Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-671/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X2, Cavabdeh Əzimova (Kərimova) Aytac Sənan qızı və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Əzimova (Kərimova) Aytac Sənan qızına qarşı “müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1970/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilənin əslinə görə «Satıcı» Bakı şəhəri, Nizami rayonu, B.Cobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 6 saylı mənzili «Alıcı»ya satır, «Alıcı» isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada «Satıcı»ya ödəyir (1.1-ci bənd).
2. Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının əslinə əsasən verilir, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsiindəki 2532ci məhəllə ünvanda Cavabdeh2 Mənzil Tikinti Kooperativinin payçısı Cavabdeh1 ondan ötəri ki, həmin şəxs kooperativə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilin tam dəyərini, yəni 52381 manatı ödəmişdir.
3. Cavabdeh2 MTK tərəfindən İddiaçı ünvanlanmış 05 aprel 2023-cü il tarixli 146 nömrəli məktubda göstərilmişdir ki, 30 noyabr 2018-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhhəllə ünvanda inşa etdiyi 2 saylı binanın 2-ci mərtəbəsindəki 78,74 kv.m sahəsi olan 5 saylı mənzili Sizin və həmin tarixli 100 nömrəli müqaviləyə əsasən həmin ünvanda inşa etdiyi 2 saylı binanın 2-ci mərtəbəsindəki 74,83 kv.m sahəsi olan 6 saylı mənzili isə Cavabdeh1 adına rəsmiləşdirib. Həmin mənzillər tikilərək təhvil Sizə verilib. Ərizənizdəki mənzillərə görə ödənişlərin tərəfinizdən aparılması, müqavilələrə imza atmağınız və ödəniş qəbzlərinə imza atmağınıza baxmayaraq 30 noyabr 2018-ci il tarixli 100 nömrəli müqavilədə texniki səhvin olduğunu aşkar etdiyiniz üçün müvafiq düzəlişin aparılmasının zəruri olduğunu, həmin müqavilədə Sizin yox, Cavabdeh1 adının yazılmasını bildirməniz və yol verilmiş səhvi düzəliş etməklə həmin müqavilənin adınıza qeyd etməyiniz barədə xahişinizin MTK tərəfindən həll edilməsi məsələsi məhkəmə mübahisəsidir.
4. 16.03.2020-ci il tarixli müqaviləyə əsasən “Telekommunikasiya operatoru” ilə “Abunəçi Cavabdeh1” arasında Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanmışdır.
5. 30 noyabr 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzinin əslinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 MTK-ya Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilin tam dəyərini ödəmişdir.
6. Cavabdeh2 MTK-nın məhkəmə qərardadı ilə əldə edilmiş xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əslinə görə «Satıcı» Bakı şəhəri, Nizami rayonu, B.Cobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 6 saylı mənzili «Alıcı»ya satır, «Alıcı» isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada «Satıcı»ya ödəyir (1.1-ci bənd).
7. Cavabdeh1 adına olan "xxxx" ASC-nin qəbzinə əsasən Bakı şəhəri, B.Çobanzadə, Bina 1900, 6 saylı mənzilinə görə elektrik enerjisinin haqqı ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2018-ci il tarixli, 100 saylı müqavilənin onun ilə Cavabdeh2 MTK arasında bağlanmış hesab edilməsi və dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 30 noyabr 2018-ci il tarixli 99 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 6 saylı mənzili və 30 noyabr 2018-ci il tarixli 100 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi, İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 2 saylı bina, 2-ci mərtəbə, 5 saylı mənzili Cavabdeh2 MTK-dən əldə edərək təhvil almışdır. Cavabdeh2 MTK ilə müqavilələr bağlayarkən, özü iştirak etmişdir və mənzillərə görə ödənişlər tərəfindən həyata keçirilib, habelə müqavilələrə, o cümlədən ödəniş qəbzlərinə tərəfindən imza atılıb. Aldığı mənzillərə dair dövlət reyestr xidmətindən çıxarış almaq üçün sənədlərə baxış aparan zaman aşkar etmişdir ki, yuxarıda qeyd etdiyi 100 saylı müqavilədə onun adı yox, Cavabdeh1 adı qeyd edilib. Bununla əlaqədər 30 mart 2023-cü il tarixdə Cavabdeh2 MTK-ya müraciət edərək, 30 noyabr 2018-ci il tarixli, 100 saylı müqavilədə yol verilmiş texniki səhvə düzəliş edərək, iddiaçının adının qeyd edilməsini xahiş etmiş, ancaq, Cavabdeh2 MTK-nın 05 aprel 2023-cü il tarixli cavab məktubunda məsələnin məhkəmə mübahisənin olduğu bildirilmişdir. Eyni zamanda sözügedən mənzil MTK tərəfindən ona təhvil verildiyi gündən bu günə kimi istifadəsində və sahibliyindədir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 oktyabr 2023-cü il tarixli 2(005)-1970/2023 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, İddiaçı hazırda belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. İşin faktiki hallarından müəyyən olunur ki, mübahisəli müqavilənin bağlanması zamanı hər hansı texniki səhvə yol verilməmişdir. Cavabdeh1 etirazının dəlilləri kimi Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilə dair təqdim etdiyi kassa mədaxil orderi, kommunal ödəmələrə dair müvafiq müqavilələrin mövcudluğu, xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilənin əsli iddia tələbinin dəlillərini təkzib edir. Bundan başqa mülki mübahisədən aydın olur ki, hazırda Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış 100 nömrəli 2 müqavilə mövcuddur. Cavabdeh1 məxsus həmin müqavilə ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, qüvvədədir. Belə olan halda iddiaçının 30 noyabr 2018-ci il tarixli, 100 saylı müqavilənin İddiaçı ilə Cavabdeh2 MTK ilə arasında bağlanmış hesab edilməsi barədə tələbi əsaslı hesab oluna bilməz. Qeyd olunan müqavilənin bağlanmış hesab edilməsi baxımından qanuni əsaslar müəyyən edilməmiş, iddiaçının tələbini əsaslandırdığı hallar cavabdeh tərəfin istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla təkzib olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.4, 385.1, 390.1, 390.3, 390.6, 399.1, 405.1, 406.3, 407.1, 407.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, həmin mənzillər rəsmiləşdirilərkən rəsmiləşmə prosesində yalnız o, iştirak edib, həmin proses zamanı hər iki müqavilə, maliyyə arayışlarına və digər sənədlərə özü imza atmış, lakin həmin vaxt müqavilələrə imza atarkən onları sonadək və dəqiq oxumayıb. Mənzillər alındıqdan sonra isə birləşdirilərək təmir olunub. O, sonradan 100 nömrəli müqavilədə cavabdehin adının yazıldığını müəyyən edib, bunun texniki səhv olması səbəbindən də Cavabdeh2 MTK-ya müraciət etmişdir. Məhkəmə nəzərə almayıb ki, cavabdeh onun aldığı mənzillərə gəlin köçüb və köçərkən cehiz əşyalarını da gətirib. Cavabdehin onlarla birlikdə birləşdirilmiş mənzillərdə qalarkən kommunal və digər ödənişləri aparması o demək deyil ki, mübahisəli mənzil onun tərəfindən alınıb və ona məxsusdur. Məhkəmə nəzərə almayıb ki, məhkəmə qərardadı əsasında Cavabdeh2 MTK-dan tələb olunan və iş materiallarına əlavə edilmiş 100 nömrəli müqavilənin əslindən də görünür ki, həmin müqavilə iddiaçı və Cavabdeh2 MTK-nın rəhbərliyi tərəfindən imzalanıb. Həmin imzalar və möhür göy rənglidir. Lakin cavabdeh tərəfindən təqdim olunmuş müqavilədə isə cavabdehin imzasının qara kserosurət, MTK tərəfindən imza və möhürün göy rəngdə olması müşahidə olunur. Eyni zamanda MTK-nın təqdim etdiyi müqavilə ilə cavbabdehin təqdim etdiyi müqavilədəki şriftlər fərqlidir. Cavabdehin onun oğlu ilə nikahı pozulub, mübahisəli mənzildən gedərkən 100 nömrəli mənzilə dair sənədləri gizlin götürərək özü ilə aparıb və sonradan hansısa yolla həmin müqavilədə imzanın ona aid hissələrini dəyişdirib. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 100 nömrəli müqavilənin saxta olması mübahisəsizdir. Buna görə də məhz Cavabdeh2 MTK tərəfindən müqavilədə dəyişiklik edilərək dəyişdirilməli idi. Məhkəmə iki müqavilə olması səbəbindən ekspertiza keçirərək hansı müqavilənin əsil, hansının saxta olmasını müəyyən etməli olduğu halda bunu etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh Kərimova (Əzimova) Aytac Sənan qızının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).
20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göründüyü kimi Bakı şəhəri, B.Çobanzadə 2 saylı binanın 2-ci mərtəbəsində, 74.83 kv metrlik sahəsi olan 6 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilənin əsli kimi iki müqavilə təqdim edilmişdir.
31. Belə ki, müqavilələrdən biri cavabdeh, digəri isə məhkəmənin qərardadına əsasən Cavabdeh2 MTK tərəfindən təqdim edilmişdir.
32. İddiaçı hazırda mübahisəli mənzilə dair müqavilənin əslində onunla cavabdeh MTK arasında bağlandığını, həmin mənzil ona məxsus olsa da, texniki səhv nəticəsində xx.xx.2018-ci il tarixli 100 nömrəli müqavilədə Cavabdeh1 adının yazıldığını, lakin müqavilənin onun tərəfindən imzalandığını iddia edərək, 30 noyabr 2018-ci il tarixli, 100 saylı müqavilənin onun ilə Cavabdeh2 MTK arasında bağlanmış hesab edilməsini tələb etmişdir.
33. Cavabdeh isə müqavilənin əslini təqdim edərək, hər hansı texniki səhvin olmadığını, müqavilənin onunla cavabdeh arasında bağlandığını, daha əvvəlki evin alınması üçün onun valideynləri tərəfindən də 50000 manat verildiyini, həmin evi satıb, hazırki mübahisəli mənzilin alındığını və MTK rəhbərinin iddiaçı ilə tanışlıq münasibətləri olduğundan mənzili iddiaçının tapdığını bildirmişdir.
34. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 100 nömrəli müqavilənin saxta olması mübahisəsizdir, iki müqavilə olması səbəbindən ekspertiza keçirərək hansı müqavilənin əsil, hansının saxta olmasını müəyyən edilməlidir.
35. Apellyasiya şikayətinin dəlilinin araşdırılması məqsədi ilə Kollegiya tərəfindən kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2024-cü il tarixli rəyinə əsasən məhkəmə xətşünaslıq ekspertizası üzrə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin İ cildinin 57-ci vərəqində 30 noyabr 2018-ci il tarixli 100 nömrəli müqavilə üzrə arayışda “Cavabdeh2 MTK-nın sədri: Kərimov N.B.” qrafasındakı imza, 58-60-cı vərəqlərində "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında olan 30 noyabr 2018-ci il tarixli 100 nömrəli Müqavilənin 1-2-ci vərəqlərini aşağı sağ hissələrindəki imzalar və 3-cü vərəqində “X3 oğlu” qrafasından aşağıda yerləşən imza, 109-111-ci vərəqlərində olan "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında olan 30 noyabr 2018-ci il tarixli 100 nömrəli müqavilənin 1-2-ci vərəqlərinin aşağı sağ hissələrindəki imzalar və 3-cü vərəqinin “X3 oğlu” qrafasından aşağıda yerləşən imza – eyni şəxs tərəfindən icra olunmuşdur.
36. Sənədlərin texniki ekspertizası üzrə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli 100 nömrəli maliyyə arayışı və Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli 100 nömrəli iki ədəd alqı-satqı müqavilələrinin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur.
37. Göründüyü kimi ekspert rəyi ilə cavabdeh tərəfindən təqdim edilmiş müqavilənin saxta olması, sonradan dəyişikliklər edilməsi barədə iddiaçının dəlilləri təkzib edilmişdir.
38. Cavabdeh tərəfindən təqdim edilmiş müqavilə mötəbər olmaqla, qüvvədədir.
39. Belə olan halda iddiaçının həmin müqavilənin saxta olması barədə dəlilləri və mübahisəli müqavilənin onunla bağlanmış hesab edilməsi barədə iddia tələbi əsassız olduğundan məhkəmə haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
40. Kollegiya onu da qeyd edir ki, iddiaçının 100 saylı müqavilənin cavabdehin adına texniki səhv nəticəsində tərtib olunması barədə dəlilləri həm də onunla təkzib olunur ki, müqavilənin sonunda tərəflərin rekvizitləri hissəsində cavabdehin adı ilə yanaşı həm də şəxsiyyət vəsiqəsinin göstəriciləri (doğum tarixi, seriya və nömrə, verən orqan və verilmə tarixi) əks olunmuşdur. Bu isə ona dəlalət edir ki, müqaviləni tərtib edən şəxs (MTK-nın əməkdaşı) həmin məlumatları bilavasitə cavabdehin şəxsiyyət vəsiqəsindən istifadə etməklə müqaviləyə daxil etmişdir, yəni həmin müqavilə şüurlu şəkildə Cavabdeh1 adına tərtib olunmuşdur. 6 saylı mənzilə dair 100 saylı müqavilənin əsl tərəfi məhz Cavabdeh1 olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1970/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.