Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6737/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-198/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh firması arasında bağlanmış tarixsiz icarə müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən Cavabdeh firmasına ödənilmiş 45000 manat, dəymiş maddi zərərə görə 20000 manat, əldən çıxmış faydaya görə 135000 manat və mənəvi ziyana görə 20000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Bakı şəhəri Qaradağ rayonu ərazisində yeni tikilən ticarət kompleksində mağaza götürüb işlətmək istəmiş, bu məqsədlə 2008-ci ilin mart ayının əvvəllərində həmin kompleksin sahibi olan Cavabdeh firmasının təsisçisi Kəbirə Məmmədova ilə görüşmüşdür. Söhbət zamanı ona həmin ticarət kompleksində 17-3-63saylı ərazidə iki mərtəbədən ibarət, hər mərtəbəsi 40 kv.metr olan mağaza və anbar tikib verə biləcəklərini və buna görə onun 45000 manat pul ödəməli olduğunu bildirmişlər. İddiaçı onlardan bunu hansı müddətə tikib ona təhvil verə biləcəklərini soruşduqda, ona bildirmişlər ki, mağazanı və anbarı qısa müddətə tikib iddiaçıya təhvil verəcəklər. Həqiqətən də həmin vaxt o görmüşdür ki, iddiaçıya göstərilən ərazidə beton-dəmir konstruksiya işləri quraşdırılmışdır və bazar kompleksində tikinti işləri sürətlə gedir. İddiaçı fikirləşmişdir ki, onlar 3-4 aya mağazanı tikib ona təhvil versələr, o həmin mağazanı işlədər və ayda təxminən 2500-3000 manata qədər gəlir əldə edə bilər. Ona görə də o, onlara inanaraq razılaşmış və onunla Cavabdeh firmasının təsisçisi X2 arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 2.2-ci bəndinə əsasən icarədar kimi Cavabdeh firması “Yeni Bazar” ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə obyektlərini tikmək vəzifəsini üzərinə öhdəlik olaraq götürmüşdür. O, “xxxxxxx”xxxxxxxxxxxxxxxxx” ASC-dən xx xxxx 2019-cu il tarixdə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 50000 manat məbləğində kredit götürmüş və xx xxxx 2008-ci ildə Cavabdeh firmasının təsisçisi X1 45000 manat pul ödəmişdir. Pulun ödənilməsi müqabilində ona kassa mədaxil orderinin qəbzini vermişlər. Qəbzin arxasında ödədiyi məbləğlər qeyd edilərək möhürlə təsdiq edilmişdir. İcarə müqaviləsində qapı pulu və açar pulunun da verilməsi göstərilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh müqavilədə nəzərdə tutulan mağaza və anbarı tikib ona təhvil verməmiş, sonradan tələb etsə də cavabdeh aldığı pulun yarısını hər ay 300-500 manat olmaqla hissə-hissə qaytara biləcəyini bildirmişdir. Cavabdeh mövcud olmayan yerə qanunsuz olaraq iddiaçı ilə icarə nüqaviləsi bağlayaraq ondan pul aldığına görə hesab edir ki, həmin müqavilə etibarsızdır. O, tarixi göstərilməyən müqavilədə nəzərdə tutulan 45000 manat pulu ödəmək üçün “xxxxxxx”xxxxxxxxxxxxxxxxx” ASC-dən 50000 manat məbləğində kredit götürərək, banka faizi ilə birlikdə 70000 manat pul ödəmişdir. Bununla da ona 70000 manat maddi ziyan dəymişdir. Bundan başqa, əgər müqavilədə nəzərdə tutulmuş mağaza və anbar iddiaçıya təhvil verilsəydi hər ay təxminən ən azı orta hesabla 1500 manat olmaqla 135000 manat gəlir əldə edə bilərdi. Bundan əlavə o bu müddətdə mənəvi sarsıntılar keçirmiş, maddi çətinliklər çəkmiş, ailədə daim gərginliklər yaşanmış, ailə bütünlükdə mənəvi sarsıntı keçirmişdir. İddiaçı mənəvi ziyanı 20000 manat məbləğində qiymətləndirmişdir. Qeyd olunan halları nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-198/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı tərəfindən Cavabdeh firmasına icarə ödənişi qismində ödənilmiş 45000 manat məbləğində pul vəsaitinin Cavabdeh firmasından tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Cavabdeh MMC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddəti keçməsinə baxmayaraq, məhkəmə qanunsuz və əsassız olaraq iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi, habelə cavabdehin nümayəndəsi öz apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-198/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına əsasən bir tərəfdə icarədar qismində Cavabdeh firması, digər tərəfdə icarəçi qismində İddiaçı iştirak etməklə icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən icarədar “Yeni bazar” ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikmək, “Yeni bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 40 kv.m olan anbarın icarəçiyə müddətsiz olaraq istifadəsinə verilməsinə dair, icarəçi isə icarə haqqının vaxtında ödənilməsinə dair öhdəlik götürmüşdür. xx xxxx 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzi ilə Cavabdeh firması tərəfindən İddiaçı 40 kv.m üçün icarə məbləği qismində 45000 (40000+5000) manat pul vəsaitinin tam ödənildiyi qeyd olunmuş və Cavabdeh firmasının möhürü və baş mühasibin imzası ilə təsdiq edilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı ərizə ilə Cavabdeh MMCyə müraciət edərək müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə onlara ödədiyi 45000 manat pulun geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2008-ci il tarixli 98B/08 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxx” KB ASC İddiaçı 50000 manat məbləğində krediti 24 faiz ödəmək şərtilə 36 ay müddətinə xx/xx/2011-ci il tarixədək vermişdir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında belə bir müqavilənin bağlanılmasını, habelə iddiaçının icarə məbləği qismində 45000 manat məbləğində pul vəsaitini cavabdeh firmaya ödəməsini hər iki tərəf təsdiq etməklə, qeyd edilən hallar işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 700-cü maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Yenə həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına əsasən müqavilənin predmeti qismində məhz gələcəkdə mövcud olan əmlak deyil, müqavilənin bağlandığı anda mövcud olan əmlak çıxış edə bilər. Lakin tərəflər arasında inşası başa çatdırılmamış və cavabdeh firmaya məxsus olmayan əmlakla bağlı, yəni qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmaqla icarə müqaviləsi bağlanmışdır. Bu hal isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin mülki qanunvericiliyin tələbinə əsasən etibarsız müqavilə kimi qiymətləndirilməsinə əsas verir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddia tələbini təmin etmişdir. Müqavilə etibarsız hesab edildiyindən iddiaçının cavabdeh firmaya icarə məbləği qismində 45000 manat məbləğində pul vəsaitini tam olaraq ödəməsi həm tərəflərin izahatı, həm də cavabdeh firmanın möhürü və baş mühasibin imzası ilə təsdiq edilmiş kassa mədaxil orderinin qəbzi əsasında sübut olunduğundan iddia tələbinin həmin hissəsinin də təmin edilməsində məhkəmə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinin mənasına görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd etibarsız hesab olunduqda, bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddia tələbinin maddi, mənəvi ziyan və əldən çıxmış fayda ilə bağlı hissəsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin tələblərlə bağlı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi həmin hissələrdə iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin bağlanma tarixi və müqavilənin müddəti göstərilmədiyindən, habelə müqavilənin icrası ilə bağlı tərəflər arasında uzun müddət danışıqlar getdiyindən, o cümlədən sonuncu dəfə 2019-cu ilin oktyabr ayında müqavilənin icrası tələbi ilə iddiaçı tərəfindən cavabdehə yazılı şəkildə müraciət olunduğundan, iddia müddətinin keçməsi barədə cavabdeh tərəfin etirazı əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh MMC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-198/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6737/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6737/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver