Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6724/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pozulmuş hüquqların bərpa edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-540/2021 saylı, 02 mart 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pozulmuş hüquqların bərpa edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili 02.03.2021-ci il tarixdə məhkəməyə iddianın təmini tədbirinə dair ərizə ilə müraciət edərək, mübahisə üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək Cavabdeh adına qeydiyyatdan keçən “Toyota Prado” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareg” minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı, “Lexus GS 300” minik markalı, 10-CF089 dövlət qeydiyyat nişanlı, “Hyundai HD65” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı və “Harley Davidson VRSCF Motosikl” markalı, 10-E-999 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin iddianın təmini tədbirinə dair ərizəsi təmin edilmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili şikayət verərək onn ləğvini və ərizənin təmin edilməməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının cavabdehə qarşı yönəlmiş çoxsaylı əmlak tələbi əsasında başlanmaqla, əmlakların ümumi dəyəri kifayət qədər yüksək məbləğdədir. Ona görə də iddiaçı gələcəkdə lehinə çıxarılacaq qətnamənin icrasının təmini məqsədilə cavabdehə məxsus avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-540/2021 saylı, 02 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6724/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6724/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver