Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-674/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Baş Səhiyyə X10 şəxsi və Cavabdeh2 qarşı “əmrin ləğv edilməsi və ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi və ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı Baş Səhiyyə X10 şəxsin vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Bakı Baş Səhiyyə X10 şəxsi və Cavabdeh2 qarşı “Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, həmin əmrin qəbul edilməsi nəticəsində vururlmuş mənəvi ziyana görə cavabdeh Bakı Baş Səhiyyə X10 Şəxsdən 5000 (beş min) manat tutularaq ödənilməsi, əmək haqqından qanunsuz tutularaq Həmkarlar İttifaqına edilmiş ödəmələrin hesabalanması və həmin məbləğlərin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh Bakı Baş Səhiyyə X10 Şəxsdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, əmək haqqından Həmkarlar İttifaqına tutulmaların aparılmasının qadağan edilməsi, Cavabdeh2 iddiaçını təhqir etməyə, şəxsiyyətini alçatmağa şərait yaratdığına görə 5000 manat pulun mənəvi zərər qismində tututlaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı 1 nömrəli şəhər poliklinikasında həkim-cərrah vəzifəsində çalışır. İddiaçı barədə daxil olmuş şikayətə əsasən Poliklinikanın baş həkimi Cavabdeh2 tərəfindən qanunsuz olaraq heç bir faktiki və hüquqi əsası olmayan xx.xx.2024-cü iol tarixli 50-K saylı əmr qəbul edilmişdir. Baş həkim tərəfindən verilmiş əmrə əsasən guya ki, iddiaçı işdə səhlənkarlıq etmişdir. Bu əmr qanunsuzdur. Qeyd edilən şikayətə əsasən Baş həkim Cavabdeh2 02 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində X3 Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 16 ünvanında yerləşən ünvan ı da ora çağırmış, X4 iddiaçının şəxsiyyətini təhqir etməyə və böhtan atmağa kolleqalarının və ictimaiyyət arasında nüfuzuna xələl gətirməsinə, o cümlədən ağır cinayət törətməkdə (CM 311.2-ci maddəsi, rüşvət almaq) ittiham etməyə şərait yaratmışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək haqqından qanunsuz olaraq həmkarlar ittifaqına hər ay tutulmalar edilmişdir. Göstərilənlər nəzərə alınmaqla iddianın təmin olunması xahiş olunur.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-2508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddia tələbi qismən təmin edilmiş, Bakı Baş Səhiyyə X10 şəxsi 1 nömrəli şəhər poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-K saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir.
4. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayət vermiş, qeyd etmişdir ki, İddiaçının iddia tələbi 5 hissədən ibarətdir: 1-ci tələb: Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi. 2-ci tələb: Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin qəbul edilməsi nəticəsində vurulmuş mənəvi ziyana görə cavabdeh Bakı Baş Səhiyyə X10 Şəxsdən 5000 (beş min) manat tutularaq ödənilməsi. 3cü tələb: Həmkarlar İttifaqına edilmiş ödəmələrin hesabalanması və həmin məbləğlərin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh Bakı Baş Səhiyyə X10 Şəxsdən tutularaq İddiaçı xeyrinə ödənilməsi. 4-cü tələb: Bakı Baş Səhiyyə X10 Şəxsə İddiaçı əmək haqqından Həmkarlar İttifaqına tutulmaların aparılmasının qadağan edilməsi (iddia tələbinin artırılmasına dair xx.xx.2024-cü il tarixində verilmiş ərizə). 5-ci tələb: Cavabdeh2 iddiaçını təhqir etməyə, şəxsiyyətini alçatmağa şərait yaratdığına görə 5000 manat pulun mənəvi zərər qismində tutularaq ödənilməsi.
6. İddia tələblərinin hər birisinin açıq aydın şəkildə ifadə olunmasına baxmayaraq, məhkəmə iddia tələbini yalnız bir hissəsində təmin etmiş (Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi hissəsində) digər tələblərə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə digər iddia tələblərinin təmin edilməməsini heç bir formada əsaslandırmamış, həmin tələblərin mahiyyətinə varmamış, onları təkzib etməyə belə cəhd göstərməmişdir. İşəgötürən tərəfindən işçiyə mənəvi ziyan vurulmuşdur. Ümumiyyətlə, bu hissə məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Hüquq pozuntusunu tanıyan məhkəmənin mənəvi ziyanı tanınmaması qətnamənin ziddiyyətli olması deməkdir.
7. İşəgötürən tərəfindən iddiaçının əmək haqqından həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməsi işəgötürənin hər-hansı sərəncamı olmamışdır. Cavabdeh işəgötürən bu barədə məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Tutmaların hüquqi əsası olmamışdır, lakin bütün bunlara baxmayaraq məhkəmə kserosurət formasında təqdim edilmiş kim tərəfindən imzalanması bəlli olmayan “sənədi” sübut qismində qəbul etmiş və ona əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının Həmkarlar İttifaqına üzv olub-olmamasını araşdırmalı deyildir, çünki bu nə iddia predmeti deyil, nə də ki, iddiaçı-cavabdeh arasında olan münasibətləri əks etdirmir, məhkəmə iddiaçının əmək haqqından işəgötürən tərəfindən hansı əsaslarla Həkarlaq İttifaqına pulun köçürülməsini araşdırmalı idi. Lakin məhkəmə digər tələblər kimi bu halları araşdırmamış, onlara hüquqi qiymət verməmişdir.
8. İddiaçının Həmkarlar ittifaqına üzv olması üçün ərizəsinin olması əsas şərtdir. Lakin məhkəmə bu ərizənin olub-olmamasını araşdırmamış sadəcə qətnamədə qeyd etmişdir ki: “İş materiallarına əlavə edilmiş 132541 nömrəli üzvlük biletinə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqının üzvüdür və o, müvafiq üzvlük biletini xx.xx.2007-ci il tarixdə şəxsən təhvil almışdır. Əlavə edilmiş digər sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqı təşkilatının müvafiq güzəştlərindən istifadə etmişdir. İş materiallarına işçi İddiaçı 2007-2024-cü illərə dair şəxsi vərəqəsi əlavə edilmişdir” Qeyd edilməlidir ki, iş materiallarında hər hansı üzvlük bileti yoxdur, iddiaçı hər-hansı üzvlük biletini qəbul etməyib, iddiaçının əvəzinə kimlər tərəfindən imzalanması, mənbəyi bəlli olmayan “kserosurətli sənədlər” cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə isə həmin sənədləri və iddiaçının nümayəndəsinin etirazına baxmayaraq araşdırmadan qəbul etmişdir. Cavabdeh həmin sənədlərin haradan əldə etdiyini belə izah verə bilməmişdir. İddiaçı həmin sənədlərin əsli olmadığını, onların həqiqiliyinə dair şübhələr olduğunu, sənədləri əsllərini təqdim edilməsinin tələb edilməsinə baxmayaraq onların təqdim edilməsi təmin edilməmişdir.
9. Məhkəmə tərəflərin hansı hüququ münasibətdə olmaları hissəsində düzgün nəticəyə gəlməmişdir, belə ki, iddiaçının Həmkarlar İttifaqına üzv olub-olmaması işçi ilə işəgötürən arasında olan münasibətlərə aid deyil, Həmkarlar İttifaqı müstəqil qurumdur və işçi ilə onların aralarında yaranan münasibətlərin işəgötürənə hər-hansı aidiyyatı yoxdur. Lakin məhkəmə qətnamədə qeyd etmişdir ki, “İş materiallarına əlavə edilmiş 132541 nömrəli üzvlük biletinə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqının üzvüdür və o, müvafiq üzvlük biletini xx.xx.2007-ci il tarixdə şəxsən təhvil almışdır. Əlavə edilmiş digər sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqı təşkilatının müvafiq güzəştlərindən istifadə etmişdir”. Göründüyü kimi, məhkəmə iddiaçı-cavabdeh arasında olan münabətlərdən və iddia tələbindən kənar çıxmış, iddia tələbinə aid olmayan məsələləri araşdırmışdır.
10. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, “132541 nömrəli üzvlük biletinə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqının üzvüdür və o, müvafiq üzvlük biletini xx.xx.2007-ci il tarixdə şəxsən təhvil almışdır. Əlavə edilmişdigər sənədlərə əsasən müəyyən edilir ki, İddiaçıhəmkarlar ittifaqı təşkilatının müvafiq güzəştlərindən istifadə etmişdir. Yəni, işçi özünün həmkarlar ittifaqının üzvü olması xüsusatını bilmişdir. Bu hal uzun illər ərzində ona aşkar şəkildə məlum olmuşdur. Məhkəmə məsələləri formal əsaslarla deyil, mahiyyəti üzrə ədalətli və ağlabatan formada həll etməyi əsaslı hesab edir. Odur ki, iddia tələbi sözügedən hissədə əsassızdır” Halbuki şəxsin Həmkarlar İttifaqına üzv olub-olmaması onun adına verilmiş üzvlük bileti ilə yox onun könüllü ərizəsi ilə müəyyən edilməlidir. İddia tələbinin Bakı Baş Səhiyyə X10 Şəxsə İddiaçı əmək haqqından Həmkarlar İttifaqına tutulmaların aparılmasının qadağan edilməsi hissəsinə dair, Məhkəmə öz qətnaməsində qeyd edir ki, “Əgər işçi həmkarlar ittifaqı üzvlüyündən çıxmaq istəyirsə, bu barədə müvafiq müraciət etməli, əgər müraciəti təmin edilmədikdə, müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair məhkəməyə müraciət etməlidir. Hazırda isə müvafiq müraciətin edilməsi və müraciətə müsbət cavab verilməməsi müəyyən edilmir (sübutlar mövcud deyildir). Məhkəmə hesab edir ki, bu məsələnin tərəflər arasında həll edilməsi mümkündür və bu istiqamətdə hal-hazırda hüquqi baxımdan ortada olan mübahisə mövcud deyildir. ”Bu hallar işin faktiki hallarına uyğun gəlmir belə ki, iş materiallarında (elektron məhkəmə portalında) 32-ci sıra nömrəsində cavabdehin imtina məktubu əlavə edilmişdir. Lakin məhkəmə həmin sübuta hüquqi qiymət verməmişdir, onu araşdırmamış, təkzib etməyə belə cəhd göstərməmişdir. Məhkəmə, əksinə sübutun olmaması qənaətinə gəlmişdir. Odur ki, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam şəkildə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş və şikayətdə qeyd edilmişdir ki, rayon məhkəməsi tərəfindən iş üzrə tərəflərin təqdim etdiyi materiallar araşdırılaraq, eləcə də məhkəmə-tibbi ekspertizası təyin edilərək əldə olunmuş ekspert rəyi əsasında iddiaçının iddiası qismən təmin olunmuşdur. Belə ki, iddia tələbi Mərkəzin 1 saylı Şəhər Poliklinikasının baş həkimi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi hissəsində təmin edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi tam şəkildə rədd olunmalı və buna uyğun qətnamə qəbul edilməli idi.
12. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin məzmunundan görünür ki, xəbərdarlıq əmək qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyət tədbirinin ən yüngülüdür və intizam tənbehi sayılmır. İntizam tənbehinin müddəti 6 ay olduğu halda, intizam tənbehindən daha yüngül məsuliyyət növü olan xəbərdarlığın müddəti ondan artıq ola bilməz. İddiaçıya xəbərdarlıq xx.xx.2024-cü il tarixində verilmişdir və 6 aylıq müddət 2024cü ilin avqust ayının 28-də qüvvədən düşmüşdür. Bu halda, yəni məhkəmə qətnaməsi qəbul olunduğu tarixdə (xx.xx.2024) qüvvədən düşmüş xəbərdarlıq barədə əmr ləğv oluna bilməz.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları” adlı sənəd təsdiq olunmuşdur. Həmin sənəddə həkimcərrahın da vəzifə təlimatları nəzərdə tutulmuşdur. Həkim-cərrahın vəzifə öhdəliklərinə diqqətlə nəzər yetirdikdə görmək mümkündür ki, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək onun vəzifə öhdəliyidir. Burada nəzərdə tutulmuş prosedur və tədbirlərin təşkili dedikdə yəni, müvafiq həkimlərin cəlb edilərək lazımi müayinələrin aparılması yolu ilə düzgün diaqnozun qoyulmasını, əlavə müayinə müalicənin təşkili nəzərdə tutulur. İddiaçı hazırki iş üzrə bu vəzifə öhdəliyini icra etməmiş, məhz buna görə növbəti dəfə bu hal təkrarlanmasın deyə Mərkəzin 1 saylı Şəhər Poliklinikasının baş həkimi müvafiq əmrlə ona xəbərdarlıq etmişdir. Belə ki, şikayətçi X7 tərəfindən TƏBİB-ə ünvanlanmış ərizəyə əsasən məsələnin araşdırılması üçün məktub aidiyyəti üzrə Mərkəzə göndərilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı xəstəyə yerli, simptomatik, etioloji müalicə təyin etmişdir. Lakin xəstənin vəziyyəti düzgün qiymətləndirilməmiş, əlavə müayinələrə cəlb edilməmiş (aşağı ətrafların doppleroqrafiyası və rentgenoqrafiyası) və ixtisaslaşdırılmış stasionara göndəriş verilməmiş və ya stasionar müalicədən imtina etməsi barədə akt tərtib edilməmişdir. Müalicə həkimi xəstənin vəziyyəti barədə digər ixtisas həkiminə, sahə həkiminə və rəhbərliyə məlumat verməmişdir. Bu iradı əsas gətirərək dispanser xəstənin digər ixtisas həkimlərinin baxışını və laborator-instrumental müayinələrin aparılmasını təmin etmədiyinə görə həkim-cərrah İddiaçı yazılı qaydada xəbərdarlığın edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Xəstənin şəkərli diabet xəstəsi olması halı nəzərə alınaraq onun barəsində müalicə üsulu seçilərkən endokrinoloqa məlumat verilməli, əlavə müayinələr təşkil edilməli idi. Eləcədə iddiaçı tərəfindən vəzifə öhdəliyi olan tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirmək öhdəliyi icra olunmamışdır. Çünki xəstə barədə ixtisaslaşdırılmış stasionara göndəriş verilməmiş və ya onun stasionar müalicədən imtina etməsi barədə akt tərtib olunmamışdır. Göründüyü kimi, iddiaçı bu öhdəliyini də icra etməmişdir. Ekspert rəyində tibbi sənədlərin düzgün tərtib olunduğu barədə qeyd sırf ambulator tibbi kitabçaya münasibətdə nəzərdə tutulmuşdur. Ekspert qarşısında xəstənin stasionar müalicəyə göndərilməli olub-olmaması məsələsi və bu göndərişin rəsmiləşdirilməsi barədə sual qoyulmamış, ekspert tərəfindən bu məsələyə dair rəy verilməmişdir.Tərəflərindən vəsatət verilərək ekspertin dindirilməsi xahiş olunsa da, prosessual hüququ təmin olunmamış, ekspertə sual verərək işin məhkəmə araşdırılması zamanı hərtərəfli və obyektiv baxılması üçün şərait yaradılmamışdır. Normativ hüquqi aktların, vəzifə təlimatlarının tələblərinə diqqətə almadan ekspertin natamam rəyi əsas götürülmüşdür.
14. Odur ki, qətnamənin “həkim tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 50-K saylı əmrinin ləğv edilməsi” hissəsində dəyişdirilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı Baş Səhiyyə X10 şəxsin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
17. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
18. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
19. Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən müəyyən edilir ki, işdə göstərdiyi səhlənkarlığa görə, belə ki, xəstəni müayinə edən zaman əlavə müayinələrə cəlb etmədiyinə görə İddiaçı xəbərdarlıq edilmişdir.
20. 132541 nömrəli üzvlük biletinə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqının üzvüdür və o, müvafiq üzvlük biletini xx.xx.2007-ci il tarixdə şəxsən təhvil almışdır. Əlavə edilmiş digər sənədlərə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqı təşkilatının müvafiq güzəştlərindən istifadə etmişdir.
21. İşçi İddiaçı 2007-2024-cü illərə dair şəxsi vərəqəsi əlavə edilmişdir.
22. Həkim İddiaçı barədə vətəndaş X7 tərəfindən (həyat yoldaşı X5 ilə bağlı) TƏBİB publik hüquqi şəxsə ünvanlanmış şikayət ərizəsi əlavə edilmişdir. Şikayətçi ərizədə qeyd etmişdir ki, həkim İddiaçı müalicə və müayinəni yanlış aparmışdır.
23. X1 dair tərtib edilmiş müvafiq xəstəlik tarixçəsi sənədləri əlavə edilmişdir.
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 xx.xx.2024-cü il tarixli 650/KEŞ nömrəli rəyinə əsasən ekspert qarşısına qoyulmuş 6 (altı) sual cavablandırılmışdır (rəy iş materiallarında olduğundan məhkəmə qətnamənin genişləndirilməməsi üçün rəyin nəticə hissəsini qərardada köçürməyi zəruri hesab etmir). Rəyin nəticə hissəsinə əsasən həkim İddiaçı müvafiq müalicə və müayinəni səhiyyə normativləri və tibbi protokollara uyğun aparması müəyyən edilir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 175.1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.
6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azından mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
36. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
37. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
38. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh Bakı Baş Səhiyyə X10 şəxsin apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin mənəvi zərər hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək, iddiaçının xeyrinə cavabdeh Bakı Baş Səhiyyə X10 şəxsindən 1000 manat tutulmalı, mənəvi zərərə aid qalan hissədə iddia təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
42. Məhkəmə kollegiyasıtərəfindən müəyyən olunmuşdur ki, iddiaçının hazərkı tələbləri aşağıdakılardan ibarətdir. 1-ci tələb: Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi. 2-ci tələb: Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrin qəbul edilməsi nəticəsində vurulmuş mənəvi ziyana görə cavabdeh Bakı Baş Səhiyyə X10 Şəxsdən 5000 (beş min) manat tutularaq ödənilməsi. 3-cü tələb: Həmkarlar İttifaqına edilmiş ödəmələrin hesabalanması və həmin məbləğlərin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin hesablanaraq cavabdeh Bakı Baş Səhiyyə X10 Şəxsdən tutularaq İddiaçı xeyrinə ödənilməsi. 4-cü tələb: Bakı Baş Səhiyyə X10 Şəxsə İddiaçı əmək haqqından Həmkarlar İttifaqına tutulmaların aparılmasının qadağan edilməsi (iddia tələbinin artırılmasına dair xx.xx.2024cü il tarixində verilmiş ərizə). 5-ci tələb: Cavabdeh2 iddiaçını təhqir etməyə, şəxsiyyətini alçatmağa şərait yaratdığına görə 5000 manat pulun mənəvi zərər qismində tutularaq ödənilməsi.
43. İddiaçının birinci tələbi rayon məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin iddia tələbinin həmin hissəsi ilə bağlı gəldiyi qənaəti əsaslı və qanuni hesab edir.
44. İddiaçının ikinci-mənəvi zərərlə bağlı tələbinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq ekspert rəyi ilə iddiaçının müvafiq müalicə və müayinəni səhiyyə normativləri və tibbi protokollara uyğun aparması müəyyən edilmiş və ona xəbərdarlıq edilməsi ilə bağlı əmr ləğv edilmişdir. Bununla da həmin əmrin verilməsi nəticəsində iddiaçının müəyyən narahatlıq, məyusluq və sarsıntı keçirməsi qaçılmaz olmuşdur. Çünki həmin əsassız əmr həkim həmkarları, eləcə də işlədiyi kollektiv arasında iddiaçının peşəkarlığına xələl gətirmiş, onu nüfuzunu zədəlmişdir.
45. Məhz bu baxımdan Kollegiya hesab edir ki, Avropa Məhkəməsinin yuxarıda istinad olunan presedentlərində vurğulandığı kimi, yalnız pozuntu faktının müəyyən edilməsi hazırkı işdə ədalətli kompensasiya sayıla bilməz, belə bir yanaşma bu işin halları baxımından ədalətli və mütənasib olmayacaqdır. Odur ki, mənəvi zərər hissədə iddia tələbi qismən təmin edilməli, cavabdeh publik hüquqi şəxsdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi ağlabatan məbləğ olaraq 1000 manat tutulmalı, mənəvi zərərə dair qalan hissədə isə iddia tələbi təmin edilməməlidir.
46. İddiaçının üçüncü və dördüncü tələbi həmkarlar ittifaqına edilmiş ödəmələrin hesabalanması və həmin məbləğlərin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin hesablanaraq cavabdehdən (Bakı Baş Səhiyyə X10 Şəxsdən) tutularaq İddiaçı xeyrinə ödənilməsi və Bakı Baş Səhiyyə X10 Şəxsə İddiaçı əmək haqqından Həmkarlar İttifaqına tutulmaların aparılmasının qadağan edilməsi olmuşdur.
47. İddiaçı apellyasiya şikayətində həmkarlar ittifaqına üzvlüklə bağlı ərizənin olmamasını, eləcə də rayon məhkəməsinin həqiqiliyi şübhəli olan kserosurət sənədə istinad etməsini qeyd etmişdir.
48. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinin 2-ci hissəsinə əsasən, hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.
49. Həmin Maddənin 3-cü hissəsinə görə, heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
50. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
51. Həmin Qanunun 3-cü maddəsinə görə, işçilər, pensiyaçılar, təhsil alan şəxslər. heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
52. Mülki iş materialların əlavə edilmiş 132541 nömrəli üzvlük biletinə əsasən müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqının üzvüdür (1-ci cild, i/v 74).
53. Kollegiya həmin sənədin kserosurət olması barədə cavabdeh tərəfin bildirdikləri barədə qeyd edir ki, MPM-in 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Hazırkı halda belə bir hal müəyyən edilmədiyindən, eləcə də işin digər halları ilə (məsələn, iddiaçının 2007-ci ildən bu yana fasiləsiz olara üzvlük haqqı ödəməsi) həmin sənədlərin mövcudluğu şübhə doğurmadığından, həmin sənədin kserosurət olması pozuntu sayıla bilməz.
54. Beləliklə də, 2007-ci ildən iddiaçının Həmkarlar İttifaqının üzvü olması və bütün bu müddət ərzində davamlı olaraq üzvlük haqqı ödəməsi şəksiz qaydada müəyyən edilmişdir. İddiaçının 2007-ci ildən həmin təşkilata üzv olması ilə əlaqədar əmək haqqından tutulmalar aparılması qanunun tələblərinə uyğun olmuşdur və ali təhsilli iddiaçının bunu bilməməsi inandırıcı və ağlabatan deyildir. İddiaçı həm də uzun müddət davam edən faktiki hərəkətləri ilə bu üzvülüyünü təsdiq etmişdir. Demək ki, cavabdehin bununla bağlı hərəkətləri tam əsaslı olmuşdur.
55. Belə ki, Əmək Məcəlləsinin 175.2-ci maddəsinin 2-ci hissəsinə görə, işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.
56. İddiaçı həm də qeyd edir ki, o həmin təşkilatın üzvlüyündən çıxmaqla bağlı da müraciət etmiş, lakin məhkəmə bu ərizəyə qiymət verməmişdir.
57. Elektron məhkəmə informasiya sistemindən məlum olur ki, Şəhər Poliklinikasının həkim cərrahı İddiaçı "Bakı Baş Səhiyyə Mərkəzi" X12 ünvanladığı 10 may 2024-cü il məlumatdan müəyyən edilir ki, onun aylıq əmək haqqından Həmkarlar İttifaqı fonduna aparılan tutulmaların dayandırılması ilə bağlı 27 aprel 2024-cü il tarixli müraciəti ilə əlaqədar bildirilmişdir ki, aidiyyəti üzrə hal-hazırda işlədiyi 1 nömrəli Şəhər Poliklinikasının yerli Həmkarlar İttifaqı Komitəsinə yazılı müraciət etməyi məqsədəuyğundur.
58. Göründüyü kimi, iddiaçının əmək haqqından müvafiq tutulmalar aparılması onun Həmkarlar İttifaqının üzvü olması ilə əlaqədar qanunun tələblərinə uyğundur. O, həmin təşkilatın üzlüyündən çıxması ilə bağlı həmin təşkilata müraciət etməlidir. Bu, onunla həmin təşkilat arasında olan münasibətlə bağlı olduğundan, təşkilatın xeyrinə qanunun tələblərinə uyğun aparılan tutulmaların dayandırılması, eləcə də tutulmaların aparılmasının qadağan edilməsi barədə tələbi təmin edilə bilməzdi, rayon məhkəməsinin bu tələbə münasibətdə də gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuşdur.
59. İddiaçının 5-ci tələbi digər cavabdeh olan baş həkim Cavabdeh2 iddiaçını təhqir etməyə, şəxsiyyətini alçatmağa şərait yaratdığına görə 5000 manat pulun mənəvi zərər qismində ödənilməsi barədə olmuşdur.
60. İddiaçının həmin tələbi barədə isə qeyd edilir ki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda, iddiaçı həmin hissədə öz tələbi ilə bağlı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə əsassız olmuşdur və təmin edilməməlidir. Rayon məhkəməsinin bu hissədə də qənaəti düzgün olmuşdur.
61. Cavabdehin apellyasiya şikayətinə gəldikdə isə qeyd olunmalıdır ki, onun əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlar” adlı sənəd təsdiq olunmuşdur. Həmin sənəddə həkim-cərrahın da vəzifə təlimatları nəzərdə tutulmuşdur. Hazırda iddiaçı, yəni həkimcərrahın vəzifə öhdəliklərində olan zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək onun vəzifə öhdəliyini yerinə yetirməmişdir. Həmçinin xəbərdarlıq 6 ay müddət sonra qüvvədən düşmüşdür. Məhkəmə qüvvədən düşən əmri ləğv etməkdə haqlı olmamışdır.
62. Kollegiya iddiaçının vəzifə öhdəliklərinin yerinə yetirməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, rayon məhkəməsi tərəfindən bununla bağlı müvafiq eksertiza təyin edilmiş, mülki iş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 xx.xx.2024-cü il tarixli 650/KEŞ nömrəli rəyinə əsasən ekspert qarşısına qoyulmuş 6 (altı) sual cavablandırılmışdır (rəy iş materiallarında olduğundan məhkəmə qətnamənin genişləndirilməməsi üçün rəyin nəticə hissəsini qərardada köçürməyi zəruri hesab etmir). Rəyin nəticə hissəsinə əsasən həkim İddiaçı müvafiq müalicə və müayinəni səhiyyə normativləri və tibbi protokollara uyğun aparması müəyyən edilir. Demək ki, iddiaçının vəzifə öhdəliklərini yerinə yetirməməsi barədə cavabdehin dəlili ekspert rəyinə əsasən təkzib edilir.
63. Məhkəmə kollegiyası cavabdehin şikayətində xüsusi olaraq qeyd etdiyi- əmrin qüvvədən düşməsi dəlili üzrə isə aşağıdakıları qeyd edir.
64. İlk növbədə qeyd edilir ki, Əmək Məcəlləsinin 186.3-cü maddəsinə görə, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
65. Cavabdeh tərəfindən verilmiş Bakı 1 nömrəli şəhər Poliklikasının baş həkimi tərəfindən qəbul edilmiş 50-k saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən müəyyən edilir ki, işdə göstərdiyi səhlənkarlığa görə, belə ki, xəstəni müayinə edən zaman əlavə müayinələrə cəlb etmədiyinə görə İddiaçı xəbərdarlıq edilmişdir.
66. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr xəbərdarlıq kimi rəsmiləşdirilsə də, onun məzmununda qeyd edilənlər işçi barəsində daha ciddi tədbirlərin tətbiq edilməsinə əsas ola biləcək hallardır. Çünki həmin əmrdə göstərilən hal – həkimin işdə göstərdiyi səhlənkarlıq- işin hallarından və sonrakı davamından asılı olara həkim üçün daha arzuolunmaz nəticələrə səbəb ola bilər.
67. Bu baxımdan, iddiaçı tərəfindən həmin əmrdən məhkəməyə şikayət verilməsi Əmək Məcəlləsinin 190.3-cü maddəsinə uyğun olmuşdur. Belə ki, həmin maddəyə görə, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. İddiaçının mübahisələndirdiyi həmin əmrin, onun necə adlandırılmasından asılı olmayaraq, həkim kimi onun hüquqlarını pozduğu aşkardır.
68. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, əmrdə iddiaçıya xəbərdarlıq edildiyi göstərilsə də, onun məzmunu baxımından işçinin hüquqlarını pozmuşdur və iddiaçı da həmin qanunun tələblərinə uyğun olaraq həmin əmri mübahisələndirmiş, aparılan araşdırmalar və müvafiq rəy əsasında iddiaçının müvafiq müalicə və müayinəni səhiyyə normativləri və tibbi protokollara uyğun aparması müəyyən edilmiş, rayon məhkəməsi də haqlı olaraq əsassız verilmiş həmin əmri ləğv etmişdir.
69. Beləliklə də müəyyən olunur ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:
70. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin mənəvi zərər hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək, iddiaçının xeyrinə cavabdeh Bakı Baş Səhiyyə X10 şəxsindən 1000 manat tutulmalı, mənəvi zərərə aid qalan hissədə iddia təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
72. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.
73. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin mənəvi zərər hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilərək, İddiaçı xeyrinə cavabdeh Bakı Baş Səhiyyə X10 şəxsindən 1000 (min) manat tutulsun, mənəvi zərərə aid qalan hissədə iddia təmin edilməsin, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.