışdır. Şirkət tərəfindən isə İddiaçı xahişi nəzərə alınaraq ümumi borcu 165000 ABŞ dollarına endirərək müqavilə imzalanmışdır. Borc müqaviləsi bağlanandan sonra da şirkət iddiaçıya əlavə olaraq 110045 ABŞ dolları məbləğində satmaq üçün mal göndərmiş, İddiaçı da əvəzində şirkətə 92282 ABŞ dolları məbləğində ödənişlər etmişdir. Lakin sonradan ödənişlərdən yayınmışdır. Bu səbəbdən 2018-ci ilin ortalarında ona qarşı borc tələbinə dair iddia qaldırılmış, iddiaçı isə borcun ödənilməsindən yayınmadığını, güzəştə gedərək bir il ərzində borcunu tam qaytaracağına söz vermişdir. Məhkəmə isə qeyd olunan halları nəzərə almayaraq əsassız qətnamə qəbul etmiş, müqavilənin və razılaşmanın etibarsızlığına səbəb olan halların nədən ibarət olmasını qətnamədə əsaslandırmamış, yalnız iddiaçının mülahizələrini nəzərə alaraq iddia tələbini təmin etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili iddia ərizəsi ilə oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-3368/2021 saylı, 14.09.2021-ci il tarixli qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, müəyyən olunur ki, 15 may 2013-cü il tarixli notarial qaydada bağlanmış borc müqaviləsinə əsasən İddiaçı 15 yanvar 2014-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 165.000 ABŞ dolları (manata məzənnədə 129.525 manat) məbləğində borc pul alıb. Bundan sonra, İddiaçı borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 məhkəmədə İddiaçı qarşı “pul tələbinə dair” iddia qaldırıb və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qərardadı ilə tərəflərin məhkəmə iclasına gəlməmələri əsasına görə iddia baxılmamış saxlanılıb. Daha sonra, tərəflər arasında notarial qaydada bağlanmış 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasına əsasən, borc müqaviləsi imzalandıqdan sonra İddiaçı maddi vəziyyətində baş vermiş dəyişikliklər nəzərə alınaraq Cavabdeh1 qaytarılacaq borcun miqdarında güzəştə gedilərək, bu razılaşmanın bütün şərtləri yerinə yetiriləcəyi haldı tərəflər qarşılıqlı razılaşma əsasında qaytarılacaq borcu 125.000 ABŞ dolları məbləğində müəyyən etmişlər. Eyni zamanda, tərəflər razılığa gəlmişlər ki, 125.000 ABŞ dolları 31 may 2019-cu il tarixədək tam şəkildə Cavabdeh1 qaytarılacaqdır. Yəni, İddiaçı 125.000 ABŞ dollarının 100.000 ABŞ dollarını 31 dekabr 2018-ci il tarixədək, qalan 25.000 ABŞ dollarını isə 31 may 2019-cu il tarixədək Cavabdeh1 qaytaracağını öhdəsinə götürmüşdür. Razılaşmada göstərilmiş şərtlərin pozulması, bu razılaşmanın qüvvədən düşməsinə və tərəflər arasındakı öhdəliklərin 15 may 2013-cü il tarixli borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə səbəb olacaqdır. Hazırda İddiaçı, Cavabdeh1 əvvəllər tanımadığını, onunla arasında hər hansı borc hüquqi münasibətlərin olmadığını, borc müqaviləsinin, habelə barışıq razılaşmasının Şirkətlə aralarında “X13” əmtəə nişanla yataq dəstləri mağazasının satış təmsilçiliyinin həyata keçirilməsi və aralarında yaranmış işgüzar münasibətlər üzrə illik nəzərdə tutulmuş dəyərdə malların alınmasını təmin etmək məqsədilə bağlandığını göstərib, borc müqaviləsinin və barışıq razılaşmasının etibarsız hesab edilməsini iddia etmişdir. Cavabdeh1 isə sözügedən Şirkətin 2013-cü ilin ortalarınadək Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində fəaliyyət göstərdiyini, ölkəni tərk edərkən həmin şirkətin, malların satılmamış hissəsini nisyə aşağı qiymətlərlə satıb pulunu Şirkətə göndərmək üçün İddiaçı təhvil verdiyini, eyni zamanda Şirkətdə çalışan oğlu Natiq Əhmədovun tapşırığı ilə nisyə satılmış malın dəyərində İddiaçı ilə notarial qaydada təsdiq edilməklə 165.000 ABŞ dollarına dair borc müqaviləsi bağladığını, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırdığını, lakin sonradan Şirkətin rəhbərliyi ilə razılığa gəldiyi üçün onunla İddiaçı arasında notarial qaydada təsdiq edilməklə 125.000 ABŞ dollarına dair barışıq razılaşmasının bağlandığını, borc müqaviləsinin və barışıq razılaşmasının etibarsız hesab edilməsi üçün əsasların olmadığını göstərib, iddiaya etiraz etmişdir. Şirkət də iddia ilə razılaşmayıb qeyd etmişdir ki, 2013-cü ilin aprel ayında Bakı şəhərində fəaliyyətini dayandırmalı olub və bu səbəbdən də satış üçün Türkiyədən gətirdiyi və satılmamış malları nisyə satıb pulunu Şirkətə ödəmək şərti ilə İddiaçı ilə razılığa gəlib. Bunun üçün topdan satış qiyməti 321.188,7 ABŞ dolları olan malları təqribən 21 faiz endirimlə, yəni 250.000 ABŞ dollarına İddiaçı təhvil veriblər və bu barədə aralarında təhvil-təslim haqqında sənəd imzalanıb. Sonradan İddiaçı satılan malın dəyərinin bir hissəsini Şirkətə ödəsə də, nəticədə 165.000 ABŞ dolları məbləğində borcu qalıb. Şirkətlə İddiaçı arasında olan qarşılıqlı razılaşmaya əsasən qalan borca görə sonuncu ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanıb. Sonradan qarşılıqlı razılaşmaya əsasən borcun məbləği 125.000 ABŞ dollarına endirilib və İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq edilməklə barışıq razılaşması bağlanıb və borcun son qaytarılma müddəti 31 may 2019-cu il tarixədək müəyyən edilib. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur.Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin ümumi anlayışından bəhs olunur. Həmin maddəyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifadəsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ikitərəfli əqdlər, ikidən çox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfli əqdlər meydana gəlir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır (Mülki Məcəllənin 337.1-ci maddəsi). Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3, 337.4-cü maddələri). Həmin Məcəllənin 390.1-ci maddəsində isə göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əqdlərin etibarsızlığına səbəb ola biləcək şərtlər isə Mülki Məcəllənin 337-354-cü maddələri ilə əhatə olunub. Hazırki halda, istər 15 may 2013-cü il tarixli borc müqaviləsinin, istərsə də 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasının tərəflərin iradəsinə uyğun olmaması ilə bağlı hallar müəyyən olunmur.Belə ki, iddiaçı, borc müqaviləsinin, barışıq razılaşmasının Şirkətlə aralarında “X13” əmtəə nişanlı yataq dəstləri mağazasının satış təmsilçiliyinin həyata keçirilməsi və aralarında yaranmış işgüzar münasibətlər üzrə illik nəzərdə tutulmuş dəyərdə malların alınmasını təmin etmək məqsədilə bağlandığını göstərdiyi halda, cavabdehlər sözügedən borc müqaviləsinin və barışıq razılaşmasının Şirkət tərəfindən iddiaçıya nisyə verilmiş malların satış pulunun Şirkətə ödənilməsini təmin etmək məqsədilə bağlandığını göstərmişlər. İddiaçının irəli sürdüyü arqumentlərdən fərqli olaraq, cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri faktlar işin 39-67-ci vərəqələrində olan 250.000 manat dəyərində malların İddiaçı tərəfindən imza edilməklə Şirkətdən təhviltəslim alınmasına dair sənədlərlə təsdiq olunur və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. Mülki Prosessual Məcəllənin 88 və 217.3-cü maddələrinin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış borc müqaviləsinin və barışıq razılaşmasının yalan əqd olmaqla, başqa əqdi pərdələmək məqsədi ilə bağlanması qənaətinə gəlsə də, gəldiyi nəticəni Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərinə uyğun olaraq kifayət qədər əsaslandırmayıb və həmin əqdlərin pərdələdiyi başqa əqdin mahiyyətinə varmayıb. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə müqavilə- tərəflərin hansısa hüquqi nəticə əmələ gətirmək üçün biri-birinə uyğun olan iradə ifadələrinin təzahürüdür. Sadalanan normalar, qanunda zəruri forma şərti (yazılı sənədin tərtibi, hər iki tərəfin mühüm şərtlər barədə sənəddə əks olunan iradə bəyanları və s.) tələb olunan müqavilələrin həmin formada bağlanmaması (Mülki Məcəllənin 329, 405.1, 406.1-ci maddələri və sair), habelə tərəflərin əslində əmələ gətirmək istədikləri hüquqi nəticədən fərqli əqd sənədləşdirmələri (Mülki Məcəllənin 340.2-ci maddəsi) hallarında bağlanmış müqavilələrin etibarsız sayılmasını nəzərdə tutur. Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və s.) cavab vermirsə həmin əqd də etibarlı sayılmır (Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsi). Mülki Məcəllənin 351.1, 351.2 və 351.3-cü maddələrinin mənasına görə, əhəmiyyətsiz əqd həqiqətən bağlandığı andan etibarsız sayılsa da, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən baglanması kimi qiymətləndirilməlidir. Eyni zamanda, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Göründüyü kimi əhəmiyyətsiz əqdi bağlayan şəxs tərəfindən həmin əqdin sonradan təsdiq edilməsi əqdin yenidən bağlanması hesab olunur. Həmin əqd üzrə tərəflərin hüquq və vəzifələri əvvəlki əqdin bağlanıldığı vaxtdan deyil, həmin əqdin təsdiq edildiyi vaxtdan yaranır. Mülki Məcəllənin 351.4-cü maddəsi bu qaydanı ikitərəfli əqdlərə də aid etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə (mübahisə edilən əqd) həmin əqd bağlandığı andan etibarsızdır. Lakin, məhkəmə qanunda konkret göstərilən əsaslarla mübahisə edilən əqdi də həqiqi saya bilər. Bunun üçün Mülki Məcəllənin 351-ci maddəsində göstərilən əsaslar olmalıdır. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik olan şəxs təsdiq edirsə, bununla o, gələcəkdə əqdi mübahisələndirmək hüququnu itirir. Mübahisə edilən əqdin mübahisə etmək hüququna malik olan şəxs tərəfindən təsdiq edilməsinə formal yanaşmaq olmaz və Mülki Məcəllənin 351.5-ci maddəsinə görə mübahisə edilən əqdin təsdiq edilməsi yalnız o, zaman etibarlı olur ki, əqd müqavilə və əxlaq tələblərinə zidd olmasın və yaxud üçüncü şəxslərin mənafeyini pozmasın. Mübahisə edilən əqdlərin Mülki Məcəllədə müəyyən olunmuş hallarına nəzər saldıqda məlum olur ki, tərəflərin əqdi mübahisələndirmək hüququ qanunla məhdudlaşdırılmışdır. Belə ki, tərəf əqdi mübahisələndirmək üçün əsasların olmasını bildikdə və yaxud bilməli olduqda, lakin öz davranışı ilə bu əqdin saxlanılmasını nümayiş etdirib, sonradan onun həmin əqdi mübahisələndirməsi, əqd bağlanıldıqdan sonra tərəflərin davranışları əqdin etibarlılığına əsas verdikdə, tərəfin sonradan əqdin etibarsızlığını irəli sürməsi və sair əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilməyə bilər.Tərəflər arasında notarial qaydada bağlanmış barışıq razılaşmasının etibarlılığına sözügedən maddələrin tələblərinə uyğun olaraq hüquqi qiymət verməklə hazırki halda, İddiaçı əvvəl Cavabdeh1 ilə əhəmiyyətsiz əqd bağlamış olsa da, sonradan sonuncu ilə barışıq razılaşması bağlamaqla əslində onu təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 və “Dr.X4 Cafe Restaurant Sanayi Və Ticaret” Limited Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(007)- 2657/2019 saylı qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar