Məhkəmə qərarları › İş №2(103)-6710/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6710/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6710/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X19 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayədəsi X2, Cavabdehnın iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “hesablanmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2966/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 1.199,68 manat borc hesablanmışdır. İddiaçı öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf isə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir.

2. Azərbaycan Respublikasının DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh, X27, X18, X11, X6, X3, X7, X8, X9, X28, X21, X5, X14, X15 (cəmi 14 nəfər) ünvan 1 ünvanında qeydiyyatdadırlar.

3. Bakı şəhəri Nizami RİHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03/261 nömrəli, xx.xx.2022-ci il və 03/264 nömrəli, xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, Cavabdeh, X18, X6, X28, X21, X11, X14, X4, X15, X8, X3, X10 (cəmi 12 nəfər) Bakı şəhəri Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsi 15A saylı evdə qeydiyyatdadırlar. 2010-2016-cı il tarixədək sorğuda qeyd olunan ünvanda Bakı şəhəri Nizami RİHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində kimlərin qeydiyyatda olub-olmaması barədə məlumat olmadığı üçün heç bir məlumat vermək mümkün deyildir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh qeydiyyat ünvanının ünvan 3h Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.199.68 manat borcun tutularaq **********000 saylı abonent koduna və 31.99 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri xx.xx.2016-cı il tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, yuxarıda göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SSS-15 markalı, 831847 nömrəli sayğac xx.xx.2016-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 1.199,68 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 15A olduğu qeyd olunmuşdur.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2966/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 864 manat borc **********000 saylı abonent koduna, ödənilmiş dövlət rüsumu 31,99 manat İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə tam yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.

8. Həmçinin qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 15A ünvanında 2011-2016-cı illərdə 8 nəfər qeydiyyatda olmuşdur. Həmin dövrdə istehlakçıların istifadə etdikləri su və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Həmin qaydalara əsasən sərfiyyat 1 nəfər üçün 5 kub metr, hər kub metrə görə isə 0.36 qəpik müəyyən edilmişdir. Belə olan halda, 1 nəfər üçün su və kanalizasiya xidmətlərindən istifadəyə görə 1 aylıq xidmət haqqı 1.80 (0.36x5) manat olmaqla, 8 nəfər üçün 14.40 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2011-ci ildən 2016-cı ilin fevral ayına qədər Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 15A ünvanı üzrə (sayğac quraşdırılana qədər) su və kanalizasiya xidmətlərindən istifadəyə görə xidmət haqqı 864 manat (1.80 x 8 (nəfər) =14.40 x 12 = 172.8 (8 nəfər üçün 1 illik xidmət haqqı) x 5 (2011-2016-cı illər = 864) təşkil etdiyindən, iddia tələbi Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 864 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442 və 567-ci maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X13”na istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-2966/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, əsassız yaranmış 566 manat məbləğində borcun silinməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iddiaçının iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ASC-yə borcu olmuş, lakin borcu iddia ərizəsində qeyd olunan məbləğdən az olmuşdur. Çünki iddiaçı tərəfin qeyd etdiyi kimi, o zamanlar ona məxsus evdə 18 nəfər qeydiyyatda olmamışdır. Qarşı tərəf bununla əlaqədar olaraq məhkəməyə heç bir möhtəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı məhkəmənin sorğusuna cavab olaraq ödəniş cədvəlininin tam siyahısını təqdim etməmişdir. Nəticədə 864 manat məbləğin 566 manatı əsassız olaraq borc hesablanmışdır. 2011-2016-cı illərdə bir neçə nəfər qohum onun evində formal şəkildə qeydiyyatda olsalar da, faktiki olaraq başqa ünvanlarda yaşamışlar və onun evinə çəkilmiş sudan istifadə etməmişlər. Qeyd etmişdir ki, iddiaçı hətta xx.xx.2012-ci il tarixdə anadan olmuş nəvəsi Ruqəyyə üçün 2011-2016-cı illər, yəni dünyaya gəlmədiyi illər ərzində ondan su pulu tələb edir. Bütün bunları o, məhkəmədə bildirsə də məhkəmə əlavə araşdırma aparmadan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən (sistemdən) ödəniş cədvəlinin tam formada tələb etmədi. Ödəmiş olduğu 566 azn pulun qəbzi onda olmadığından məcburiyyət qarşısında qalaraq özü İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon şöbəsindən 2010-cu ildən 2016-cı il tarixədək bütün ödənişlərin cədvəlini və eyni zamanda 2011-2022-ci ilin ödəniş cədvəlini əldə edib məhkəməyə təqdim etsə də, məhkəmə həmin cədvəli qəbul etməyərək həmin gün qətnaməni elan etdi. Qeyd etmişdir ki, 2019-cu ildən onkoloji xəstədir. Son zamanlar səhhətində ciddi problemlər yaranmışdır. Apellyasiya şikayəti verilən dövrdə əməliyyat olunmuşdur (xəstəliyi iə əlaqədar tibbi sənədlər tərəfindən məhkəməyə təqdim olunacaqdır). Birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamalı idi. Belə ki, iddiaçı tərəfindən iddia müddəti üzrsüz səbəbdən ötürülmüş və ona qarşı məhkəmədə 6 ildən sonra iddia qaldırılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Məhkəmə qeyd edilən xüsusatlara əhəmiyyət verməyərək, mülki işə baxarkən, hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparmamış, tərəflərin çəkişmə, bərabərlik prinsiplərini pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, düzgün olmayan,əsassız, qanunsuz qətnamə qəbul edilmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, Prezidentin sərəncamından sonra borclar silinmiş, 2011-ci il fevral ayı tarixindən 09 fevral 2016-cı il tarixinə qədər, sayğac qoyulana qədər borc hesablanmışdır. 2011-ci il fevral ayından 09 fevral 2016-cı il tarixinə qədər evdə qeydiyyata dair tərtib olunmuş arayışda artıq şəxslərin adları qeyd olunmuşdur. İbadova Gülnaz 1988-ci il tarixində Biləsuvar rayonunda qeydiyyatdadır. 1988-ci ildə ailə həyatı qurmuşdur, bacısıdır. Əziz qardaşı oğludur, 1993-cü ildə Suraxanı rayonunda yaşayır və qeydiyyatdadır. Ağca bacısı qızıdır, 1988-ci ildə ailə həyatı qurubdur və 7-ci mikrorayonda qeydiyyatdadır. Həzrətəli bacısı oğludur, evdə qeydiyyatda deyildir. Adları qeyd edilən şəxslər evdə qeydiyyatda deyillər. 2011-ci il fevral ayından 09 fevral 2016-cı il tarixinə qədər evdə o, yoldaşı, iki oğlu və bir qızı qeydiyyatda olmuşdur. Qızı 2003-cü ildə ərə getmişdir, başqa yerdə yaşamasına baxmayaraq onun evində qeydiyyatdadır. Onun bu işdən xəbəri olmadığına görə İddiaçı ASC-yə bu barədə məlumat verməmişdir. Məhkəmə 8 nəfərə görə borc hesablamışdır. O, yoldaşı, iki oğlu, qardaşı İbadov Rasim, bacı Nailə İbadova, onun oğlu Ramiz və azyaşlı nəvəsinə görə borc hesablanmışdır. Nəvəsi 2012-ci ilin iyul ayında anadan olmuşdur, lakin siyahı 2011-ci il tarixində tərtib olunmuşdur. Ağca adlı bacısı hazırda evdə qeydiyyatdadır. İddiaçı tərəf birinci instansiya məhkəməsinə 18 nəfərlik arayış təqdim etmişdi. O, həmin arayışı haradan aldığını soruşanda cavabında həmin arayışı kənd sovetindən aldığını bildirdilər. Daha sonra məhkəmə ondan tələb etdi, o, məhkəmənin sorğusu əsasında müraciət etmiş, onların verdiyi arayışda 14 nəfər şəxsin adı qeyd edilmişdi. 14 nəfərin içərisində qızının, bacısının adları da qeyd olunmuşdur. O, bununla bağlı İddiaçı ASC-yə müraciət etməmişdi. Onun bu proseslərdən məlumatı olmamışdır. 2011-2016-cı illər ərzində evdə qeydiyyatda olanlardan biri nəvəsidir, 2012-ci ildə anadan olmasına baxmayaraq 2011-ci il tarixli arayışda adı qeyd edilmişdir. 2016-cı il 09 fevral tarixində onunla müqavilə bağlandı. Sayğac qoyulandan sonra onun 1378 manat borcu olmuşdur, həmin borcdan 240 manat ödəmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayədəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Bildirmişdir ki, birinci instansiya məhkəməsinə müraciət edən zaman 18 nəfərlik bir arayış üzrə borc hesablamışdılar. X32 qərarı üzrə 2016-cı il tarixinə qədər hesablanmışdır. Birinci instansiya məhkəməsi qarşı tərəfin təqdim etdiyi 8 nəfərlik arayış üzrə borc hesablanmışdır. Cavabdehin bildirdiklərinin hazırkı işə aidiyyəyi yoxdur. Faktiki 2016-cı ilə qədər ailə tərkibinə görə sərfiyyat hesablanmışdır. Cavabdehin təqdim etdiyi arayış 2023-cü il tarixə görə tərtib olunmuşdur.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv olunması və iddianın 566 manat hissəsində rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın qeyd edilən hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 21.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 22.375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 23.385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

“Su təchizatı və tullantı suları haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

27. 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir.

28. 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

29. 31-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü iltarixli Qərarı ilə təsdiq edilmiş “X13”nın

30.2.1.5-ci, 2.1.7 və 2.1.8-ci bəndlərinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək, istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək və 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-nin vəzifəsidir. 31.5.1.5-ci bəndinə görə verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarına aid edilmişdir. 32.7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 33.7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdehə məxsus ev İddiaçı ASC tərəfindən su təchizatı və tullantı suların axıdılması xidməti ilə təmin edildiyindən Cavabdeh abonent kimi xx.xx.2013-cü il tarixli 14815747 nömrəli müqavilə üzrə **********000 abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubunun surətindən görünür ki, onun su və çirkab su xidmətlərindən istifadəyə görə xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 2011-2016-cı il tarixlər üzrə 1.199,68 manat məbləğində ödənilməmiş borcu yaranmışdır.

37. Beləliklə, cavabdeh su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməklə, lakin ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1).

38. İddiaçı cavabdehdən tərəfləri olduqları müqavilənin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, qeyd olunan müqavilə üzrə müəssisəsinin istehlakçını müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə təmin etməsi, tullantı suları və tullantıları təmizləməsi və tənzimlənməsi, istehlakçının isə bunun müqabilində suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisinə uyğun məbləğdə ödəniş etməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 39.Hazırda cavabdeh apellyasiya şikayətində, məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilmədiyini, iddiaçı tərəfindən göstərilən xidmətlərə görə borc yalnız evdə yaşayanlara görə hesablanmalı olduğunu qeyd etmişdir.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə isə qeyd etməyi zəruri sayır ki, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

41. İş materiallarından göründüyü kimi cavabdehə məxsus fərdi yaşayış evində Azərbaycan Respublikasının DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən 14 nəfər, Bakı şəhəri Nizami RİHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03/261 nömrəli, xx.xx.2022-ci il və 03/264 nömrəli, xx.xx.2022-ci il tarixli məktublara əsasən 12 nəfərin qeydiyyatda olduğu, birinci instnasiya məhkəməsinin 1 aylıq xidmət haqqını 8 nəfərə görə hesabladığı müəyyən edilir. Cavabdeh 2011-2016-cı illərdə həmin şəxslərin, evində qeydiyyatda olmasına baxmayaraq, yaşamadıqlarını bildirir. Halbuki yuxarıda qeyd edilənlərə görə qeydiyyatda olan şəxslərin (yaşayanların) sayı barədə sənəd istehlakçını müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə təmin edən, tullantı suları və tullantıları təmizləyən müəssisəyə istehlakçı tərəfindən təqdim olunmalıdır. Bundan irəli gələn maddi məsuliyyət də qanunun tələblərinə əməl etməyənə aiddir.

42. Bundan başqa qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

43. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etməmişdir, belə ərizənin mövcud olmaması isə məhkəmə tərəfindən iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılmasını istisna edir. 44.MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 45.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2966/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar