Məhkəmə qərarları › İş №2(103)-6717/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6717/2023

29.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6717/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2986/2023 saylı 03 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin, 98 nömrəli mənzili (bundan sonra – Mənzil) əvvəllər iddiaçının anası X4 mülkiyyətində olmuş, onun ölümündən sonra Mənzil Alagöz Bağırovanın 3 vərəsəsi – iddiaçı və cavabdehlərə vərəsəlik qaydasında, hər birinə 1/3 hissədə olmaqla bərabər payda keçmişdir.

2. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə (qeydiyyat nömrəsi: **********), cavabdehlər, Cavabdeh1 (qeydiyyat nömrəsi: **********) və Kəmaləddin Fətullayev (qeydiyyat nömrəsi: **********) mülkiyyət hüquqları isə xx.xx.2023cü tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. İddiaçılar xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar və hazırda başqa mənzildə kirayədə yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin, 98 nömrəli mənzilə köçürülmələri və onların həmin mənzildən istifadə etmələrinə hər hansı bir maneənin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət reyestrindən çıxarışa əsasən Mənzil onun xüsusi mülkiyyətindədir. Mənzilin digər 1/3 hissəsi cavabdehin mülkiyyətindədir. Cavabdehlər ailəli deyil və 4 otaqlı həmin mənzildə tək yaşayırlar, onu və arvadını Mənzilə buraxmırlar, yaxınlaşdıqda söyüş söyür, xuliqanlıq edir, onlara xəsarət törətməyə cəhd edirlər. İcra məmurunun iştirakı olmadan həmin mənzilə yaxınlaşmaları onların həyat və sağlamlıqları üçün təhlükəlidir. İddiaçı1 anadangəlmə 2-ci qrup əlildir, uşaqlıqdan əlilliyi olan şəxs kimi 220 manat pensiya alır, istifadəsində və mülkiyyətində digər yaşayış sahələri yoxdur.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2986/2023 saylı 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zamanlı Pərviz) iddianın təmin edilməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin 98 nömrəli mənzilinə köçürülməsi, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 81 nömrəli evin 98 nömrəli mənzilindən istifadələrinə hər hansı maneənin törədilməsinin Cavabdeh1 və X2 qadağan edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 43cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 215.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamıdşır. Belə ki, mübahisə predmeti olan mənzil vərəsəlik yolu ilə keçmişdir. Həmin əmlak bizim ümumi mülkiyyətimizdir. İddiaçı ilə mən və böyük qardaşım X5 arasında ailə münaqişəsi mövcuddur. Anam vəfat etməmişdən əvvəl iddiaçı anama qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq məhkəmə onun iddiasını təmin etməmişdir. Yəni anam da gəlinimizin həmin mənzildə yaşamasına qarşı olmuşdur. Bu baxımdan hazırda iddiaçının həyat yoldaşının həmin mənzilə köçürülərək yaşaması imkansızdır. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi aramızda ailə münaqişəsi vardır. İddiaçıların həmin mənzilə köçərək yaşaması bu münaqişəni daha da dərinləşdirəcəkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

14. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

15. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

16. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

17. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2986/2023 saylı 03 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

28. İddiaçılar mübahisəli mənzilə köçürülmələrini tələb edirlər. Kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün iddiaçıların hər birinin iddia tələblərinin hüquqi əsasları ayrılıqda təhlil edilərək qiymətləndirilməlidir.

29. Kollegiya bildirir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

30. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər.

31. İşin mübahisəsiz halıdır ki, İddiaçı1 mübahisəli mənzilin paylı mülkiyyətçisidir. Apellyasiya şikayətində də qeyd edilmişdir ki, iddiaçılar və cavabdehlər arasında ailədaxili mübahisəli vəziyyət mövcuddur.

32. Kollegiya qeyd edir ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onalrın öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Mülkiyyətçinin, buna kifayət qədər zəruri və qanuni əsaslar olmadan öz mənzilindən məhrum edilməməsi onun konstitusiyon hüququ kimi təsbit edilmişdir. Mülkiyyət hüququnun müdafisinə dair “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində isə yalnız qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər imkan verdiyi halda, cəmiyyətin maraqları naminə, yaxud dövlətin ümumi maraqlara müvafiq olaraq müəyyən hərkətlərin (mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etməklə bağlı) yerinə yetirilməsi zamanı mülkiyyət hüququnun məhdudlaşdırılmasını və ya məhrum etməni nəzərdə tutmuşdur.

33. Kollegiya hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı1 mülkiyyətindən istifadə etməsinə, yaxud qanunla müəyyən edilmiş qaydada ondan yararlanmaq hüququnun məhdudlaşdırılmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir.

34. Tərəflər arasında mövcud olan ailədaxili narazılıqlar isə hər hansı tərəfin mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilən yetərli əsas sayıla bilməz.

35. Odur ki, birinci instansiya məhkəməsi doğru olaraq İddiaçı1 qanunla qorunan mülkiyyət hüquqlarını bərpa etməklə mənzilə köçürülməsini qət etmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, digər iddiaçı Saçlı Bağırovun iddiası da əsaslıdır və onun iddiasının hüquqi əsasını Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri təşkil edir.

37. Göstərilən müddəaların mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

38. Saçlı Bağırovun Mənzilin paylı mülkiyyətçisi İddiaçı1 ailə üzvü olması işin mübahisəsiz halıdır, belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2013-cü tarixdə nikaha daxil olmuşlar. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində isə ona məxsus mənzildən ailə üzvlərinin mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ birbaşa göstərilmişdir. Odur ki, İddiaçı2 da mənzilə köçürmə barədə iddiasının təmin edilməsi qanuni və əsaslıdır.

39. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

40. Hazırkı işlə bağlı iddiaçıların mənzilə hüquqlarının olduğu, lakin onların həmin mənzildə yaşamaq hüquqlarının məhdudlaşdırıldığı, mənzildən məhrum edildikləri məlumdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, eyni zamanda məhrumetmə tətbiq olunan şəxslərin hüququ olmasın. Hazırkı halda cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.

41. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.

42. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2986/2023 saylı 03 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar