Məhkəmə qərarları › İş №2(103)-6730/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6730/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6730/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3069/2022 saylı 26 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abonent kartından görünür ki, **********000 kodlu abonent Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixinə cəmi 239,20 manat məbləğində borcu vardır.

2. Suraxanı rayon Sukanal idarəsinin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan müəyyən olunur ki, 7 iş günü müddətində borcunun ödənilməsi xahiş olunmuşdur. Əks təqdirə göstərilən xidmətlərin dayanacağı və ondan borc məbləğinin məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 239.20 manat borcun tutularaq **********000 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ASC tərəfindən cavabdehə (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri xx.xx.2019-ci il tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, yuxarıda göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-15 markalı, 19077836 nömrəli sayğac xx.xx.2012-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 239.20 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 iyul 2022-ci il tarixli 2(010)-3069/2022 saylı qətnaməsi ilə (Rübabə Qafarova) iddia qismən təmin edilmiş, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borca görə 78,61 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi üçün hesablanmış borc 2016-cı ilədək hesablanmış borcdur. Abonent haqqında məlumatlardan göründüyü kimi, iddiaçı tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq su sərfiyyatına görə həyata keçirilmişdir. Belə olan halda cavabdehin iddiaçıya olan 2016-cı il tarixə hesablanmış 160.59 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülməmişdir. Odur ki, cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borca görə 78,61 manat məbləğində pul vəsaiti tutulmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.2, 527.1, 551.2, 551.2.1, 552.1, Su Məcəlləsi 97, “Su təchizatı və tullantı suları haqqında” Qanunu, “Sudan istifadə qaydaları”, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apelyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək iddianın rədd edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh 2012-ci ildə 11 manat, 2013-cü ildə 10 manat, 2014-cü ildə 20 manat, 2015-ci ildə 14 manat, 2016-cə ildə 74 manat, 2017-ci ildə 180 manat, 2018-ci ildə 180 manat, 2019-cu ildə 90 manat, 2020-ci ildə 40 manat, 2021-ci ildə 100 manat, 2022-ci ildə 50 manat ödəmələr etmişdir. Həmçinin 2017-ci ildə göstərilən xidmətlərin dəyərindən 65.50 manat, 2018-ci ildə isə göstərilən xidmətlərin dəyərindən 81.50 manat artıq ödəmələr etmişdir. Cavabdeh ödəmələr etməklə müddət axımını kəsmişdir.

a) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

15. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

16. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

17. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçıların mənzillərinə su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

26. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

27. İş materiallarında olan abonent kartından müəyyən edilir ki, cavabdehin 2016-cı il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 234,59 manat olmuş, həmin məbləğdən 74 manat ödəniş edilmiş, 160,59 manat borc qalmışdır.

28. 2017-ci il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 114,5 manat yaranmış, cavabdeh tərəfindən 180 manat ödəniş edilmişdir.

29. 2018-ci il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 98,5 manat yaranmış, cavabdeh tərəfindən isə 180 manat ödəniş edilmişdir.

30. Göründüyü kimi, 2017-ci ildə 65,5 manat və 2018-ci ildə 81,5 manat artıq ödəniş edilmişdir. Həmin artıq ödəmələr birlikdə 147 manat (65.5+81.5) təşkil edir və həmin məbləğ də 2016-ci il üzrə qalıq qalmış 160,59 manatdan çıxıldıqda (160.59-147) cavabdehin həmin il üzrə 13,59 manat borcu qalmış olur.

31. 2019-cu il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 109 manat olmuş, cavabdeh tərəfindən 90 manat ödənilmiş, 19 manat borc qalmışdır.

32. 2020-ci il üzrə cəmi 117.5 manat göstərilən xidmətlərin dəyəri təşkil etmiş, 40 manat ödəniş edilmiş, 77.5 manat borc qalmışdır.

33. 2021-ci il üzrə göstərilən xidmətlərin dəyəri cəmi 206,11 manat təşkil etmiş, cavabdeh tərəfindən 100 manat ödənilmiş, 106,11 manat borc qalmışdır.

34. 2022-ci il üzrə isə göstərilən xidmətlərin dəyəri 28 manat təşkil etmiş, həmin məbləğdən 5 manat ödəniş edilmiş, 23 manat borc qalmışdır.

35. Beləliklə cavabdehin 239,20 manat (13,59+19+77.5+106.11+23) borcu qalmışdır.

36. Göründüyü kimi, borclu tərəfindən 2017 və 2018-ci illərdə 2016-ci ilin borcundan ödənişlər edilməklə iddia müddətinin axımı kəsilmişdir. Həmin müddət yenidən hesablandıqda isə məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 551.2.1-ci maddəsində nəzərdə tutulmuş 5 illik müddət keçməmişdir.

37. İddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri olaraq ödənilməmiş borc məbləği haqlı olaraq tələb edilmişdir.

38. Belə olan halda iddia tələbi haqlı olduğundan, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməklə, cavabdehdən 239.20 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3069/2022 saylı iş üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh 239.20 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borca görə, 30 manat iddia ərizəsinin, 15 manat isə apelyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar