Məhkəmə qərarları › İş №2(103)-6706/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6706/2020

29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6706/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2219/2020 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla iş müddətinin əmək stajına hesablanması üçün müəllimlərin şahidlik aktının təsdiqlənməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Kəlbəcər rayonunda fasiləsiz olaraq işlədiyi 1979-cu ilin sentyabr ayından 1993-cü ilin aprel ayına olan müddətin əmək stajına hesablanması üçün müəllimlərin şahidlik aktının təsdiqlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1979-cu ilin sentyabr ayından 2017-ci ilin yanvar ayına qədər 37 il fasiləsiz olaraq Kəlbəcər Rayon Təhsil Şöbəsinin müəllimi olmuşdur. Belə ki, o, 1979-cu ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib, təyinatla Kəlbəcər rayonunun Comərd kənd orta məktəbində 1993-cü ilin aprel ayına kimi dil-ədəbiyyat müəllimi işləmişdir. Onun əmək kitabçası işğal altında olan Kəlbəcər rayonunda qaldığına görə həmin dövrdə əmək stajına dair sənədi əldə edə bilmir. Hal-hazırda o, İİ qrup əlildir. 1979-cu ilin sentyabr ayından 1993-cü il aprel ayına kimi olan dövrə aid əmək stajını təsdiq edən sənədlərin olmaması onun əlilliyə görə əmək pensiyasına çıxmağına maneçilik törədir. Buna görə də vaxtilə Kəlbəcər rayonunda birlikdə işlədiyi, halhazırda Bakıda məskunlaşan və Kəlbəcər orta məktəblərində müəllim işləyənlər də bu faktı öz aktları ilə təsdiqləmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2219/2020 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir. Həmin qətnamədən ərizəçi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin məzmunu ərizənin məzmunu ilə eynidir. Məhkəmə kollegiyasının iclasında ərizəçi Ərizəçi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatına əlavə olaraq bildirdi ki, o, 1979-cu ildən 1993cü ilə qədər Kəlbəcər rayonunun Comərd kənd orta məktəbində fasiləsiz olaraq müəllim işləmişdir. Həmin müddətin əmək stajına hesablanması üçün Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Şöbəsinə müraciət etmiş və onun müraciəti artıq öz həllini tapmışdır. Hal-hazırda əmək kitabçasını əldə etmiş və problem həll olunmuşdur. Maraqlı şəxsin nümayəndəsi Nigar Şahgəldiyeva apelyasiya şikayətinin təmin olunmamasını xahiş edərək izahatında bildirdi ki, ərizəçinin tələbi artıq icra edilmiş, ona əmək kitabçası təqdim edilmişdir. Bununla belə, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğuna görə qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Kəlbəcər rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli 186 saylı məktubuna əsasən Kəlbəcər rayonu xx xxxxx 1993-cü il tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Odur ki, ərizəçinin xx xxxxx 1993-cü il tarixə qədər Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlarında, eləcə də kolxoz və sovxozlarında işləməyi barədə Kəlbəcər rayon Dövlət arxiv idarəsində heç bir əsaslı sənəd olmadığı üçün tələbə uyğun hüquqi sənədin verilməsi imkan xaricində olmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli ərizədən görünür ki, Kəlbəcər rayonu 56 saylı orta məktəbinin müəllimi X4, Kəlbəcər rayonu 56 saylı orta məktəbin müəllimi X1, Kəlbəcər rayonu 22 saylı orta məktəbin müəllimi X8 təsdiq etmişlər ki, həqiqətən Piriyev X7 rayonunun Comərd kənd orta məktəbində 1979-cu il sentyabr ayndan 1993-cü il aprel ayının 2-nə qədər fasiləsiz olaraq dil-ədəbiyyat müəllimi işləmişdir. İşdə olan DSMF-nin Nəsimi rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli məktubuna əsasən, ərizəçinin təqdim etdiyi sənədlərə əsasən dublikat əmək kitabçasında qeyd edilən xx.xx.1979-cu ildən Kəlbəcər rayonunda işlədiyi iş stajının düzgünlüyünün yoxlanılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon şöbəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq daxil olmuş yoxlama aktında xx.xx.1993-cü il tarixə qədər sənədlər işğal zonasında qaldığı üçün əmək stajını yoxlamağın mümkün olmaması, sonrakı dəyişiklik əmrlərini əhatə edən məktəbin əmr kitablarının arxivə verilməməsi qeyd edilmişdir. Ərizəçiyə əlilliyə görə əmək pensiyası təyin etmək üçün tələb olunan iş stajı olmaması səbəbindən onun ərizəsi təmin edilməmişdir. İşdə olan ИТ-1 № ******* seriya nömrəli əmək kitabçasının (kitabça xx.xx.1998-ci il tarixdə doldurulmuşdur) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixli əmrlə Kəlbəcər rayonu Comərd kənd orta məktəbin dil ədəbiyyat müəllimi təyin edilmiş, xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonunun işğalı ilə əlaqədar iş yerini itirdiyi üçün Kəlbəcər rayonu 16 saylı orta məktəbinə müəllim təyin edilmişdir. Beləliklə, mülki işin faktiki hallarına görə Ərizəçi əmək kitabçasında özünün 1979-cu ildən 1993-cü ilədək Kəlbəcər rayonu Comərd kəndində müəllim kimi işlədiyi dövrə aid hissədə möhürün vurulmaması səbəbindən həmin illərin əmək stajına daxil edilməsinə nail ola bilmir. Belə ki, ərazi işğal edildiyi zaman onun əmək kitabçası itirilmişdir. Hazırda Ərizəçi məhkəməyə notarial qaydada təsdiq edilmiş akt təqdim etmişdir ki, orada adları qeyd olunan şəxslərin onunla birlikdə Kəlbəcər rayonu Comərd kəndində işlədiyini nəzərə alaraq məhkəmə bu aktı təsdiq etsin. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuşdur. Belə ki, ərizəçinin təqdim etdiyi şahidlik aktı hazırkı iş üzrə sübut qismində qəbul edilə bilmir, çünki həmin şəxslərin özlərinin də Kəlbəcər rayonu Comərd kəndində orta məktəbdə müəllim işləmələrini göstərən heç bir mötəbər dəlil və sübut yoxdur. Aktı imzalamış şəxslər şahid kimi ifadə versələr belə onların yalnız ifadələri eyni səbəbdən sübut olaraq qəbul edilə bilməz. Belə olan halda ərizəçi istinad etdiyi faktları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2219/2020 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apelyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2219/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar