Məhkəmə qərarları › İş №2(103)-6701/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6701/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6701/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə “İddiaçı” X1 Fikrət Həsən oğluna qarşı “zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “İddiaçı” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adı çəkilən şəxsin İB-nə vurduğu 4942,50 manat zərərin əvəzinin, 936,60 manat debitor borcun və 30 manat dövlət rüsumunun, yəni cəmi 5909,10 manatın ondan “İddiaçı” İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı” İB iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 22.12.2017-ci il tarixdə T/17123 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış, “İddiaçı” İB cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh qazdan qeyri-qanuni istifadə etdiyindən Birliyin əməkdaşları tərəfindən 21.10.2016-cı il tarixli ******* saylı akt əsasında 172,10 manat, 15.02.2017-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, 30.03.2017ci il tarixli ******* saylı akt əsasında 278,80 manat, 04.12.2017-ci il tarixli ******* saylı akt əsasında 360,60 manat, 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 816,60 manat, 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 151,60 manat, 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat, 19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 16.05.2018-ci il tarixli ******* saylı akt əsasında 61,40 manat, 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 140,40 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, 31.01.2019cu il tarixli ******* saylı akt əsasında 131,40 manat, 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla cəmi 4942,50 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmış, eyni zamanda onun 2016cı ilin oktyabr ayına qədər istifadə etdiyi qaza görə ödəmədiyi 936,60 manat borcu qalmışdır. Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi MN №0486083 nömrəli 07.03.2020-ci il tarixli protokolla və MN № ******* nömrəli 10.03.2020-ci il tarixli qərardadla sübuta yetirilmişdir və buna görə də ümumilikdə 5879,10 manat olan borc məbləği, həmçinin dövlət rüsumunun əvəzi ondan tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 21.10.2016-cı il tarixli ******* saylı akta əsasən 172,10 manat dəymiş zərərin və 936,60 manat qalıq borcun, həmçinin 30 manat dövlət rüsumunun, yəni cəmi 1138,70 manatın “İddiaçı” İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən “İddiaçı” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmayan hissəsində - ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən “İddiaçı” İB-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır. İş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına əsasən, ünvan 2 ünvanında yerləşən evdə yaşayan Cavabdeh “İddiaçı” İB-nin abonentidir; 22.12.2017-ci il tarixdə onunla “İddiaçı” İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, bununla belə o, 2010-cu il tarixindən etibarən təbii qazı istehlak etmiş, “İddiaçı” İB-nin əməkdaşları tərəfindən 21.10.2016-cı il tarixdə ******* saylı; 15.02.2017-ci il tarixdə ******* saylı, 30.03.2017-ci il tarixdə ******* saylı, 04.12.2017-ci il tarixdə ******* saylı; 24.01.2018-ci il tarixdə ******* saylı; 09.02.2018-ci il tarixdə ******* saylı; 15.03.2018-ci il tarixdə ******* saylı; 19.04.2018-ci il tarixdə ******* saylı; 16.05.2018-ci il tarixdə ******* saylı; 28.06.2018-ci il tarixdə ******* saylı; 30.11.2018ci il tarixdə ******* saylı; 28.12.2018-ci il tarixdə ******* saylı; 31.01.2019-cu il tarixdə ******* saylı; 28.02.2018-ci il tarixdə ******* saylı; 29.03.2019-cu il tarixdə ******* saylı; 30.04.2019-cu il tarixdə ******* saylı; 30.05.2019-cu il tarixdə ******* saylı; 29.11.2019-cu il tarixdə ******* saylı; 30.12.2019-cu il tarixdə ******* saylı; 30.01.2020-ci il tarixdə ******* saylı; 28.02.2020-ci il tarixdə ******* saylı; 30.03.2020-ci il tarixdə ******* saylı aktlar tərtib olunaraq həmin aktlarda Cavabdeh qazdan sayğacdan kənar istifadə etdiyi göstərilmiş və ona ümumilikdə 4942,50 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan abonent saldosundan aydın olur ki, cavabdehin barəsində 21.10.2016-cı il tarixdə ******* saylı akt tərtib edilənə və onunla qazdan istifadəyə görə müqavilə bağlanana qədər də o, təbii qazı istehlak etmiş, 21.10.2016-cı il tarixinə kimi sayğac göstəriciləri əsasında onun 936,60 manat borcu yaranmış, yuxarıda qeyd edildiyi kimi bu xüsusat cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmin abonent saldosundan həmçinin aydın olur ki, cavabdehin yaşadığı evə 27.04.2020-ci il tarixdə sayğac quraşdırılmış, 21.10.2016-cı il tarixdən 27.04.2020-ci il tarixinə qədər o, qazdan istifadəyə görə ümumiyyətlə ödəniş həyata keçirməmiş, sayğacın quraşdırıldığı tarixdən sonrakı ay ərzində 121 m3 qaz istehlak etmişdir. Birinci instansiya məhkəməsi “21.10.2016-cı il tarixli akt istisna olmaqla, digər aktlar əsasında cavabdehin qaz sayğacından kənar qazdan qeyri-qanuni istifadə etməsinin sübuta yetirilmədiyini” vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmənin qənaəti işin hallarına uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə görə isə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin yuxarıda göstərilən müəyyən olunan hallarına görə cavabdeh təbii qazdan 2010-cu ildən etibarən istifadə etsə də, onunla müqavilə 22.10.2017-ci il tarixdə bağlanmış, 21.10.2016-cı il tarixdə onun qazdan sayğacdan kənar istifadə etdiyi və bu tarixədək 936,60 manat borcunun yarandığı müəyyənləşdirilmiş, 27.04.2020-ci il tarixinə qədər onun evinə sayğac quraşdırılmamış, qazdan sayğacdan kənar istifadə etdiyi məlum olduğu halda hər ay onun barəsində formal aktlar tərtib edilmiş, beləliklə də qazdan sayğacsız istifadə etməsinə bilavasitə “İddiaçı” İB-nin əməkdaşları tərəfindən şərait yaradılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, müvafiq dövrdə Cavabdeh qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti “İddiaçı” İB-nin öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olunmalıdır və məhkəmənin, yalnız ilk akta görə hesablanmış ödəniş məbləğinin ondan tutulmalı olması qənaəti həm qanunvericiliyə, həm də işgüzar adətlərə uyğundur. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə (birinci akt istisna olmaqla) hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir və istinad etdiyi aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4324/2020 saylı iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği “İddiaçı” İB-nə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar