Məhkəmə qərarları › İş №2(103)-671/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-671/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-671/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: avadanlıqların geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı nümayəndələri Əliyeva Könül Nəriman qızı və X3, Cavabdeh nümayəndələri X11 və X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “avadanlıqların geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4927/2024 saylı 4 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 2 ünvanında yaşayan sakinlərin hesabı və adından “18 yanvar 2019-cu il” tarixli etibarnamə əsasında çıxış edən məsul şəxs X8 ilə “Şirkət” adlanan və “Smart Home” Bakı” MMC arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli, 24.01.19/1 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Şirkət Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və bunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı öhdəsinə götürmüş, sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini istifadəyə qəbul edir, abunə dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərinin ödənişini öhdəsinə götürür, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət rəzində istifadəyə qəbul edir və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə Şirkətə təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 1 ünvanında yaşayan sakinlərin hesabı və adından “24 yanvar 2019-cu il” tarixli etibarnamə əsasında çıxış edən məsul şəxs X8 ilə “Şirkət” adlanan və "xxxx" MMC arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli, 24.01.19/1 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Şirkət Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və bunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı öhdəsinə götürmüş, sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini istifadəyə qəbul edir, abunə dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərinin ödənişini öhdəsinə götürür, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət rəzində istifadəyə qəbul edir və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə Şirkətə təhvil verməyi öhdəsinə götürmüşdür.

3. ünvan 1 ünvanında yaşayan sakinlərin hesabı və adından “29 yanvar 2019-cu il” tarixli etibarnamə əsasında çıxış edən məsul şəxs X8 ilə “Şirkət” adlanan və "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2019-cu il tarixli, 29.01.19/1 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Şirkət Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və bunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı öhdəsinə götürmüş, sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini istifadəyə qəbul edir, abunə dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərinin ödənişini öhdəsinə götürür, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət rəzində istifadəyə qəbul edir və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə Şirkətə təhvil verməyi öhdəsinə götürmüşdür.

4. 18.01.19/1 nömrəli müqaviləyə əsasən aylıq abunə haqqının 2 manat ödənilməsi ilə bağlı protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 (bəzi) sakinləri "xxxx" MMC-nə binanın girişinin məhdudlaşdırılması və ona nəzarət audio domofon sistemi avadanlığının texniki xidmətinin göstərilməsinə öz razılıqlarını vermişlər. Aylıq abunə haqqının 2 manat ödənilməsi ilə bağlı razılaşmadan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 1 saylı evin 1 saylı blokunun (bəzi) sakinləri "xxxx" MMC-nə binanın girişinin məhdudlaşdırılması və ona nəzarət audio domofon sistemi avadanlığının alınması, montajı və ona sonrakı texniki xidmətinin göstərilməsinə öz razılılarını vermişlər. Onlar həmçinin müqavilənin məzmunu ilə, tapşırıq müqaviləsi, alqı-satqı müqaviləsi, texniki xidmət müqaviləsi ilə tanış edilmişlər.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 X7 1122-MM9-0265 qeydiyyat nömrəli Şəhadətnaməsindən görünür ki, Cavabdeh 16 noyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan avadanlıqların (ünvan 2 ünvanında quraşdırılmış (çağırış blokunun quraşdırılması üçün blok dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları (mənzilin daxilində olan abonə dəsti istisna olmaqla)) cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qərar qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən 1. xx.xx.2019-cu il 1№-li tapşırıq müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 2-ə; 2. xx.xx.2019-cu il 1№-li tapşırıq müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 1-ə; 3. xx.xx.2019-cu il 1№-li tapşırıq müqaviləsinə əsasən ünvan 1-ə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini, yani domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları quraşdırılmışdır. Qeyd edilən müqavilələr iddiaçı və həmin binanın sakinləri arasında bağlanmışdır. Həmin sakinlər də “Binəqədi31” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaradaraq binaların faktiki idarə edilməsini həyata keçirirlər. Mübahisə predmeti olan avadanlıqlar iddiaçının mülkiyyətindədir, xidmət müqavilələrinə əsasən, həmin avadanlıqlar yalnız istifadəyə verilmişdir. Hazırda sakinlər (cavabdeh) tərəfindən iddiaçının mülkiyyət hüquqularından istifadə etməsinə imkan verilmir. Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünümüdafiə tədbirlərindən də istifadə edə bilər. Hələ Cavabdeh yaradılmamışdan əvvəl bina 1, blok 1,2,3 üçün sakinlərin razılığı ilə blok dəstinin və abunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları quraşdırılmışdır. Aylıq haqq isə 2 manat sakinlər tərəfindən ödənilirdi. Müqavilədə qeyd olunduğu kimi çağırış bloku onlara məxsusdur. Cavabdeh qanunsuz istifadə edir. Telefon dəsti istisna olmaqla müqavilədə qeyd olunan çağırış blokları onlara qaytarılmalıdır. Xidmət müqaviləsi bağlanarkən hər mənzildən ödəniş olaraq 50 manat məbləğində pul alınıb. Hazırki iş üzrə müqavilə şərtləri pozulub, onlara aid olan mülkiyyət qaytarılsın.

8. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMMC- yə qarşı qaldırılan iddia ərizəsi əsassızdır. Ona görə ki, Cavabdeh MMMC 2022-ci ilin noyabr ayında yaranıb. Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi, 3068-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış kompleksində 1, 2 və 4 saylı binalardan ibarətdir. Bina 1 cəmi 3 blokdan, Bina 2 cəmi 2 blokdan və Bina 4 cəmi 3 blokdan ibarətdir. İddiaçı MMC-nin iddia ərizəsində göstərilən Bina 2 blok 3 mövcud deyil. Həmçinin bildirir ki, İddiaçı MMC ilə Cavabdeh MMMC arasında heç bir müqavilə bağlanmamışdır. Qeyd edilən müqavilədə Cəmiyyətin heç bir imzası yoxdur. Bildirir ki, həmin domofonlar 2019-cu ildə quraşdırılanda hər mənzildən İddiaçı MMC işçiləri tərəfindən 80 manat (ümumilikdə 96 mənzildən) pul yığılıb və rəsmi qəbz verilməyib. Üstəlik hər ay 2 manat servis pulu yığılıb və bununla bağlı çoxuna rəsmi qəbz təqdim olunmayıb (nəticədə yığılan puldan ödənilən vergi sual altındadır). Eyni zamanda həmin domofonların işıqları qanunsuz olaraq sakinlərin işıq sayğaclarına və Cavabdeh MMMC-nin işıq şitlərinə qoşulmuşdur və heç bir yerə işıq pulu bu müddət ərzində ödəməyiblər. Bununla bağlı İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4927/2024 saylı 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC ünvan 3 ünvanında quraşdırılmış çağırış blokunun quraşdırılması üçün blok dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarını Cavabdehndən tələb etsə də, bununla bağlı tərəflər arasında bağlanmış hər hansı müqaviləni və ya həmin qurğuların cavabdehə verilməsi ilə bağlı təhvil-təslim aktını məhkəməyə sübut kimi təqdim etməmişdir. Halbuki, sübutetmə yükü baxımından mübahisəli əmlakların iş üzrə cavabdehə müqavilə əsasında verilməsi və hazırda da ondan tələb edilməsi tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür.

11. Həmçinin məhkəmə qeyd etmişdir ki, Cavabdeh 16 noyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 X7 1122- MM9-0265 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Yəni ünvan 4 ünvanlarında yaşayan sakinlərin hesabı və adından etibarnamə əsasında çıxış edən məsul şəxs X8 ilə “Şirkət” adlanan və "xxxx" MMC arasında 2019-cu ildə (3 müqavilə) müqavilələr bağlanarkən, iş üzrə cavabdeh olan Cavabdeh hələ hüquqi şəxs kimi ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda Cavabdeh tərəfindən iddiaçı qarşısında xx.xx.2019cu il 1№-li və xx.xx.2019-cu il 1№-li müqavilələr üzrə öhdəlikləri yarana bilməzdi, həmçinin Cəmiyyət yaranandan sonra iddiaçı ilə domofon audio-sistemi və giriş kontrolu sisteminə daxil olan avadanlıqlara dair hər hansı müqavilənin bağlanması iş üzrə müəyyən edilmir.

12. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 18, 152.1, 157.2, 157.4, 157.5, 324.1, 385.1, 385.2, 399.1, 425.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək iddia tələbini qanuni və əsaslı olması qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4927/2024 saylı 04 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı tərəfindən tələb edilən avadanlıqların iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi qeyd edir ki, o Cavabdeh MMMC 2022-ci ilin noyabr ayında yaranıb. Elə bu səbəbdəndir ki, tapşırıq müqavilələri hazırki iş üzrə cavabdehlə imzalanmasa belə həmin binanın sakinləri arasında bağlanmış, həmin sakinlər də “Binəqədi 31” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaradaraq binaların faktiki idarə edilməsini həyata keçirirlər. Cavabdehin nümayəndəsi məhkəmə prosesində özü də etiraf edir ki, həmin avadanlıqlar onun sahibliyindədir və onun sakinləri istifadə edir. Halbuki xidmət müqavilələri ilə avadanlıqlardan yalnız istifadə hüququ verilmişdir. Sahiblik və sərəncam hüququ iddiaçıda qalmışdır. Cavabdeh mübahisələri avadanlıqlara qanunsuz sahiblik edir. Cavabdehin müdafiə etdiyi kimi tərəflər arasında müqavilə imzalanmaması həmin avadanlıqların hazırda cavabdehin sahibliyində olmasını dəyişdirmir. Cavabdeh qanunsuz olaraq iddiaçının mülkiyyətində olan avadanlıqları saxlayır və istifadə edir, geri qaytarmır. Binalar hazırda cavabdeh MMMC-nin idarəçiliyində olmaqla nümayəndələri tərəfindən edilən müdaxilələr nəticəsində iddiaçı mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlakı geri ala bilmir, faktiki olaraq hazırkı vəziyyətdə əmlakından istifadə edə bilmir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-cimaddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar). İddia tələbinin təmin edilməsi üçün bütün şərtlər hazırki mübahisədə mövcuddur. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsinin dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslı deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndələri Nümayəndə1 və X5 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4927/2024 saylı 4 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndələri X11 və X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar. 23.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 24.328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 25.389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 26.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 27.399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 28.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 29.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 30.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

32.36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. 33.119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

34. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

36. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 38.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 39.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

41. İş materiallarından göründüyü kimi iddiaçı-şirkət ilə binanın sakinləri arasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 2-ə dair xx.xx.2019-cu il 1 nömrəli tapşırıq müqaviləsi; Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 1-ə dair xx.xx.2019-cu il 1 nömrəli tapşırıq müqaviləsi; ünvan 1-ə dair xx.xx.2019-cu il 1 nömrəli tapşırıq müqaviləsi bağıanılmışdır.

42. Həmin müqavilələrə əsasən, şirkət sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstini və abunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı, sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstini və abunə dəstini istifadəyə qəbul etməyi, abunə dəstinin, yəni domofon audio-sistemi və giriş kontrolu sisteminə daxil olan avadanlığın və məxaric materiallarının dəyərini ödəniş etməyi, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində istifadəyə qəbul etməyi və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə şirkətə təhvil verməyi öhdəsinə götürmüşdür. 43.Bu müqavilələrin 3.4.5-ci bəndinə görə, müqaviləyə xitam verildiyi təqdirdə 14 gün ərzində çağırış blokunun quraşdırılması üçün blok dəstini şirkətə geri təhvil vermək sifarişçinin vəzifəsidir; 5.5-ci və 5.6-cı bəndlərinə görə sifarişçiyə verilmiş abunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarına mülkiyyət hüququ, malın dəyərinin tam ödənilməsinədək şirkətdə qalır. Sifarişçinin qeyd edilən avadanlığa mülkiyyət hüququ, malın dəyərinin tam ödənilməsinədək Şirkətdə qalır. Sifarişçinin qeyd edilən avadanlığa mülkiyyət hüququ olmasından asılı olmayaraq, bütövlükdə avadanlığın istismarı və şirkətin göstərdiyi xidmətlə bağlı xərclər sifarişçiyə aid olur. Çağırış blokunun quraşdırılması üçün blok dəstinə mülkiyyət hüququ şirkətdə qalır və bu müqaviləyə xitam verildiyi andan şirkətin çağırış blokunun quraşdırılması üçün blok dəstini sökərək geri gtürməsi hüququ vardır. Çağırış bloku (1 ədəd) və kommunator şirkətin mülkiyyətindədir.

44. Beləliklə də işin mübahisələndirilməyən hallarından göründüyü kimi müqavilə ilə nəzərdə tutulmuş binalara blok dəsti və abunə dəstindən ibarət çağırış bloku, yəni domofon audio-sistemi və giriş kontrolu sisteminə daxil olan avadanlıq və məxaric materialları müqavilədə qeyd edilən şəkildə iddiaçı tərəfindən quraşdırılmışdır. Hazırda isə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam verilmişdir. Şirkət bağlanmış müqavilələrin məzmununa görə mülkiyyətində qalması müəyyən edilmiş avadanlıqları (abunə dəsti istisna olmaqla) geri tələb etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, bina sakinləri çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində istifadəyə qəbul etməyi və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə şirkətə təhvil verməyi öhdəsinə götürmüşlər.

45. Nəzərə alınmalıdır ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri könüllü birlik olan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmışlar. Belə olan halda da cavabdeh statusunda işə cəlb edilmiş Cavabdeh bina sakinlərinin tərəf olduğu müqavilələr üzrə məsuliyyət daşıması, MMMC-nin yaranması tarixindən asılı olmayaraq qanunvericiliyə tam uyğundur.

46. Beləliklə də iddiaçının istinad etdiyi hüququn tərəflər arasında bağlanmış müqavilədən irəli gəldiyi, müqavilə üzrə öhdəliyin icra edilməsi isə müqavilə tərəflərinin vəzifəsi olduğu nəzərə alınmalıdır.

47. Bununla belə nəzərə alınmalıdır ki, apellyasiya icraatı zamanı iddiaçı tələblərini dəqiqləşdirərək, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068, hazırda isə Əcəmi Naxçıvani 155, bina 1, blok 1; Əcəmi Naxçıvani 153, bina 1, blok 2; Əcəmi ünvan 5 ünvanında cəmi 4 blokda quraşdırılmış əsas qapı avadanlıqları və köməkçi qapı avadanlıqları olan çağırış bloku dəstinin, yəni 4 ədəd əsas qapıda yerləşən çağırış aparatı (CYFRAL markası üzrə), yəni əsas qapı avadanlığı, eləcə də 6 ədəd köməkçi qapıda olan avadanlıq (ştivitil), 6 ədəd çıxış düyməsi, 10 ədəd qapı təmizləyici (davodçik), 10 ədəd maqnit qıfıl, eləcə də 4 blokda hərəsində bir şit qutusu içində kommutator və qida blokunun yəni köməkçi qapı avadanlığının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qərar qətnamə çıxarılmasını xahiş etmişdir.

48. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinadən qeyd edir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

49. Hazırki mərhələdə, yəni apellyasiya icraatı qaydasında işə baxılan zaman iddia tələblərinin dəqiqləşdirilməsi və s. bu kimi prosessual hərəkətlərin edilməsi isə yuxarıda qeyd olunan prosessual qaydalara riayət edilməməsi, məhkəmə prosesinin lüzumsuz şəkildə uzanması, cavabdeh qismində cəlb edilmiş şəxslərin məhkəmə müdafiəsi hüququnun lazımi qaydada həyata keçirməsi imkanlarından məhrum olması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi bu ərizəni icraata qəbul etməkdən imtina edir.

50. Bununla da məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Göründüyü kimi, iddiaçının müraciət etdiyi iddia ərizəsində bina 2 blok 2, blok 2, blok 3 ünvanında quraşdırılmış avadanlığın təhvil verilməsi tələb edilmiş, məhkəməyə təqdim etdiyi müqavilələrdə avadanlığın bina 2 blok 1, blok 2, blok 3 ünvanında quraşdırılmalı olduğu müəyyən edilmiş, apellyasiya icraatı qaydasında işə baxılan zaman isə iddiaçı özünə məxsus avadanlığın məhz bina 1, blok 1; bina 1, blok 2; bina 1, blok 3; bina 2, blok 1 ünvanında, yəni 4 blokda quraşdırıldığını, həmin avadanlığın əsas qapı avadanlıqları və köməkçi qapı avadanlıqlarından ibarət olduğunu qeyd edərək müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir.

52. Nəzərə alınmalıdır ki, iddiaçının irəli sürdüyü iddia tələbləri kifayət qədər aydın və anlaşılan olmalı, o, öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə düzgün məlumat verməlidir ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

53. Qeyd edilməlidir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068, hazırda isə Əcəmi Naxçıvani 155, bina 1, blok 1; Əcəmi Naxçıvani 153, bina 1, blok 2; Əcəmi Naxçıvani 151, bina 1, blok 3, yəni bina 1 ümumiyytlə birinci instansiya məhkəməsinin araşdırma predmeti olmamışdır. Əcəmi Naxçıvani 149, bina 2, blok 1 isə iddia tələblərində qeyd edilməmişdir.

54. Odur ki, iddia, tərəflər arasında bağlanmış hər hansı müqavilənin və ya mübahisəli avadanlığın cavabdehə verilməsi ilə bağlı təhvil-təslim aktının məhkəməyə təqdim edilmədiyi, Cavabdeh iddiaçı qarşısında xx.xx.2019-cu il 1№-li və xx.xx.2019-cu il 1№-li müqavilələr üzrə öhdəliklərinin yaranmadığı əsası ilə deyil, iddiaçının hazırkı işin nəticəsində nail olmaq istədiyi hüquqi marağın fərqli olması əsası ilə rədd olunmalıdır.

55. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı qətnamə iddiaçının “Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068, hazırda isə Əcəmi Naxçıvani 155, bina 1, blok 1; Əcəmi Naxçıvani 153, bina 1, blok 2; Əcəmi ünvan 5 ünvanında cəmi 4 blokda quraşdırılmış əsas qapı avadanlıqları və köməkçi qapı avadanlıqları olan çağırış bloku dəstinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək (iddianın predmeti fərqli olduğundan) hüququnu məhdudlaşdırmır.

56. Belə ki, Cavabdeh MMMC-nin fəaliyyət sahəsinə daxil olan binaların mənzil mülkiyyətçilərini təmsil edən hüquqi şəxsdir, istinad olunan müqavilə şərtləri bina sakinlərindən ibarət həmin MMMC-yə də aiddir, tərəflər arasında müqavilə münasibətləri faktiki olaraq yaranmışdır və müqavilə münasibətlərinə xitam verildiyi üçün iddiaçı müvafiq avadanlıqların təhvil verilməsini tələb etmək hüququna malikdir.

57. Mülki Məcəllənin 385.2-ci maddəsinə görə, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

58. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı MMC-nin Cavabdehnə qarşı “avadanlıqların geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir.

59. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

60. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4927/2024 saylı 4 oktyabr 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdehnə qarşı “avadanlıqların geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar