Məhkəmə qərarları › İş №2(103)-6718/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6718/2020

28.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6718/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə olunmamış məzuniyyət günlərinin əvəzinə pul ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxx” şirkəti MMC-nin üzərinə iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə 6409,4 manat ödənilməsi öhdəliyinin qoyulması, cavabdehdən vurduğu mənəvi ziyana görə 400 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə keçmiş sovet ittifaqı dövründə başlamışdır. İddiaçı müxtəlif yerlərdə işləmişdir. İddiaçı işlədiyi kollektivdə həmişə qanun-qaydaya riayət etmiş, hörmət qazanmışdır. İddiaçı axırıncı iş yeri Cavabdeh MMC-də mühasib vəzifəsində çalışmışdır. (xx.xx.2003-cü ildən xx.xx.2015-ci ilədək). Həmin iş yerindən də təqaüdə çıxmışdır. Amma işlədiyi müddətdə heç vaxt əmək məzuniyyətinə çıxmamışdır. İddiaçı işlədiyi dövrdə məzuniyyətə çıxmaq istədikdə ondan başqa heç kəsin olmadığını bəhanə gətirərək onu məzuniyyətə buraxmırdılar. 2019-cu ilin mart ayında iddiaçı bir vəkillə işlədiyi müddətdə məzuniyyətə çıxmamağı barədə söhbət edərkən o, öz növbəsində ona izah etdi ki, onun hüquqları pozulub. Həmin vəkil şirkətə, əmək müfəttişliyinə ərizələr yazaraq istifadə edilməmiş məzuniyyət haqlarının iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı 8 aya yaxındır ki, bu məsələni məhkəmədənkənar həll etməyə çalışmışdır. Lakin heç bir nəticə əldə olunmamışdır. İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək (yəni 12 il 10 ay) “xxxxxxx” şirkəti MMC-də mühasib vəzifəsində çalışmışdır. Əmək haqqı 500 manat və məzuniyyəti 30 gün təşkil edir. Bu halda (500 manat əmək haqqı x 12)/12=500. İşçinin bir günlük əmək haqqını müəyyən etmək üçün bu məbləğ 30,4-ə bölünür: 500/30,4=16.44. Belə olan halda 30 günlük məzuniyyət haqqı 493,4 manat (16,44*30=493,4) bərabər olacaq. Həmin məbləğ 12-yə vurulur, (şirkətdə işlədiyi müddət). (493,4x12=5916). Belə ki, 12 ilin məzuniyyət haqqı 5912 manat təşkil edir. Qalan 10 ayın məzuniyyət haqqı isə 500x10=5000. 5000/10=500. 500/30.4=16,44. 16,44x30=493,4(qalan 10 ayın məzuniyyət haqqı).5916+493,4=6409,4 . Belə ki, 12 il 10 ayın məzuniyyət haqqı 6409,4 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin faktiki hallarını tam araşdırmadığını və sübutlara düzgün hüquqi qiymət vermədiyni, maddi hüquq normalarının tələblərini pozduğunu, hüququn tətbiq edilməsində səhv buraxdığını, onun iddia müddətini ötürmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, onun əmək müqaviləsinə xitam verildikdən sonra həmin şirkətdə qeyri-rəsmi olaraq işləmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının adına açılmış əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı, xx.xx.2003-cü il tarixdə “Cavabdeh MMC-də mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə təqaüdə çıxması ilə əlaqədar vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 44.3-cü maddəsinə görə əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 48.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir; 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 87.2-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 110.1-ci maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər; 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Eyni Məcəllənin 144.4-cü maddəsinə əsasən müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Qeyd olunanlardan əlavə kollegiya hesab edir ki, iddiaçının iddia tələbi üzrə iddia müddətini buraxmış olduğunu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşin mübahisə olunmayan halına görə iddiaçı, işdən çıxarılması barədə əmrdən həmin əmrin verildiyi xx.xx.2015-ci il tarixdə xəbərdar olmuş, onunla son haqq-hesab aparılmış, əmrin surəti ona təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X3 Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2226/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar