Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6741/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6741/2025 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4009/2025 nömrəli 29 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, "V" yaşayış sahəsi, ev 22, mənzil 19 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində qeydiyyatdan keçmişdir.
2. İddiaçı oğlu ilə Cavabdeh 2016-cı ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahından bir övladı doğulmuşdur. Cavabdeh və iddiaçının oğlu 2020-ci ildən mübasihəli evdə yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 22 ünvanında yerləşən, 19 saylı mənzil ididaçının xüsusi mülkiyyətindədir. Belə ki, həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh oğlu ilə nikaha daxil olduqdan sonra iddiaçıya məxsus sözügedən mənzildə yaşamağa başlamışlar. Hazırda oğlu ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Lakin cavabdeh yenə də iddiaçıya məxsus mənzildə yaşamağa davam edir. Tərəfindən dəfələrlə mənzildən çıxmasını cavabdehdən tələb etsə də, Cavabdeh buna məhəl qoymur, mənzilində qanunsuz yaşamağa davam edir. Cavabdehlərin bu hərəkəti mülkiyyətçi kimi evindən sərbəst istifadə etməyinə maneəçilik törədir, sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2025-ci il tarixli 2(010)-4009/2025 nömrəli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, "V" yaşayış sahəsi, ev 22, 19 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2020-ci ildən yarandığından mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
7. Məhkəmə göstərmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Məhkəmə isə müəyyən etmişdir ki, Cavabdeh iddiaçıya məxsus mənzildə yaşasa da, sözügedən (Mənzil Məcəlləsinin 30.1) maddənin normaları baxımından cavabdeh iddiaçının ailə üzvü sayılmır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri baxımından cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququ yaranmamışdır.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ da notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Yəni bununla məhkəmə hesab etmişdir ki, cavabdehin Mülki Məcəllənin yuxarıda sadalanan 228.1 və 228.2-ci maddələrinin dispozisiya şərtləri baxımından da mübahisəli yaşayış evindən istifadə hüquqları yaranmamışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 228.1, 228.2, Mənzil Məcəlləsinin 30.1, 30.2, “Dövlət rüsumu haqqında” Qanunun 8.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, o, özünə məxsus cehiz əmlaklarını da həmin evə gətirmişdir. Hazırda da ona məxsus olan cehizləri həmin evdədir və o, azyaşlı uşağı ilə birlikdə həmin evdə yaşayır. Onun Teymurla rəsmi nikahı qüvvədədir, boşanmamışlar. Yəni o, ailə üzvüdür. Onun azyaşlı uşağı ilə yaşamağa başqa bir yeri yoxdur. Əsas məsələ odur ki, məhkəmənin iddia tələbini hansı səbəbə təmin etdiyi anlaşılmır. Hakim sadəcə hüquq normalarını sadalayır və həmin normalara izah, açıqlama verir və sonda qeyd edir ki, iddia təmin edilsin. Halbuki qəbul edilmiş istənilən məhkəmə aktı anlaşılan olmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
15. Məhkəmə tərəfindən işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli çürməyən üçüncü şəxs qismində cəlb olunmuş X3 göstərdi ki, o, iddiaçı ilə 2016-cı ildə ailə qurmuş və bir neçə il başqa ünvanlarda yaşadıqdan sonra, 2020-ci ildə anasına məxsus mübahisəli mənzilə köçmüşlər. Lakin həmin mənzildə iddiaçı ilə birlikdə yaşamaq mümkün olmadığından, hazırda o, müvəqqəti olaraq bacısının evində qalır. Nikahın pozulması barədə məhkəmədə iddia qaldırmaq niyyətindədir, bunun üçün mediasiya təşkilatına müraciət etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
18. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19.Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 20.Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
24.Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 25.Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
36. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 22, 19 saylı mənzil tam pay hüququ ilə xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə 2016-cı ildə nikaha daxil olmaqla ailə qurmuşlar. 2016-cı ildən 2020-ci ilədək müxtəlif ünvanlarda müvəqqəti yaşasalar da, 2020-ci ildən iddiaçının mülkiyyətində olan mənzilə köçmüşlər.
37. Mənzil 2017-ci ildə iddiaçının adına özəlləşirildiyi vaxt cavabdeh orada yaşamadığı üçün, onun həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmaması müzakirə predmeti ola bilməz.
38. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
39. Hazırki halda isə iddiaçı ilə cavabdehin bir-birilərinə münasibətdə yuxarıda qeyd edilən qohumluq əlaqələri müəyyən olunmadığından iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, cavabadeh iddiaçının nə ailə üzvü, nə də “digər qohumu” kateqoriyasına aiddir.
40. Cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, onunla üçüncü şəxs arasında bağlanmış nikah hələ pozulmamış və uşağın himayə məsələsi məhkəmə qaydasında həll edilməmişdir. Hazırkı iddia tələbi yalnız cavabdehin özünə yönəldiyindən cavabdeh mənzildən çıxarıldıqda azyaşlı uşağı atasının himayəsinə verməsi və ya özü ilə aparması valideynlərin razılığı ilə həll ediləməli olan məsələdir.
41. Cehiz əmlaka gəldikdə, onsuz da iddiaçı iddia tələbində cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını tələb edir.
42. Məhkəmə xərcləriə gəldikdə kollegiya bu hissədə birinci instansiya məhkəməsi mövqeyni qanuni hesab edir. Hazırkı halda da apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş cavabdehə aid edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4009/2025 nömrəli 29 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.