Məhkəmə qərarları › İş №2(103)-6716/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6716/2025

19.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6716/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6716/2025 (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X1 qarşı “fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1136/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19 fevral 2026cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33B,113B) dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh qardaşı X11 ilə birgə nikahda olmuş və nikahda olduqları müddətdə onlar ilk əvvəl Naxçıvan MRda yaşamışlar. Daha sonra 2021-ci il tarixində Bakı şəhərinə gələrək onun mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilidə yaşamağa başlamışlar. Lakin 2022-ci il 7 dekabr tarixində onlar arasında nikah pozulmuş və eyni zamanda hazırki üzrə cavabdeh məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən sahəyə pay hüququnun tanınması tələbi ilə müraciət etsə də, məhkəmə tərəfindən həmin iddia tələbi təmin edilməmiş, həmin əmlakın fiziki mövcudluğu və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun mövcudluğu həmin qərarlarda öz əksini tapmışdır. Qeyd etməyi zəruri hesab edir ki, 2021-ci ildən Cavabdeh onun (iddiaçının) mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evindən (Suraxanı rayonu,qaracuxur qəsəbəsi,şimal-şərq yaşayış massivi döngə 2 ev 5) (ev 33B ,113B) çıxmır və nəticədə həm ona məxsus olan torpaq sahəsindən eyni zamanda fərdi yaşayış evindən istifadəyə dair hüquqlarını pozur, məsələ ilə əlaqədar dəfələrlə aidiyyatı polis orqanlarına müraciət etsələr də, polis orqanı tərəfindən məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) inşa edilməsinə və təmirinə çəkilən xərclərin yarısının və ödənilmiş dövlət rüsumunun faydalanan şəxs İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, şimal-şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33B,113B) dən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının bildirdiyinin əksinə fərdi yaşayış evi yox, evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi onun mülkiyyətindədir. İddianın dəlilləri təhrif edilib. Belə ki, Cavabdeh ilə X7 xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, sonuncu xx.xx.2022-ci tarixdə məhkəməyə müraciət etmiş, nikahları Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-304/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı övladları ilə birlikdə birgə nikah dövründə inşa edilmiş Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evində (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) yaşayır. Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi bölgü sxeminə və ünvan 3 kontorunun 4Ə/3-421 reyestr nömrəli xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X5 adına qeydiyyata alınmış, daha sonra xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsində iki tikili mövcuddur, birində İddiaçı, digərində isə iddiaçı yaşayır. İddiaçının yaşadığı fərdi yaşayış evini (özbaşına tikili) X11 birgə nikah dövründə tikib, lakin qeydə aldırmayıb, həmçinin fərdi yaşayış evinin təmirinə dair xərclər də birgə nikah dövründə çəkilib. Bu halları məhkəmə iclasında şahidlər də sübut edə bilər. Bundan əlavə 2022-ci ilə qədər Azərsu ASC, Azərqaz İB və Azərişıq ASC ilə abonent müqavilələri X5 adına bağlanmış, bütün ödənişləri Cəfər həyata keçirmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) inşa edilməsinə və təmirinə çəkilən xərclərin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ilk iddia təmin olunarsa, ilk iddia üzrə cavabdeh özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olacaqdır. İddiaçı fərdi yaşayış evinin tikintisi və təmiri üçün çəkilən xərcləri tikintitexniki ekspertizası keçirilməklə müəyyən ediləcəyi qənaətindədir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1136/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) ilkin iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 0.0190 ha torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33 B, 113 B)-dən çıxarılması, məhkəmə xərci - ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X1 qarşı “fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi” barədə verilmiş qarşılıqlı iddia ərizəsnini təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid olunması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 135.4. 139.1, 140, 157.2, 157.8, 158.1, 158.1.2, 158.2, 158.4, 180.1, 180.3-cü maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4.1, 5.1, 5.3, 84.1, 111.1, 111.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.3, 217.4, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, iddiaçının bildirdiyinin əksinə fərdi yaşayış evi yox, evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi onun mülkiyyətindədir. İddianın dəlilləri təhrif edilib. Belə ki, Cavabdeh ilə X7 xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, sonuncu xx.xx.2022ci tarixdə məhkəməyə müraciət etmiş, nikahları Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-304/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı övladları ilə birlikdə birgə nikah dövründə inşa edilmiş Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evində (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) yaşayır. Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi bölgü sxeminə və ünvan 3 kontorunun 4Ə/3-421 reyestr nömrəli xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X5 adına qeydiyyata alınmış, daha sonra xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsində iki tikili mövcuddur, birində İddiaçı, digərində isə iddiaçı yaşayır. İddiaçının yaşadığı fərdi yaşayış evini (özbaşına tikili) X11 birgə nikah dövründə tikib (google earthdən çıxarışlar əlavə edilir), lakin qeydə aldırmayıb, həmçinin fərdi yaşayış evinin təmirinə dair xərclər də birgə nikah dövründə çəkilib. Bu halları məhkəmə iclasında şahidlər də sübut edə bilər. Bundan əlavə 2022-ci ilə qədər "xxxx" ASC, "xxxx" İB və Azərişıq ASC ilə abonent müqavilələri X5 adına bağlanmış, bütün ödənişləri Cəfər həyata keçirmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) inşa edilməsinə və təmirinə çəkilən xərclərin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ilk iddia təmin olunarsa, ilk iddia üzrə cavabdeh özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olacaqdır. İddiaçı fərdi yaşayış evinin tikintisi və təmiri üçün çəkilən xərcləri tikintitexniki ekspertizası keçirilməklə müəyyən ediləcəyi qənaətindədir. Ali Məhkəmənin mövqeyinə görə, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirak etməmişdir. Həmçinin məhkəməyə ərizə ünvanlayaraq hazırki mübahisəyə heç bir aidiyyatının olmadığını, mübahisəli evin təmiri ilə bağlı hər hansı maddi və ya mənəvi iştirakı olmadığını qeyd etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

17. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

18. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

19. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

20. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

21. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

22. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

29. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

33. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia yenidən rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

40. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0.0190 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı X11 ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş və əvvəllər Naxçıvan MR-da yaşamışlar. Daha sonra 2021-ci il tarixində Bakı şəhərinə gələrək iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilidə yaşamağa başlamışlar. Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi bölgü sxeminə və ünvan 3 kontorunun 4Ə/3-421 reyestr nömrəli xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X5 adına qeydiyyata alınmış, daha sonra xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmiş və mülkiyyətinə keçmişdir. Daha sonra Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)- 304/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X11 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində bağlanmış 296 saylı nikahın pozulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il tarixdə doğulmuş X6 və xx.xx.2009-cu il tarixdə doğulmuş X8 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi və azyaşlı uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir.

41. Hazırkı iş üzrə Cavabdeh X9 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X5 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, ev 95 - də yerləşən, 15 nömrəli mənzil iddiaçı Cavabdeh ilə cavabdeh X5 birgə nikahları dövründə əldə olunduğundan onların hər birinin həmin mənzilə ½ hissədə payı müəyyən olunması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 2, ev 33B (Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin orta bazar qiyməti olan 116500 manat məbləğində pulun ½ hissəsi cavabdehlər X2 və İddiaçı müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi, "HYUNDAİ İX-35” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin real bazar qiyməti olan 23000 manatın ½ hissəsi cavabdeh X2 alınaraq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(108)-119/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayətləri qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 2, ev 33B (Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin orta bazar qiyməti olan 116500 manat məbləğində pulun ½ hissəsinin cavabdehlər X2 və İddiaçı müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi və "HYUNDAİ İX- 35” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili: 2012, rəngi - ağ, mühərrik G4KDCU781622, ban KMHJU81BDCU537060) real bazar qiyməti olan 23000 manatın ½ hissəsinin cavabdeh X2 alınaraq iddiaçı Cavabdeh ödənilməsinə dair hissələrdə ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə rədd olunması, məhkəməyə müraciət etmək məqsədilə iddiaçı Cavabdeh tərəfindən 06 fevral 2023-cü il tarixdə X14 vasitəsilə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 600 manat dövlət rüsumunun 100 manatı cavabdeh X2 tutularaq iddiaçı Cavabdeh ödənilməsi və dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Daha sonra həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-561/2024 saylı qərarının surətindən müəyyən olunur ki, kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(108)-119/2023 saylı qətnaməsi qismən - birgə nikah müddətində əldə olunmuş avtomobilin satılmasından əldə olunan vəsaitdən bir hissəsinin tutulmasına aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)- 226/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

42. İşin hallarından da göründüyü kimi apelyator Cavabdeh X11 2005-ci ildə nikaha daxil olmuş və nikahda olduqları müddətdə onlar ilk əvvəl Naxçıvan MR-da yaşamışlar. Daha sonra 2021-ci il tarixində Bakı şəhərinə gələrək hazırda mübahisələndirilən fərdi yaşayış evində yaşamağa başlamışlar.

43. İlkin iddia üzrə iddiaçının cavabdehin çıxmasını xahiş etdiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı şəxsin mülkiyyətində deyil və apelyatorun istinad etdiyi arqumentlərdən biri budur. Lakin qeyd edilməlidir ki, məhz tikilinin yerləşdiyi torpaq sahəsi (iş materiallarında mövcud olan qətnamələrdən cavabdeh tərəfin faktiki məskunlaşdığı yaşayış evinin İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuş) ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir və onun torpaq üzərindəki mülkiyyət hüquqlarına hansısa formada xitam verilməmişdir.

44. Kollegiya qeyd edir ki, mübahisəli tikili özbaşına statusda olsa da, İddiaçı həmin tikili ilə bağlı gözlənilən mülkiyyət hüququ mövcuddur. Belə ki, Mülki Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

45. Həmçinin qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya, yəni hazırki halda mübahisəli ev vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

46. Bütün bunlar onu deməyə əsas verir ki, ilkin iddia üzrə iddiaçının cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ və evlə bağlı gözlənilən mülkiyyət hüququ olduğundan cavabdeh orada hər hansı qanuni əsas olmadan yaşamaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmuşdur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.

48. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

49. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı həm fərdi yaşayış evinin tikilməsinə və həm də təmirinə çəkilmiş xərci qarşı tərəfdən tələb etmişdir. Lakin mübahisəli evdə hansı təmir işlərinin aparılmasını, təmirə sərf olunmuş materiallar, təmir işlərinin kim tərəfindən aparılması, təmir işlərinə nə qədər vəsait sərf olunması, pul vəsaitinin kim tərəfindən verilməsi və s. ilə bağlı heç bir sübut təqdim etməmişdir.

50. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki halda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müvafiq sübutlar təqdim olunsa idi belə, həmin ödənişlərinin əvəzinin tələb edilməli olduğu şəxs İddiaçı deyildir.

51. Belə ki, işdən göründüyü kimi mübahisəli əmlak Cavabdeh əvəzsiz əqd olaraq bağışlanmışdır və o qanuni əsaslarla mülkiyyət hüququ əldə etmişdir və Cavabdeh Naxçıvandan Bakıya gələrkən ev mövcud olmuş, həmin evə köçərkən torpaq artıq cavabdehin mülkiyyətində olmuşdur.

52. Odur ki, hazırki apelyasiya şikayətini bir neçə aspektdən təhlil edən kollegiya hesab edir ki, ilkin iddia tələbi əsaslı olmaqla, qarşılıqlı iddia tələbi qarşılıqlı iddia üzrə cavabdehə münasibətdə əsassızdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1136/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia rədd edilsin, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar