Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6734/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə (Açar sözlər: “işə buraxılma, əmək haqqının ödənilməsi və s.”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən iddiaçı baş mexanikin assistenti vəzifəsinə, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən isə baş mexanik vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinin şərtlərinə görə işçi iş vaxtı metodu ilə işləmiş, növbə vaxtları adətən 6 (altı) həftə təşkil etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2022-ci ildə öz növbəsini başa vurmuşdur. Yenidən işə qayıdarkən ona “Caspian Power” (DP-2) gəmisində deyil, başqa bir gəmidə vəzifəsini yerinə yetirmək tapşırılmış, o, bu təkliflə yalnız DP-2 gəmisində aldığı əmək haqqı saxlanılmaq şərtilə razılaşmış, lakin rəhbərlik buna etiraz etmiş, ona qəza-xilasetmə gəmilərində öz vəzifəsini icra etməyi tövsiyyə etmişdir, iddiaçı isə bu işə çıxmaqdan imtina etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 2022-ci ilin oktyabr ayından qətnamə qəbul ediləcək tarixədək əmək haqqının sonrakı artımları nəzərə alınmaqla onun hər ay üçün “Caspian Power” gəmisində baş mexanik kimi əmək haqqının hesablanması, üzərinə əmək haqqının hər gecikdirilən günü üçün əmək haqqının azı bir faizi məbləğində ödənc əlavə edilməsi, dövlət vergiləri və sosial ayırmalar çıxıldıqdan sonra əmək haqqının qalan hissəsinin (təxminən 100.000 manat), mediasiyaya görə rüsum kimi ödənilmiş 50 manat pulun iddiaçıya ödənilməsi və onun əvvəlki “Caspian Power” yaxud DP-2 tipli gəmisində baş mexanik vəzifəsinə işə buraxılmağının təmin edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1983-cü ildən X3 işləyir. "xxxx" Şirkəti ilə əmək müqaviləsi 1202 R saylı olmaqla 15 iyul 2013-cü il tarixli əmək müqaviləsinə əlavə olaraq 2000-ci ildə bağlanmış və o, baş mexanik kimi həmin Şirkətə məxsus gəmidə faaliyyətə başlamışdır. Kadrlar İdarəsinin rəisi Vəli Məmmədov öz maraqlarından çıxış edərək özünə yaxın adamı DP-2 gəmisinə baş mexanik kimi işə yerləşdirmək üçün, onun həmin gəmidən kənarlaşdırılmağına nail olmaq istəyirdi və buna nail oldu. Beləliklə, 04 oktyabr 2022-ci il tarixdə onu gəmiyə təyin etməməklə işə buraxmadılar. O, öz iradəsindən asılı olmayaraq işə çıxa bilmədi. İki aydan sonra o, kadrlar idarəsinə gedib əmək haqqı almadığını bildirərək, əmək haqqı yazılmasını tələb etdi. Vəli müəllim ona bildirdi ki, bizdə elə qayda yoxdur və sənə əmək haqqı verilməyəcək. Ona yenə də az əmək haqqı olan "Bakı" gəmisində işləmək təklif olundu, lakin o DP-2 gəmisində aldığı əmək haqqı saxlanılmaqla təkliflə razılaşdı, lakin rəhbərlik etiraz edərək onu işə buraxmadı. Onu da bildirir ki, işə buraxmağı dayandırılmamışdan əvvəl onun aldığı əmək haqqı vergilər və sosial ödəmələr çoxaldıqdan sonra hər ay 4000- 5000 manat təşkil edirdi. Sonradan yoldaşlarının əmək haqqı daha da artırılmışdır. Artiq doqquz aydır ki, o, işə buraxılmır onun əmək haqqı da verilmir. Bu isə əmək qanunvericiliyinin pozulmasıdır. Hesab edir ki, ona 2022-ci ilin oktyabr ayından sonrakı aylar üçün DP-2 tipli gəmilərdə baş mexanik işləyən iş yoldaşlarının aldığı orta aylıq əmək haqqı məbləğində ödənilməmiş əmək haqqı ödənilməlidir. Çünki işə çıxmamaq onun iradəsi ilə bağlı olmamış, rəhbərliyin (mühəndis və Kadrlar İdarəsinin rəisinin) iradəsi nəticəsində baş vermişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1395/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia rədd olunmuşdur.
5. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işə çıxmağı barədə təkliflər olunsa da, iddiaçı bu təkliflərdən imtina edərək işə çıxmamışdır. Burdan da görünür ki, iddiaçının işə çıxmamasında və bunun müqabilində əmək haqqı almamasında cavabdehin heç bir təqsiri olmadığından onun tələbi əsassızdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi, 11-ci maddəsinin “c” bəndi, 42-ci maddəsinin 2-ci hissəsi, 43, 45 və 46-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, birinci insatnsiya məhkəməsi üzərinə düşən funksiyanı yerinə yetirib, tərəflərin bərabərliliyini, çəkişmə prinsipini təmin edib müvafiq sənədləri tələb edib sübut kimi araşdırmamış, mübahisəli hüquq münasibətinə Əmək Məcəlləsinin 57-ci maddəsini tətbiq etməməkdə səhvə yol vermişdir. Bundan əlavə iddiaçı bildirmişdir ki, aşağı əmək haqqı olan işə keçirilməyi işəgötürənin Əmək Məcəlləsinin 156-cı maddəsinə əsasən keçirdiyi attestatsiyaya əsaslanmır. Həmçinin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 35-ci maddələrinin tələblərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddiaçının müqavilə əsasında məhz “Caspian Power” gəmisində DP dərəcəsi ilə baş mexanikl işləməsi barədə sübutların olmasına baxmayaraq, düzgün olmayaraq iddiaçının daha aşağı dərəcə üzrə başqa gəmiyə baş mexanik keçirilməsini əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının yüksək əmək haqqı (7600 manat) ödənilən “Caspian Power” gəmisində DP dərəcəsi ilə baş mexanik vəzifəsindən təxminən 2000 manat az əmək haqqı ödənilən, DP deyil, daha aşağı dərəcə üzrə digər gəmilərdə baş mexanik kimi işə keçirilməsinin qanuniliyi barədə gəldiyi nəticə məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsində müxtəlif sənədlərin cavabdeh şirkətdən alınıb işə əlavə edilməsi barədə vəsatət verilmiş, məhkəmə vəsatəti təmin etsə də, bütün zəruri sənədləri əldə etməmişdir. Bundan əlavə, iş materiallarında İddiaçı “Caspian Power” gəmisində DP dərəcəsi ilə baş mexanikl işləməsi və əmək haqqının 7650 manat olmasını təsdiq edən sübutlar xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”lər, X2 Drozdiov və Vəli Məmmədova ünvanladığı xx.xx.2022-ci il tarixli məktub mövcuddur. Birinci instansiya məhkəməsi həmin sübutlara münasibət bildirməmişdir. Həmin sübutlar iddiaçının xeyrinə olan sübutlar kimi qiymətləndirilməlidir.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
12. 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindəndir.
13. 11-ci maddəsinin “c” bəndinə əsasən işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək işəgötürənin əsas hüquqlarındandır.
14. 42-ci maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
15. 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
16. 45-ci maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
17. 46-cı maddənin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələri: Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən bütünlüklə rədd olunduğundan və qətnamə apellyasiya qaydasında iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün qiymətləndirilməməsi və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədədir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır.
23. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
24. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh təşkilatda baş mexanik vəzifəsinə işə götürülmüşdür və onun əsas iş yeri şirkətin gəmiləri və sahil obyektləri sayılır. Əmək müqaviləsinin şərtlərinə görə işçi iş vaxtı metodu ilə işləmiş, növbə vaxtları adətən 6 (altı) həftə təşkil etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2022-ci ildə öz növbəsini başa vurmuşdur. Yenidən işə qayıdarkən ona “Caspian Power” gəmisində deyil, başqa bir gəmidə vəzifəsini yerinə yetirmək tapşırılmış, o, bu təkliflə yalnız DP-2 gəmisində aldığı əmək haqqı saxlanılmaq şərtilə razılaşmış, lakin rəhbərlik buna etiraz etmiş, ona qəza-xilasetmə gəmilərində öz vəzifəsini icra etməyi tövsiyə etmişdir, iddiaçı isə həmin gəmilərdə işə çıxmaqdan imtina etmişdir.
25. Birinci instansiya məhkəməsinin qənaətinə görə işəgötürən iddiaçını Şirkətə məxsus başqa gəmidə baş mexanik kimi işləməyə göndərərkən əmək müqaviləsinin və əmək qanunvericiliyinin tələblərini pozmamışdır.
26. İşdən göründüyü kimi, iddiaçının hazırkı iş üzrə tələbi işləmədiyi 2022-ci ilin oktyabr ayından sonrakı dövr üçün əmək haqqının, ödəncin və s. ödənilməsi və “Caspian Power”, yaxud eyni DP-2 tipli gəmidə baş mexanik kimi işə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir.
27. İddiaçı hesab edir ki, onun işləməməsinin və əmək haqqı almamasının günahkarı cavabdehdir. O, başqa gəmidə işləməyə etiraz etməmiş, sadəcə əvvəlki əmək haqqının saxlanılmasını tələb etmişdir. Cavabdeh isə buna razı olmamışdır.
28. Cavabdeh isə iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının iş yeri əmək müqaviləsinə əsasən şirkətin gəmiləri və sahil obyektləridir. İddiaçıya 2022-ci ilin oktyabr ayından sonra Şirkətə məxsus başqa gəmidə çalışmaq təklif olunmuş, lakin o imtina etmiş və təklif olunan gəmidə işə çıxmamışdır. İşə çıxmadığına görə ona əmək haqqı da ödənilməmişdir. Belə ki, əmək müqaviləsinin şərtlərinə görə işçiyə yalnız işlədiyi günlərə görə əmək haqqı ödənilir.
29. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan halların sübuta yetirilmədiyini, cavabdehin etirazının əsası kimi istinad olunan faktların isə tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri ilə təsdiq olunduğunu nəzərə alaraq iddianı əsassız saymış və rədd etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı baş mexanik kimi işə götürülərkən onun şirkətin nizamnaməsinə uyğun olaraq istənilən işləri həyata keçirmək kimi öhdəliyi olmuş, əsas iş yerinin şirkətin gəmiləri və sahil obyekti olacağı razılaşdırılmışdır. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi bağlanarkən işçinin vəzifəsi və iş yeri öncədən razılaşdırılmışdır və bu razılıqda işçinin məhz “Caspian Power”, yaxud DP-2 tipli gəmisində baş mexanik kimi fəaliyyət göstərəcəyi təsbit olunmamışdır. Əksinə, müqavilə ilə razılaşdırılmışdır ki, işçi işəgötürənin tapşırığına əsasən Şirkətə məxsus istənilən gəmidə vəzifə borcunu yerinə yetirmək öhdəliyi daşıyır. Cavabdehin nümayəndəsinin izahatından da görünür ki, cavabdeh iddiaçıya başqa gəmidə işləməyi təklif edərkən onun vəzifəsini aşağı salmamış, məhz baş mexanik kimi vəzifəsini yerinə yetirməyi nəzərdə tutmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən də görünür ki, işçi məhz baş mexanik kimi işəgötürənin təyin edəcəyi Şirkətə məxsus istənilən gəmidə fəaliyyət göstərməlidir. Belə olan halda işəgötürənin işçini Şirkətə məxsus başqa gəmidə baş mexanik kimi işə göndərməsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin və əmək qanunvericiliyinin normalarının pozulması halı mövcud deyildir. Məhkəmə həmçinin bu qənaətə gəlmişdir ki, iddiaçının işə çıxmamasında və bunun müqabilində əmək haqqı almamasında cavabdehin heç bir təqsiri yoxdur. Belə ki, işəgötürən əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçini işə çıxmağa gərəkdiyi barədə dəfələrlə xəbərdar etməsinə baxmayaraq işçi DP-2 tipli gəmidən başqa gəmidə işə çıxmaq istəmədiyini əsas gətirərək, işə çıxmaqdan boyun qaçırmışdır.
30. Məhkəmə kollegiyasının qənaətinə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Belə ki:
31. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı “Caspian Power” (DP-2) gəmisində baş mexanik kimi işləmiş və 2022-ci ilin oktyabr ayından sonra həmin gəmidə işə buraxılmamışdır. İddiaçı eyni əmək haqqı ilə başqa gəmidə çalışmağa razılıq versə də, cavabdeh bununla razılaşmamışdır. Nəticədə iddiaçı bu günə qədər nə “Caspian Power” (DP-2) gəmisində işə buraxılmamış, nə də əmək müqaviləsinə xitam verilməmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsini təmin etmək üçün ilk növbədə iddiaçının başqa gəmidə işləməyə göndərilməsinin əmək qanunvericiliyində nizamasalma mexanizmi, hüquqi tövsifi, işəgötürənin bununla bağlı hansı hüquqlara və vəzifələrə malik olması, işçinin hüquqlarının nədən ibarət olduğu müəyyən edilməlidir.
33. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı vəziyyətdə nə başqa işə keçirmə (maddə 59), nə də əmək funksiyasının dəyişdirilməsi (maddə 57) halları mövcud deyil. Hazırkı vəziyyətdə işəgötürənlə işçi arasında yaranmış mübahisəli əmək münasibəti əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi qiymətləndirilməli və Əmək Məcəlləsinin 56-cı maddəsi ilə nizama salınmalıdır.
34. Apellyasiya baxışı zamanı tərəflərin izahatlarına əsasən müəyyən edildi ki, Şirkətə məxsus gəmilərin içərisində iddiaçının çalışdığı “Caspian Power” (DP-2) gəmisi ona təklif olunan digər gəmidən (qəza-xilasetmə) daha üstün, geniş profilli, yüksək şəraitli, müasirdir. “Caspian Power” (DP-2) gəmisində ödənilən əmək haqqı da digər gəmidə ödəniləndən yüksəkdir.
35. Əmək qanunvericiliyi işçinin şəraiti üstün olan bir gəmidən aşağı səviyyəli digər gəmiyə keçirilməsi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı işəgötürənin hüququ olduğunu təsbit etsə də, bu hüququn həyata keçirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissələinin tələblərinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
36. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, İşəgötürən (cavabdeh) iddiaçının əmək şəraitinin şərtlərini dəyişdirməzdən əvvəl ona yazılı məlumat göndərməmiş (təqdim etməmiş), yaxud bu barədə müvafiq əmr (sərəncam) verməmişdir. Ən azından işə baxan məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Halbuki, bu qaydalara əməl olunmaqla işçi xəbərdar edildikdən sonra işçinin yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməməsi İşəgötürənə onu başqa vəzifəyə keçirmək, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam vermək hüququ verirdi.
37. Göründüyü kimi, cavabdeh iddiaçının əmək şəraitinin şərtlərini dəyişdirmək istəyərkən Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əməl etməmişdir. Cavabdeh eyni zamanda iddiaçını əvvəl çalışdığı gəmiyə də buraxmamış və nəticədə iddiaçı bu günə qədər əmək fəaliyyətindən kənarda qalmış və əmək haqqı almamışdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının işə buraxılmamasında və əmək haqqı almamasında cavabdehin təqsirinin olmaması ilə bağlı qənaətini əsassız sayır.
38. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçını işə buraxmamış və nəticədə onun əmək qanunvericiliyi ilə qorunan hüquqlarını pozmuşdur. Cavabdehin təqsiri üzündən iddiaçı 2022-ci iln noyabr ayından bu günə qədər işə buraxılmamış və əmək haqqından məhrum olmuşdur. Ona görə də iddiaçının bununla bağlı pozulmuş hüquqları bərpa olunmalı, iddiaçının işə buraxılmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini təmin etmək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qalan hissədə iddianı əsaslı saymır.
39. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilənlər nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmaması və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (maddə 385.1.1, 385.1.4).
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. İddiaçı “Caspian Power”, yaxud DP-2 tipli digər gəmidə baş mexanik vəzifəsinə işə buraxılmasının təmin edilməsi vəzifəsi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin üzərinə qoyulsun və ona məcburi işburaxma müddətinə görə əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.