Məhkəmə qərarları › İş №2(103)-6703/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6703/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6703/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-58/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk İddiaçı Cavabdeh və 3-cü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun olmayan tikilmiş evin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 20 may 2011-ci il tarixli, 4Ə/4-450 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi dəyəri ödənilməklə satıcı Məmmədov Fərman Eyvaz oğlu tərəfindən ona satılmışdır. Alıq-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra mülkiyyət hüquqlarının dövlət qeydiyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət olunmuş və AR ƏMDK yanında DƏDRX tərəfindən onun adına mülkiyyət hüququna dair 13.07.2011-ci il tarixli, seriya MA, ******* nömrəli çıxarış verilmişdir. Bununla da onun qanunla qorunan və tanınan mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmışdır. O, Rusiya Federasiyasıının vətəndaşı olaraq həmin ölkədə yaşadığı üçün mütamadi olaraq Azərbaycxan Respublikasına gedib gəlir. Növbəti gəlişlərinin birində qonşuluqda yerləşən tikilinin sökülməsi və yerində yeni tikilinin inşasına başlanmasının şahidi olmuşdur. Aparılan tikinti işləri ilə vizual tanış olduqda yeni tikilinin divarlarının onun mülkiyyətində olan əmlakın divarına və hasarına bitişik aparılması müəyyən olundu. Daha sonra tərəfindən Sabunçu rayon İcra Hakimyyətinə müraciət olundu və qanunsuz aparılan tikintinin qarşısının alınmasını tələb etmişdir. Sabunçu rayon İcra Hakimiyyəitinin səlahiyyətli şəxsləri tərəfindən yerinə baxış keçirildi və tikintini həyat keçirən şəxsə tikintinin layihəyəyə uyğun tikilməsi və onun əmlakıyla ara məsafəsinin saxlanılması tələb edilmişdir. Tikilməkdə olan tikilinin mülkiyyətiçisi tərəfindən ona bildirilmişdir ki, heç bir problem yoxdu, tikintini icra orqanına təqdim edilmiş layihə əsasında aparacağını və onun əmlakıyla ara məsafəsinin saxlanacağını vəd etmişdir. Bundan sonra o Rusiya Federasiyasına qayıtmışdır. Lakin bir müddətdən sonra qohumları tərəfindən telefonla ona bildirilmişdir ki, qonşu tikintini davam etdirmiş, layihəyə uyğun həyata keçirməmiş və nəticədə evi tikib qurtarmış, yeni tikilən binanı onun əmlakına birləşdirərək inşa etmişdir. Beləliklə də hesab edir ki, cavabdeh tərəfindən həyat keçirilmiş tikintini layihəyəyə uyğun tikməmiş, tikinti və şəhərsalma qanunvericiliyinin normalarının tələblərini pozmuşdur, ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qanunsuz tikilən evin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərəfindən ünvan 2 ünvanda inşa edilən evin tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun olmadığından cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarışılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən ona və ilk iddiaçıya məxsus 1 saylı və 2 saylı mənzillər elə əvvəldən bitişik olmuşdur. Həmin evlərə «amerikanka» adı verilmişdir. Həmin Bakıxanov qəs. R.Qəmbərov küç. 35/1 saylı evin əvvəlki sahibi aldığı evi sökərək sökdüyü evin yerində 4 mərtəbəli ev tikmiş və cavabdehin evi ilə ara məsafəsi saxlamamışdır. Halbuki onun layihəsində mənim evimlə ara məsafəsi 3,5 metr göstərilmişdir. Qarşılıq iddia üzrə cavabdeh iddia ərizəsində göstərir ki, guya Cavabdeh öz evini söküb yerində ev tikmiş, halbuki bu belə deyil. O, evini sökməmiş və onun üzərində ikinci mərtəbəsini tikmişdir. Bu barədə Sabunçu rayon İcra Hakimiyyətinin sərəncamı və təsdiq olunmuş layihə vardır. Onun keçmiş qonşusu qabaq daş hasarı 40 sm. ölçüdə onun həyətinə tərəf çıxarmışdır. Cavabdeh evin ikinci mərtəbəsini qaldırmamışdan qabaq cavabdehin atası ilə söhbət etmiş və onun şifahi razılığını almış və evin ikinci mərtəbəsini tikib qurtarmışdır. Üstündən səkkiz ay keçdikdən sonra cavabdeh ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh ona qarşı idda qaldıranda özü də bilir ki, əvvəllər bu evlər bitişik olmuşdur, indi də bitişikdir, onun aldığı ev Cavabdeh evinin arasında ara məsafəsi olmalı idi. Onun evinin də Cavabdeh evinin ara məsafəsi yoxdur, deməli İddiaçı evi də sökülməlidir. Beləliklə də hesab edir ki, cavabdeh İddiaçı evinin tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun deyil, həmin ev sökülməli və arxaya çəkilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-58/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisələndirmişdir. İlk iddia üzrə iddiaçı isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-58/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimyyəti Başçısının 16.06.2017ci il tarixli, 210 saylı sərəncamından görünür ki, vətəndaş Cavabdeh Bakixanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən 35 saylı evinin 2 saylı mənzilinin təqdim olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2-1(82)- 3658/2018 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu İcra Hakimyyətinə (üçüncü şəxs Cavabdeh) qarşı 16.06.2017-ci ili tarixli, 210 saylı sərəncamın ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.05.2019cu il tarixli, 2-1(103)- 848/2019 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2-1(82)-3658/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2019-cu il tarixli, 2-1(102)- 3117/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 16.05.2019-cu il tarixli, 2-1(103)- 848/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmşdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. İş materialları ilə müəyyən edilmişdir ki, ilk iddiaçı ilə qarşılıqı iddiaçının mülkiyyətlərində olan fərdi yaşayış evləri hazırki vəziyyətdə bir-birinə bitişikdir, Cavabdehyə məxsus ev əvvəldən birmərtəbəli olmuş, sonradan bəzi tikinti işləri aparılaraq üstünə 1 mərtəbə inşa edilmişdir, hər iki tərəfin fərdi yaşayış evlərinin ilkin vəziyyətdən 1 mərtəbəli olmaqla bir-birinə bitişik olmuş, sonradan hər iki tərəf bir mərtəbəli evlərin üzərində əlavə mərtəbə tikmişdir. Evlərin hazırki vəziyyətdə belə bitişik olması, faktiki olaraq tərəflərə heç bir maneəçiliyin olmaması, inşa edilən evlərin bir-birinə bitişik olan hissəsində hər iki fərdi yaşayış evin yan pəncərələr olmaması, fərdi yaşayış evlərinin ilkin vəziyyətdən 1 mərtəbəli olmaqla bir-birinə bitişik olması faktı təsdiq olunur. Həmçinin iş materiallarında olan İddiaçı adına verilmiş çıxarışın və daşınmaz əmlakın texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında xüsusi mülkiyyət hüququ ilə 2 mərtəbəli, 5 otaqlı ümumi sahəsi 235,3 kv.m olan mənzil İddiaçı məxsusdur və həmin sənədlərin hər hansı mübahisənin predmeti olmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ilk iddiaçının mülkiyətində olan fərdi yaşayış evinin söklməsinə heç bir əsas yoxdur, ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərlə təkzib olunduğundan formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-58/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-58/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar