Məhkəmə qərarları › İş №2(103)-6730/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6730/2020

11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6730/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən ərizəçinin və iş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikası Dövlət X4 Sabunçu Rayon Şöbəsinin (bundan sonra – Şöbə) ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətinə əsasən işə, iş üzrə maraqlı şəxs olan Şöbənin nümayəndəsi X1 və ərizəçinin özünün iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş ərizəçi, 1972-ci ilin fevral ayından 1972-ci ilin may ayına kimi Laçın rayonunda S.M.Kirov adına Sovxozda (bundan sonra – Sovxoz) fəhlə, 1992-ci ildən 1999-cu ilədək Bərdə Rayon Düyə Yetişdirmə Birliyində (bundan sonra – DYB) malabaxan işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1955-ci ildə Laçın rayonunun Çorman kəndində doğulmuş ərizəçi, 1972-ci ilin fevral ayından 1972-ci ilin may ayına kimi Sovxozda fəhlə, 1992-ci ildən 1999-cu ilədək DYB-da malabaxan işləmişdir. Ərizəçinin 1972-ci ilin fevral ayından 1972-ci ilin may ayına kimi Sovxozda fəhlə işləməsi Laçın Rayon İcra Hakimiyyətinin başçısının Şamkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 14 №-li arayışı və aktı, 1992-ci ildən 1999-cu ilədək DYB-da malabaxan işləməsi isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (əvvəlki X5 Birliyi) xx.xx.2020-ci il tarixli 12 №-li arayışı ilə təsdiq edilir. Ərizəçi əmək stajının bərpası ilə bağlı iş üzrə maraqlı şəxs olan DSMF-nun Sabunçu Şöbəsinə müraciət etmiş, lakin həmin qurumdan ərizəçiyə bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Bu səbəbdən ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə ərizənin qismən təmin edilməsini, ərizəçinin 1972-ci ilin fevral ayından 1972-ci ilin may ayına kimi Sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsini, ərizənin qalan hissədə təmin edilməməsini qət etmişdir. Ərizəçi, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ərizənin təmin edilməməsi hissəsində ləğv edilməsini, ərizənin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ərizəçinin 1992-ci ildən 1999-cu ilədək DYB-da malabaxan işləməsini təsdiq edən sübutlar Rayon Məhkəməsinə təqdim edilsə də, məhkəmə həmin sübutları nəzərə almamışdır. İş üzrə maraqlı şəxs olan Şöbə də öz növbəsində həmin qətnamədən Məhkəməyə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Rayon Məhkəməsi özünün gəldiyi nəticəni mötəbər sübutlara deyil, qeyd edilən müəssisələrdə işləmələrini təsdiq edən sübutlar olmayan şəxslərin şahid ifadələrinə əsaslanmışdır. Apellyasiya baxışı iclasında iştirak edən ərizəçi, özünün verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Şöbənin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən Şöbənin nümayəndəsi ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Şöbə tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi və bu şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, maraqlı şəxs olan Şöbənin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni ərizənin bir qisminin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə də ərizənin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixdə Laçın Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən və görünür ki, ərizəçi 1955-ci ildə Laçın rayonunun Çorman kəndində doğulmuş və Laçın rayonu, Çorman kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası “Kurort” Səhmdar Cəmiyyətinin “Pirşağı Sanatoriya- Kurort Birliyinin” verdiyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon Sektorunun təsdiq etdiyi xx.xx.2020-ci il tarixli, 19 №-li arayışından görünür ki, ərizəçi, Laçın rayonundan məcburi köçkün kimi “Qızıl qum” sanatoriyasında məskunlaşmışdır. Ərizəçi, ərizəsində qeyd edir ki, o, 1972-ci ilin fevral ayından 1972-ci ilin may ayına kimi Sovxozda fəhlə, 1992-ci ildən 1999-cu ilədək DYB-da malabaxan işləmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 və X7 ifadə verərək göstərmişlər ki, onlar ərizəçinin iş yoldaşıdırlar və ərizəçi 15 yaşından Sovxozda fəhlə işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 isə ifadəsində ərizəçinin ərizədə qeyd olunan müəssisələrdə işlədiyini təsdiq etmişdir. Rayon Məhkəməsi, ərizəçinin izahatına, habelə yuxarıda qeyd olunan şahid ifadələrinə əsaslanaraq müəyyən etmişdir ki, ərizəçi, 1972-ci ilin fevral ayından 1972-ci ilin may ayına kimi Sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi hissəsində ərizə əsaslı, 1992-ci ildən 1999-cu ilədək DYB-da malabaxan işləməsi hissəsində isə əsassızdır. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi ərizəni qismən də olsa təmin edərkən sübut kimi yalnız yuxarıda qeyd olunan şahid ifadələrinə əsaslanmışdır. Rayon Məhkəməsinin iş üzrə müəyyən etdiyi bu hallar apellyasiyanın nəticələri ilə təsdiq edilmədiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ərizənin bir qismini təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə, əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənəd üzrlü səbəbdən (təbii fəlakət, qaza, dağıntı, yağıntı, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanın (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmələr tərəfindən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı 2 şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. İş materiallarından görünür ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş İ.Məmmədovun və İ.Alışovun həmin Sovxozda fəhlə işləmələri özlərinin ifadələrindən başqa digər sübutlarla təsdiq olunmur. Ona görə də Məhkəmə hesab edir ki, bu ifadələrin mötəbər sübut kimi qiymətləndirilməsi mümkün deyil və bu səbəbdən bu ifadələr ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin həm Sovxozda fəhlə, həm də DYB-da malabaxan işləməsi barədə şahid P.Vəliyevin ifadəsi isə ərizənin əsaslı olmasını sübuta yetirmir. Çünki, şahidin həmin müəssisələrdə işləyib-işləməməsi onun ifadəsindən görünmür; işlədiyi halda isə o, bunu təsdiq edən sənədləri Rayon Məhkəməsinə təqdim etməmişdir. Göründüyü kimi, istər ərizəçinin izahatı, istərsə də ərizəçinin təşəbbüsü ilə şahid qismində dindirilmiş şəxslərin ifadələri ərizənin əsaslı olmasını sübuta yetirmir. Beləliklə də, işin hallarından müəyyən edilir ki, ərizəçinin apellyasiya şikayətinin dəlilləri əsassız, iş üzrə maraqlı şəxs olan Şöbənin apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır; Rayon Məhkəməsi ərizənin “ərizəçinin 1992-ci ildən 1999-cu ilədək Bərdə Rayon Düyə Yetişdirmə Birliyində malabaxan işləməsi faktının müəyyən edilməsi barədə” hissəsini təmin etməməkdə iş üzrə düzgün nəticəyə gəlsə də, “ərizəçinin 1972-ci ilin fevral ayından 1972-ci ilin may ayına kimi Laçın rayonunda S.M.Kirov adına Sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə” hissəsini təmin etməklə səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. İş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikası Dövlət X4 Sabunçu Rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə qismən, yəni “ərizəçinin 1972-ci ilin fevral ayından 1972-ci ilin may ayına kimi Laçın rayonunda S.M.Kirov adına Sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, qeyd edilən tələb təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnamənin qalan hissəsi, yəni “ərizəçinin 1992-ci ildən 1999-cu ilədək Bərdə Rayon Düyə Yetişdirmə Birliyində malabaxan işləməsi faktının müəyyən edilməsi barədə” tələbin təmin edilməməsi barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar