Məhkəmə qərarları › İş №2(103)-6709/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6709/2022

16.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6709/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X6 açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh İdarəyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İdarə arasında bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi barədə cavabdeh İdarənin rəhbəri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 20B01291 saylı əmrin ləğv edilməsi, onun əvvəlki, yəni əmək müqaviləsində göstərilmiş vəzifəsinə işə bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının İdarə tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh İdarə arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Əmək müqaviləsinə” əsasən iddiaçı, İİİ dərəcəli geofiziki işlər üzrə fəhlə vəzifəsinə, xx.xx.2014-cü il tarixdən V dərəcəli karotajçı vəzifəsinə işə qəbul olunmuşdur. Həmin “Əmək müqaviləsi” İdarə üzrə xx.xx.2021-ci il tarixdə verilmiş əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı bildirir ki, həmin əmr əsassız və qanunsuzdur. Belə ki, iddiaçı, 2020-ci ilin sentyabr ayından pandemiya ilə əlaqədar olaraq qrup halında məzuniyyətə göndərilmişdir. İddiaçı, məzuniyyətdə olduğu müddət ərzində cavabdeh İdarə tərəfindən işə çıxmağı ilə bağlı ona heç bir xəbərdarlıq edilməmiş və onu xəbəri olmadan o, işdən azad edilmişdir. Həmin vaxtı iddiaçı, sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmamış övladına – Şamilə qulluq edirdi. İddiaçının himayəsində sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmamış övladı olduğu üçün, İdarə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsini” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edə bilməzdi. Övladının sağlamlığında problemlərin olması barədə iddiaçı tərəfindən İdarəyə lazımi məlumatlar əvvəlcədən təqdim edilmişdir. Bu hal onunla təsdiq edilir ki, İdarə həmin səbəbə görə 2018-ci ildə iddiaçıya maddi yardım göstərmişdir. Göstərilənlərə baxmayaraq, İdarə, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmamış övladının olmasını nəzərə almamış, iddiaçı ilə aralarında bağlanmış “Əmək müqaviləsini” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. İddiaçı bununla bağlı şikayətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X10 Xidmətinə müraciət etmiş və həmin Xidmət müvafiq araşdırmalar apardıqdan sonra İdarənin rəisi X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilərək E.Şirinovu 1.500 manat məbləğində cərimə edilmişdir. Bundan başqa Xidmət tərəfindən cavabdeh İdarənin rəisi E.Şirinova əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək iddiaçını işə bərpa edilməsinin təmin edilməsi üçün **********6 nömrəli, xx.xx.2022-ci il tarixdə məktub göndərsə də, əmr ləğv edilməmiş və iddiaçı işə bərpa edilməmişdir. Bundan sonra hüquqlarının cavabdeh İdarə tərəfindən bərpa edilməyəcəyini görən iddiaçı, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediatora müraciət etmiş, lakin cavabdeh İdarə mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən də, iddiaçı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh İdarənin iddia tələbinə qarşı etirazı ondan ibarətdir ki, iddiaçı, davamlı olaraq, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, təxminən 2 aydan çox müddətdə (2 ay 20 gün) İdarəyə heç bir məlumat vermədən işə çıxmamış və üzrlü səbəbdən işə çıxmaması barədə heç bir rəsmi sənəd təqdim etməmişdir. Bu halı nəzərə alan İdarə xx.xx.2021-ci il tarixdə “AzeriExpress” xidməti vasitəsi ilə iddiaçının ünvanına məktub göndərərək işə çıxmamasının səbəbini bildirilməsini təklif etmişdir. Lakin iddiaçı, məktubu qəbul etməkdən imtina etmiş və qeyd olunan poçt xidmətinə geri qaytarmışdır. İdarə, onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsinə münasibət bildirilməsi üçün xx.xx.2021-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş və Komitə, xx.xx.2021-ci il tarixdə keçirtdiyi iclasın nəticəsi ilə qəbul etdiyi qərarla iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Yalnız bundan sonra, yəni xx.xx.2021ci il tarixdə İdarə üzrə verilmiş əmrlə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İşəgötürən tərəfindən son haqq-hesab sonuncu iş günü olan xx.xx.2021-ci il tarixdə iddiaçının kart hesabına ödənilmişdir. Əmək kitabçasının ünvanına göndərilməsinə münasibət bildirilməsi iddiaçıdan xahiş edilmiş, lakin o, məktuba heç bir münasibət bildirməmişdir. Göründüyü kimi, iddiaçı, onunla İdarə arasında bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsindən məlumatlı olmuşdur. Lakin o, hazırki iddia ərizəsi ilə bir aydan çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu da iddia tələbinin rədd edilməsi üçün əsasdır.

c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh İdarə onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi barədə əmr verərkən iddiaçının, bu barədə işəgötürənə heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi davamlı olaraq işə çıxmamasını əsas götürmüşdür. Bu hal məhkəmə baxışı zamanı da öz əksini tapmışdır. Lakin iddiaçı bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, müəyyən edilir ki, iddiaçı, öz əmək funksiyasını icra etməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə olan halda hesab edilməlidir ki, cavabdeh İdarə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq iddiaçı ilə bağlanmış “Əmək müqaviləsini” ləğv etməkdə haqlı olmuşdur. İddia əsassızdır.

d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh İdarə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilməzdi, çünki iddiaçının himayəsində sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmamış övladı var. Bununla da, Rayon Məhkəməsi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin və Əmək Məcəllənin 79-cu maddəsinin tələblərini pozmuşdur.

e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları

8. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh İdarənin nümayəndəsi (vəkili) Vəkil apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək İdarə tərəfindən verilmiş “iddia tələbinə qarşı etirazın” əsaslarına və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmişdir.

10. Apellyasiya baxışı zamanı Məhkəmə, baxılan işin mahiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Həmin Xidmətin nümayəndəsi X11 apellyasiya baxışı iclasında iştirak edərək iddia tələbinin əsaslı, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin isə əsassız olduğunu bildirərək göstərdi ki, cavabdeh İdarə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilməzdi, çünki iddiaçının himayəsində sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmamış övladı var. Təmsil etdiyi Xidmət iddiaçının ona etdiyi müraciətindən sonra müvafiq araşdırmalar aparmış və araşdırma zamanı bu hal təsdiqlənmişdir. Bu səbəbdən də, İdarənin rəisi X12 Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən şərti olaraq 1.500 manat məbləğində cərimə olunmuş və ona təklif olunmuşdur ki, iddiaçını işə bərpa etsin. Lakin E.Şirinov bunu etməmiş və bu səbəbdən qeyd edilən cərimə E.Şirinovdan tutulmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

f) hazırki işdə olan sübutlar barədə məlumat

11. İddiaçı ilə cavabdeh İdarə arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Əmək müqaviləsindən” və iddiaçının adına açılmış İT-İ seriyalı, ******* nömrəli “Əmək kitabçasından” görünür olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən X1 Neft Daşları X3 22 saylı kompleks mədən-geofiziki dəstəsinə V dərəcəli karotajçı vəzifəsinə işə qəbul olunmuşdur.

12. Cavabdeh İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İdarəyə heç bir məlumat vermədən işə çıxmaması ilə bağlı xəstəlik vərəqəsini təqdim edilməsi, təqdim edilmədiyi halda onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv ediləcəyi barədə İdarə tərəfindən xəbərdarlıq verilmişdir.

13. Cavabdeh İdarə tərəfindən X4 Komitəsinə ünvanlanmış məktubdan görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi Komitədən xahiş olunmuşdur.

14. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 25 saylı iclas protokolundan görünür olunur ki, Komitə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razıdır.

15. Cavabdeh İdarə üzrə xx.xx.2021-ci il tarixdə verilmiş əmrdən görünür ki, iddiaçı ilə İdarə arasında bağlanmış “Əmək müqaviləsinə” iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İdarəyə heç bir məlumat vermədən işə çıxmaması səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 01.04.022-ci il tarixli arayışından görünür ki, iddiaçının himayəsində sağmalıq imkanları məhdud olan 18 yaşınadək olan övladı var (X5). Bu səbəbdən iddiaçıya aylıq 200 manat sosial müavinət, uşağa qulluğa görə 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

17. X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan görünür ki, cavabdeh İdarənin rəisi X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) törədilməsində təqsirli bilinərək inzibati qaydada 1.500 manat məbləğində şərti cərimə edilmiş və ona təklif edilmişdir ki, o, hüquqpozmanı aradan qaldıraraq iddiaçını işə bərpa etsin, əks təqdirdə cərimə ödənilməlidir.

18. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3(103)-1660/2022 saylı iş üzrə qəbul edilmiş və apellyasiya icraatı zamanı iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cavabdeh İdarənin rəisi Elçin Şirinov X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı məhkəmə qaydasında mübahisələndirmiş, həmin qərardan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi barədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 3(005)-566/2022) ilə cavabdeh İdarənin rəisi Elçin Şirinovun şikayətinin təmin edilməməsini qərara almışdır. X9 Rayon Məhkəməsinin həmin qərarından verdiyi şikayətə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməmiş, Nərimanov Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh İdarənin rəisi Elçin Şirinov, himayəsində sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmamış övladı olan iddiaçı ilə İdarə arasında bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməklə Əmək Məcəllənin 79-cu maddəsinin tələblərini pozmuşdur. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) törətmişdir.

g) məhkəmənin mövqeyi

20. Göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.

21. Belə ki, iddiaçı, V dərəcəli karotajçı vəzifəsində işlədiyi cavabdeh təşkilatda, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi ilə əlaqədar olaraq digər işçilərlə birlikdə 2020-ci ilin sentyabr ayından qrup halında məzuniyyətə göndərilmişdir. Məzuniyyətdə olduğu dövr ərzində iddiaçıya orta əmək haqqı hesablanaraq verilmişdir. İdarənin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək üzrsüz səbəbdən işə çıxmaması səbəbi ilə xitam verilmişdir. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli iclasının qərarı ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə müəyyən edilmiş əsasla ləğv edilməsinə razılıq verilmişdir.

22. İşə baxmış Rayon Məhkəməsi bunları nəzərə alaraq hesab etmişdir ki, cavabdeh İdarə, onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsini” yuxarıda qeyd edilən səbəb və əsasla ləğv etməkdə haqlı olmuş və buna görə də iddiaçının cavabdeh İdarəyə qarşı irəli sürdüyü “əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi və sair tələbləri barədə” iddiası əsassızdır.

23. Rayon Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmayan, işdən azad olunması barədə əmrin qanuniliyini mübahisələndirən iddiaçı tələbini onunla əsaslandırır ki, sözügedən əmr Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmaqla verildiyi üçün qanunsuzdur. Belə ki, onun himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı var və o, iş buraxdığı dövrdə ona qulluqla məşğul olmuşdur.

24. İş üzrə cavabdeh İdarə isə iddiaya etirazını belə əsaslandırmışdır ki, iddiaçı, onun himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın olması barədə məlumatı İdarəyə verməmişdir. Ona görə də əmək müqaviləsinin ləğvi qanunsuz hesab edilə bilməz.

25. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında mübahisənin həlli məqsədi ilə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır (maddə 16.). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər (maddə 70; bənd “ç”.). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 71; hissə 2.). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71; hissə 3.). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72; bənd “a”.). Bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallardan başqa, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır (maddə 79; hissə 1; bənd 6.).

26. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh İdarə tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. İddiaçının himayəsində sağlamlıq imkanları məhdud uşağının olması və ona qulluq göstərilməsi ilə bağlı halların mövcudluğuna işəgötürən tərəfindən qiymət verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək övladı var və iddiaçı ona qulluq edir. Lakin cavabdeh İdarə tərəfindən iddiaçının işdən azad olunmasına əsas olmuş xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməməsinin obyektiv və subyektiv səbəbləri araşdırılmadan, bu zaman işçinin hansı dərəcədə təqsirli olub-olmamasına dair hər hansı mötəbər sübutlar təqdim edilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh İdarə tərəfindən poçt vasitəsi ilə iddiaçının ünvanına məktub göndərilərək, işə çıxmamasının səbəbinin bildirilməsi xahiş edilmişdir. Lakin rabitə orqanı tərəfindən zərfin üzərinə “qəbul etmədi” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, aşkar olan və ağlabatan mühakimə ilə aydın olur ki, sənədin məzmunundan məlumatlı olmayan iddiaçı tərəfindən həmin sənədin qəbul edilməməsinin hər hansı bir qərəzli səbəbi yoxdur. İddiaçının həmin məktubu qərəzli olaraq qəbul etməməsi ağlabatan və məntiqi gəlmir.

27. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh İdarənin rəhbəri Elçin Şirinovun himayəsində sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmamış övladı olan iddiaçı ilə İdarə arasında bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməklə Əmək Məcəllənin 79-cu maddəsinin tələblərini pozması, bununla da İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) törətməsi Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli qərarı ilə artıq müəyyən edilmişdir.

28. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır.

29. Cavabdeh İdarənin iddia tələbinə qarşı digər etirazı ondan ibarətdir ki, işəgötürən tərəfindən son haqq-hesab sonuncu iş günü olan xx.xx.2021-ci il tarixdə iddiaçının kart hesabına ödənilmişdir. Əmək kitabçasının ünvanına göndərilməsinə münasibət bildirilməsi iddiaçıdan xahiş edilmiş, lakin o, məktuba heç bir münasibət bildirməmişdir. Göründüyü kimi, iddiaçı, onunla İdarə arasında bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsindən məlumatlı olmuşdur. Lakin o, hazırki iddia ərizəsi ilə bir aydan çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu da iddia tələbinin rədd edilməsi üçün əsasdır.

30. Bununla bağlı olaraq Məhkəmə bildirir ki, həqiqətən də, qüvvədə olan qanunların tələblərinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsi; maddə 296; hissə 2.). İddia müddətinin ötürülməsi iddianın rədd edilməsi üçün əsasdır (Mülki Məcəllə; maddə 375.2.).

31. Lakin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (hissə 3.). Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər (hissə 6.).

32. İşdə olan sənədlərdən görünür ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək övladı var və iddiaçı ona qulluq edir. Bundan başqa iddiaçının Məhkəməyə təqdim etdiyi tibbi sənədlərdən görünür ki, iddiaçının özünün də səhhətində problemlər mövcuddur.

33. Odur ki, bunları və pozulmuş hüquqlarının bərpası üçün iddiaçının ilk olaraq X10 Xidmətinin Bakı Şəhər İdarəsinə, daha sonra isə mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediatora müraciət etməsini nəzərə alan Məhkəmə hesab edir ki, qeyd edilən səbəblərdən iddiaçı tərəfindən iddia müddətinin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə bərpa edilməlidir.

35. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdeh İdarəyə qarşı irəli sürülmüş iddianın “əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh İdarənin rəhbəri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki, yəni əmək müqaviləsində göstərilmiş vəzifəsinə işə bərpa edilməsi barədə” hissəsi əsaslıdır. Bu tələblərin rədd edilməsi barədə cavabdeh İdarənin mövqeyi əsassızdır. Rayon Məhkəməsi qeyd edilən tələbləri təmin etməməklə səhv və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu mövqeyinə aid dəlilləri əsaslıdır.

36. İddiaçı tərəfindən cavabdeh İdarəyə qarşı irəli sürülmüş digər tələb ondan ibarətdir ki, əgər o, işə bərpa olunarsa onda xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İdarə tərəfindən ona ödənilməlidir.

37. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

38. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdeh İdarəyə qarşı irəli sürülmüş iddianın “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə” hissəsi də əsaslıdır. Bu tələbin rədd edilməsi barədə cavabdeh İdarənin mövqeyi əsassızdır. Rayon Məhkəməsi qeyd edilən tələbi təmin etməməklə səhv və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu mövqeyinə aid dəlilləri əsaslıdır.

h) apellyasiya baxışının nəticəsi Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və sair tələbləri barədə” iddiası təmin edilsin. İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 20B01291 saylı əmri ləğv edilsin. İddiaçı əmək müqaviləsində göstərilən vəzifəsinə - Geofizika və Geologiya İdarəsinin “Mədəngeofizika” İstehsalat Bölümünün “Neft Daşları” X3 22 saylı kompleks mədən-geofiziki dəstəsinə V dərəcəli karotajçı vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar