Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6741/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hasarın sökülərək əvvəlki vəziyyətinə gətirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X2 və vəkili Vəkil3 Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “hasarın sökülərək əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-137/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ evi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriyalı RX № ******* saylı, 11 oktyabr 2014-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 3640 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
2. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun torpaq sahəsinin (0.12 ha) azalmasına səbəb olmuş və cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.
3. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15654 saylı, xx.xx.2019cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 11 oktyabr 2019-cu il tarixli **********35 saylı mütəxəssis rəyinə əsasən, cavabdeh X6 istifadəsində olan 520 a saylı bağ sahəsinin künc koordinatlarını (1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi koordinatlara əsasən müəyyən etmək mümkündür. Lakin İddiaçı adına olan reyestr nömrəsi **********77-11301 olan texniki pasport olsa da, koordinatları təqdim edilmədiyi üçün (texniki pasportdakı sxemdə keçid qeyd edilib) 520 a saylı bağ sahələrinin sxematik planına uyğun ölaraq künc koordinatlarını müəyyən etmək mümkün deyildir. İddiaçı faktiki istifadəsində olan 1165 kv.metr (sənəd üzrə 1200 kv.m) və X6 faktiki istifadəsində olan 1302 kv.metr torpaq sahələrinin koordinatları naturada müəyyən edilmişdir. Cavabdeh X6 istifadəsində sənəd üzrə olan torpaq sahəsindən 102 kv.metr artıq torpaq sahəsindən istifadə etdiyindən, 520 a saylı torpaq sahəsi üçün keçid yolunun nəzərdə tutulması 520 saylı torpaq sahəsinin ölçülərinin azalmasına səbəb olur. Sxemlərdə göründüyü kimi cəmi mübahisələndirilən ərazi 2606 kv.metr, hər iki torpaq sahəsi sənəd üzrə 1200 kv.metr təşkil edir. Qalan 206 kv.metr sahə keçid üçün bəs edir. Ona görə də iki bağ sahəsini ayıran sərhəd divarının yerini dəyişməklə torpaq sahələri arasında bərabərliyi (eyni ölçülü torpaq sahələri) təmin etmək olar. 520 saylı bağ sahəsində (ölçülərində) azalma varsa, 520a saylı bağ sahəsinin qonşu (520) bağ sahəsi olan qonşu divarının hansı məsafədə geri çəkilməli olması rəyə əlavə edilmiş sxemlərdə öz əksini tapmışdır.
4. İş üzrə keçirilmiş əlavə tikinti-texniki ekspertizanın 10/1599 saylı, 17 avqust 2021-ci il tarixli rəyi ilə Məhkəmə Ekspertiza Mərkəzinin 15654 saylı, xx.xx.2019-cu il tarixli rəyində göstərilən xususatlar təkrarlanmış, əlavə olaraq 520 saylı bağ sahəsinin faktiki vəziyyətdə şərq istiqamətdə eni (54,1 metr) texniki pasportda göstəriləndən (25,65 metr) 1,55 metr az və qərb istiqamətdə eni (22,6 metr) texniki pasportda göstərindən (23,18 metr) 0,58 metr az olduğundan həmin bağ sahəsinin faktiki vəziyyətdə sahəsinin azalmasına səbəb olduğu göstərilmişdir. Rəyə əlavə edilmiş sxemdən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh (əvvəlki sahib X11) məxsus torpaq sahəsinin sərhəd hissəsində sonuncu tərəfindən zəbt halı müəyyən edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh X7 qarşı “hasarın sökülərək əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun torpaq sahəsinin (0.12 ha) azalmasına səbəb olmuş və cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi xx.xx.2014-cü il tarixli, ******* №-li çıxarışa əsasən o, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ evinin mülkiyyətçisidir. Onun mülkiyətində olan torpaq sahəsinin ölçüsü 0,12 ha təşkil edir. Daşınmaz əmlakın texniki pasportuna əsasən həmin bağ sahəsi 3 tərəfdən digər qonşu bağ sahələri ilə, bir tərəfdən isə yol ilə əhatə olunub. 520 saylı bağ evi ilə onunla qonşuluqda yerləşən 520a saylı bağ evi vaxtikən 25 sotdan ibarət vahid torpaq sahəsi olmuş və keçmiş mülkiyyətçisinin ərizəsinə əsasən qızları arasında iki bərabər hissəyə bölünmüşdür. Qeyd olunan hal məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunur. 520a saylı bağ evinin yeni mülkiyyətçisi - hazırki iş üzrə cavabdeh X8r. Təxminən iki ay bundan əvvəl, cavabdeh X11 onun bağ evi ilə arasında olan divarı sökərək divarı onun torpaq sahəsinə müdaxilə edərək irəlidə yerləşdirmişdir. Nəticədə, qonşu mülkiyyətdə olan sahəyə müdaxilə etməklə öz torpaq sahəsinin həcmi genişlənmiş, ona məxsus torpaq sahəsi ilə azalmışdır. Halhazırda bağ evində mülkiyyətçinin yalnız yaşlı valideyni qaldığından onlar bu müdaxilənin qarşısını ala bilməmiş və məsələni sülhlə yoluna qoymaq mümkün olmamışdır. Yeni tikilmiş hasar hətta ərazidə çəkilmiş fotoşəkillərdən də görünür. Cavabdehin hərəkətlərinin qanunsuzluğu ondan ibarətdir ki, onun istifadəsində eynilə onda olduğu kimi 0,12 ha torpaq sahəsi olmalıdır. Bu, həm qanuni qüvvəyə minmiş qətnamələrə, həm də, cavabdehin hazırki çıxarışına uyğundur. Həmçinin, DƏDRX-nin vəkil sorğusuna verdiyi cavabla müəyyən olunur ki, iş üzrə cavabdeh mülkiyyət haqqında çıxarışı xx.xx.2018-ci il tarixdə, yəni ondan sonra alıb və müvafiq olaraq DƏDRX-nin səlahiyyətli nümayəndələri həmin şəxsə çıxarışı, orada müvafiq ölçmə işləri apardıqdan sonra veriblər. Vəkil sorğusuna cavabda həmçinin, cavabdehin torpaq sahəsinin dəqiq koordinatları da göstərilib. Ona məxsus torpaq sahəsinə müdaxilənin olub-olmamasını müəyyən etmək elə də çətin məsələ deyil.
7. İşə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılarkən iddiaçının vəkili Vəkil1 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh X6 əsl cavabdehlə - Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-137/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hacıyev) İddiaçı Cavabdeh qarşı hasarın sökülərək əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsi üçün çəkilən 196,35 manat xərc və tədqiqat obyektinə keçirilmiş baxış və araşdırma nəticəsində hazırlanmış arayışın verilməsinə görə çəkilən 311 manat xərc, cəmi 507,35 manat alınaraq, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı adına reyestr nömrəsi **********77-11301 olan texniki pasport olsa da, koordinatları təqdim edilmədiyi üçün 520 a saylı bağ sahələrinin sxematik planına uyğun ölaraq künc koordinatlarını müəyyən etmək mümkün deyildir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı faktiki istifadəsində olan 1165 kv.metr (sənəd üzrə 1200 kv.m) və Cavabdeh (əvvəlki sahib X11) faktiki istifadəsində olan 1302 kv.metr torpaq sahələrinin koordinatları naturada müəyyən edilmişdir. Həmçinin İddiaçı “cavabdehin mübahisəli bağ sahələrinin arasında olan divarı sökərək onun torpaq sahəsinə müdaxilə etdiyini, nəticədə onun torpaq sahəsinə müdaxilə etməklə öz torpaq sahəsinin ölçüsünü genişlətdiyini, ona məxsus torpaq sahəsinin isə ölçüsünü azaltdığını iddia etsə də, bu hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı da öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
11. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları yaranmamış və onun Cavabdeh qarşı hasarın sökülərək əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:
14. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
15. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassız və ədalətsizdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 238.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, ona məxsus olan torpaq zəbt olunmaqla mülkiyyət hüququ pozulmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
17. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi X3 və vəkili Vəkil3 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
26. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı “cavabdehin mübahisəli bağ sahələrinin arasında olan divarı sökərək onun torpaq sahəsinə müdaxilə etdiyini, nəticədə onun torpaq sahəsinə müdaxilə etməklə öz torpaq sahəsinin ölçüsünü genişlətdiyini, ona məxsus torpaq sahəsinin isə ölçüsünü azaltdığını iddia etsə də, bu hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı da öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları yaranmamışdır.
43. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları yaranmamışdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı hasarın sökülərək əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dair iddiası təmin edilməməlidir
44. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
45. İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 238.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, ona məxsus olan torpaq zəbt olunmaqla mülkiyyət hüququ pozulmuşdur.
46. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, Məhkəmə tikintitexniki ekspertizasının 15654 saylı, xx.xx.2019-cu il tarixli və əlavə Məhkəmə tikinti-texniki ekspertizasının 10/1599 saylı, 17 avqust 2021-ci il tarixli rəylərindən göründüyü kimi, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh (əvvəlki sahib X11) məxsus torpaq sahəsinin sərhəd hissəsində sonuncu tərəfindən zəbt halı müəyyən edilmir.
47. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
50. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-137/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.