Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6727/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh1, X1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-34/2021 saylı, 07 may 2021-ci il tarixli qərardadından M.Şəbiyeva tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və X4 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, X2 və X4 ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılmaqla, həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(002)-1607/2019 saylı qərardadı ilə cavabdehlərin iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra, 30.04.2021-ci il tarixdə X5 məhkəməyə şikayət təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1607/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərardadının onun hüquq və mənafelərinə toxunduğunu bildirmiş, bunu onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin mənzildə yaşayır, həmin mənzil onun yeganə yaşayış yeridir. Bu səbəbdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(002)-1607/2019 saylı qərardadının ləğv edilməsi və iddianı təmin etmək haqqında ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-34/2021 saylı, 07 may 2021-ci il tarixli qərardadı ilə onun şikayəti geri qaytarılmışdır. M.Şəbiyevanın həmin qərardaddan verdiyi şikayət Məhkəmənin eyni saylı, 16 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs M.Şəbiyeva şikayəti müdafiə edərək həmin evdə qeydiyyatda olmaqla yaşadığını, bu səbəbdən ləğv edilməsini xahiş etdiyi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(002)-1607/2019 saylı qərardadının onun da hüquq və mənafelərinə toxunduğundan şikayət verdiyini bildirdi. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayəti müdafiə edərək, M.Şəbiyevanın onun nəvəsi olduğunu, həmin evdə qeydiyyatda olmaqla yaşadığını, 15.07.2019-cu il tarixli, 2(002)-1607/2019 saylı qərardadın onun da hüquq və mənafelərinə toxunduğunu bildirdi. Bu səbəbdən, şikayətin təmin edilərək qərardadın ləğv edilməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, rayon məhkəməsi 2(002)-34/2021 saylı, 07 may 2021-ci il tarixli qərardadda qeyd etmişdir ki, M.Şəbiyeva mübahisəli mənzildə rəsmi olaraq qeydiyyatda olsa da, iddiaçı tərəfindən ona qarşı məhkəmədə mübahisəli mənzillə bağlı iddia qaldırılmadığından qərardad onun hüquq və mənafelərinə toxunmur. Bu səbəbdən, M.Şəbiyevanın şikayətini geri qaytarmışdır. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Məhkəmə Kollegiyasının araşdırmaları müəyyən edilmişdir ki, M.Şəbiyeva cavabdeh qismində cəlb olunmasa da mübahisəli mənzildə rəsmi olaraq qeydiyyatda olmaqla həmin mənzildə yaşayır, iddia tələbi digər tələblərlə yanaşı mənzilin boşaldılması ilə bağlıdır, belə olan halda məlum olur ki, hazırkı iş üzrə qəbul edilən məhkəmə aktlarına münasibətdə M.Şəbiyeva hüquq və vəzifələrinə toxunan şəxsdir (MPM maddə 357.2). Bu səbəbdən də, rayon məhkəməsi onun şikayətini geri qaytarmaqda haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs X1 tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-34/2021 saylı, 07 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6727/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6727/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver