Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-675/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, X6, Cavabdeh7 Talib oğlu və Cavabdeh6 qarşı “kirayə haqqı, kompensasiya ödənilməklə yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma, həmin sahələrin sökülməsi tələbi barədə” iddia ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı MMC-nın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin vəkili (nümayəndəsi) Vəkil5, MMC-nın nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi (övladı) X1, Cavabdeh2 özünün və vəkili (nümayəndəsi) Vəkil6, cavabdeh Muğam Kərimovun vəkilləri (nümayəndələri) Vəkil3 və X4 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8 (Qafarova) və Cavabdeh7 mülkiyyətlərində olan mənzillərin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.metrə görə onun tərəfindən cavabdehlərə 1.500 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahələrindən 20- 30% artıq sahəsi olan mənzil sahəsi onun tərəfindən cavabdehlərə verilməklə, eləcə də yeni mənzil təhvil verilənədək hər bir cavabdehə aylıq 500 manat kirayə haqqı ödənilməklə; Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.metri üçün onun tərəfindən Cavabdeh6 2.000 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahəsindən 20-30% artıq sahəsi olan qeyri-yaşayış sahəsi onun tərəfindən Cavabdeh6 verilməklə, eləcə də yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək Cavabdeh6 aylıq 1.000 manat kirayə haqqı ödənilməklə, cavabdehlərin qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin mənzillərin və qeyriyaşayış sahəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 11.11.2020-ci il tarixli qərardad ilə iddiaçı MMC-nin cavabdehlər Cavabdeh4 və Cavabdeh5 münasibətdə icraata xitam verilməsi qərara alınmışdır. Rayon Məhkəməsinin eyni tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qətnamə (İş № 2(103)-2107/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 10.09.2021ci il tarixli (İş № 2(102)-4918/2021) qərara ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin ləğv edilməsini və işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) işə apellyasiya qaydasında yenidən baxır. İşə apellyasiya qaydasında baxılan zamanı iddiaçı MMC ərizələr ilə Məhkəməyə müraciət edərək iddianın cavabdeh R.Zülfiqarlıya və vəfat etməsi ilə əlaqədar sıradan çıxmış Cavabdeh7 hüquqi varisi olan arvadı X2 aid hissəsindən imtina etdiyini bildirmişdir. Bunu nəzərə almış Məhkəmə iş üzrə qəbul etdiyi 14.01.2022-ci il tarixli qərardadla “iddiadan qismən imtina barədə” ərizələrin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11.11.2020-ci il tarixli qətnamənin qismən, yəni cavabdeh R.Zülfiqarlıya və vəfat etməsi ilə əlaqədar sıradan çıxmış Cavabdeh7 hüquqi varisi olan G.Bağırova aid hissəsinin ləğv edilməsini və həmin hissədə iş üzrə icraata xitam verməsini qərara almışdır. Bununla da müəyyən olunur ki, apellyasiya baxışının predmetini Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11.11.2020-ci il tarixli qətnamənin “iddianın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8 (Qafarova) aid hissəsinin təmin edilməməsi barədə” hissəsi təşkil edir. Apellyasiya baxışında qalmış hissədə iddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 02.08.2017-ci il tarixdə Bakı Şəhəri, Nərimanov rayonunun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında apardığı monitorinq nəticəsində verdiyi rəyə əsasən həmin ərazidə yerləşən məhəllələr, yəni ötən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyri-yaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yarasız hala düşmüşdür. Bu səbəbdən də Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 21.06.2019-cu il tarixli, 161 saylı sərəncamı ilə Təbriz, Ə.Əlizadəvə Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, söküləcəyi nəzərdə tutulan azmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının altında yerləşən 0,884 hektar torpaq sahəsi iddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının, orada yaşayan sakinlərə hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərt ilə, sökülməsinə və həmin binaların yerində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Beləliklə, yuxarıda göstərilən ərazidə yerləşən 0,884 hektar torpaq sahəsi yüklü edilərək, Nərimanov RİH başçısının 21.06.2019-cu il tarixli sərəncamının 1.2-ci bəndi əsasında, yüklü edilmiş ərazidə yerləşən tikililərin sökülməsi və onların yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi, eyni zamanda qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödənilməklə, tikiləcək binalarda daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti olan tam təmirli mənzillərə köçürülməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı MMC yuxarıda adı çəkilən sərəncama uyğun olaraq, Təbriz, Ə.Əlizadəvə Ə.Vahid küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin 161 mülkiyyətçisindən, 153 mülkiyyətçi ilə sökülmüş mənzillərin əvəzi kimi, onlara daha çox yaşayış sahəsi olan mənzillər və mülkiyyətçinin ailə tərkibi, kirayəyə götürdüyü mənzilin ümumi sahəsi nəzərə alınmaqla hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödəməklə (ümumilikdə hər ay 56.000 manat) qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Razılaşma müqavilələri” bağlamaqla mülkiyyətçilərin həmin ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq, yerində çoxmənzilli yaşayış binalarının tikintisinə başlamışdır. Eyni zamanda, hazırki, iddia üzrə cavabdehlər və onların ailə üzvləri mülkiyyətlərində olan mənzil sahəsinin əvəzi kimi iddiaçı MMC-nin təklif etdiyi, nə kompensasiya ödənişi ilə, nə də ki, mülkiyyətində olan mənzillərin faktiki sahəsindən daha çox yaşayış sahəsi olan mənzillərlə əvəzlənməsindən razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq məbləğdə kompensasiya, eləcə də, həddən artıq böyük ölçüdə yaşayış sahəsi tələb etdiklərindən iddiaçı MMC həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və bununla da Nərimanov RİH başçısının yuxarıda göstərilən sərəncamından irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Cavabdehlər iddiaçı MMC-yə maddi ziyan vurmaqla yanaşı, həmin ərazidən köçürülmüş digər mülkiyyətçilərin hüquqlarını kobudcasına pozurlar. Həmin mülkiyyətçilərin iddiaçı MMC ilə bağladıqları “Razılaşma müqaviləsindən” əmələ gələn öhdəliklərin yerinə yetirilməsinə məqsədyönlü şəkildə hüquqi maneələr törədirlər. Bundan başqa, cavabdehlər iddiaçı MMC-nin həmin ərazidən onları köçürmədiklərinə görə RİH-yə və eləcə də, digər dövlət qurumlarına müraciət edərək, tezliklə köçürülmələrini tələb etmişlər. Sakinlərin köçürülməsinə bilavasitə nəzarət edən müvafiq dövlət qurumları tərəfindən sakinlərin mübahisəli ərazidən köçürülməsi tələbi ilə iddiaçıya müraciət edərək, onların tezliklə köçürülməsi ilə bağlı tapşırıq verilmişdir. Cavabdehlərin mülkiyyətində olan həmin yaşayış sahələri Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşir və RİH-nin iddiaçı MMC-yə verilmiş, ayrıca aktının təsir dairəsinə düşərək sökülməsi qərara alınmış torpaq sahəsində yerləşir və faktiki olaraq qəzalı vəziyyətdə olan tikililərdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehlərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq icra hakimiyyəti orqanlarının qərarı olmadan qeyri-yaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Bunun da nəticəsində yüklü edilərək, iddiaçı MMC-nin istifadə hüququna ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması ləngimiş və iddiaçı MMC küllü miqdarda maliyyə vəsaiti itirməklə yanaşı, digər mülkiyyətçilər və podrat şirkətləri ilə bağladığı müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən maliyyə sanksiyalarına məruz qalmışdır. Cavabdehlərlə mübahisəni razılaşma və danışıqlar yolu ilə həll etmək mümkün olmadığından mübahisə məhkəməyə qaydasında həll olunmalıdır. Nərimanov RİH başçısının 21.06.2019-cu il tarixli sərəncamın 3-cü maddəsində qeyd edilmişdir ki, MMC, ona ayrılmış torpaq sahəsini yerində qəbul etməli və sahənin sanitar vəziyyətinə nəzarət etməlidir; MMC, ona ayrılmış torpaq sahəsi üzərində qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edir; “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz Küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 nömrəli yaşayış binaları sökülsün. Bakı şəhərində artıq sakinlərin kompensasiya ödənilərək köçürülməsində formalaşmış ümumi praktika var. Belə ki, H.Əliyev adına Sarayının arxasında ölkə başçısının tapşırığına əsasən, “Bakı şəhərinin Baş Planının” icrasının təmin edilməsi məqsədi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Ə.Topçubaşov, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X12, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən ərazidə park-bağ kompleksinin salınması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş, qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış qaydada, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1.500 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki, iş üzrə sakinlərin köçürülməsi Bakı ŞİH tərəfindən aparılsaydı yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1.500 manat kompensasiya ödənilmək ilə köçürülmə həyata keçiriləcəkdir. Lakin hal-hazırda göstərilən ərazinin köçürülməsi üçün dövlət büdcəsindən vəsait ayrılmadığından, ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsində sahibkarların iştirakından istifadə edilərək “Bakı şəhərin Baş Planının” icrası təmin edilir. Aparılan monitorinq nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin yaşadıqları evlər hal-hazırda qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi var, bu baxımdan cavabdehlərin orada yerləşdirdikləri və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həyatı üçün də təhlükə mövcuddur. Lakin işə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı MMC-nin vəkili (nümayəndəsi) Vəkil5 və MMC-nın nümayəndəsi V.Məmmədov apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya baxışında qalan hissədə apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər. Cavabdeh1 nümayəndəsi (övladı) R.Mövlamov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. O bildirdi ki, iddiaçı MMC onlara qarşı irəli sürdüyü iddia tələbini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına istinad etməklə əsaslandırmağa çalışır. Lakin nəzərə alınmalıdır ki, həmin qərar Nazirlər Kabineti tərəfindən artıq ləğv edilmişdir. Ləğv edilməsə idi belə, həmin qərarda vətəndaşların öz mənzillərini satmaq məcburiyyətində olmaları barədə bir müddəa mövcud deyil və onlar MMC ilə alğı-satqı müqaviləsi bağlamaqda məcbur deyillər. Bundan başqa, MMC, Azərbaycan Respublikasının dövlət orqanlarının rəylərində guya Cavabdeh1 yaşadığı binanın qəzalı vəziyyətdə olduğunu və çox tez bir zamanda dağılacağının qeyd edildiyini bildirsə də, bu məlumat həqiqəti əks etdirmir. Belə ki, dövlət orqanları öz rəylərində belə bir qənaətə gəlməyiblər. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 və onun vəkili (nümayəndəsi) Vəkil6 apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh6 vəkilləri (nümayəndələri) Vəkil3 və Ə.Məmmədzadə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, iddiaçı MMC-nin istinad etdiyi sərəncamda yaşayış sahələrinin sökülməsi nəzərdə tutulub, qeyriyaşayış sahələrinin deyil. Hüquqlarını müdafiə və təmsil etdikləri Cavabdeh6 isə mülkiyyətində olan əmlak qeyri-yaşayış sahəsidir. Lakin iddiaçı MMC subyektiv hüququnun olmamasına baxmayaraq Cavabdeh6 qarşı da iddia tələbi irəli sürüb. İş üzrə digər şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışında qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Nərimanov RİH başçısının 161 nömrəli, 21.06.2019-cu il tarixli sərəncamından görünür ki, bu sərəncama əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.06.2017-ci il tarixli, 02/05-1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov RİH başçısının 23.06.2017-ci il tarixli, 267 №-li sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0,884 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi, həmin küçələrinin kəsişməsində yeni yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə İddiaçı MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyinin alınmasının MMC-yə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, “Baş Plan” işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla MMCnin vəsaiti hesabına həyata keçirilməsi, Təbriz küçəsi 32, 34. 36 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32. 34 36 38; Ə.Əlizadə 23. 25. 27 və Ə.Vahid küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınmışdır. Nərimanov RİH tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış 05.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarının icrası məqsədilə Nərimanov RİH başçısının 23.06.2017-ci il tarixli, 267 nömrəli sərəncamı ilə Nərimanov rayonunun Təbriz, Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sökülməsi və həmin ünvanda yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən inşa edilməsi nəzərdə tutulan tikililərin şəhərsalma əsaslandırılması üzrə "xxxx" MMC-nin adına layihələndirilməsi 23.06.2017-ci il tarixli, 267 nömrəli Razılaşdırma ilə Nərimanov RİH tərəfindən razılaşdırılmışdır. Qeyd olunan layihələndirmə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.06.2017-ci il tarixli, 02/05-1148 №-li rəyi əsasında "xxxx" MMC tərəfindən həmin ərazidə söküntü və tikinti işlərinə başlanılmışdır. İddiaçı MMC-nin rəhbərliyi 19.06.2019-cu il tarixli, 16 nömrəli məktubla Nərimanov RİH-ə müraciət edərək, RİH başçısının 23.06.2017-ci il tarixli sərəncamının dəyişdirilməsini xahiş etmişdir. Həmçinin "xxxx" MMC 18.06.2018-cİ il tarixli, 11 nömrəli məktubu ilə həmin sərəncamın İddiaçı MMC-nin adına rəsmləşdirilməsinə öz razılığını bildirmişdir. Nərimanov RİH başçısının 21.06.2019-cu il tarixli, 161 №-li sərəncamı ilə RİH başçısının 23.06.2017-ci il tarixli, 267 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmiş və rayonun Təbriz, Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən həmin ərazidə tikinti işləri Nərimanov RİH tərəfindən razılaşdırılmış 23.06.2017-ci il tarixli, 267 №-İİ şəhərsalma əsaslandırılması üzrə layihələndirilmə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.06.2017-ci il tarixli, 02/05-1148 №-li rəyi əsasında aparılır. İddiaçı MMC-nin hazırda istinad etdiyi və RİH başçısının 161 nömrəli, 21.06.2019-cu il tarixli sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarının icrasından irəli gələn məsələlər ilə əlaqədar verilmişdir. “Bakı şəhərinin Nərimanov və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarının 1.2-ci bəndinə əsasən, İcra Hakimiyyətlərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirmələri tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli qərarı ilə, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli 86 saylı Qərarı ləğv edilmişdir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını (4.1); qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini (4.2). Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş qərardan və yuxarıda qeyd edilən sərəncamlardan bəlli olur ki, cavabdehlərin mülkiyyətində olan tikililərin və ərazidə yerləşən digər binaların sökülməsi "xxxx" MMC-yə həvalə edilsə də, MMC-yə tapşırılmışdır ki, həmin ərazidə yerləşən yaşayış sahələrinin sökülməsi mövcud qanunvericilik əsasında və sahələrin mülkiyyətçilərinin razılığının alınması şərti ilə həyata keçirilməlidir. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən isə müəyyən edilir ki, MMC, yaşayış sahələrinin mülkiyyətçiləri olan cavabdehlər ilə razılığa gələ bilməmiş, cavabdehlər isə bunu mülkiyyət hüquqlarına qəsd hesab edir və yaşayış sahələrinin sökülməsinə razı deyillər. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 390.3-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə azadlığı prinsipinə əsasən cavabdehlərin öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq hüquqları var. Bu əsasla da cavabdehlər öz mənafelərini nəzərə alaraq hesab etmişlər ki, yaşayış sahələrinin sökülməsi və bu xüsusda iddiaçı MMC ilə müqavilə bağlaması gələcəkdə onlar üçün müəyyən risklərlə nəticələnə bilər. Məhkəmə daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (maddə 13.). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (maddə 29.). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (maddə 43.). “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.). Sadalanın maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarına tətbiq edən Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin cavabdehlərə qarşı yönəlmiş iddia tələbi “müqavilə azadlığı” prinsipinə zidddir. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 10.09.2021-ci il tarixli qərarında qeyd edilir ki, hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir. Odur ki, işin hallarına əsasən, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarından görünür ki, qərarın əsas məqsədi sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzil fondunun yenilənməsidir. Bu məqsəd o şərtlə həyata keçirilə bilər ki, sakinlər buna razılıq versinlər. Həmin qərarda ümumiyyətlə qeyd olunan tədbirlərin həyata keçirilməsinin ictimai zərurətdən (abadlaşma və s.) irəli gəlməsi və məcburi olması göstərilməmişdir. Belə olduğu halda MMC-nin ictimai zərurətdən çıxış edərək belə bir tələb irəli sürməsi yolverilməzdir. MMC-nin bu tələbinin heç bir qanuni əsası yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı MMC-nin hazırki iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli qərarı birmənalı olaraq, sakinlərin yaşayış sahələrinin əldə edilməsinin mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan mülki qanunvericiliyə uyğun olaraq sakinlərin razılığı ilə həyata keçirilməsini nəzərdə tutur. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi yuxarıda müzakirə edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlilləri əsassızdır. Həmçinin, Ali Məhkəmənin Mülki Kollegiyası yuxarıda qeyd olunan qərarda göstərmişdir ki, Nərimanov RİH başçısının 161 nömrəli 21.06.2019-cu il tarixli sərəncamı ilə iddiaçı MMC-yə qeyri-yaşayış deyil, yaşayış sahələri ilə bağlı müvafiq tədbirlərin görülməsinin həvalə edildiyinə diqqət yetirilməlidir. Bu zaman subyektiv hüququn olması məsələsinə qiymət verilməlidir. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçı MMC-nin istinad etdiyi sərəncamda qeyriyaşayış sahələrinin deyil, yaşayış sahələrinin sökülməsi nəzərdə tutulmasına baxmayaraq, iddiaçı Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə münasibətdə tələb irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı MMC Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa da malik deyil. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi Cavabdeh6 qarşı yönəlmiş tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə də aid dəlilləri əsassızdır. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticəsi faktlar nöqteyinəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışında qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnamə, apellyasiya baxışında qalmış hissədə, dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-675/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-675/2022
14.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver