Məhkəmə qərarları › İş №2(103)-6723/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6723/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6723/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “məlumatların verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(006)-3807/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “məlumatların verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(006)-3807/2021 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılarkən, geri qaytarılmanın səbəbləri əsaslandırılmamışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(006)-3807/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, göstərilən tələbə məhkəmə qaydasında baxılmalı deyildir və iddiaçıya izah edilməlidir ki, hazırki iddia ərizəsində qeyd olunan məsələlərlə bağlı Azərbaycan Respublikasının hüquq- mühafizə orqanlarına müraciət edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Birinci instansiya məhkəməsi iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etsə də, iddianın yolverilməzliyinin səbəblərini əsaslandırmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi əsaslarla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(006)-3807/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar