Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6716/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(006)-1524/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pul vəsaitinin, 110 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə MMC arasında illik icarə haqqı vergilər xaric olmaqla 2000 manat olan 06.11.2017-ci il tarixli icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ərazidə 6 kv.m sahəni mobil baza stansiyasının quraşdırılması üçün MMC-nin istifadəsinə verməyi, MMC isə bunun əvəzində razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hər il üçün eləcə də 06 noyabr 2018-ci il tarixdən 06 noyabr 2019cu il tarixədək icarə haqqı cavabdehə ödənilmişdir. 2018-ci ilin noyabr ayında mobil baza stansiyası icarə obyektinin dövlət ehtiyacları üçün söküldüyünə görə ərazidən götürülmüşdür. Lakin cavabdeh 06 noyabr 2018-ci il tarixdən 06 noyabr 2019-cu il tarixədək qabaqcadan ödənilmiş icarə haqqı MMC-yə geri qaytarılmamışdır. 06 noyabr 2017-ci il tarixli icarə müqaviləsinin 2.1.13-cü bəndinə görə müqaviləyə istənilən səbəbdən vaxtından əvvəl xitam verildikdə icarəyə verən qabaqcadan ödənilmiş və istifadə edilməmiş pul vəsaitini 5 iş günü müddətində icarəçiyə geri qaytarmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(006)- 1524/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2000 manat pul vəsaiti, 110 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmədə bildirmişdir ki, MMCnin ona qarşı olan iddiası əsaslı olsa belə, MMC-nin də ona qarşı bir o qədər borcu var. Mobil baza stansiyasının icarə ərazisindən götürülməsi onun iradəsindən asılı olmamış və onun məsuliyyət daşımadığı haldan irəli gəlmişdir. Bir halda iddiaçının ərizəsi təmin edilir, onda MMC-dən onun xeyrinə 07.12.2016-cı il tarixdən 06.11.2017-ci il tarixədək olan müddət üçün 1833 manat icarə haqqı tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 06.11.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 10 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnologiya avadanlığının yerləşdirilməsi üçün ümumi sahəsi 6 kv.metr olan icarə obyektini iddiaçının istifadəsinə verməyi, iddiaçı isə bunun əvəzində razılaşdırılmış 2000 manat məbləğində icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. 10.12.2018-ci il tarixli ********* saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 06.11.2018-06.11.2019-cu il tarixlər üzrə icarə haqqı üçün 2000 manat məbləğində pul ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 19 oktyabr 2020-ci il tarixli 1898/d saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli 16.02.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, ev 10 və digər ətraf ərazilər dövlət ehtiyacları üçün alınaraq 2018-2019-cu illər ərzində sökülmüşdür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən icarə haqqını cavabdehə ödəmiş, lakin icarə obyekti dövlət ehtiyacları üçün alınaraq söküldüyündən iddiaçı həmin obyektdən istifadə edə bilməmiş və göstərilən səbəbdən iddiaçı ilə cavabdeh arasında olan icarə hüquq münasibətlərinə xitam verilmişdir. İddiaçı qabaqcadan ödədiyi 2000 manat məbləğində icarə haqqının geri qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh isə icarə müqaviləsinin 2.1.13-cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi qənəatinə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, iddiaçının tələbi əsaslı olsa da, eyni zamanda iddiaçının da ona borcu var, iddia təmin edildiyi halda, iddiaçıdan da icarə haqqı onun xeyrinə tutulmalıdır. Apelyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdehin iddia etdiyi kimi MMC-nin ona borcu var, bu barədə müstəqil iddia qaldıraraq, həmin borcun ödənilməsini tələb edə bilər, yəni, bu hal hazırki qanuni və əsaslı olan iddianın təmin edilməsinin qarşısını almır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2021 saylı iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6716/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6716/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver