Məhkəmə qərarları › İş №2(103)-6730/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6730/2021

17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6730/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair Qaradağ Rayon Məhkəməsinin 2(002)-1287/2021 saylı işi üzrə 27.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən 30 saylı evin 24 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1287/2021 saylı işi üzrə 27.04.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı hər hansı şərt müəyyən edilmədən satılmışdır. Halbuki, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçməmiş, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala keçməsinə səbəb olan məhdud əşya hüququ ilə bağlı sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında müqavilə bağlanmamış və bu müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, cavabdehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüquqları yaranmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1287/2021 saylı işi üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.3, 357, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə ədalətsiz və əsassız hesab olunmaqla ləğv edilməlidir.Belə ki, o, 11.07.2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən müəyyən məbləğ ödüyərək ev almışdır. O, 3 ildir ki, orada yaşayır və cavabdehlərin onun evində qeydiyyatda qalması onun üçün əlavə kamunal pulunun ödənilməsinə səbəb olur. Evi alarkən cavabdehlər qeydiyyatdan çıxacaqlarını bildirmişdilər. Lakin ona sonradan məlum olur ki, cavabdehlər hələdə ona məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar. Bu səbəbdən də hesab edir ki, qətnamə ləğv edilməli onun qanunla qorunan hüquqları bərpa edilməlidir . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, polisə müraciət etdiyini, polisin ona istifadə hüququna qətnamə ilə xitam verilməli olduğunu bildirdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü maddəsinə;(münasibətlər davam edən olduğundan) qüvvədə olan Mənzil Məcəlləsinin 30, Mülki Məcəllənin 6, 11.1; 146, 152-164, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki istinadlar ilə iddia təmin edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının irəli sürdüyü dəlilləri istisna edən hallar müəyyən edilməmiş və alqı-satqı üzrə mənzilin yüklü olmadan təhvil verilməsi öhdəlikləri (iş səh.7) yerinə yetirilməyərək qeydiyyatdan çıxma məsələləri həll edilməmişdir. Şəxsin mənzildə yaşaması və qeydiyyatda alınması onun bu mənzilə olan yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğu müəyyən edir (iş üzrə bunu inkar edən dəlillər və notariat qaydasında alqı-satqı üzrə cavabdehlərin etirazları müəyyən edilməmişdir). İddiaçıya münasibətdə cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqları yaranmasada daşınmaz əmlakı satana münasibətdə bu hüquqların mövcudluğu ehtimal edilir və mənzilin hazırki mülkiyyətçisi onların bu hüquqlarının mövcudluğunu istisna etmir. Beləliklə də, cavabdehlərin mənzildən istifadə hüquqlarının iddiaçıya (yeni mülkiyyətçiyə) münasibətdə yaranmadığından obyektiv mənada bu hüquqların saxlanılması üçün əsaslar müəyyən edilmir. Məhkəmə xərcləri üzrə tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1287/2021 saylı işi üzrə 27.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən 30 saylı evin 24 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar