Məhkəmə qərarları › İş №2(103)-6711/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6711/2022

03.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6711/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisinə, Cavabdeh5 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 32 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: bağ sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və həmin sahə üzərində iddiaçının qanun üzrə vərəsəlik hüququnun tanınması, ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisinə, Cavabdeh5 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 32 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mirasın qəbuluna və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X8 ilə İddiaçı1 arasında xx.xx.1974-cü ildə nikah bağlanmışdır.

2. Onların birgə nikahından xx.xx.1975-ci ildə Quliyeva Hicran Tahir qızı və xx.xx.1984-cü ildə İddiaçı2 doğulmuşdur.

3. Hazırki mülki iş üzrə mübahisəli torpaq sahəsi, yəni ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi X2 ilə alıcı X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətinə keçmiş və bununla bağlı daşınmaz əmlakın Dövlət reyestrindən X6 RX seriyalı ******* saylı qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarış verilmişdir.

4. Bakı şəhəri 32 saylı Notariat Kontorunda satıcı X8 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi alıcının, yəni Cavabdeh2 mülkiyyətinə verilmişdir.

5. Lakin hazırki mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri 32 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aparılmamışdır.

6. X8 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür.

7. Mübahisəli torpaq sahəsi ardıcıllıqla müxtəlif şəxslərə satılmışdır.

8. Belə ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh3 satılmış, daha sonra Cavabdeh3 xx.xx.2018-ci il tarixli 4Ə-812 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə qeyd olunan torpaq sahəsini Cavabdeh5 satmış və bununla bağlı Cavabdeh5 adına RX seriyalı ******* saylı qeydiyyat nömrəli xx.xx.2018-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh5 mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 12 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi və Azərbaycan Respublikası İN yanında ƏMDX-in DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mirasın qəbulu və müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış ünvan 1nə dair birinci növbə vərəsə İddiaçı1 tam pay üzrə vərəsəlik hüququnun tanınması və buna dair müvafiq sənədlərin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsi, 14 saylı Notariat Ofisində sözügedən bağa dair imzalanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət sənədinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Bağ evinə dair 17 avqust 2017-ci il tarixdə X8 ilə Cavabdeh2 arasında 32 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh2 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 07 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında 14 saylı notariat ofisində təsdiqlənmiş 4Ə-645 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh3 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, bağ evinə dair 16 may 2018-ci il tarixdə Cavabdeh3 ilə Cavabdeh5 arasında ASAN 3 xidmət mərkəzinin notariat ofisində təsdiqlənmiş 4Ə-812 reyestr nömrəli alqı-satqı müqaviləsinin və “Elektron notariat” informasiya sistemində reyestr qeydinin ləğv edilməsi və həmin müqavilə əsasında DƏDRX-də Cavabdeh5 mülkiyyət hüquqlarına dair reyestr qeydinin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 əri, digər iddiaçıların ataları olmuş miras qoyan X8 12 iyul 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Miras qoyandan ünvan 1 miras qalmışdır. Bağa dair DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə №0905846 saylı çıxarış verilmişdir. Miras əmlak olan bağ sahəsi iddiaçılar tərəfindən faktiki qəbul edilmiş və daima bağa gedərək ora sahiblik edir. Ölüm ərəfəsində, T.Quliyev bağa dair öz iradəsinə uyğun olaraq sərəncam verməsi üçün 11 saylı notariusa müraciət olundu. Müraciət etdikdə notariusun bildirdiklərindən məlum olmuşdur ki, sözügedən bağ sahəsi başqa şəxsin mülkiyyətindədir. Belə ki, notariat ofisində elektron məlumat bazasına istinadən bildirmişdilər ki, ailə başçınızın - adına olan bağ sahəsi başqa şəxsə satılmışdır. “Elektron notariat” X1 Çıxarışdan göründüyü kimi, ünvan 1 (0,12 ha) tam olaraq 06-xx.xx.2020-ci il tarixlərdə 14 saylı notariusda cavabdeh X3 təsdiqi ilə alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Bu əqdin tərəfləri isə alıcı olaraq Cavabdeh3, satıcı isə Cavabdeh2 çıxış etmişdir. Həmin çıxarışdan o da görünür ki, qəbul olunmuş mütləq qaydaya zidd olaraq nə alıcının, nə də ki, satıcının fotoşəkli əqd sənədində əks olunmamışdır. Halbuki bağ sahəsi mərhum Tahir Quliyev tərəfindən heç vaxt özgəninkiləşdirilməmişdir. Bundan sonra dərhal Xəzər rayon Polis İdarəsinə ərizə verilmiş, məsələnin araşdırılması tələb edilmişdir ki, araşdırma bitdikdə bir daha mirasın qəbulu üçün müvafiq qaydada müraciət etmək mümkün olsun. 13 yanvar 2020-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsən İsmayılovun 055-22954-1220 saylı məktubu poçt vasitəsilə onlara daxil olmuşdur. Həmin məktuba qoşmada İdarənin müstəntiqi, polis kapitanı Rafiq Qarayevin qəbul etdiyi 10 sentyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı var idi. Qərara görə məsələ mülki xarakter daşıyır və s. Qərarla razılaşmayaraq bir daha 17 mart 2020-ci il tarixdə Xəzər rayon prokuroruna müraciət etmişdir. Natamam araşdırılma aparıldığından prokuror qərarı ləğv edərək yenidən obyektiv araşdırılma aparılmasına dair göstəriş vermişdir. Məsələnin araşdırılması müstəntiq Cəlal müəllim adlı polis mayoruna həvalə edilmişdir (070276-11-01). Necə araşdırma apardığını bilmirlər, lakin cəmi bir dəfə, may ayının əvvəlində iddiaçının vəkilindən qısa izahat alınmış və təxminən bir ay bundan qabaq telefonla ona zəng edib maraqlandıqda bildirib ki, yenə də rədd qərarı qəbul edib. Dəfələrlə qərarın onlara verilməsini istəsə də, bildirir ki, poçtla göndərib. Bu günlərdə əlbəəl almışdır. Bir daha qərardan şikayət vermişlər. Bu arada 12 saylı Notariat ofisində digər əmlaka (avtomobilə) dair şəhadətnamə alınmışdır. Bağ sahəsinə dair isə şəhadətnamə verməyə 12 saylı notariat ofisi imtina etmişdir. Onu da qeyd edir ki, miras qoyanın övladları öz paylarının analarına keçməsinə dair ərizə yazmışlar.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 saylı qətnaməsi ilə (hakim R.Xəzri) İddiaçı1 iddia tələbi qismən təmin edilmiş, X8 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

13. Məhkəmə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, ilkin olaraq X8 ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, mübahisə predmeti olan daşınmaz əmlak Cavabdeh2 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqavilələri bağlanarkən və reyestrdə sonuncuların adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiyindən, Cavabdeh3 və Cavabdeh5 tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşlar, belə olan halda Cavabdeh2 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh5 arasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz, lakin əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və X8 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququ da iddiaçıya izah edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 329.1, 337.2, 337.3, 337.4, 337.5, 140-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5, 16.6-cı maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddianın təmin edilmədiyi hissədə tam təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. İddiaçının hüququ bərpa olunmayıb, məhkəmə müdafiəsi təmin olunmayıb. Belə ki, mərhum T.Quliyevin adından guya Cavabdeh2 satılmasına dair müqavilə ləğv olunur, eləcə də, Cavabdeh2 adına qeydiyyat ləğv olunur. İddiaçı1 vərəsəlik hüququ təmin olunmayıb, digər müqavilələr və çıxarışlar etibarsız hesab edilməklə ləğv olunmalı olduqları halda, bu edilməyib. Beləliklə, vətəndaşın hüququ müdafiə olunmayıb, təmin olunmayıb. Bu cür yanaşma hər növ saxta işlərə bir növ rəvac verir, onlara zəmin yaratmış olur. Hesab edir ki, ən böyük səhv vicdanlı alıcılığa dair müddəaların yanlış tətbiqidir. İddiaçı ona qarşı saxtakarlıq işlətməklə aldadılaraq mülkiyyətindən məhrum edilmişdir. Məhkəmə yalnız saxta əqdi ləğv etməklə, saxta əqd əsasında aparılmış etibarsız əqdlərə toxunmayaraq iddiaçının hüququnu bərpa etmək haqqını ona yasaq edir. Bu isə hüquqi absurda gətirir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qanunun bu tələbi üzrə Cavabdeh2 həqiqətdə notariata getmədiyi və müqavilə imzalamadığı halda, onun adına yazılmış əqd üzrə hüquq yaranmadığından qeydə alınmamalıydı, alındığı təqdirdə etibarsız hesab edilir. Etibarsız əqd əsasında aparılmış qeyd özü həmin tarixdən etibarsızdır. Etibarsız qeyd əsasında sonradan aparılan qeydlər də etibarsız sayılır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

20. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar, digər cavabdehlər və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdehlərdən Bakı şəhəri 14 və 12 saylı notariat ofisləri və üçüncü şəxs ünvan 2 ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılardan yalnız İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş, İddiaçı1 apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir, odur ki, apellyasiya baxışının predmetinin iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

25. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

26. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

27. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

28. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

33. 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

34. 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.

AR Mülki Prosessual Məcəlləsi

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir.

40. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Bu prinsipə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

41. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

42. Həmçinin, qanunvericilikdə müəyyən edilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

43. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarı)

44. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh5 arasında alqı-satqı müqavilələri bağlanarkən və reyestrdə sonuncuların adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərəkət etməklə bu zaman qeydiyyatın düzgün olmadığını bilmədiklərindən, Cavabdeh3 və Cavabdeh5 tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdurlar.

45. Kollegiya qanunvericiliyin yuxarıda göstərilən müddəalarına və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı şərhinə əsaslanaraq birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab edir.

46. Həmçinin, əmlak hazırda vicdanlı alıcı olan digər şəxsin mülkiyyətində olduğundan və X8 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən torpaq sahəsinin dəyərinə münasibətdə zərər tələb etmək hüququnun olması da birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmişdir.

47. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

48. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-300/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar