Məhkəmə qərarları › İş №2(103)-6732/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6732/2021

13.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6732/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Bahar Dünyamalıyevanın iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mülkiyyətində olan, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev № 48-də yerləşən 22 №-li mənzildən (bundan sonra – mənzil) cavabdehin və onun övladları X3 və X1 istifadə hüququna xitam verilsin və mənzil boşaldılsın. Nəsimi Rayon Məhkəməsi tərəfindən 26.11.2020-ci il tarixdə qətnamə, 12.03.2021-ci il tarixdə isə əlavə qətnamə qəbul olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, mənzildən cavabdehin istifadə hüququna xitam verilsin və mənzil boşaldılsın. Əlavə qətnamə ilə qət olunub ki, cavabdehin övladları X3 və X1 mənzildən istifadə hüququna xitam verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Bahar Dünyamalıyeva apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs Səbuhi Qaziyev məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil başqa bankın - "xxxx" ASC-nin Maraqlı şəxs (hazırkı işdə üçüncü şəxsə) verdiyi kreditin təminatı kimi ipoteka ilə yüklü edilib. Daha sonra həmin ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilib və ipoteka krediti "xxxx" ASC-yə (hazırkı işdə iddiaçıya) təhkim edilib. Kredit vaxtında qaytarımadığına görə mənzilə tutma yönəldilib. Bank (iddiaçı) mənzili hərracdan əldə edib, 06.02.2020-ci tarixdə harracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanıb. Mənzil bankın (iddiaçının) mülkiyyətindədir, onun mülkiyyət hüququ 29.06.2020-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. İstifadə hüququna xitam verilməsi tələb olunan şəxslərin (cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqlarının) mənzildən istifadə hüququ xitam olunub. Belə ki, banka qədər mənzilin 2 mülkiyyətçisi olub: 1-ci mülkiyyətçi Kamal Məmmədov; 2-ci mülkiyyətçi Səbuhi Qaziyev. Mənzil 02.10.2009-cu ildə alqı-satqı müqaviləsi ilə Kamal Məmmədovun mülkiyyətindən Səbuhi Qaziyevin mülkiyyətinə keçib, Səbuhi Qaziyev eyni tarixli ipoteka müqaviləsi ilə mənzili bankın qarşısında ipoteka ilə yüklü edib, daha sonra - 06.02.2020-ci ildə mənzil hərrac yolu ilə Səbuhi Qaziyevin mülkiyyətindən bankın mülkiyyətinə keçib. Bank hazırkı iddianı 1-ci mülkiyyətçinin (Kamal Məmədovun) ailə üzvlərinə - arvadı Cavabdeh və uşaqları Davud Məmmədli və Sarvan Məmmədliyə qarşı yönəldib. 02.10.2009-cu il tarixli alqı-satqı müqaviləsinin nəticəsində həmin şəxslərin mənzildən istifadə hüququ xitam olunub, lakin onların mənzilə qeydiyyatı qalır. Odur ki, məhkəmə Mülki Məcəllənin 228.4-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, həmin şəxslərin mənzildən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Mənzilin boşaldılması üçün bank 2-ci mülkiyyətçiyə (yəni özündən əvvəlki mülkiyyətçi Səbuhi Qaziyevə) və mənzilə sahiblik edən digər bütün şəxslərə qarşı iddia verməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli qətnaməsi və 12.03.2021-ci il tarixli əlavə qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh, X3 və X1 Nəsimi rayonu, Cavadxan küçəsi,ev № 48-də yerləşən 22 №-li mənzildən istifadə hüquqlarının olmadığı müəyyən edilsin. Qətnamə həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılması üşün əsasdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20,4 manat Cavabdeh alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar