Məhkəmə qərarları › İş №2(103)-6702/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6702/2024

10.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6702/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin X1rşı əmrin ləğvi, xidmətə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin X1rşı əmrin ləğvi, xidmətə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(009)-2392/2024 nömrəli qərardadından İddiaçı şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının 03 sentyabr 2024-ci il tarixli ehtiyata buraxılma haqqında əmrinin ləğv edilməsi, xidmətə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 07 mart 2014-cü ildən etibarən Azərbaycan Respublikası Sərhəd Qoşunlarının tabeliyində olan N saylı hərbi hissədə X8 Məntəqəsinin xüsusi texnikalar üzrə baş texniki vəzifəsinə qəbul olmuş, faktiki olaraq isə X10 Şöbəsində məsul icraçı vəzifəsini icra etmişdir. 2015-ci ildən 2018-ci ilin dekabrına qədər eyni vəzifədə olmuş. 2018-ci ildən etibarən X7 Diviziyasının MTT şöbəsinin ərzaq bölməsinin əsgər yeməkxanasının baş aşpazı, 2022-ci ilin avqust ayından etibarən X7 Diviziyasının MTT şöbəsinin silah-sursat bölməsinin məsul icraçısı, 2023-cü ilin iyul ayında X7 X4 üzrə Şöbəsinin baş məsul icraçısı, 2024-aprelin 1-də X7 X3 Komendantlığında məsul icraçı vəzifələrində xidmət etmişdir. 2022-ci ilin dekabrında X7 Diviziyasınıın komandiri X9 xidmətə başladığı ilk günlərdən ona qarşı qeyri-müəyyən, anlaşılmaz davranışlar sərgiləməyə başlamışdır. 2023-cü ilin fevral ayından aprel ayına qədər onu xidməti müqavilənin müddətini artırmayacağı ilə hədələmiş, sonradan böyük minnətlər qoyaraq müqavilənin müddətini artırmışdır. 2024-cü ilin fevral ayının 12-də komandirin çay otağında aralarında əsassız olaraq onu məzuniyyətə buraxmadığına görə söz-söhbət baş vermişdir. Onun təsiri və ya verdiyi yalan məlumatlarla Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanı araşdırma aparmadan, əsassız olaraq onun barəsində 03 sentyabr 2024-ci il tarixli ehtiyata buraxılma haqqında əmr imzalamışdır. Hesab edir ki, əmr tatamilə qanunsuzdur və ləğv edilməlidr. O, əmək müqaviləsi üzrə bütün əmək funksiyalarına və müqavilə üzrə öhdəlikləri vicdanla və dəqiq yerinə yetirmiş, işlədiyi dövrdə bir dəfə də olsun barəsində hansısa bir intizam tədbiri görülməmişdir.

3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(009)- 2392/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü mübahisə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə dair işlər kateqoriyasına aid olduğundan iddia ərizəsinin qəbulundan imtina edilməli, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir.

5. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, hakim iddia ərizəsinin əmək mübahisələrindən irəli gələn iddiaya inzibati mübahisə kimi yanaşmış və səhv qərar qəbul etmişdir. İddia ərizəsini “Ehtiyata buraxılma haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqı” tələbi barədə iddia kimi adlandırlmasına baxmayaraq məhkəmənin qərardadında dəfələrlə iddia ərizəsinin “əmrin ləğvi və s.” tələbinə dair iddia olaraq adlandırılmış və bundan başlayaraq iddia ərizəsinin mahiyyəti ilə bağlı qərardad çıxarılmışdır. Göründüyü kimi iddia ərizəsi əmək mübahisələrindən irəli gəlir. Qanunvericiliyə görə hərbi qulluqçuların əmək mübahisələrinə cavabdehin ərazi aidiyyatı üzrə ümumi məhkəmələrdə baxılır. Bundan başqa məhkəmə hansısa inzibati aktın deyil, məhz əmək münasibətlərinə xitam verən əmrin ləğvindən söhbət getdiyi halda hakim səhv yanaşma göstərmiş və işi geri qaytarmışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, e-2(009)- 2392/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.3. hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Maddə 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

10. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Qərarı: AR Dövlət Sərhəd Xidməti inzibati orqanların təsnifatına daxil edilmişdir (sıra 37).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. AR İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

12. Hazırkı işin materiallarında da göründüyü kimi, iddiaçı öz idddia ərizəsində cavabdeh qismində AR Dövlət Sərhəd Xidmətini göstərmişdir. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Qərarının 37-ci bəndindən göründüyü kimi isə AR Dövlət Sərhəd Xidməti inzibati orqanların təsnifatına daxil edilmişdir.

13. Belə olan halda cavabdeh inzibati orqan olduğundan və buna görə də iddia tələbi iinzibati qaydada baxılan iddialara aid edildiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın qəbulundan imtina etmişdir.

14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(009)- 2392/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(009)- 2392/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar